Məhkəmə qərarları › İş №e-2(004)-956/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-956/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-956/2023 17.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən “HP Pavilion” markalı kompüter üçün 1271,2 manat ödənilməmiş hissə, 127,8 manat cərimə olmaqla, ümumilikdə 1399 manat borc və 33,99 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin məktub geri qaytarıldığından o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli, 24056127 saylı alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən “HP Pavilion” markalı kompüter Cavabdeh satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 24056127 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla, 1271,2 manat toplam məbləğin hər ay 132,6 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 169 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 1271,2 manat ödənilməmiş hissə, 127,8 manat cərimə olmaqla, ümumilikdə 1399 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satğı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı “HP Pavilion” markalı kompüterin dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edirəm ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 89 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 1271,2 manat ödənilməmiş hissə, 89 manat cərimə olmaqla, ümumilikdə 1360,2 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 33,6 manat olmaqla, cəmi 1393,8 (bir min üç yüz doxsan üç manat səksən qəpik) manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 1271,2 manat ödənilməmiş hissə, 89 manat cərimə olmaqla, ümumilikdə 1360,2 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 33,6 manat olmaqla, cəmi 1393,8 (bir min üç yüz doxsan üç manat səksən qəpik) manat pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin ediməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar