Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-88/2023 23.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı5, Cavabdeh1 MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı7, X2, İddiaçı3, İddiaçı8 və İddiaçı5 Muzəffər oğlunun Yasamal Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi X10 Xidməti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitertura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, “X12” MMC, X8, X6, X7 və ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “qanunsuz tiklilərin, qurğuların sökülməsi və tiklinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı7, X5, İddiaçı3 Məməd oğlu, İddiaçı8, İddiaçı5 Cavabdeh1 MTK-ya və X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yasamal Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanunsuz tikililərin, qurğuların sökülməsi və tikilinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 3 səviyyəli (-1, -2 və -3) zirzəmi mərtəbələrindəki yeraltı qarajda tikilmiş anbarlar, avtomobil təmir sexi, yeməkxana, hərəkəti və qarajdan istifadəni məhdudlaşdıran qanunsuz arakəsmələr, tikililər, jalüzlər və digər qurğuların cavabdehlərin hesabına sökülərək qarajdan götürülməsi və qarajın binanın aidiyyəti orqanlar tərəfindən təsdiq edilmiş ilkin layihə vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayonu H.Zərdabi prospekti 92 A ünvanında Cavabdeh1 MTK (ticarət nişanı Melissa Group) (bundan sonra – MTK) tərəfindən 2006-2007-ci illərdə inşasına başlanılmış çoxmənzilli yaşayış binası yerləşir. Bina 9 bloklu olduğundan inşaat işləri bir neçə il davam etmiş və hazırda bütün sakinlərin istifadəsindədir. Eyni zamanda bildirmək istəyirlər ki, yaşadıqları bina istismara qəbul olunmuş və hər bir sakin öz mənzilinə mülkiyyət hüququna dair çıxarış almışdır. Həmin yaşayış binası təbii olaraq inşa edilməmişdən öncə layihə sənədləri ekspertizadan keçərək razılaşdırılması üçün Şəhərsalma və tikinti normalarının tələblərinə uyğun olaraq müvafiq dövlət təşkilatlarından keçərək təsdiq olunmuş və tikintisinə icazə verilmişdir. İddiaçılar həmin ünvanda ilk məskunlaşan sakinlər olduğundan demək olar ki, bütün tikinti işlərinin əyani şahidləri olmuşlar. Yaşadıqları binanın alt hissəsində 3 mərtəbədən ibarət avtomobillərin parklanma yeri mövcuddur. Parklanma yeri hazır olduqdan sonra avtomobili olan bütün sakinlər öz avtomobillərini həmin parklanma yerində saxlamağa başlamışlar və hazırda da saxlayırlar. Lakin bir müddət keçdikdən sonra MTK rəhəbərliyi tərəfindən parklanma yerləri qanunsuz olaraq təsdiq olunmuş layihədə nəzərdə tutulmamış formada birləşdirilmiş, istinad divarları mişar daşı ilə hörülmüş, anbarlar yaradılmış, avtomobil təmiri sexləri, həmçinin yeməkxana yaradılmışdır. Bir sözlə MTK rəhbərliyi öz şəxsi gəlirlərini artırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş layihəni kobud şəkildə pozaraq bütün sakinlərin həyat və sağlamlığına təhlükə törədən bir vəziyyət yaratmışlar. Dəfələrlə MTK rəhbərliyinə sakinlər olaraq bu cür özbaşınalığa yol verilməməsi barədə müraciətlər edilsə də, çox təəssüflər olsun ki, MTK-nın şəxsi marağı sakinlərin həyat və sağlamlığından üstün olmuşdur. Bilindiyi kimi Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayış nəticəsində 3 nəfər həyatını itirmiş və 36 nəfər müxtəlif dərəcəli xəsarət almışlar. Partlayışın mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilməsi nəticəsində baş verməsi Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi 92 a ünvanında yerləşən yaşayış kompleksinin (MELİSSA PARK) sakinlərini daha çox narahat edir. Belə ki, yaşayış kompleksinin qarajında “MELİSSA PARK” rəhbərliyi tərəfindən yol verilən özbaşınalıq hərəkətləri bu kimi təhlükəli halların baş verməsinə şərait yaradır. Həmin ünvanda təqribən 1200 mənzil var. Orta hesabla 5000 insan yaşayır. Lakin müraciətlərinə çox etinasız yanaşılır. Həmçinin onlar şikayətlərində başqa qanun pozuntularını da qeyd etmişlər. Təəssüflər olsun ki, o hallara ümümiyyətlə FHN tərəfindən qiymət verilməmişdir. 1200 mənzil olan bir yaşayış kompleksində MTK tərəfindən yol verilən qanunsuzluqlar aşağıdakılardan ibarətdir: 1. Qarajın (parklanma yerinin) döşəməsinə asfalt örtük çəkilmişdir. Bu hal yanğın təhlükəsi yaradır. Həmçinin əgər yanğın halı baş verərsə, qarajı söndürmək mümkün olmayacaqdır. Çünki qaraja yanğınsöndürmə avtomobilləri daxil ola bilmir. Eyni zamanda asfalt örtüyünün tərkibində olan materiallar yandırıcı xarakterə malik olduğundan qarajda yanğın halının baş vermə təhlükəsi həddən artıq böyükdür. 2. Qarajda avtomobillərin rənglənmə sexi (Car Point adı altında) fəaliyyət göstərir. KİSLOROD BALONLARİ hər gün işlədilir və avtomobillər rənglənir, cilalanır. Bu isə hər an partlayış təhlükəsi deməkdir. Eyni zamanda avtomobillərin rənglənməsi zamanı atseton və s. kimyəvi maddələrdən istifadə olunması zamanı mənzillərə dəhşət saçan qoxular daxil olur. Bu hal isə insanların sağlamlığına da ciddi təhlükə yaradır. 3. Parklanma yerlərinin qanunsuz olaraq satılması, ara divarların mişar daşı ilə hörülməsi və jalüz qapıların qoyulması halları artıq geniş vüsət almışdır. Eyni zamanda qarajda yanğın baş verərsə, evakuasiya mümkün olmayacaqdır. Parklanma yerlərinin ara divarlarının hörülməsi hərəkəti məhdudlaşdırır, bir parklanma yerindən digərinə keçməyi mümkünsüz edir, həmçinin mexaniki yanğınsöndürmə vasitələrindən istifadəni belə məhdudlaşdırır. Bir avtomobilin yanması yüzlərlə avtomobilin yanmasına, partlayış halının baş verməsinə və son nəticədə misli görünməmiş təhlükənin olacağına zəmin yaradır. Hətta bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri qaraja baxış keçirmiş və bu hal təsdiq edilmişdir. 4. Birinci mərtəbədə yerləşən Parklanma yerinin böyük bir hissəsi mişar daşı ilə hörülərək anbar kimi sitifadə olunur. Həmin anbarlarda General Motors şirkətinə məxsus avtomobillərin ehtiyat hissələri və Mitsubishi markalı kondisionerlər saxlanır. Bütün ara kəsmələr mişar daşı ilə hörülmüş və dəmir darvazalarla bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarına əsasən yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarlarının fəaliyyəti qadağan edildiyi halda Komitə tərəfindən heç bir tədbir görülmür. 5. Parklanma yerində QAZ BALONLARİ ilə fəaliyyət göstərən böyük bir yeməkxana vardır. Həmin yeməkxanadan General Motorsun və yaxın ərazidə Melissa Park tərəfindən inşa olunan binalarda işləyən işçilər istifadə edirlər. Binanın qarajında hər hansı yeməkxananın fəaliyyət göstərməsi qanunvericiliyə ziddir. Həmçinin yeməkxanada hazırlanan qidaların qoxusu mənzillərə dolaraq sakinlərdə ciddi narahatlıq doğurur. Bir sözlə MTK rəhbərliyi özü üçün sərvət toplamaq üçün bütün qanunları tapdalayır, özbaşınalıq edir və heç kimdən, heç nədən qorxmadıqlarını aşkar surətdə hamıya bəyan edirlər. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası qanununun 25-ci maddəsinə görə X10 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Çox təəsüflər olsun ki, Fövqəladə Hallar Nazirliyi kollektiv müraciətlərinə baxmır, ya da düzgün araşdırma aparmır. Yaşayış kompleksinin qarajında yol verilən özbaşınalıq hərəkətləri, YANĞİN TƏHLÜKƏSİZLİYİ qaydalarının pozulması ilə bağlı müraciətlər olunsa da, çox təəssüflər olsun ki, FHN kimi bir qurum yanğın təhlükəsizliyi ilə bağlı məsələni araşdırmaq üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərir. Həmin idarənin rəisi Vaqif Cavadov isə cavab məktubunda qeyd edir ki, qaraja baxış keçirildi, lakin orada oksigen balonları, avtogen və asfaltdan istifadə olunduğu müəyyən olunmamışdır. Lakin təkrar kollektiv müraciətdən sonra yenidən FHN tərəfindən binaya baxış keçirilir və bu zaman avtomobil təmir sexində yanğın təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunur və inzibati xəta haqqında protokol tərtib olunur. Lakin bugünədək həmin avtomobil təmir sexi fəaliyyət göstərir. MTK-nın qanunsuz fəaliyyətinin digər təzahürü ondan ibarətdir ki, Mülki Məcəllənin və Mənzil Məcəlləsinin tələblərindən də göründüyü kimi binanın zirzəmisi, parklanma yeri ümumi paylı mülkiyyət hüquq əsasında mülkiyyətçilərə məxsus olsa da, heç kimin fikrini öyrənmədən özbaşınalıqlara yol vermişlər. MTK tərəfindən Azərbaycan Respublikası Prezidentinin 1531 nömrəli 14 iyul 2017-ci il tarixli Fərmanı kobud surətdə pozulmuş və pozulmaqda davam edir. MTK-nın pul qazanmaq marağı ölkəmizin bütün qanunlarını pozmağı hədəfləmişdir. Binada layihədən və binanın təyinatından kənar inşa və təşkil edilmiş bütün tikili və sair qurğular bina sakinləri kimi onların həyat və sağlamlığına ciddi təhlükə yaradır və birbaşa hüquqlarının konkret pozulması halını yaradır ki, bu hal dərhal aradan qaldırılmalıdır. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 3 səviyyəli (-1, -2 və -3) zirzəmisinin 1-ci mərtəbəsindəki qapalı anbarların, parklanma yerində hörülmüş divarların və dəmir barmaqlıqların, zirzəmənin 2-ci mərtəbəsində yerləşən avtomobil boyanması və cilalanması sexinin və avtomobil təmir sexinin, zirzəminin 2-ci mərtəbəsindəki yeməkxanaın, zirzəminin 2-ci mərtəbəsinin bir hissəsinə döşənmiş asfalt örtüyünün, 2-ci mərtəbədə parklanma yerlərdinə hörülmüş divar və jaluz qapıların,zirzəminin 3-cü mərtəbəsində müxtəlif yerlərdə layihədən kənar metal konstruksiyalarılmış arakəsmələrin, 3-cü mərtəbədə olan qapalı anbarların və qarajların cavabdehlərin hesabına sökülərək götürülməsi və binanın aidiyyəti orqanlar tərəfindən təsdiq edilmiş ilkin layihə vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda məhkəmə tərəfindən X12” MMC, X8, X6, X7 iş üzrə müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onların binasında dayanacağa giriş “mənfi 3” deyilən üçüncü mərtəbədə yerləşən parkovkadandır, o, parkovkada hal-hazırda yerləşən və icarəyə verilmiş qarajlar onun fikrincə Cavabdeh1 MTK-ya məxsusdur. Qarajların sənəd üzərində sahibi, kim olursa olsun, isdər digər cavabdeh Müşfiq və ya eləcə də, digər şəxslər formal adamlardır. O, onların hamısını tanıyır, onların maddi durumlarından da, çox məlumatlıdır. Onların bu binada bu qədər qaraj almağa imkanları yoxdur. Bəzilərinin isə heç həmin binada evi belə yoxdur. Ona görə də, hesab edirlər ki, həmin müqavilələr formal yazılmış müqavilələrdir. Buna görə də idianı Cavabdeh1 MTK-ya qarşı qaldırmışdırlar. Digər cavabdeh isə orada hazırda o qarajları idarə edən aylıq icarə haqlarını yığan şəxsdir. Binada bir qism sakinlərin şəxsi qarajları olsa da, əksər sakinlər orada icarə haqqı verməklə maşın saxlayır. O, özü Müşfiqdən icarayə qaraj götürərək ona aylıq 50 manat icarə haqqı verirdi. Lakin son zamanlar o icarə haqqını 75 manata qaldırmışdır ki, əslində elə bütün narazılıqlarda bundan sonra başlamışdır. Binanın altında kifayət qədər qarajlar olduğu halda, həmin sahələr onların isdifadəsində deyil, ayrı-ayrı şəxslərin icarəsindədir. Chevrolet onların binasının altından dayanacağı kimi istifadə edir. Orada vurulmuş maşınları saxlayırlar və həmin yeri də, setkalayıblar. Orada olan maşınların iyi, qoxusu, tüsdüsü binanın bloklarına qədər gəlir. Daha sonra anbar kimi də, istifadə edilərək orada hansısa mağazanın kondusionerləri saxlanılır ki, həmin kondisionerlərdə də, freonlar var ki, bu da sakinlər üçün təhlükəlidir. Digər anbarlarda da, kafel, metlax və müxtəlif mallar saxlanılır. Hər dəfə onların boşaldılması yüklənilməsi zamanı onlara narahatçılıq verilir. Onlar FHN-nə, bütün yuxarı aidiyyəti qrumlara müraciət ediblər, lakin istədikləri cavabı almadıqlarına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Onlar binada ev alanda belə bir hal yox idi və müqavilədə də qeyd olunmamışdır ki, orada hansısa başqa anbarlar olacaq. Onların binasında 2000-dən çox ailə yaşayır. ASP “bu mənim şəxsi biznesimdir” sözləri ilə, saymamazlıqla onları saymır. Şamxal adında şəxs də, onların blokunda 19-cu mərtəbədə kirayədə qalır, lakin hansı hissə onun adına rəsmiləşdirilib bilmir, o, əvvəl “Zeytun” markətdə (o da, Cavabdeh1 MTK-ya aid idi) yalançı rəhbər kimi çalışırdı, Müşfiq adında şəxs qarajların icarə haqqının alınmasına dair verdiyi qəbzlərdə adres olaraq VÖEN-də 9-cu mərtəbə yerləşən evini gösdərib. Müşfiq müəllimin səhv etmirsə 4-cü blok 9-cu mərtəbədə iki otaqlı evi var, lakin həmin ünvan onun parkovka ünvanı kimi qeyd edilir. Əvvəllər 50 manat ödəyirdilərsə, indi isə qiyməti 75 manata qaldırıblar. Həmin kompleksdə yaşayanların bir çox qismi ASP-nin müdriyyətinin, mavinlərinin qohumlarıdır. Ona görə də onlar bu hallara göz yumurlar. Hesab edirlər ki, 5 nəfər iddiaçının iddianı qaldırması bəs eliyər. O, 11 ildir həmin binada qalır, avtomobili var və həmişə binanın altında saxlayırdı. Orada şəxsi qarajı olan az bir sakin var. Nəyə görə qarajlar başqa adamlara, hətda o binada yaşamayan şəxslərə satılmalı idi. Bütün bu müqavilələr də, hamısı saxdadı, formal yazılmış müqavilələrdir. Həmin şəxslər MTK-nın öz adamlarıdır. Binanı da, MTK-nın adamları idarə edir. Odur ki, göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasıda iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh1 MTK vaxti ilə həmin yaşayış binalarını tikərək təhvil vermiş, və binalarda yerləşən bütün yaşayış və qeyri yaşayış sahələri hamısı satılmışdır. Hal-hazırda MTK ümumiyyətlə fəaliyyətini dayandırmış, həmin binada da, bu və ya digər şəkildə heç bir fəaliyyət göstərmir. MTK-nın balansında hec bir qaraj və ya qeyri yaşayış sahəsi yoxdu. Mübahisələndirilən sahələr X8, X6, X7 və eləcə də, iddiaçılar tərəfindən iş üzrə cavabdeh qismində cəlb edilmiş digər cavabdeh, X4 satılmış, onlarla buna dair müqavilələr bağlanılmış və həmin sahələr də, alicılara təhvil verimişdir. Bir şəxsin bir neçə qaraj almasında heç bir qadağa yoxdur və qeyd olunan vətəndaşlar da, dəyərini ödəyərək əmlaklar almışlar. Həmin əmlakların hansı şəkildə işlədilməsi və ya istifadə olması mülkiyyətçi olaraq onların hüqüqudur və bu barədə də, MTK-da heç bir məlumat yoxdur. Əgər mülkiyyətçilər öz sahələrini digər sakinlərə, eləcədə hansısa başqa şəxslərə icarəyə verirlərsə bu onların hüququdur və hesab edirlər ki, bu onlar arasında ola biləcək mübahisədir. Cavabdeh1 MTK-nın bu məsələyə aidiyyəti yoxdu və iş üzrə düzgün olaraq cavabdeh kimi cəlb edilməmişdir. Bu tələbin onlara heç bir aidiyyəti olmamaqla iddia onlara qarşı düzgün qaldırılmamışdır. Orada əksər sakinlərin şəxsi qarajlarıda var. Onlarda olan məlumata görə qaraj almayanlar isə qarajı olanlardan kirayə götürürlər. Hazırki iddiaçılarda orda icarəyə qaraj götürərək avtomobillərini park edirlər. İddiaçı özüdə izahatında etiraf etdi ki, digər cavabdeh X4 ayda 50 manat ödəməklə ondan icarəyə qaraj götürmüş, hazırda isə o icarə haqqını 75 manata qaldırmışdır. Tərəflər arasında yaranmış mübahisə də elə bununla, yəni qiymət artımı ilə bağlıdı. Ancaq yenədə bu məsələnin onlarla bir əlaqəsi ola bilməz. Onlarda olan məlumata görə “X12” MMC tərəfindən də, orada qarajlar icarələnərək avtomobillər saxlanılır. Lakin kimlə müqavilə bağlanılıb, kimin qarajları icarəyə götürülüb və ümumiyyətlə bu məlumat düzgündür yoxsa yalnış, bu barədə heç nə deyə bilməzlər. Orada digər şəxslər tərəfindən də, hansısa sahələrin icarəyə götürülüb-götürülməməsi, anbar kimi istifadə olunması barədə onlarda heç bir məlumat yoxdu. Odur ki, hesab edirlər ki, iddia tələbi onlara münasibətdə əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılar, digər cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər xəbərdarlıq edilmələrinə (həmçinin məhkəmə elektron SMS və elektron kabinet vasitəsi ilə məlumatlandırılmış) baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştiraklarını məhkəmədə təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ASP MMM ilə sifarişçi X6 arasında bağlanmış 14 yanvar 2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, MMM Yasamal rayonu, H.Zərdabi 3166-cı məhəllə ünvanında tikilməkdə olan ASP yaşayış kompleksindəki binanın -2 mərtəbəsindəki qarajı sifarişçiyə verməyi, sifarişçi isə 39,7 kv m sahə üçün 21835 AZN ödəməyi öhdəsinə götürmüşdür. ASP MMM tərəfindən verilmiş arayışdan görünür ki, həmin məbləğ Şamxal Əsədov tərəfindən ödənilmişdir. İş materillarında olan və tərəflər arasında bağlanılmış digər müqavilələrdən görünür ki, Ş.Əsədov həmin binanın eyni və digər mərtəbələrində də, müxtəlif sayda qarjların dəyərini ödəməklə əldə etmişdir. ASP MMM ilə sifarişçi X7 arasında bağlanmış 29 yanvar 2007-ci ill tarixli alqı-satqı müqaviləsindən görünür ki, MMM Yasamal rayonu, H.Zərdabi 3166-cı məhəllə ünvanında tikilməkdə olan ASP yaşayış kompleksindəki binanın -2 mərtəbəsindəki 129 saylı qarajı sifarişçiyə verməyi, sifarişçi isə 18 kv m sahə üçün 9900 AZN ödəməyi öhdəsinə götürmüşdür. ASP MMM tərəfindən verilmiş arayışdan görünür ki, həmin məbləğ Anar Qurbanov tərəfindən ödənilmişdir. İş materillarında olan və tərəflər arasında bağlanılmış digər müqavilələrdən görünür ki, A.Qurbanov həmin binanın eyni və digər mərtəbələrində də, müxtəlif sayda qarjların dəyərini ödəməklə əldə etmişdir. ASP MMM ilə sifarişçi Cavabdeh2 arasında bağlanmış 14 yanvar 2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, MMM Yasamal rayonu, H.Zərdabi 3166-cı məhəllə ünvanında tikilməkdə olan ASP yaşayış kompleksindəki binanın -2 mərtəbəsindəki 208 saylı qarajı sifarişçiyə verməyi, sifarişçi isə 19,2 kv m sahə üçün 10560 AZN ödəməyi öhdəsinə götürmüşdür. ASP MMM tərəfindən verilmiş arayışdan görünür ki, həmin məbləğ Cavabdeh2 tərəfindən ödənilmişdir. İş materillarında olan və tərəflər arasında bağlanılmış digər müqavilələrdən görünür ki, Cavabdeh2 həmin binanın eyni və digər mərtəbələrində də, müxtəlif sayda qarjların dəyərini ödəməklə əldə etmişdir. Cavabdeh1 MMM ilə sifarişçi X8 arasında bağlanmış 01 dekabr 2006-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, MMM Yasamal rayonu, H.Zərdabi 3166-cı məhəllə ünvanında tikilməkdə olan ASP yaşayış kompleksindəki binanın -1 mərtəbəsindəki 286 saylı qarajı sifarişçiyə verməyi, sifarişçi isə 21.4 kv.m. sahə üçün 11770 AZN ödəməyi öhdəsinə götürmüşdür. ASP MMM tərəfindən verilmiş arayışdan görünür ki, həmin məbləğ X8 tərəfindən ödənilmişdir. İş materillarında olan və tərəflər arasında bağlanılmış digər müqavilələrdən görünür ki, R.İslamov həmin binanın eyni və digər mərtəbələrində də, müxtəlif sayda qarajların dəyərini ödəməklə əldə etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən Ravil Məmmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 5 ünvanında yerləşən əvvəllər ASP MTK-ya məxsus olmuş, sonradan isə X3 VÖEN-i ilə fəaliyyət göstərən yaşayış binasında və qaraj hissəsində Car Point adı altında fəaliyyət göstərən avtomobil təmir sexində yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna görə yaşayış binasının və avtomobil təmir sexinin rəhbərlikləri AR İXM-nin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən Nəsib Nəbiyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, ilk dəfə edilmiş müraciət əsasında Car Point adı altında fəaliyyət göstərən avtomobil təmir sexində yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna görə yaşayış binasının və avtomobil təmir sexinin rəhbərlikləri AR İXM-nin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilmişdir. Yenidən edilmiş təkrar müraciət əsasında araşdırma zamanı Yasamal rayonu, H.B.Zərdabi prospekti 92 A ünvanında "Car Point" adı altında fəaliyyət göstərən obyektdə yenidən operativ yarığın texniki müayinə keçirilmiş və tərəflərindən yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlar obyekt rəhbərliyi tərəfindən aradan qaldırılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ASP MTK tərəfindən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tərkibində 889 ədəd mənzil və 113 ədəd qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il 10/7799№li ekspert rəyindən görünür ki: - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələrində təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Sözügedən 3 səviyyəli (-1,-2, -3) mərtəbələrdə mövcud vəziyyəti üzrə binanın təsdiq olunmuş layihəsində göstərilən ümumi qeyri-yaşayış sahələri arakəsmələr vasitəsilə bölünərək qeyriyaşayış təyinatlı sahələr (yığınaq yeri, yeməkxana, garaj, avtoyuma, boş sahə və s...) kimi istifadə olunur. - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələrində təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Binanın Bakı Şəhər İcra Hakimiyyətinin 18/04-264 saylı qararı ilə təsdiq olunmuş layihəsində 3 səviyyəli (- 1, -2, -3) mərtəbələri ümumi qeyri-yaşayış sahələri kimi göstərilmiş mövcud vəziyyəti üzrə həmin sahələrdə qeyri-yaşayış təyinatlı sahələr Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-79-80 və 88-ci maddələrinin tələblərinə uyğun istifadə olunur. - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələrində təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Binanın təsdiq olunmuş layihəsində sözügedən 3 saviyyali (-1,-2,-3) ümumi qeyri-yaşayış sahələri kimi göstərilmiş mövcud vəziyyəti üzrə həmin sahələrdə qeyri-yaşayış təyinatlı sahələr arakəsmələr vasitəsilə qeyri-yaşayış təyinatlı (yığınaq yeri, yeməkxana, qaraj, avtoyuma, boş sahə və s..) sahələr kimi istifadə olunur. Həmin sahələrin mövcud vəziyyəti üzrə yerləşmə planı AutoCad programı vasitəsilə işlənib hazırlanmışdır. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçılar öz hüquqi mövqelərini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdehlər tərəfindən onların hüquqlarının pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasındakı mənzillər və qaraj sahələri müxtəlif şəxslərə satılmışdır. Binanın mübahisələndirilən hissələrində yerləşən qaraj sahələrinin bir qismi iş üzrə Cavabdeh2, didər qaraj sahələri isə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş X8, X6 və X7 tərəfindən dəyərləri tam ödənilməklə əldə edilmişdir (alınmışdır). Qaraj sahələrinin bəziləri hazırda sex, yığınaq yeri (anbar), yeməkxana, qaraj, avtoyuma və s. kimi istifadə olunur. Hazırda iddiaçılar yaşayış binasının tikintisini həyata keçirmiş ASP MTK və digər Cavabdeh2 qarşı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 3 səviyyəli (-1, -2 və -3) zirzəmisinin 1-ci mərtəbəsindəki qapalı anbarların, parklanma yerində hörülmüş divarların və dəmir barmaqlıqların, zirzəmənin 2-ci mərtəbəsində yerləşən avtomobil boyanması və cilalanması sexinin və avtomobil təmir sexinin, zirzəminin 2-ci mərtəbəsindəki yeməkxanaın, zirzəminin 2-ci mərtəbəsinin bir hissəsinə döşənmiş asfalt örtüyünün, 2-ci mərtəbədə parklanma yerlərdinə hörülmüş divar və jaluz qapıların,zirzəminin 3-cü mərtəbəsində müxtəlif yerlərdə layihədən kənar metal konstruksiyalarılmış arakəsmələrin, 3-cü mərtəbədə olan qapalı anbarların və qarajların cavabdehlərin hesabına sökülərək götürülməsi və binanın aidiyyəti orqanlar tərəfindən təsdiq edilmiş ilkin layihə vəziyyətinə gətirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə ilkin olaraq iddia tələbinin Cavabdeh2 dair hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 2007-ci il tarixli alqı-satqı müqaviləsi ilə binanın -2 mərtəbəsindəki 19,2 kv m sahəsi olan 208 saylı qarajı və eləcədə, həmin binanın digər mərtəbələrində yerləşən birnecə digər qarajları əldə etmişdir. İddiaçıların hər hansı birinin qaraj sahəsini bu və ya digər əsasla əldə etmək məqsədilə müraciət etməsi və ya əldə etməsi iş materialları ilə müəyyən olunmur. Lakin Cavabdeh2 və eləcə də, digər şəxslər həmin qaraj sahələrini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Daşınmaz əmlaka dair çıxarış təqdim edilməsə belə, alqı-satı müqaviləsi əsasında həmin şəxslərin gözlənilən mülkiyyət hüququ yaranmışdır ki, bu da həmin şəxslərə mülkiyyətçi olaraq qeyd edilən qaraj sahəsinə sahiblik, istifadə və sərəncam hüququ verir. Bu hüququn məhdudlaşdırılması əsası isə iş materialları ilə müəyyən edilmir. İddia ərizəsində binada layihədən və binanın təyinatından kənar inşa və təşkil edilmiş bütün tikililərin olduğu qeyd edilsə də, iş üzrə təyin edilmiş ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələrində təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Binanın Bakı Şəhər İcra Hakimiyyətinin 18/04-264 saylı qararı ilə təsdiq olunmuş layihəsində 3 səviyyəli (-1, -2, -3) mərtəbələri ümumi qeyri-yaşayış sahələri kimi göstərilmiş mövcud vəziyyəti üzrə həmin sahələrdə qeyri-yaşayış təyinatlı sahələr Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-79-80 və 88-ci maddələrinin tələblərinə uyğun istifadə olunur. Eləcə də iddia ərizəsində həmin tikililərin və sair qurğuların bina sakinlərinin həyat və sağlamlığına ciddi təhlükə yaratdığı bildirilsə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, təkrar müraciət əsasında araşdırma zamanı Yasamal rayonu, H.B.Zərdabi prospekti 92 A ünvanında "Car Point" adı altında fəaliyyət göstərən obyektdə yenidən operativ yarığın texniki müayinə keçirilmiş və tərəflərindən yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlar obyekt rəhbərliyi tərəfindən aradan qaldırılması müəyyən olunmuşdur. Bundan başqa iddiaçılara həmin qaraj sahələrindən icarə haqqını ödəməklə avtomobillərini saxlamaq üçün şərait yaradılsa da, onlar bununla razılaşmamaqla, qaraj sahəsinin başqa şəxslər tərəfindən istifadəsinin onların maraqlarına toxunduğuna əsaslanaraq həmin arakəsmələrin sökülməsini, qarajın onların istifadəsinə verilməsini tələb edirər. Lakin başqa şəxslərə alqı-satqı müqaviləsi və ya digər əsasla (icarə) verilmiş qaraj sahəsinin həmin şəxslər tərəfindən istifadəsinin onların maraqlarına hansı halda və necə toxunduğunu qeyd etməmişlər. Beləliklə iddia ərizəsində göstərilən hallar öz təsdiqini tapmamaqla yanaşı iş materialları ilə təkzib edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh ASP MTK-ya dair hissəsi ilə bağlı qeyd edir ki, ASP MTK-nın hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs deyildir. Belə ki, qeyd edildiyi kimi yaşayış binasın MTK tərəfindən tikilərkən və ya tikildikdən sonra oradakı yaşayış və qeyri-yaşayış sahələri müxtəlif şəxslərə satılmışdır. ASP MMM ilə sifarişçi X6, X7, Cavabdeh2 və X8 arasında bağlanmış müqavilələrlə də həmin hallar bir daha təsdiqini tapır. Qaraj sahələri hal-hazırda MTK-nın mülkiyyətində deyildir. Məhkəmə tərəfindən iddiaçılara əsl olmayan cavabdehin əvəz edilməsi təklif edilsə də, iddiaçılar bunu qəbul etməmiş, ASP MTK-nın cavabdehlik daşıdığını iddia etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxdığından, ASP MTK isə əsl cavabdeh olmadığından iddia tələbi ona münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. Eyni Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı7, X2, İddiaçı3, İddiaçı8 və İddiaçı5 Muzəffər oğlunun Yasamal Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi X10 Xidməti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitertura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, “X12” MMC, X8, X6, X7 və ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1 MTK-nə və Cavabdeh2 qarşı “qanunsuz tiklilərin, qurğuların sökülməsi və tiklinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiaları rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməli, iş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci iddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı7, X5, İddiaçı3, İddiaçı8 və İddiaçı5 Muzəffər oğlundan müştərək qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı7, X2, İddiaçı3, İddiaçı8 və İddiaçı5 Muzəffər oğlunun Yasamal Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi X10 Xidməti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitertura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, “X12” MMC, X8, X6, X7 və ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, cavabdehlər Cavabdeh1 MTK-nə və Cavabdeh2 qarşı “qanunsuz tiklilərin, qurğuların sökülməsi və tiklinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiaları rədd edilsin. İddiaçılar tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı7, X5, İddiaçı3, İddiaçı8 və İddiaçı5 Muzəffər oğlundan müştərək qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-88/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-88/2023
23.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver