Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1407/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Nizaməddin qızının, digər nümayəndəsi (əri) Nümayəndə Alirza oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh MTK-ya qarşı “sökülmüş əmlakın qarşılığında 1200 kv.m qeyriyaşayış sahəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın xx.xx.2022-ci il tarixli müqavilə ilə üzərinə götürdüyü Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış sahəsində tikiləcək binadan üç otaqlı mənzili dəyərinin artıq ödənilmiş kimi adına sənədləşdirməsi və təhvil verməsi, bu mümkün olmazsa həmin ərazidə yeni inşa olunan binada üç otaqlı mənzilin bazar qiymətinə uyğun dəyərinin ona ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh MTK-ya satdığı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış sahəsində yerləşən 18 sot torpaq sahəsinə görə Cavabdeh MTK ödəməli olduğu ******* manatdan əlavə həmin torpaq sahəsinin ərazisində tikiləcək binadan üç otaqlı mənzili dəyərinin artıq ödənilmiş kimi adına sənədləşdirməyi, bu mümkün olmazsa həmin ərazidə yeni inşa olunan binada üç otaqlı mənzilin bazar qiymətinə uyğun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bir ildən artıq zaman keçsə də, cavabdeh öhdəliyini icra etməmiş, dəfələrlə edilmiş xəbərdarlıqlara əsassız bəhanələr gətirməklə cavab verməmişdir. İlk iddia üzrə Cavabdeh MTK İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK xx.xx.2022-ci il tarixdə İddiaçıla AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini və xx.xx.2022-ci il tarixli müqaviləni bağlamış, 18 sot torpaq sahəsini satın almış və buna görə İddiaçı ******* manat pul ödəmişdir. Həmin ərazidə bina tikintisinə başlanarkən tikiləcək binadan üç otaqlı mənzili dəyərinin artıq ödənilmiş kimi İddiaçı adına sənədləşdirilməsi və təhvil verilməsini, bu mümkün olmazsa həmin ərazidə yeni inşa olunan binada üç otaqlı mənzilin bazar qiymətinə uyğun dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın torpaq sahəsini satın almaqda məqsədi məhz həmin ərazidə çoxmənzilli yaşayış binasını inşa etmək olmuşdur. Bununla bağlı zəruri sənədlər hazırlanmış və tikintiyə icazə üçün ARŞAK-ya təqdim olunmuşdur. Lakin bina tikintisinə icazə verilməmişdir. Buna görə də xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin icra olunmasına ehtiyac qalmamışdır. İddiaçı müraciət olunsa da, o, xx.xx.2022-ci il tarixli müqavilələrin ləğv edilməsindən, ona ödənilən ******* manatın geri qaytarılmasından boyun qaçırmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Nizaməddin qızı, digər nümayəndəsi (əri) Nümayəndə Alirza oğlu iddia ərizəsinə uyğun izahat verərək bildirdilər ki, qeyd edilən ərazidə 3 otaqlı mənzillərin kv.m-si minimum 120 kv.m təşkil edir və cavabdeh tərəfindən iddiaçıya həmin ölçüdə mənzilin dəyəri hesablanmalıdır. Qeyd edilənləri nəzərə alaraq, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X5 və nümayəndəsi (direktoru) X10 ilkin iddiaya etiraz edərək bildirdilər ki, X1 alınmış torpaq sahəsində bina tikintisi baş tutmamışdır. Bundan başqa MTK-nın inşa etməyi nəzərdə tutduğu binada üç otaqlı mənzilin maksimum sahəsi 78.4 kv.m təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, ilkin iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: X4 tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi barədə xəbərdar edilmişdir; X4 tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlara cavabların surətlərindən görünür ki, Cavabdeh MTK-nın satılmış torpaq sahəsində yaşayış binasının tikintisinə başlaması mümkün olmamışdır, tikinti işlərinə başlandığı təqdirdə müqavilə üzrə öhdəliklər icra olunacaqdır; X4 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilə üzrə Cavabdeh MTK “Kooperativ”, X4 isə “Mülkiyyətçi” qismində çıxış edir. Müqaviləyə əsasən “Kooperativ” “Mülkiyyətçi”yə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən 0,18 ha torpaq sahəsinə görə ödəyəcəyi ******* manatdan əlavə həmin torpaq sahəsində inşa ediləcək binadan bir ədəd üç otaqlı mənzili, dəyərinin artıq ödənilmiş kimi “Mülkiyyətçi”nin adına rəsmiləşdirməyi, bu mümkün olmadıqda mənzilin həmin ərazidə yeni inşa olunan binada üç otaqlı mənzilin bazar qiymətinə uyğun dəyərini “Mülkiyyətçi”yə ödəməyi öhdəsinə götürmüşdür; AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqavilə üzrə X4 “Satıcı”, Cavabdeh MTK isə “Alıcı” qismində çıxış edir. Müqaviləyə əsasən Satıcı” xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,18 ha olan torpaq sahəsini ******* manat dəyərinə “Alıcı”ya satmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən 0,18 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh MTK-nın adına qeydiyyata alınmışdır; Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 351 saylı, xx.xx.2021-ci tarixli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu. Badamdar qəsəbəsi, Badamdar şosesi ilə Abbasqulu Abbaszadə küçəsinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən xüsusi mülkiyyətdə olan 0,24 ha əraziyə bitişik 0,0450 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MTK tərəfindən tənzimlənməsi şərti ilə yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-nın icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır; Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 247 saylı, xx.xx.2022-ci tarixli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 351 saylı, xx.xx.2021-ci tarixli Sərəncamının 1-ci bəndində qeyd olunan “0,0450 ha” ifadəsinin “0,128 ha” ifadəsi kimi oxunması qərara alınmışdır; Azərbaycan Respublikası “X7”nin Bakı şəhəri, Səbail rayonu. Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən təmirsiz mənzilin 1kv.m-nin bazar dəyərinin müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, qeyd olunmuş mənzilin 1 kv.m-nin qiymətləndirmə tarixinə olan bazar dəyəri 2100 manat müəyyən edilmişdir; Binanın layihəsinin sxemlərindən görünür ki, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində layihələşdirilən binaların üç otaqlı mənzillərinin sahələri 66.1 kv.m, 78.4 kv.m, 77 kv.m və 76.3 kv.m təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış sahəsində yerləşən 18 sot torpaq sahəsi X2 mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi Cavabdeh MTK-nın mülkiyyətinə keçmişdir. Eyni tarixli digər bir müqaviləyə əsasən isə Cavabdeh MTK X3 məxsus olan torpaq sahəsinə görə ödəyəcəyi ******* manatdan əlavə həmin torpaq sahəsində inşa ediləcək binadan bir ədəd üç otaqlı mənzili, dəyərinin artıq ödənilmiş kimi X2 adına rəsmiləşdirməyi, bu mümkün olmadıqda mənzilin həmin ərazidə yeni inşa olunan binada üç otaqlı mənzilin bazar qiymətinə uyğun dəyərini X3 ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MTK-ya həmin torpaq sahəsində bina tikməsinə ARDŞAK tərəfindən icazə verilməmişdir. Binanın tikilməsinə icazə olmadığından Cavabdeh MTK müqavilə üzrə öhdəliklərini yerinə yetirmə bilməmişdir. Cavabdeh MTK isə müqavilənin ləğv edilərək, ödənilmiş ******* manat məbləğində vəsaitin X1 tutularaq ona qaytarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 434.1-ci maddəsinə əsasən bir neçə öhdəlikdən biri (alternativ öhdəlik) icra edilməli olduqda seçmək hüququ, əgər müqavilədən, bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, borcluya mənsubdur. Seçmək hüququ kreditora mənsubdursa, borclu ona ağlabatan müddət təyin edərək öhdəliyi seçməsini tələb edə bilər. Kreditor öhdəliyi vaxtında seçməzsə, həmin müddət keçdikdən sonra seçmək hüququ borcluya keçir. 434.2-ci maddəsinə əsasən əgər borclunun icra edilməli iki hərəkətin birindən imtina etməyə ixtiyarı çatırsa, digər hərəkəti icra etmək öhdəliyi qüvvədə qalır. 434.3-cü maddəsinə əsasən alternativ öhdəliyin seçilməsi bunun digər tərəfə bəyan edilməsi və ya icranın həyata keçirilməsi vasitəsilə yerinə yetirilir. Seçilmiş öhdəlik əzəldən icra edilməli öhdəlik sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə qeyd edir ki, X2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış sahəsində tikiləcək binadan üç otaqlı mənzili dəyərinin artıq ödənilmiş kimi adına sənədləşdirilməsi və təhvil verilməsi tələbinin reallaşması qeyri-mümkündür. Belə ki, müqavilə üzrə Cavabdeh MTK mülkiyyətinə keçmiş torpaq sahəsində tikiləcək binada bir ədəd üç otaqlı mənzili dəyərinin artıq ödənilmiş kimi X2 adına sənədləşdirməsi və təhvil verməsi, bu mümkün olmazsa həmin ərazidə yeni inşa olunan binada üç otaqlı mənzilin bazar qiymətinə uyğun dəyərinin ona ödənilməsi ilə bağlı üzərinə alternativ öhdəlik götürmüşdür. İlkin alternativ öhdəlik Cavabdeh MTK tərəfindən həmin yaşayış sahəsində tikinti üçün icazə əldə edə bilmədiyindən icra edilə bilməz. Bu səbəbdən X2 yaşayış sahəsində tikiləcək binadan üç otaqlı mənzili dəyərinin artıq ödənilmiş kimi adına sənədləşdirilməsi və təhvil verilməsi tələbinin təmin olunması mümkün deyildir. Məhkəmə qeyd edir ki, alternativ öhdəliyin digər hissəsini təşkil edən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış sahəsində yeni inşa olunan binada üç otaqlı mənzilin bazar qiymətinə uyğun dəyərinin X3 ödənilməsi ilə bağlı tələb isə tam həcmdə təmin edilə bilməz. Buna əsas kimi X3 ödəniləcək məbləğin müəyyən edilməsində rəhbər tutulan dəyərləndirmə məfhumunun X4 tərəfindən tələb olunan 120 kv.m həcmli üç otaqlı mənzilin bazar qiyməti deyil, Cavabdeh MTK tərəfindən tikiləcək binalardakı üç otaqlı mənzillərin kvadrat metrinə mütənasib qiymətin olmasıdır. X4 özünün tələb etdiyi 120 kv.m həcmdə üç otaqlı mənzilin bazar qiyməti barədə razılaşma olduğunu bildirsə də, bu halı təsdiq edən heç bir sübut olmadığından razılaşma faktı ilə qiymət müəyyənləşdirilə bilməz. Cavabdeh MTK tərəfindən tikilməsi planlaşdırılan binalardakı üç otaqlı mənzillərin layihələri tərtib olunmuşdur ki, həmin layihələrdən Cavabdeh MTK tərəfindən inşa ediləcək üç otaqlı mənzillərin sxemində üç otaqlı mənzillərin maksimum sahəsinin 78,4 kv.m planlaşdırıldığı görünür. Beləliklə, məhkəmə tərəfindən X3 ödəniləcək yaşayış sahəsində yeni inşa olunan binada üç otaqlı mənzilin bazar qiymətinə uyğun dəyəri Cavabdeh MTK tərəfindən inşa ediləcək sahəsi 78,4 kv.m-dən ibarət olan üç otaqlı mənzillərin dəyərinə bərabər təyin ediləcəkdir. X2 vəsatəti ilə “Müstəqil Məhkəmə Ekspertizası”nın qarşısında qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən təmirsiz mənzilin 1kv.m-nin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı suala cavabda təmirsiz mənzilin 1 kv.m-nin qiymətləndirmə tarixinə olan bazar dəyərinin 2100 manat olması öz əksini tapır. Buradan belə nəticəyə gəlmək olar ki, Cavabdeh MTK tərəfindən tikilən sahəsi 78,4 kv.m olan üç otaqlı mənzilin orta bazar qiyməti 164640 manat (78,4 kv.m x 2100 manat) təşkil edir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia, yəni Cavabdeh MTK tərəfindən xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli müqavilənin ləğv olunması, X3 ödənilmiş ******* manatın geri qaytarılması tələbi təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi üçün qanunvericiliyə müvafiq heç bir hüquqi əsas olmadığından müqavilələr ləğv edilməməlidir. Həmçinin X2 ilkin iddiasının məhkəmə tərəfindən qismən təmin olunması Cavabdeh MTK tərəfindən ******* manatın X1 alınaraq ona verilməsi ilə bağlı qarşılıqlı iddia tələbinin təmini olunmamasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu rüsum ödəyicilərinə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh MTK tərəfindən tikilməsi nəzərdə tutulan üç otaqlı mənzilin bazar qiyməti 164640 manat məbləğində vəsait X3 ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh MTK tərəfindən tikilməsi nəzərdə tutulan üç otaqlı mənzilin bazar qiyməti 164640 manat məbləğində vəsait X3 ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu rüsum ödəyicilərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1407/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1407/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver