Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-101/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 16.468 (on altı min dörd yüz altmış səkkiz) manat 57 qəpik tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh MMC və onun arasında mənzilin alqı-satqısına dair 23.11.2010-cu il tarixli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Müqavilə ilə “Alıcı” tərəfindən mənzilin dəyəri (qiymətin razılaşdırılması protokolunda müəyyən olunmuş məbləğ) tam ödənildikdən sonra "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi binada yerləşən aşağıdakı mənzil “Alıcı”ya təhvil verilir. Bundan sonra həmin bənddə mənzil barədə məlumatlar tərəflər arasında razılaşdırılıb. Razılaşdırılmış şərtlərə əsasən mənzilin əsas göstəricisi olan ümumi sahəsi 139,5 kv.m. göstərilmişdir. Mənzil ona təhvil verildikdən sonra çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin Xidmətdən alınmış 17.11.2020-ci il tarixli çıxarışa əsasən ona satılmış mənzilin sahəsi 139,5 deyil 113,3 kvadratmetrdir, yəni 26,2 kvadratmetr azdır. Bu məsələni araşdırmış və öyrənmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi ilə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarının 1.2-ci bəndinə əsasən bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətini digər subyektləri üçün məcburidir. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmə tamamlanmış səthləri arasında döşəmə səviyyəsində ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. (bənd 3.2) Açıq yerləşgənin sahələri onları daxili konturu boyu məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. (bənd 3.3) Mənzillərin ümumi sahəsi-yaşayış otaqlarının, köməkçi otaqlaırn sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri-0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Həmin Qaydalardan əvvəl mənzil sahəsinin ölçülməsi məsələsi СНиП 2.08.01- 89-la tənzimlənirdi. Qeyd edilən sənədə əsasən də mənzil sahəsində lociyaların, balkon, terras, verand və bəzi digər yerlərin sahəsi əmsala vurmaqla nəzərə alınması göstərilmişdir. Deməli mənzil ona satılarkən bu qaydada ölçülüb satılmalı idi ki, qaydalara uyğun onun aldığı mənzilin sahəsi 113,3 kvadratmetr təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 23.11.2010-cu il tarixli alqı-satqı haqqında müqaviləsinin surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X2 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, müqavilə üzrə ümumi sahəsi 139.5 kv.metr olan, üç otaqdan ibarət, bir kv.metr dəyəri ümumi dəyəri 76850 manat olan 1709 nömrəli mənzili tam ödəniş edərək almışdır; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 25 avqust 2020-ci il tarixli 264 nömrəli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X2 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, müqavilə üzrə ümumi sahəsi 139.5 kv.metr olan, üç otaqdan ibarət olan 1709 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi, 3123-cü məhəllə , ev-, mənzil 1709, korp-1, gir-2, (yeni qaydalarla- Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 125, M17, m2) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 17 noyabr 2020-ci il tarixdə qeydiyyatdan keçmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2022-ci il tarixli 10/7396 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarfnın tələbləri nəzərə alınmaqla İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Cənub Korpus adlı binanın 2-ci blok, 17-ci mərtəbəsində yerləşən 1709 saylı mənzilin ümumi sahəsi 113,3 kv.metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Cənub Korpus adlı binanın 2-ci blok, 17-ci mərtəbəsində yerləşən 1709 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 139,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 23.11.2010-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X2 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 2, müqavilə üzrə ümumi sahəsi 139.5 kv.metr olan, üç otaqdan ibarət, bir kv.metr dəyəri ümumi dəyəri 76850 manat olan 1709 nömrəli mənzili tam ödəniş edərək almışdır. Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi, 3123-cü məhəllə , ev-, mənzil 1709, korp-1, gir-2, (yeni qaydalarla- Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 125, M17, m2) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 17 noyabr 2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2022-ci il tarixli 10/7396 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarfnın tələbləri nəzərə alınmaqla İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Cənub Korpus adlı binanın 2-ci blok, 17-ci mərtəbəsində yerləşən 1709 saylı mənzilin ümumi sahəsi 113,3 kv.metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Cənub Korpus adlı binanın 2-ci blok, 17-ci mərtəbəsində yerləşən 1709 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 139,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 16.468 (on altı min dörd yüz altmış səkkiz) manat 57 qəpik tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı şəxs tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 23.11.2010-cu il tarixli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müvafiq müqavilənin 6.4-cü maddəsinin tələbinə əsasən mənzilin ümumi sahəsinə bloka çıxan divarın tamamı, içəri divarların tam hissəsi (içəri divarların döşəmə ilə birləşdiyi hissədə tutduğu sahə) daxildir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 139,5 kv.metr müəyyən edilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 139,5 kv metr göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2022-ci il tarixli 10/7396 saylı rəyi ilə müəyyən edilir ki, divar altı sahə nəzərə alınmadan sözügedən mənzilin sahəsi 113,3 kv.m təşkil edir. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-101/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-101/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver