Məhkəmə qərarları › İş №e-2(005)-1242/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1242/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1242/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 115 manat əsas borc, 2,42 manat dəbbə pulu, 30 manat rüsum olmaqla, cəmi 147,42 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində Citycar mobil tətbiqi vasitəsilə avtomobilin kirayə müqaviləsi bağlanmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331-ci maddəsinə əsasən ”əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir”. Müqavilə bağlanmazdan əvvəl kirayəyə verənin müqavilə bağlanmasına dair ümumi ofertası təqdim edilmiş və istifadəçi tərəfindən təsdiqlənmişdir. Müqavilə mətni də istifadəçi tərəfindən təsdiq edildikdən sonra standart şərtlər barədə əyani qeyd də istifadəçinin iradəsini dürüst müəyyən etməyə imkan verən şəraitdə onun tərəfindən aksept edilmişdir. Bunun nəticəsində mülkiyyəti iddiaçıya məxsus olan “Geely Geometry” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə, saat 00:04-də Nəcəfqulu Rəfibəyli küçəsində cavabdeh tərəfindən təhvil alınmış və onun tərəfindən xx.xx.2024 tarixdə, saat 10:37-də İlqar Mirzəyev küçəsində geri qaytarılmışdır. İstifadəçi tərəfindən təsdiq edilən müqaviləyə əsasən kirayə ödənişi mobil tətbiqdə göstərilən tariflər əsasında hesablanır və həmin müqaviləyə əsasən istifadəçi müqavilə bağlandıqdan etibarən 5 gün ərzində müəyyən edilmiş tarifə uyğun olaraq 115 manat məbləğində kirayə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerin yetirərək avtomobili cavabdehə təhvil versə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Müqaviləyə əsasən cavabdeh yuxarıda göstərilən ödənişi xx.xx.2024-cü il tarixinədək ödəməli olsa da indiyə qədər heç bir ödəniş həyata keçirməmiş və xx.xx.2024-cü il tarixindən etibarən istifadəçi öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etmişdir. Belə ki, Mülki Məcəllənin 445.4cü maddəsinə əsasən “icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır”. Müqavilə öhdəliyin icrası üçün vaxt müəyyən etdiyinə görə cavabdehin öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etməsi üçün hər hansı xatırlatmaya ehtiyac qalmamışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, İddiaçı MMCyə məxsus mobil tətbiqi vasitəsilə avtomobillərin kirayəsi xidmətindən mütəmadi olaraq yararlanır. Son dəfə mobil tətbiqi vasitəsi ilə 11 oktyabr 2024-cü il tarixdə avtomobil götürəndən və istifadə etdiyindən sonra mobil tətbiqin istifadəsində problem yarandığından avtomobilin qapıları bağlanmadı. Vəziyyətdən çıxış yolu kimi o, mobil tətbiqdə qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamağa çalışsa da, nəticədə dəfələrlə etdikləri cəhd boşa çıxmış oldu, operatorlar dəstəyi götürmürdülər. Cəmi bir dəfə 1 saniyəlik dəstək qaldırıldı və uşaq qışqırığı səsi eşidildi. Növbəti gün şəhər onu təəccübləndirən borc haqqında mesaj “sevindirdi", mobil tətbiqin işləməməsi səbəbindən istifadə etmədiyi müddətə görə 125 manat borc bildirişi daxil oldu. Məsələyə aydınlıq gətirmək üçün yenidən əlaqə saxlamağa cəhd edib, bu dəfə zəngini cavablandırdılar, lakin operatorun etik qaydalardan kənar qışqıraraq onun pretenziya ilə qarşılaması onu yenidən təəccübləndirdi. Yuxarıda qeyd olunan hallar yolverilməzdir. Ciddi bir şirkət olaraq işçilərə müştəri ilə davranış qaydalarına riayət edilməsi ilə bağlı təlimat keçirilməlidir. O, şirkətin servisindən müəyyən müddət istifadə etdiyi müştərisi olmuşdur. Göstərdiyi halları daxili sistem vasitəsilə və telefon yazıları əsasında təsdiq olunması çox asandır və şirkətin özü də bütün prosesi izləmək hüququna qadirdir. Lakin bu günə olan mövcud vəziyyət ondan ibarətdir ki, onun sistem üzrə 125 manat əsassız borcu yaranmışdır. Qeyd olunanları və istehlakçıların hüquqlarının müdafiəsinə dair qanunvericiliyin müddəalarını rəhbər tutaraq müəyyən edilmiş 125 manat əsassız borcun silinməsini, eyni zamanda iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, cavabdehlə müqavilə bağlasalar da, onun tərəfindən öhdəlik vatında icra edilməmişdir. Onların şirkəti yenidir və 30 avtomobillə fəaliyyət göstərir. Şəxs mobil tətbiqi vasitəsi ilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən zaman da məlumatlarını daxil edib. Şirkətin qaydalarına əsasən şəxs mobil tətbiqdə göstərilən xəritədən kənara çıxa bilməz. Çünki onlar yalnız xəritə daxilində olan ərazilərə nəzarət edirlər. Cavabdeh isə onların xəbərdarlıq etmələrinə baxmayaraq xəritədə göstərilən ərazidən kənara çıxmışdır və avtmobili qeyd edilən ərazidə deyil, başqa ünvanda saxlamışdır. Bu zaman isə sistem sönmür. Cavabdeh isə sistemin sönməməsindən xəbərdar olmasına baxmayaraq, maşını xəritədən kənar yerdə saxlayıb getmişdir. Səhər 11-ə yaxın onlar gedib maşını taparaq sistemi söndürmüşlər. Onlar cavabdehlə məsələni həll etməyə çalışsalar da, bu mümkün olmamışdır. Cavabdeh zəng vuraraq onlarla kobud danışmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində “CİTYCAR” mobil tətbiqi vasitəsilə avtomobilin elektron kirayə müqaviləsi bağlanmışdır; - Avtomobilin elektron kirayə müqaviləsinin 3.4.2-ci maddəsinə görə Citycar tətbiqinin funksionallığından istifadə edərək istifadəçi tərəfindən onun imzalanmasına bərabər olan Citycar tətbiqində keçidi qeyri-aktiv vəziyyətdən aktiv vəziyyətə keçirərək avtomobilin təhvil-təslim aktını qəbul etmək öhdəliyi daşıyır; - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli bildiriş məktubunun surətindən görünür ki, Cavabdeh borcunun olması və ödənilməsi barədə xəbərdar edilmişdir; - xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, "xxxx" MMC-nin istifadəçisi olan Cavabdeh 11 oktyabr 2024-cü il tarixində şirkətə məxsus olan Geelly Geometry markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb. Qeyd olunan icarə üzrə müştərinin borcu yaranmışdır. Sürdüyü müddətə əsasən 126,77 manat ümümi borc yaranıb, ümumi borcdan 11,77 manat ödəniş olunub, qalan hissəsi 115 manat məbləğində borc məbləği kimi qalıb. Müştəri istfadə etdiyi zaman 126,19 manat sürüş borcu, 0,5 manat başlanğıc və 0,08 manat parklanma rejimdə olduğu üçün hesablanıb; - “CİTYCAR” xidmətindən istifadə qaydalarından görünür ki, yanacaq növü elektrik olan avtomobildən otuz dəqiqəlik istifadə 6 manat, bir saat 10 manat, yanacaq növü hibrid olan avtomobildən otuz dəqiqəlik istifadə 7 manat, bir saat 12 manat, dəqiqəlik götürülən zaman başlanğıc üçün avtomobilə baxış keçirmək 0,5 qəpik müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində “Citycar” mobil tətbiqi vasitəsilə elektron qaydada avtomobilin kirayə müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehin müqavilə şərtlərinə əməl etmədiyinə, avtomobili müqavilə ilə müəyyənləşdirilmiş yerdə saxlamadığından kirayə müqaviləsinə xitam verilmədiyinə, bu səbəbdən xx.xx.2024-cü il tarixi, saat 00:04-dən həmin gün səhər saat 10:37-dək olan vaxt üçün avtomobilin kirayəsinə görə 115 manat əsas borc, 2,42 manat dəbbə pulu, 30 manat rüsum olmaqla, cəmi 147,42 manat məbləğində pulun Cavabdeh tutulmasını xahiş edir. Cavabdeh isə mobil tətbiqin istifadəsində problem yarandığına, iddiaçı təşkilata zəng vursa da problemin aradan qalxmadığına istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1, 448.1 və 448.2-ci maddələrinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 684.1-ci maddəsinə görə əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. İş materiallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin elektron kirayə müqaviləsinə əsasən “Geely Geometry” markalı, **-YJ-*** qeydiyyat nişanlı avtomobil cavabdehə kirayəyə verilmişdir. “Geely Geometry” markalı, **-YJ-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə, saat 00:04-də cavabdehə təhvil verilmiş, xx.xx.2024 tarixdə saat 10:37-də qaytarılmışdır. Hər iki tərəfin izahatına əsasən cavabdeh gecə iddiaçı təşkilata zəng vurmuş, xəritə üzrə avtomobilin saxlanılmalı olduğu yeri dəqiqləşdirmiş, lakin müqavilə ilə müəyyənləşdirilmiş yerdə saxlamayaraq, kirayə müqaviləsinə lazımi qaydada xitam verməyərək avtomobili Citycar tətbiqi ilə müəyyən edilmiş ərazidən kənar yerdə saxlamaqla oranı tərk etmişdir. Halbuki tərəflər arasında bağlanmış müqaviləyə 2 saylı əlavə olan “Citycar xidmətindən istifadə qaydalarının” 6.8-ci bəndinə uyğun olaraq, avtomobil icarəsinə xitam verilməsi Citycar tətbiqindən istifadə etməklə həyata keçirilir, bu halda bütün cihazları söndürmək, mühərriki söndürmək, avtomatik ötürmə qolunu “P” rejiminə keçirmək (əllə ötürməni neytral vəziyyətə keçirmək), avtomobili dayanacaq (əl) əyləcinə qoymaq, bütün qapıların şüşələrini qaldırmaq, avtomobildən çıxmaq lazımdır. Avtomobili tərk etdikdən sonra istifadəçi Citycar tətbiqində “sona çatdırmaq” düyməsini sıxır. Bu halda avtomobilin qapıları avtomotik olaraq kilidlənir. “Sona çatdırmaq” düyməsini kliklədiyiniz andan avtomobil icarəsi başa çatmış sayılır. Avtomobil bu müqavilədə və ya Citycar tətbiqində müəyyən edilmiş ərazidən kənarda yerləşirsə, “Sona çatdır” düyməsini kliklədiyiniz zaman istifadəçi Citycar tətbiqindən xəta bildirişi alır və ödənişlərin hesablanması nəqliyyat vasitəsinin icarə müddətinin bitməsinə icazə verilən əraziyə geri qayıdışına qədər davam edir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, kirayə müqaviləsinə əsasən hesablanmış kirayə haqqı tam şəkildə ödənilməmişdir. Cavabdeh bu vəziyyətin yaranmasında onun hər hansı bir təqsirinin olmadığına, mobil tətbiqin işləmədiyinə istinad etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə iddiaçı tərəf cavabdehin onlara zəng vurduğunda avtomobili saxlaya biləcəyi yerləri və istifadə qaydalarını izah etməklərinə baxmayaraq cavabdehin buna əməl etməməsini bildirmişdir. Həmçinin nəzərə alınmalıdır ki, avtomobilin saxlanıla biləcəyi ərazilər mobil tətbiq vasitəsilə müəyyən edildiyindən, cavabdehin avtomobili kənar ərazidə saxladığından sistemdə xəta baş verdiyini, proqramın açıq qaldığını, sönmədiyini görməməsi mümkün deyildir. Bu halda isə müqavilə şərtlərinə əsasən ödənişlərin hesablanması davam edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı avtomobilin kirayə haqqına görə 115 manat pulun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış avtomobilin elektron kirayə müqaviləsinin 3.4-cü bəndinə əsasən istifadəçi tərəfindən bu müqavilənin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə istifadəçi bu bənddə göstərilən məbləğdə cərimələr ödəməyi öhdəsinə götürür: istifadəçi yaranan borcunu ödəmədikdə (məsələn, bank kartında kifayət qədər vəsait olmadığına görə və s.) borcun tam ödənildiyi tarixə qədər ödənişin gecikdirildiyi hər gün üçün kirayəyə verənə borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir. Məhkəmə həmçinin hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla müqavilə üzrə iddia ərizəsində qeyd edilən məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 115 manat kirayə haqqı, 2,42 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 147,42 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 115 manat pul, 2,42 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 147,42 (yüz qırx yeddi manat, qırx iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar