Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1346/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X6 Mehdi qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4950 manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 69.50 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0.40 manat xidmət haqqının, ümumilikdə 5019.90 (beş min on doqquz manat, 90 qəpik) manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Toyota Prius (hibrid) minik” markalı, **-BC-*** d.q.n.-lı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (bundan sonra – Şirkət) tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Cavabdeh2 məxsus, sürücülük hüququ və etibarnamə olmadan Cavabdeh1 tərəfindən idarə olunan “Toyota Prius (hibrid) minik” markalı, **-BC-*** d.q.n.-lı avtomobil, “Toyota Prius (hibrid) minik” markalı, 77-DY183 d.q.n.-lı avtomobil, “Mercedes Benz E220 minik” markalı, **-NK-*** d.q.n.-lı avtomobil, “Daewoo Nexia minik” markalı, **- LA-*** d.q.n.-lı avtomobil və “KİA Ceed minik” markalı, **-BO-*** d.q.n.-lı avtomobil toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP4614804 nömrəli protokola əsasən, hadisə ilə əlaqədar “Toyota Prius (hibrid) minik” markalı, **-BC-*** d.q.n.-lı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.4-cü maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilmişdir. Həmin inzibati xəta haqqında iş üzrə tərtib olunmuş protokol əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 3(006)-1643/2022 nömrəli Qərara əsasən, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP4615685 nömrəli protokola və həmin protokol əsasında adıçəkilən DYPİ tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP5003458 nömrəli elektron Qərara əsasən, “Toyota Prius (hibrid) minik” markalı, **-BC-*** d.q.n.-lı avtomobilin mülkiyyətçisi Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 335.3-cü(bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə) maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı verilmiş: ME0062/2022 nömrəli ekspert rəyinə əsasən, “Toyota Prius (hibrid) minik” markalı, **-DY-*** d.q.n.-lı avtomobilə 2820 manat; İCR 09768 nömrəli təmir aktına əsasən, “KİA Ceed minik” markalı, **-BO-*** d.q.n.-lı avtomobilə 220 manat; İCR 09769 nömrəli təmir aktına əsasən, “Daewoo Nexia minik” markalı, **-LA-*** d.q.n.-lı avtomobilə 810 manat; İCR 09770 nömrəli təmir aktına əsasən, “Mercedes Benz E220 minik” markalı, **-NK-*** d.q.n.-lı avtomobilə 1100 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Sığorta hadisəsi ilə əlaqədar iş üzrə 09767/2022, 09768/2022, 09769/2022, 09770/2022 nömrəli sığorta aktları tərtib edilməklə sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən adıçəkilən avtomobillərə dəymiş zərərlərə görə müvafiq olaraq 2820 manat, 220 manat, 810 manat və 1100 manat olmaqla, ümumilikdə 4950 manat məbləğində sığorta ödənişi faydalanan şəxslərin bank hesablarına köçürülmüşdür. Şirkət tərəfindən Cavabdeh1 zərərçəkmiş şəxslərə ödəniləcək vəsaitin qanunvericiliyə uyğun olaraq ondan tutulacağı, bu səbəbdən avtomobillərə dəymiş zərərin qiymətləndirilməsində iştirak edə biləcəyi ilə əlaqədar xx.xx.2022-ci il tarixində məktub göndərilmiş, lakin cavabdeh qiymətləndirmə prosesində iştirak etməmişdir. Subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair Şirkət tərəfindən xx.xx.2022-ci il tarixində cavabdehlərin rəsmi qeydiyyat ünvanlarına pretenziya məktubları göndərilsə də, bu günədək şirkətə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron ünvan vasitəsilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 09767/2022 nömrəli sığorta aktından və 40023 nömrəli ödəniş tapşırığından görünür ki, “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2820 manat müəyyən edilmiş, sığorta ödənişi zərərçəkən X1 bank hesabı vasitəsilə ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 09768/2022 nömrəli sığorta aktından və 40024 nömrəli ödəniş tapşırığından görünür ki, “Kia Ceed” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 220 manat müəyyən edilmiş, sığorta ödənişi zərərçəkən Əmirov Afat Vəkil oğluna bank hesabı vasitəsilə ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 09769/2022 nömrəli sığorta aktından və 40025 nömrəli ödəniş tapşırığından görünür ki, “Daewoo Nexia” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 810 manat müəyyən edilmiş, sığorta ödənişi zərərçəkən X2 bank hesabı vasitəsilə ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 09770/2022 nömrəli sığorta aktından və 40026 nömrəli ödəniş tapşırığından görünür ki, “Mercedes E220” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1100 manat müəyyən edilmiş, sığorta ödənişi zərərçəkən X3 bank hesabı vasitəsilə ödənilmişdir. İş materiallarında olan TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, sürücü Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsinə əsasən təqsirli bilinmiş və barəsində 180 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1643/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, ME0062/22 nömrəli ekspert rəyindən görünür ki, “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ekspert baxışına təqdim olunan Toyota Prius markalı avtomobilə hazırki vəziyyətdə ümumi qiymət təxminən 2820 manat müəyyən olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır, habelə bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, “Toyota Prius (hibrid) minik” markalı, **-BC-*** d.q.n.-lı avtomobil xx.xx.2021ci il tarixindən xx.xx.2022-ci ilədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (bundan sonra – Şirkət) tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Sığorta hadisəsi ilə əlaqədar iş üzrə 09767/2022, 09768/2022, 09769/2022, 09770/2022 nömrəli sığorta aktları tərtib edilməklə sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən adıçəkilən avtomobillərə dəymiş zərərlərə görə müvafiq olaraq 2820 manat, 220 manat, 810 manat və 1100 manat olmaqla, ümumilikdə 4950 manat məbləğində sığorta ödənişi faydalanan şəxslərin bank hesablarına ödənildiyindən iddiaçı Şirkətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936, 1108.1 və 1108.3-cü maddələrinin tələblərinə əsasən, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Belə ki, mülki işin mübahisəsiz hallarından yol nəqliyyat hadisəsini törətmiş olan “Toyota Prius (hibrid) minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətində olması müəyyən olunmuş, eyni zamanda Cavabdeh1 avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi də müəyyən edilmişdir. Bu baxımdan yüksək təhlükə mənbəyinin – “Toyota Prius (hibrid) minik” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğundan mülki hüquq pozuntusuna görə məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin, yəni “Toyota Prius (hibrid) minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 üzərinə qoyulmalı və 4950 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində sığorta ödənişi, 69,50 (altmış doqquz manat, 50 qəpik) məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) məbləğində dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqının, cəmi 5019,90 (beş min on doqquz manat, 90 qəpik) məbləğində pul müştərək qaydada tutulub iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1346/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1346/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver