Məhkəmə qərarları › İş №e-2(005)-103/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-103/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-103/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)- 3121/2015 nömrəli qətnaməsi ilə cavabdeh “Qartal” firmasından xx.xx.2008-ci il tarixli, 929 saylı kredit müqaviləsi üzrə 95760 manat əsas borcun, 20989,56 manat məbləğində faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, xx.xx.2008-ci il tarixli, 929 saylı ipoteka müqaviləsi üzrə tutmanın ipotekaya qoyulmuş X5 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı 137 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 130000 manat məbləğində müəyyən edilməsi, mənzilin satışından əldə olunmuş vəsait hesabına cavabdeh “Qartal” firmasının İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsi üçün “X6” MMC tərəfindən keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015- ci il tarixli, 2(103)-3121/2015 nömrəli qətnaməsi ilə cavabdeh “Qartal” firmasından xx.xx.2008-ci il tarixli, 929 saylı kredit müqaviləsi üzrə 95760 manat əsas borcun, 20989,56 manat məbləğində faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaç İddiaçı ASC-nin xeyrinə tutulması, xx.xx.2008-ci il tarixli, 929 saylı ipoteka müqaviləsi üzrə tutmanın ipotekaya qoyulmuş X5 ünvan 1 ünvanında yerləşən 2 otaqlı 137 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 130 000 manat məbləğində müəyyən edilməsi, mənzilin satışından əldə olunmuş vəsait hesabına cavabdeh “Qartal” firmasının İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsi, qalan pul vəsaitinin X5 qaytarılması, ünvan 1 ünvanında yerləşən 2 otaqlı 137 nömrəli mənzildə yaşayanlar- X3, X1, X2 və X4 mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən cıxarılması, qiymətləndirmə rəyinin alınmasına görə sərf edilmiş 300 manat pulun İddiaçı ASC-dən tutularaq “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və qətnamənin icrası ilə bağlı - yəni tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı icra şöbəsi tərəfindən “X6” MMC-yə (yeni adı Cavabdeh MMC) sifariş verilmişdir. Hərrac Mərkəzi tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması ilə əlaqədar ipoteka haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə, o cümlədən tələbkara bildirişlər göndərilmişdir. Lakin tələbkar həmin bildirişləri alsa da, keçirilən hərracda iştirak etməmişdir. İlkin hərracda mübahisəli əmlakın alıcısı olmadığından hərrac baş tutmamış və bu səbəbdən hərrac mərkəzi tərəfindən təkrar hərrac keçirilmişdir. İddiaçı MMC tərəfindən Nəsimi rayon İcra şöbəsinə xx.xx.2017-ci il tarixdə məktub göndərərək bank ilə cavabdehlər arasında razılıq əldə olunduğuna görə icra işinin icraatının dayandırılması xahiş edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Nəsimi rayon İcra şöbəsinin təqdimatı təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-3121/2015 saylı icra sənədi üzrə icraat dayandırılmışdır. 2020-ci ilin avqust ayında isə icra şöbəsi tərəfindən "xxxx" MMC-yə sifariş verilmişdir. İlkin hərracda mübahisəli mənzil alıcı olmadığından hərrac baş tutmamış, bu səbəbdən hərrac mərkəzi tərəfindən təkrar hərrac keçirilmiş və təkrar hərracdan mübahisəli mənzilin alınması banka təklif edilmişdir. xx.xx.2020-ci il tarixli protokola əsasən mübahisəli mənzil 82875 manata banka satılmışdır. Mülki işin müəyyən edilmiş faktiki hallarından da göründüyü kimi İddiaçı ASC-nin “Qartal” firmasına və qeyrilərinə qarşı iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli, 2(103)-3121/2015 saylı qətnaməsinin icrası ilə əlaqədar verilmiş icra sənədi əsasında tutma yönəlmiş Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 8 nömrəli 3 mərtəbəli binada yerləşən 33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 137 nömrəli mənzilin satışının təşkil edilməsi ilə əlaqədar Nəsimi rayon İcra şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 17/706231/18 saylı məktubla “X6” MMC-yə sifariş verilmişdir. “X6” MMC ilkin hərracın keçirilməsini xx.xx.2017-ci il tarixə təyin etmiş və bu barədə tərəflərə bildiriş göndərilmişdir. Kredit borcunun ödənilməsi barədə bank ilə cavabdehlər arasında razılıq əldə edildiyi üçün ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2017-ci il tarixli 1424/17 saylı məktubla Nəsimi rayon İcra şöbəsinə müraciət edilərək İcra haqqında Azərbaycan Respublikası Qanununun 18.1.6-cı maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2015-ci il tarixli, 2(103)-3121/2015 saylı icra sənədinin icraatının və onunla bağlı bütün müvafiq tədbirlərin qanunvericilikdə göstərilmiş qaydada dayandırılmasını xahiş etmişdir. Həmin məktub xx.xx.2017-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinə daxil olduqdan sonra Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova icraatın dayandırılması barədə təqdimatla xx.xx.2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsinə muraciət etmiş və Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(006)-1019/2017 saylı qərardadı ilə həmin təqdimat təmin olunaraq qeyd edilən icra sənədi üzrə icraat dayandırılmışdır. Apellyasiya Məhkəməsinin 2(103)-3121/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə bütün icra hərəkətlərinin dayandırılması barədə tələbkar tərəfindən İcra haqqında Azərbaycan Respublikası Qanunun 18.1.6-cı maddəsinə əsasən ilkin hərracın keçirilməsinə hələ 6 gün qalmış-yəni xx.xx.2017-ci il tarixində Nəsimi rayon İcra şöbəsinə rəsmi qaydada müraciət edilsə də, Nəsimi rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraatın dayandırılması üçün vaxtında tədbirlər görülməmişdir. Belə olan halda xx.xx.2017-ci il tarixdən sonrakı müddət ərzində -yəni tələbkarın icra sənədinin icrasının dayandırılması barədə Nəsimi rayon icra şöbəsinə müraciətindən sonra Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(006)- 1019/2017 saylı qərardadının qəbul edildiyi tarixə kimi “X6” MMC tərəfindən keçirilmiş hərracların heç bir hüquqi qüvvəsi yoxdur. “X6” MMC tərəfindən keçirilən hərracın qanunsuzluğu digər məqamlarla yanaşı, bir də onda təzahür edir ki, hərrac keçirilərkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinin tələbləri də pozulmuşdur. Yəni ilkin hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətinə ala bilərdi. Lakin hərracın təşkilatçısı tərəfindən ipoteka saxlayana belə müraciət daxil olmamışdır və ipoteka predmetinin müqavilə əsasında ilkin satış qiymətinə ipoteka saxlayan tərəfindən alınması üçün heç bir tədbir görülməmişdir. Məhkəmə tərəfindən X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1009/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-2609/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair 2(005)-1009/2023 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək mülki iş kommersiya mübahisəsi olduğundan Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 ərizənin məzmununa müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Qərarın 14-cü bəndinə uyğun olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Göründüyü kimi, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrıayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, mübahisə iddiaçı LPO “Royal Bank” ipoteka ilə yüklü edilmiş əmlakın hərracdan satılması ilə bağlı cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin (hərracın keçirilmə qaydalarının pozulmasına istinad edilir) etibarsız hesab olunması ilə bağlıdır. Hər iki tərəf hüquqi şəxsdir. Yuxarıda qeyd edilmiş Qərara əsasən isə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki iş üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi məhz tərəflərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranmış tələbdir. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranmışdır və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kommersiya hüquqi şəxsi olan iddiaçının kommersiya hüquqi şəxs olan cavabdehə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi məhz tərəflərin sahibkarlıq failiyyətindən irəli gəlir. Bu baxımdan vəsatət təmin edilməli, tərəflər arasındakı hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 45 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 vəsatəti təmin edilsin. İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar