Məhkəmə qərarları › İş №e-2(004)-997/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-997/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-997/2023 06.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı (ERA Electronics-in) xeyrinə 700 manat əsas və 70 manat cərimə borcu olmaqla, ümumilikdə 770 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 800 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2019-ci il tarixli, 19257 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”-dən kreditlə 1749 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 97 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics”arasında bağlamış olduğu xx.xx.2019-ci il tarixli, 19257 saylı müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERA Electronics”-ə olan borcunu xeyli müddətdir ki ödəməmişdir. Borclu sonuncu dəfə xx.xx.2022-ciil tarixdə 50 manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qedər heç bir ödəniş etməmişdir. Hazırda borclunun yuxarıdakı müqavilə üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan borcu 700 manat əsas və 70 manat cərimə borcu olmaqla, ümumilikdə 770 manat təşkiledir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə dəyəri 1749 manat olan məişət avadanlığının alqı-satqısına dair 19257 saylı müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən “Alıcı” tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən hər gün üçün öhdəlik qalıq məbləğinin 1%-i dəyərində əlavə cərimə hesablana bilər. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 70 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 19257 saylı alqı-satqı müqaviləsi üzrə 700 manat əsas və 70 manat cərimə borcu olmaqla, ümumilikdə 770 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə qeyd edilən əşyanın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə onun tərəf olduğu müqavilə üzrə iş materiallarında olan arayışa əsasən ümumilikdə 700 manat əsas borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin tərəf olduğu müqavilə üzrə 70 manat məbləğində cərimə borcunun yarandığı müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 70 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 700 manat, cərimə borcu 70 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216- 220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat əsas borc və 70 (yetmiş) manat cərimə olmaqla, cəmi 770 (yeddi yüz yetmiş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı (ERA Electronics-ə) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar