Məhkəmə qərarları › İş №e-2(004)-862/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-862/2022

02.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-862/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, ikin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2, tərcüməçi X6 iştirakı ilə İlkin iddia üzrə İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “payın naturada bölünməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizələrinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə onun arasında xx.xx.2020-ci il tarixdə 19 saylı Notariat ofisində təsdiqlənərək bağlanmış öhdəlik müqaviləsinin əhəmiyyətsizliyi müəyyən edilməklə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı “payın naturada bölünməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 15, 16 saylı mənzilin ½ hissəsinə olan payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadığı halda payın dəyərinin paya uyğun olaraq İddiaçı tərəfindən kompensasiya şəklində ödənilməsi, kompensasiya ödənilmədiyi təqdirdə həmin mənzilin hərracdan satılaraq satışdan əldə edilən pulun onların paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X8 xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi verərək İddiaçı “öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olaraq şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sərbəst olaraq azərbaycan dilində danışmışdır. İmzaladığı müqaviləni könüllü, öz istəyi ilə, mənasını dərk edərək imzalamışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. İddiaçı azərbaycan dilinini yaxşı bildiyindən müqavilənin rus dilinə tərcümə olunmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı Cavabdeh2 ilə 15 oktyabr 2002-ci il tarixində nikaha daxil olmaqla ailə qurub. Həmin nikahdan 17 və 13 yaşlarında iki qız övladları var. xx.xx.2021-ci il tarixdə Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı Cavabdeh2 ilə nikah münasibəti rəsmi davam etdiyi dönəm olan 13 may 2020-ci il tarixdə, ər-arvad münasibətlərindən və Tatyananın rus dilli olmağından suiistifadə edərək Tatyananı notariat orqanına apararaq bir neçə yerə bərabər imza atıblar. Tatyana rəsmi nikahlı əri və uşaqlarının atası olmasının ona verdiyi güvənə, həmçinin imzasına dövlət təminatı verilən notariusun qanunun tələblərini prinsip tutacağına sığınaraq dilini bilmədiyi bəzi sənədləri imzalayıb. Həm Cavabdeh2, həm də notariusa məlum idi ki, Tatyana milliyətcə rusdur, rus dillidir, həm də Rusiya vətəndaşıdır və azərbaycan dilini demək olar ki, bilmir. Nikahları pozulduqdan sonra Cavabdeh2 əsassız iddiaları, Tatyananın mənzilinin yarısının ona məxsus olmasını bildirməsi və buna dair müqaviləni Tatyanaya təqdim etməsi nəticəsində Tatyanaya məlum olmuşdur ki, əslində notariat kontorunda müqaviləyə imza atıb və 13 may 2020-ci il tarixdə aralarında bağlanıb imzalanmış və 19 saylı notariat ofisində təsdiqlənmiş öhdəlik müqaviləsinə əsasən Tatyanaya bağışlama müqaviləsi üzrə dayısı X1 tərəfindən hədiyyə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15-ci mənzilin ½ hissəsini heç bir səbəb və hüquqi əsas olmadan, əvəzsiz və qarşılıqsız olaraq Cavabdeh2 verməyi öhdəsinə götürüb. Müqavilə üzrə öhdəliyin davamı olaraq qeyd edilib ki, gələcəkdə mənzilin özgəninkiləşdirilməsi və ya nikahlarının pozulması halında mənzilin dəyərinin ½ hissəsini Cavabdeh2 ödəyəcək. Ailə münasibətlərinin davam etdiyi bir dönəmdə heç bir tutarlı səbəb olmadan mənzilinin yarısını, bu olmasa mənzilin dəyərinin yarısını əvəzsiz olaraq Cavabdeh2 verməyi müəyyən olunub. Bunun səbəbi belə müqavilədə göstərilməyib. Beləliklə, Cavabdeh2 ər-arvad münasibətlərindən və Tatyananın rus dilli olmağından sui-istifadə edərək onun dilini bilmədiyi sənədlərə qol çəkdirməklə, onun iradəsinin təzahürü olmayan müqaviləyə istinad edərək Tatyanaya hədiyyə olaraq verilmiş, heç bir hüququnun çatmadığını bildiyi Tatyananın mənzilinin yarısını almaq niyyəti daşımışdır. Buna da notariusun, qanunvericiliyin bir neçə imperativ normasını gözardı etməsi ilə nail olmağa çalışmışdır. Tatyana milliyətcə rusdur, rus dillidir və azərbaycan dilini demək olar ki, bilmir. Notariat hərəkəti aparılarkən Tatyanaya rəsmiləşdirilmiş sənədin mətni tərcümə olunmalı olduğu halda bu edilməmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata əsasən notariat hərəkətləri aparılarkən başqa dildə də tərcümə edilərsə təlimatın 134-cü və 135-ci hissələrində göstərilmiş qaydaya riayət olunmalı idi. Yəni, Notariat hərəkəti aparılarkən eyni zamanda başqa dilə tərcümə də edilərsə, tərcümə sənədin əsli ilə bir vərəqdə, hər iki mətn bir-birinin yanında, şaquli xətlə ayrılan bir səhifədə elə yerləşdirilir ki, mətnin əsli sol tərəfdə, tərcümə isə sağ tərəfdə olsun. Mətnin hamısı tərcümə olunmalı və imzalarla qurtarmalıdır. Tərcümənin sonunda tərcüməçinin imzası olur. Bu halda notarius əvvəl tərcüməçinin imzasının həqiqiliyini, sonra isə sənədi təsdiq edir. Təsdiq qeydləri sənədin və sənəddən tərcümənin mətnlərinin sonunda ifadə olunur. Tərcümə sənədin əslindən ayrı vərəqdə də verilə bilər. Bu halda tərcümə sənədin əslinə və ya notariat qaydasında təsdiqlənmiş surətinə əlavə olunur, qaytanla ona tikilir və notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. Göründüyü kimi qanunvericiliyin imperativ normasının tələbi olsa da, notariat hərəkət aparılarkən rəsmiləşdirilmiş sənəd Tatyanaya bildiyi dildə tərcüməçi tərəfindən tərcümə edilməmiş, rəsmiləşdirilmiş sənəd tərcümə edilmiş dildə sənədin əsli ilə bir vərəqdə, hər iki mətn bir-birinin yanında imzalı və təsdiqli olaraq Tatyanaya təqdim edilməmişdir. Bu ondan xəbər verir ki, aralarında bağlanmış və notarial təsdiqli müqavilə qanunvericiliyin müəyyən etdiyi qaydalara əməl edilmədən tərtib edilmişdir və qanunən əhəmiyyətsiz müqavilədir. Notariat hərəkəti aparılarkən rəsmiləşdirilmiş sənədin Tatyanaya bildiyi rus dilində tərcüməçi tərəfindən tərcümə edilməyərək bilmədiyi, anlamadığı dildə rəsmiləşdirilməsi fəaliyyət qabiliyyətli olsa da həmin an, müqavilə bağlandığı an öz hərəkətlərinin mənasını başa düşməyən şəxs halı olan anlaqsız vəziyyətə düşməyinə səbəb olmuşdur. Çünki Tatyana notariat hərəkətlərinin aparıldığı dili bilməmiş, dolayısı ilə aparılan notariat işinin nədən ibarət olduğunu, mahiyyətini anlamamışdır. Bunun da səbəbkarı da Cavabdeh2 və qanunvericiliyin imperativ tələbinə əməl etməyən notarius olmuşdur. Nəticə etibarı ilə Tatyana arzulamadığı, iradəsinin bəyanı olmayan bir sənədi imzalayıb. Qanunvericiliyin tələblərinin pozulması bununla da bitmir. İstənilən şəxsin müqaviləni bir dəfə oxuması kifayət edir ki, müqavilənin əsl mahiyyəti bilinsin. Belə ki, iki tərəfli müqavilə ilə Tatyana 2011-ci il tarixli bağışlama müqaviləsi ilə öz qohumundan ona hədiyyə olaraq bağışlanmış mənzilinin 1/2 hissəsini əvəzsiz olaraq Cavabdeh2 verməyi öhdəsinə götürüb. Müqavilə üzrə Xəyalın öhdəliyi o olmuşdur ki, Tatyananın müqavilə üzrə öhdəliyini icra etməyinə mane olmayacaq. Bu o anlama gəlir ki, notariusun təsdiqlədiyi öhdəlik müqaviləsi əslində müqavilə yox, bir tərəfin yəni Tatyananın iradə bəyanı olan birtərəfli əqd olmuşdur. Çünki, qanunvericiliyə görə bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Adını müqavilə qoyduqları sənəd ilə heç bir tutarlı səbəb və hüquqi əsas olmadan sadəcə Tatyananın öhdəlik daşıdığı və sadəcə onun üçün son dərəcə əlverişsiz vəziyyət yaradılmışdır. Bununla da mənzilin özgəninkiləşdirilməsi və ya nikahın pozulması halında mənzilin dəyərinin 1/2 hissəsini Xəyala ödəyəcəyinə dair şərtli öhdəliyi təsdiq edərkən notarius qanunvericiliyin imperativ normasını gözardı etmişdir. Belə ki, Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 328.3 maddəsinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Mənzilin özgəninkiləşdirilməsi Tatyananın iradəsindən asılı olduğu kimi, nikahın pozulması hər iki tərəfin iradəsindən asılı olan şərtlərdir. Mənzilin dəyərinin yarısını cavabdehə ödəyəcəyinə dair hal, tərəflərin iradəsindən asılı olan mənzilin özgəninkiləşdirilməsi və ya nikahlarının pozulması hallarının gerçəkləşməsi ilə şərtləndirilmişdir. 13 may 2020-ci il tarixdə aralarında bağlanıb imzalanmış müqavilə məzmun etibarı ilə ilkin müqavilə təəsüratı bağışlayır. Həmin müqavilə ilə mənzilin 1/2 hissəsinin Xəyala verilməsi müəyyən edilsə də, əsas müqavilənin hansı müddətdə bağlanacağı müəyyən edilməmişdir. Belə olan halda mənzilin 1/2 hissəsinin cavabdehə devredilməsinə dair əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalı idi. Əsas müqavilə həmin müddətdə bağlanmadığı halda müqavilədə nəzərdə tutulmuş öhdəliyə xitam verilir. 13 may 2020-ci il tarixdə bağlanmış müqavilə üzrə əsas müqavilənin son bağlanma tarixi 13 may 2021-ci il idi. Həmin tarixə qədər əsas müqavilə bağlanmamış və Xəyal tərəfindən də belə bir təklif göndərilməmişdir. Həmin müqavilə üzrə öhdəliyə də xitam verilmişdir. Həmin mənzil xx.xx.2011 -ci il tarixdən çıxarış əsasında Tatyanaya məxsusdur. Bu müqavilə Tatyananın iradəsinin təzahürü deyil və heç bir zaman onun belə bir məzmunda müqavilə bağlamaq arzusu olmamışdır. Mənzilinin 1/2 hissəsini nikahda olduğu ərinin adına keçirmək istəsəydi, həmin 1/2 hissəni ona bağışlayardı. Tatyananın belə bir istəyi olmayıb. Amma görünən odur ki, iş üzrə Xəyalın əsl niyyəti nikahın pozulması halına hesablanmışdır. Bu niyyəti həyata keçirməkdə də notariusun köməyindən istifadə etmişdir. Suala cavab olaraq bildirir ki, - anlaqsızlıq yalnız ağıl kəmliyi deyil, anlaqlı insanın dili bilmədən müqavilə bağlaması da anlaqsızlıqdır. İlkin iddia üzrə iddiaçının notariusa getməkdə məqsədi ilkin iddia üzrə cavabdehin mənzili əsaslı təmir etdiyinə görə mənzildən istifadə hüququ və gələcəkdə mənzildən istifadəsinə xitam verildikdə kompensasiya ödəmək olub, mənzilin ½ hissəsini ilkin iddia üzrə cavabdehə vermək olmayıb. Əlavə olaraq bildirir ki, ilkin iddia üzrə cavabdehin nümayəndəsi qeyd edir ki, təmiri Xəyal edib. Lakin, Xəyal təmir etsə belə, həmin xərclənən pullar ər-arvadın birgə gəliri sayılır. Tərəflər arasında nikah pozularkən məhkəmə iclasında Tatyanaya tərcüməçi təyin edilib. Yəni ki, hazırda mübahisələndirilən müqavilə olmayanda, Tatyana məhkəmə iclasında tərcüməçi ilə təmin olunmuşdur. Tatyana hansısa sözləri məişət səviyyəsində Azərbaycan dilində bilə bilər, lakin hüquqi terminalogiyanı bilmir. Hər hansı hüquq verən etibarnamədə Tatyananın tərcüməçisi olmaya bilərdi, lakin öz hüququnu məhdudlaşdıran notarial hərəkətdə tərcüməçi olması mütləq idi. Xəyal təmirə xərclənən pulları borc alsa belə həmin borc ər-arvadın birgə borcu sayılır. Təmirə xərclənən pullar barədə qəbzlərin əksəriyətinin tarixi Xəyala vərəsəliklə keçən mənzili satdığı tarixdən əvvələ təsadüf edir. Tərəflər arasında olan halı vəd sövdələşməsi kimi qiymətləndirir. İlkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, nümayəndəsi və vəkilinin izahatını təsdiq edir. Suala cavab olaraq bildirir ki, Orta məktəbi Bakı şəhərində 134 nömrəli məktəbdə oxumuşdur. Məktəbdə Azərbaycan dilini keçirdilər. 40 ildən artıqdır ki, Azərbaycanda yaşayır, azərbaycan dilində danışa da, yaza da bilir, amma elə sözlər var ki, tərcüməsi üçün lüğətə və tanışlarına müraciət edir. O, Xəyala kompensasiya ödəməyə razı idi, lakin Xəyal ona xəyanət etdikdən sonra evin yarısını ona bağışlaya bilməzdi. Dayısı xəstə idi, onlar, həmçinin qaynanası ona baxırdılar, evə notarius gəlib dayısından soruşub və dayısı etibarnaməni qaynanasının adına vermişdir. Dayısının birdəfəlik bağışlama etməməsinin səbəbi onun həmin an bağışlamanı fikirləşməməsi idi. Həmin etibarnamə qaynanasına dayısının pensiya məsələlərini həll etmək üçün verilmişdi. Notarius isə dəqiqliklə bir neçə dəfə dayısından etibarnaməni verməyə əmin olduğunu soruşdu. Bağışlama müqaviləsi və digər sənədləşmə işləri aparılarkən tərcüməçi tələb etməməyinin səbəbi onun yaxınları olduğu üçün onlara inanmağı olmuşdur. Təmir xərclərini Xəyal qarşılamışdır. Ev pis vəziyyətdə idi, əsaslı təmir olunmuşdur. Notariusa gedərkən nə qədər məbləğ kompensasiya verəcəyini bilmirdi. Notariusa gedərkən kompensasiya vermək üçün getdiyini bilirdi, amma mənzilin ½ hisssəsini vermək məqsədilə getməmişdir. Notariusa getməkdə məqsədi həyat yoldaşına mənzilin təmiri üçün və mənzildən qeydiyyatdan çıxmağı üçün kompensasiya vermək olmuşdur. Əlavə olaraq bildirir ki, o, sürücülük vəsiqəsi imtahanını rus dilində vermişdir. Sürücülük müəllimi rus idi və dərsi rus dilində izah edirdi. Azərbaycanda iki dildə imtahan verməyə icazə verilir. İmtahana girərkən hansı dildə imtahan verməyi soruşurlar. O, uzun illərdir ki, Azərbaycanda yaşayır və danışıq dilini başa düşür, amma hüquqi terminləri başa düşmür. İngilis dilində də təmiz danışa bilir, amma hüquqi terminləri bilmir. Müqaviləni oxusa mənasını başa düşə bilməz. Uzun illərdir müəllimə işləyir. İbtidai sinif şagirdlərinə hazırlıq keçir. Hansı ki, 1-ci sinifdən hazırlaşdırdığı uşaqlar indi universitetə qəbul olur. O, yoldaşına inanıb imza çəkmişdir, belə olacağını bilsə idi, qazandığı pulları uşaqlara, ərzaqa deyil, evin təmirinə verərdi. İlkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, müqavilə mülki qanunvericiliyə zidd deyil. Xəyalın Tatyananı aldatmaq məqsədi olmayıb. Əgər aldatsa idi, bağışlama formasında edərdi. Xəyal həmin mənzilə xərclədiyi pulları sığortalayıb. Bu mənzil birgə nikah dövrünə düşmədiyi üçün belə bir müqaviləyə zərurət yaranıb. Cavabdeh2 bir ata kimi hazırda uşaqlarını oxudur və baxır. Tatyana müqaviləyə razı olmasa idi notariusa etiraz edərdi. Notariusdan tərcüməçi tələb edə bilərdi. Tatyana Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycanda fəaliyyət göstərən müəssisələrdə işləyib. İddia ərizəsini azərbaycan dilində imzalayıb. Latın əlifbasında ad familiyasını yazır. Azərbaycanda oxuyub. Bu halda anlaqsızlıqdan söhbət gedə bilməz. Suala cavab olaraq bildirir ki, tərəflərin nikahının pozulması bir tərəfli də ola bilər. Müqavilə qanunvericiliyə zidd deyil. Əlavə olaraq bildirir ki, Tatyana xanım Azərbaycanda sürücülük vəsiqəsi alıb, bunun üçün isə azərbaycan dilini bilmək lazımdır. Müqavilə bağlanarkən hər iki tərəfin iradəsi öz əksini tapıb. Tatyana özü də əvvəlki iclasda etiraf etdi ki, evin təmirini Xəyal etmişdir. İlkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, nümayəndəsi və vəkilinin izahatını təsdiq edir. Suala cavab olaraq bildirir ki, - Tatyana ilə rus dilində oxumuşlar. Evdə həm azərbaycan, həm də rus dilində danışırdılar. Əvvəl onlarla nənəsi də yaşayırdı. O isə rus dilini bilmirdi. Övladları və Tatyana ilə azərbaycan dilində yazışmağı barədə sənəd təqdim edə bilmir. Nikahın pozulması işində Tatyana özü tərçüməçini tələb etmişdi və tərcüməçi təyin edilmişdir. Suluşkinin etibarnaməni anasına vermə səbəbi ən etibar etdiyi insanın anası olması idi. Tatyananın anası ilə Suluşkin arasında həmin evlə bağlı mübahisə də olmuşdur. Tatyana ilə evli olmasa idi, Suluşkin anasına etibarnamə verməzdi, çünki anasını tanımazdı. Təmirə ayrılan xərclərin onun evinin satışından əvvələ təsadüf etməsinə gəldikdə isə, deyə bilər ki, həmin vaxt müxtəlif insanlardan, dostlarından borc alaraq, əlində olan pullardan istifadə edərək, mənzili təmir etmişdir. Uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olduğu üçün, indiki halda uşaqların xərcini isə o çəkdiyi üçün, həmçinin təmirə xərc çəkdiyi üçün mənzilin ½-i onun olmalıdır. Onun heç vaxt çıxarış almaq fikri olmayıb, Tatyana iddia qaldırdıqdan sonra bu məsələ qalxdı. Tatyana onun razılığı ilə özü üçün işləyib, pulu özünə xərcləyib. O, öz valideylərindən ona qalan mənzili satıb, əldə olunan pulu təmirə xərcləyib. Uşaqları onun pulu ilə böyümüşdür. İlkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar rədd edilməlidir. Belə ki, iş materiallarında olan X3 etibarnamə əsasında X2 əvəzinə hərəkət edərək İddiaçı ilə notarial qaydada bağlanmış xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov prospekti, 518-ci məhəllə, bina 15, 16 saylı mənzili İddiaçı bağışlamışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən mülkiyyətinə keçmiş Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov prospekti, 518-ci məhəllə, bina 15, 16 saylı evin ½ hissəsini Cavabdeh2 verməyi, gələcəkdə mənzilə dair alğı-satqı və istənilən formada özgəninkiləşdirilməsi olarsa və ya Cavabdeh2 ilə nikahları pozularsa mənzilin ½ hissəsinə düşən gəliri Cavabdeh2 verməyi, Cavabdeh2 isə İddiaçı öhdəlik müqaviləsində göstərilən öhdəliyini icra etməsinə dair gələcəkdə heç bir maneə yaratmamağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15, 16 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə payı tam olmaqla İddiaçı mülkiyyətindədir və bu barədə xx.xx.2011-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1099/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ilə İddiaçı arasında Səadət Sarayı-Bakı Nikah Evində xx.xx.2002-ci il tarixdə 1500 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan satıcı qismində Cavabdeh2 ilə alıcı qismində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti dalan 1, ev 10, 2 saylı mənzili 66317 manata Yasamal rayon İcra Hakimiyyətinə satmışdır. Etibarnamə əsasında Cavabdeh2 əvəzinə İddiaçı müqaviləni imzalamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 10/1867 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15, 16 saylı mənzilin ½ hissədə əmlaka tənasübsüz zərər vurmadan naturada mənzillər şəklində ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, Tatyana və Xəyalın hər ikisini tanıyır. Ailəvi dostdurlar. 1997-ci ildən hər ikisini tanıyır. Suala cavab olaraq bildirir ki, onlarla hər iki dildə ünsiyyət qururdu. Xəyalı daha əvvəl tanımışdır. 1997-ci ildə Tatyana onunla işləmişdir. Tatyana ilə əsasən hər iki dildə danışırdı. Tatyana rus dilini daha yaxşı bilir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, 4 il əvvəl Xəyalın xahişi ilə mənzili təmir etmişdir. Həmin mənzildə yaşamaq mümkün deyildi. Təmirsiz idi. Təmir xeyli müddət çəkdi. Ən yüksək keyfiyyətli materiallardan istifadə edirdilər. Balkon hissəsini aşağı hissədən metal konstruksiyadan gücləndirərək, genişləndirmişlər. 60 min manata yaxın təmir xərci çəkilmişdir. Suala cavab olaraq bildirir ki, dediyi pul usta, təmir, material xərcləridir. Pulu isə Xəyaldan alırdı. Təmirlə bağlı müqavilələri olmamışdır, material da daxil olmaqla xərc 60-70 min manat olmuşdur. Balkonun böyüdülməsinə 20-25 min manat icazə pulunun verilməsini Xəyaldan eşitmişdir. Rəsmi olmadan işləmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, Tatyana və Xəyalın hər ikisini tanıyır. Qonşu olmuşlar. Barışmalarını istəyərdi. Suala cavab olaraq bildirir ki, 6-7 il qonşu olmuşlar. Onalr həm azərbaycan, həm də rus dilində danışmışlar. 1997-ci ildən hər ikisini tanıyır. Tatyananın azərbaycan dilini bilməsinə şübhəsi olmamışdır. Bibisi ilə Tatyana ünsiyyətdə olmuşdur, amma bibisi rus dililni bilmir. Tatyana rus dilini daha yaxşı bilir. İşin müəyyən edilmiş halları odur ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 keçmiş həyat yoldaşıdır. Mübahisə predmeti olan ev xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə verilmiş və hazırda payı tam olmaqla xüsusi mülkiyyət hüququ üzrə onun mülkiyyətindədir. Həmin mənzil barədə İddiaçı və Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsi bağlanmış və İddiaçı mənzilin ½ hissəsi və nikah pozulacağı və ya mənzil hər hansı yolla özgəninkiləşdiriləcəyi halda isə ½ hissənin dəyərini Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Hazırda ilkin iddia üzrə iddiaçı onunla cavabdeh arasında bağlanmış öhdəlik müqaviləsinin etibarsız hesab edilməsini, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı isə öhdəlik müqaviləsinə əsaslanaraq mənzilin onların paylarına mütənasib şəkildə naturada ayrılması, payın naturada ayrılması mümkün olmadığı halda payın dəyərinin paya uyğun olaraq kompensasiya şəklində ödənilməsi, kompensasiya ödənilmədiyi təqdirdə həmin mənzilin hərracdan satılaraq satışdan əldə edilən pulun onların paylarına uyğun şəkildə bölünməsini xahiş edir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı azərbaycan dilini bilməməsinə əsaslanaraq əqdin etibarsız hesab edilməsini tələb edir. Lakin iddia tələbini sübut edə bilmir. Əksinə, şahid ifadələri ilə təsdiq olunur ki, iddiaçı azərbaycan dilini bilir. Bundan əlavə, iş materiallarında olan xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin surətinə əsasən etibarnamə əsasında Cavabdeh2 əvəzinə İddiaçı mənzilin satılmasına dair müqavilə bağlayan zaman da tərçüməçidən istifadə edilməmiş və İddiaçı müqavilədə “razıyam, Allahverdiyeva “ kimi qeydlər aparmışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı milliyyətçə azərbaycanlı olmadığına görə məhkəmə iclasına tərcüməçi dəvət edilmişdir. Lakin məhkəmə iclasında iddiaçı cavabdehin vəkili və hakim tərəfindən verilən sualları tərcüməçinin köməyindən istifadə etmədən belə cavablandıra bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisə predmeti olan mənzilə ½ hissədə payının olduğunu bildirir. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında mənzilin ½ hissəsinin Cavabdeh2 verilməsi barədə etibarlı öhdəlik müqaviləsi vardır. Lakin dövlət reyestrindən çıxarışa əsasən mənzil hazırda payı tam olmaqla İddiaçı mülkiyyətindədir və Cavabdeh2 həmin mənzilə müqavilə üzrə müəyyən edilən payı dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də hazırkı halda onun həmin mənzillə bağlı sərəncam vermək hüququ olmadığından həmin mənzilə dair hazıkı iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsində əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (146.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı Cavabdeh2 ilə onun arasında xx.xx.2020-ci il tarixdə 19 saylı Notariat ofisində təsdiqlənərək bağlanmış öhdəlik müqaviləsinin əhəmiyyətsizliyi müəyyən edilməklə etibarsız hesab edilməsi barədə ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı onun Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 15, 16 saylı mənzilin ½ hissəsinə olan payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadığı halda payın dəyərinin paya uyğun olaraq İddiaçı tərəfindən kompensasiya şəklində ödənilməsi, kompensasiya ödənilmədiyi təqdirdə həmin mənzilin hərracdan satılaraq satışdan əldə edilən pulun onların paylarına uyğun şəkildə bölünməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia rədd edildiyindən və keçirilmiş ekspertiza qarşılıqlı iddia tələbi ilə bağlı olduğundan ekspertiza xərci qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı Cavabdeh2 ilə onun arasında xx.xx.2020-ci il tarixdə 19 saylı Notariat ofisində təsdiqlənərək bağlanmış öhdəlik müqaviləsinin əhəmiyyətsizliyi müəyyən edilməklə etibarsız hesab edilməsi barədə ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı onun Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 15, 16 saylı mənzilin ½ hissəsinə olan payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadığı halda payın dəyərinin paya uyğun olaraq İddiaçı tərəfindən kompensasiya şəklində ödənilməsi, kompensasiya ödənilmədiyi təqdirdə həmin mənzilin hərracdan satılaraq satışdan əldə edilən pulun onların paylarına uyğun şəkildə bölünməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq Cavabdeh2 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar