Məhkəmə qərarları › İş №e-2(005)-1314/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1314/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1314/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2 ədəd Quenn - yumsaq - 3 yerli - bazalı divan üçün 1200.8 manat ödənilməmiş hissə, 360.24 manat cərimə, ümumilikdə 1561.04 manat borc və 35.61 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd Quenn - yumşaq - 3 yerli bazalı divan almış və nəticədə 1561.04 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3057.6 manat (yəni 24 ay x 127.4 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Quenn - yumşaq - 3 yerli - bazalı divan divan üçün ümumilikdə, 1561.04 manat olmaqla ondan 1200.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 360.24 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1856.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, borcun dayandırılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1314/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasını yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04023560 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 3057,6 manat olan Quenn-yumşaq-3 yerli-bazalı məhsullarını 24 ay müddətinə, aylıq 127,4 manat ödəmə şərtilə almışdır; - “Əşyaların təhvil-təslim” aktının surətindən görünür ki, Cavabdeh 04023560 nömrəli müqavilə ilə ona satılan malları qüsursuz təhvil almışdır; - xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1200,8 manat əsas, 360,24 manat cərimə borcu olmaqla, cəmi 1561,04 manat borcu vardır; - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə 1200,8 manat əsas borcu, 360,24 manat cərimə borcu olmaqla, cəmi 1561,04 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələrdə nəzərdə tutulmuş əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırki iş üzrə iddiaçının tələb etdiyi cərimə məbləğinin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 60 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 1200,8 manat, cərimə borcuna görə 60 manat olmaqla, cəmi 1260,8 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 35,62 manatın 29 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 1200,8 manat, cərimə borcuna görə 60 manat olmaqla, cəmi 1260,8 (min iki yüz altmış manat, səksən qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 35,62 manatın 29 (iyirmi doqquz) manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar