Məhkəmə qərarları › İş №e-2(004)-964/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-964/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-964/2023 06.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV, HOFFMANN PARTY BOX üçün 2194,5 manat ödənilməmiş hissə, 219,5 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 6 ədəd BUGATTİ stul üçün 1296 manat ödənilməmiş hissə, 129 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 6 ədəd VENETSİYA stul və 2 ədəd MARVİN tumba üçün 182,2 manat ödənilməmiş hissə, 18,8 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN kombi üçün 152,8 manat ödənilməmiş hissə, 15,2 manat cərimə, ümumilikdə 4208 manat borc və 62,08 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, SAMSUNG LED TV, HOFFMANN PARTY BOX, 6 ədəd BUGATTİ stul, 6 ədəd VENETSİYA stul və 2 ədəd MARVİN tumba, HOFFMANN kombi almış və nəticədə 4208 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2395,84 manat (18 ay x 129,14 manat + 71,32 manat ilkin ödəniş) olan SAMSUNG LED TV, HOFFMANN PARTY BOX üçün 2414 manat olmaqla ondan, 2194,5 manat ödənilməmiş hissə, 219,5 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1426,08 manat (24 ay x 59,42 manat + 0 manat ilkin ödəniş) olan 6 ədəd BUGATTİ stul üçün 1425 manat olmaqla ondan 1296 manat ödənilməmiş hissə, 129 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 799,44 manat (24 ay x 33,31 manat + 0 manat ilkin ödəniş) olan 6 ədəd VENETSİYA stul və 2 ədəd MARVİN tumba üçün 201 manat olmaqla ondan 182,2 manat ödənilməmiş hissə, 18,8 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 927 manat (18 ay x 51,5 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN kombi üçün 168 manat olmaqla ondan 152,8 manat ödənilməmiş hissə, 15,2 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 6 ədəd VENETSİYA markalı stuldan və 6 ədəd Zəmanətdən xx.xx.2021-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 583,2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 34,04 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 583,2 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 617,24 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 2395,88 manat təşkil edən SAMSUNG LED TV və HOFFMANN PARTY BOX, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 1426,08 manat təşkil edən 6 ədəd BUGATTİ stul, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 799,36 manat təşkil edən 6 ədəd VENETSİYA stul və 2 ədəd MARVİN tumba, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 927 manat təşkil edən HOFFMANN kombinin alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli 22013700 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 219,5 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 129 manat, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 18,8 manat, xx.xx.2020-ci il tarixli 22013700 saylı müqavilə üzrə 15,2 manat təşkil edir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ******* nömrəli alqı-satqı müqaviləsi üzrə SAMSUNG LED TV və HOFFMANN PARTY BOX tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 6 ədəd BUGATTİ stul tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 6 ədəd VENETSİYA stul və 2 ədəd MARVİN tumba tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 22013700 nömrəli alqı-satqı müqaviləsi üzrə HOFFMANN kombinin tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 62,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 05 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə iddiaçıya 2194,5 manat əsas borc, 219,5 manat cərimə borcu, cəmi 2414 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə iddiaçıya 1296 manat əsas borc, 129 manat cərimə borcu, cəmi 1425 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə iddiaçıya 182,2 manat əsas borc, 18,8 manat cərimə borcu, cəmi 201 manat və xx.xx.2020-ci il tarixli 22013700 nömrəli müqavilə üzrə iddiaçıya 152,8 manat əsas borc, 15,2 manat cərimə borcu, cəmi 168 manat olmaqla, ümumilikdə 4208 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə hesablanmış 219,5 manat cərimənin, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 129 manat cərimənin, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 18,8 manat cərimənin və xx.xx.2020-ci il tarixli 22013700 nömrəli müqavilə müqavilə üzrə hesablanmış 15,2 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilələr üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə 100 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 50 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 10 manat və xx.xx.2020-ci il tarixli 22013700 nömrəli müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə əsasında əsas borc üzrə 2194,5 manat, cərimə borcu üzrə 100 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə əsasında əsas borc üzrə 1296 manat, cərimə borcu üzrə 50 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə əsasında əsas borc üzrə 182,2 manat, cərimə borcu üzrə 10 manat və xx.xx.2020-ci il tarixli 22013700 nömrəli müqavilə əsasında əsas borc üzrə 152,8 manat, cərimə borcu üzrə 10 manat olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 3995,5 manat borc və dövlət rüsumu kimi ödənilmiş 62,08 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə əsasında əsas borc üzrə 2194,5 (iki min yüz doxsan dörd manat əlli qəpik) manat, cərimə borcu üzrə 100 (bir yüz) manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə əsasında əsas borc üzrə 1296 (bir min iki yüz doxsan altı) manat, cərimə borcu üzrə 50 (əlli) manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə əsasında əsas borc üzrə 182,2 (bir yüz səksən iki manat iyirmi qəpik) manat, cərimə borcu üzrə 10 (on) manat və xx.xx.2020-ci il tarixli 22013700 nömrəli müqavilə əsasında əsas borc üzrə 152,8 (bir yüz əlli iki manat səksən qəpik) manat, cərimə borcu üzrə 10 (on) manat olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 3995,5 (üç min doqquz yüz doxsan beş manat əlli qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62,08 (altmış iki manat səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar