Məhkəmə qərarları › İş №e-2(005)-1110/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1110/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1110/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********80388 Samsung Galaxy A55 markalı telefon, 2 ədəd vinil mat üçün, 258.36 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 77.51 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********60263 Samsung Galaxy S24+ markalı telefon, Huawei Watch qol saatı, 2 ədəd vinil şəffaf üçün, 3035.6 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 910.68 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********26031 Oppo Reno 11 markalı telefon üçün, 1329.9 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 398.97 manat dəbbə, ümumilikdə 6081.82 manat borc, 80.82 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 311.36 manat (12 ay x 21.53 manat + 53 manat ilkin ödəniş) olan İmei kod **********80388 Samsung Galaxy A55 markalı telefon, 2 ədəd vinil mat üçün ümumilikdə, 359.47 manat olmaqla, ondan 258.36 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 77.51 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3086.1 manat (18 ay x 171.45 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********60263 Samsung Galaxy S24+ markalı telefon, Huawei Watch qol saatı, 2 ədəd vinil şəffaf üçün ümumilikdə, 3969.88 manat olmaqla ondan, 3035.6 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 910.68 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1344.96 manat (18 ay x 74.72 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********26031 Oppo Reno 11 markalı telefon üçün ümumilikdə, 1752.47 manat olmaqla ondan, 1329.9 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 398.97 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 118.56 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%- nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasını yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02117133 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 1344,97 manat olan Oppo Reno 11 və digər məhsulları 18 ay müddətinə, aylıq 74,72 manat ödəmə şərtilə almışdır; - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10747711 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 3086,16 manat olan Samsung Galaxy S24 və digər məhsulları 18 ay müddətinə, aylıq 171,45 manat ödəmə şərtilə almışdır; - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11234160 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 311,37 manat olan Samsung Galaxy A55 və digər məhsulları 12 ay müddətinə, aylıq 21,53 manat ödəmə şərtilə almışdır; - “Əşyaların təhvil-təslim” aktının surətindən görünür ki, Cavabdeh 02117133, 10747711, 11234160 nömrəli müqavilələr ilə ona satılan malları qüsursuz təhvil almışdır; - xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə borcu 258,36 manat əsas, 77,51 manat cərimə, xx.xx.2025-cü il tarixli müqavilə üzrə 3035,6 manat əsas, 910,68 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1329,9 manat əsas, 398,97 manat cərimə borcu olmaqla, cəmi 6081,82 manat təşkil edir; - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 80,82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdehin nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 4623,86 manat əsas borcu, 1387,16 manat cərimə borcu olmaqla, cəmi 6081,82 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələrdə nəzərdə tutulmuş əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırki iş üzrə iddiaçının tələb etdiyi cərimə məbləğlərinin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimələrin miqdarının azaldılaraq xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 10 manat, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 150 manat, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 65 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə iddia tələbinin “İnnovativ Layihələr Mərkəzi"nə ödənilmiş rüsumun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin ödənişi təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 258,36 manat, cərimə borcu 10 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 3035,6 manat, cərimə borcu 150 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 1329,9 manat, cərimə borcu 65 manat olmaqla, cəmi 4848,86 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 80,82 manatın 64 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 258,36 manat, cərimə borcu 10 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 3035,6 manat, cərimə borcu 150 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 1329,9 manat, cərimə borcu 65 manat olmaqla, cəmi 4848,86 (dörd min səkkiz yüz qırx səkkiz manat, səksən altı qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 80,82 manatın 64 (altmış dörd) manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar