Məhkəmə qərarları › İş №e-2(005)-1163/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1163/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1163/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin “subroqasiya qaydasında geri qaytarılması tələbinə dair” kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 451,79 (dörd yüz əlli bir manat 79 qəpik) manat məbləğində vəsaitin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «sığortalı» X2 mülkiyyətində olan «BMW 840 Gran Coupe M Spor» markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobilini xx.xx.2020ci ildən xx.xx.2021-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığorta növündə sığortalamışdır. Sığortalıya CSF ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2021-ci il yanvar ayının 17-də Cavabdeh idarə etdiyi “NİSSAN TİİDA” markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, İstiqlaliyyət küçəsində «BMW 840 Gran Coupe M Spor» markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı şəhər DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYPŞ-nin inzibati xəta haqqında tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində «BMW 840 Gran Coupe M Spor» markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobilə 5497 manat məbləğində zərər dəymişdir. İddiaçı ilə sığortalı arasında 500 manat şərtsiz azadolma nəzərdə tutlduğundan sığorta ödənişi 4997 manat təşkil etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 4997 manat məbləği sığortalı X1 ödəmişdir. Cavabdeh idarə etdiyi “NİSSAN TİİDA” markalı, **-KY-*** dövlət dövlət nömrə nişanlı avtomobil Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növündə sığortalandığından sonuncu tərəfindən xx.xx.2021-ci il tarixində 4545,21 manat sığorta ödənişi etmiş, qalan məbləği ödəməmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehin qeyd olunan ünvanda olmaması səbəbindən bildirişi qəbul etməmiş, beləliklə cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Belə ki, iş materiallarında olan: - İcbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, X2 mülkiyyətində olan «BMW 840 Gran Coupe M Spor» markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobilini xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığorta növündə sığortalamış və sığortalıya CSF ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. - Bakı şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. - "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində «BMW 840 Gran Coupe M Spor» markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər qiymətləndirilmiş 5497 manat məbləğində zərər müəyyən edilmişdir. - "xxxx" ASC -nin CSF79484 №-li “Sığorta aktı”ndan görünür ki, 4997 manat məbləğində sığorta ödənişi hesablanmış zərərçəkən şəxsə bu barədə xx.xx.2021-ci il tarixdə plastik ödəmə kartı təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayıçından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortlara haqqında” Azərbaycan Respublikası Qanunun: - 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. İş materiallarından göründüyü kimi «sığortalı» X2 mülkiyyətində olan «BMW 840 Gran Coupe M Spor» markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobilini xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığorta növündə sığortalamışdır. xx.xx.2021ci il tarixdə Cavabdeh idarə etdiyi “Nissan Tiida” markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, İstiqlaliyyət küçəsində «BMW 840 Gran Coupe M Spor» markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə BMW 840 Gran Coupe M Spor» markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobilə 5497 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 4997 manat məbləği sığortalı X1 ödəmişdir. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri və hadisə yerindən yayınması halları iş materialları ilə müəyyən edilmişdir. Belə ki, cavabdeh barəsində xx.xx.2021-ci il tarixində İXP ******* saylı “İnzibati xəta” haqqında protokol tərtib olunmuş və o, AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən cərimə olunmuşdur. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Cavabdeh idarə etdiyi “Nissan Tiida” markalı, **-KY-*** dövlət dövlət nömrə nişanlı avtomobil Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növündə sığortalandığından sonuncu tərəfindən xx.xx.2021-ci il tarixində 4545,21 manat sığorta ödənişi etmiş, qalan məbləği ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq 12 iyul 2021-ci il tarixli pretenziya məktubu göndərməklə subroqasiya tələbi olan borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmiş, lakin bu bir nəticə verməmişdir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad edilməsi halları müəyyən edilmədiyindən dövlət rüsumu da cavabdehə aid edilməli, ondan alınmaqla iddiaçının xeyrinə ödənilməlidir. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 451,79 (dörd yüz əlli bir manat 79 qəpik) manat məbləğində dəymiş ziyan, 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 451,79 (dörd yüz əlli bir manat 79 qəpik) manat məbləğində dəymiş ziyan, 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar