Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1410/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi CavabdehGülmurad oğlunun nümayəndəsi və vəkili Vəkil iştiraki ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, borc və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, borc və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx.xx.2023-ci il tarixli ALY-1939 "xxxx" müqaviləsinin ləğv edilməsini və xx.xx.2023-ci il tarixli ALY-1939 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 1170,94 (min yüz yetmiş manat doxsan dörd qəpik) gecikdirilmiş əsas, 1561,07 (min beş yüz altmış bir manat yeddi qəpik) gecikdirilmiş mükafat, həmin günə hesablanmış 362.16 (üç yüz altmış iki manat on altı qəpik) manat dəbbə pulunu, lizinq obyekti olan avtomobilə 12204 (on iki min iki yüz dörd) manat dəymiş zərər, ümumilikdə 15298,17 (on beş min iki yüz doxsan səkkiz manat on yeddi qəpik) manat borc və ödənilmiş 146,98 (yüz qırx altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli ALY-1939 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) “Chevrolet Cobalt” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2023-ci il tarixli ALY-1939 nömrəli müqavilə üzrə 1170,94 manat gecikdirilmiş əsas borcu, 1561,07 gecikdirilmiş mükafat və həmin günə hesablanmış 362.16 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Cavabdehin etirazı Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən istifadə və sahibliyimə verilmiş 2023-cü il buraxılışlı “Chevrolet Cobalt” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA015319 ban nömrəli, gümüşü metallik rəngli avtomobil X5 və X4 tərəfindən aldatma və etibardan suiistifadə etməklə ələ keçirilmiş və hissələrə bölünərək satılmışdır. Bu barədə İddiaçı MMC-ə məlumat verilmişdir. MMC-nin Ramin adlı (***-***-**-**) əməkdaşı sentyabr ayında şəkillər çəkərək getmişdir, sonra isə 2023-cü ilin dekabr ayının sonlarında MMC-nin problemli kreditlər şöbəsinin Faiq adlı (***-***-**-**) əməkdaşı yaxınlaşaraq müvafiq sənədləşmə işləri aparmış və bizimlə əlaqə saxlanılacağını söyləmişlər. Ötən müddət ərzində əməli tədbir görülməmişdir. Şikayətləri MMC-nin rəhbərliyinin diqqətinə çatdırmışdırlar. Hazırda təqsirkarlar X5 Bakı şəhəri Nəsimi RPİ İŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, X4 isə Sabunçu RPİ İŞ-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində müvafiq məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin talanması barədə X5 və X2 məsuliyyətə cəlb edilməsi və zərərçəkmiş şəxs qismində tanınmasını tələb etmək əvəzinə hazırkı iddia ilə çıxış etməsini qanuni, əsaslı və ədalətli hesab etmək olmaz. İddiaçı bu günə qədər mübahisəli əmlakın yararsız hala salınmasının səbəbləri ilə maraqlanmamış, mövcud qanunvericiliyi və müqavilə şərtlərini nəzərə almamışdır. Qeyd etdiyi kimi baş vermiş hadisə barədə qarşı iddiaçı tərəf məlumatlı olmuş, lakin heç bir qanuni tədbir görməmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Vurğulanmalıdır ki, lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli, ALY-1939 saylı "xxxx" müqaviləsinin 5.3-cü bəndinə görə MMC tərəfindən 1 illik müddətinə baş verən hadisələrə (oğurluq, zədələnmə və s.) görə avtomobilin bərpasını öz üzərinə götürmüşdür. Belə olan halda hazırkı iddia tələbinin irəli sürülməsi düzgün deyildir. Bundan başqa, lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin aylıq ödənişi üçün xx.xx.2024-cü il tarixdə ödənilmiş 500 manat pul vəsaiti iddiaçı tərəfindən nəzərə alınmamışdır və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Tərəflərin izahatları İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Caabdehin nümayəndəsi və vəkili etirazın dəlillərinə uyğun izahat verrək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə mülki işə iddiaçının nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - ALY-1939 nömrəli xx.xx.2023-ci il tarixli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lizinq alan ümumi məbləği 23750 manat olan və spesifikasiyada göstərilən X6 Cobalt LTZ markalı Minik maşını ilkin 18%-nə hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 488.82 manat, ümumilikdə isə 33829 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürür. ALY-1939 nömrəli xx.xx.2023-ci il tarixli daxili lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdənqorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. 5.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsizamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. 5.3-cü bəndinə əsasən lizinq alan tərəfində lizinq obyekti kasko sığorta etdirilmədikdə, "xxxx" müqaviləsi imzalandıqdan sonra bir il ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70 faizindən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə lizinq verən tərəfindən lizinq verənə ödənilməklə lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. Aşağıdakı hallarda müqavilənin bu bəndi öz qüvvəsini itirir və lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır: a) lizinq obyekti hətta lizinq alanın şəxsən özü tərəfindən idarə olunsa da, müddəti keçmiş etibarnamə ilə idarə edildikdə, b) lizinq obyekti alkoqollu içki və ya psixatrop maddələrin təsiri altında idarə edilərsə, c) lizinq obyekti heç bir hüququ olmayan şəxs tərəfindən idarə edildikdə, ç) lizinq alan tərəfindən avtomobilin bərpa edilməsi üçün ödənilməli olan 800 manat yolnəqliyyat hadisəsindən sonra bir ay ərzində ödənilməzsə, d) "xxxx" müqaviləsinin imzalanmasından 1 il keçərsə, e) lizinq obyektindən istifadə edilməsi üçün verilmiş etibarnamənin müddəti bitməsə də, lizinq ödənişlərində gecikmə olduqda, ə) lizinq obyekti olan avtomobil lizinq alanın deyil, 3-cü şəxsin təqsiri nəticəsində zədələndikdə. Lizinq obyektinin zədələnməsi, tam məhv olması və ya oğurlanması bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə ödənişlərin ödənilməsinə heç bir təsir göstərmir. 5.4-cü bəndinə əsasən lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan aşağıdakı hərəkətlərdən birini dərhal həyata keçirməlidir: 5.4.1. Bu müqaviləyə əsasən ödəniş cədvəlinə uyğun olaraq lizinq ödənişlərini öhdəlik tam icra edilənə qədər ödəmək; 5.4.2. Lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına hesablanmaqla ödəmək; 5.4.3. öz hesabına bu müqaviləyə əsasən istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlak əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirmək. - xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, X6 Cobalt LTZ markalı avtomobil Cavabdeh təhvil verilmişdir. - 10 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(008)-113/2024 saylı Qərarından görünür ki,Cavabdeh tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qismən təmin edilmiş; Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qanunsuz və əsasız olduğu üçün ləğv edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-AT-*** qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair ona verilmiş etibarnamənin müddəti bitmişdir. "xxxx" müqaviləsinin 5.2-ci bəndinə əsasən lizinq obyektindən istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıdığı, yaranmış borcu dərhal ödəməyi və lizinq obyektinə isifadə hüququ verən sənədin alınması tələb edildiyi və "xxxx" müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin 15 gün ərzində bir tərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və lizinq obyektinin qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. - Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 08 aprel 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC şirkətinə məxsus olan “Chevrolet Cobalt” minik markalı, **-AT-*** qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. Nəqliyyat vasitəsində əzilmiş hissələr: 4 ədəd disk təkər yoxdur, sağ-sol yan güzgülər yoxdur, 2 ədəd qabaq faralar yoxdur, sağ qapı əzik, arxa stoplar sınıq, 4 ədəd kalonkalar yoxdur, maqnitafon yoxdur(sağ qapı batıq, əzik, avtomobilin kaopkası, sürətlər qutusu yoxdur) akkunlyator yoxdur, avtomobil sökülüb, yararsızdır və evakuatorla nəqliyyat vasitəsilə duracağa gətirilmişdir. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli aktından görünür ki, “Chevrolet Cobalt” minik markalı, **-AT-*** qeydiyyat nişanlı avtomobil Badamdar meydançasında ilkin vizual baxış zamanı aşkar olunmuşdur ki, avtomobilin təmir xərcləri 12204 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh gecikdirilmiş əsas borcu 1170,94 manat, gecikdirilmiş mükafat 1561,07 manat və həmin günə hesablanmış cərimə borcu 362,16 manat təşkil edir. - AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, “Chevrolet Cobalt” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 12204,0 manat müəyyən edilir. O cümlədən: dəyişməli hissələrin qiyməti – 10438,0 manat, Təmir-bərpa işlərin qiyməti – 1610,0 manat təşkil edilir. “Chevrolet Cobalt” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11630,00 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti – 10020,0 manat, Təmir-bərpa işlərin qiyməti – 1610,0 manat təşkil edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsiməhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2-ci maddəsinə əsasən, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-1.13-cü maddəsinə əsasən, lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 748-2.1-ci maddəsinə əsasən,lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 748-1.9-cu maddəsinə əsasən, izinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” xx.xx.202021-ci il tarixli Qərardadında göstərilmişdir ki, həm mülki qanunvericiliyin (bax yuxarıda 17-ci bənd), həm də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır. Lizinq ödənişlərinin ümumi məbləği, lizinq müqaviləsinə əlavə formasında, lizinq verən və lizinq alan tərəfindən təsdiq edilir. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Müqavilənin həmin şərti MM-in 748- 1.12-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir. MM-in lizinq müqaviləsinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən 748-1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla, lizinq verənə aldığı vəziyyətdə qaytarmalıdır. Göründüyü kimi, həm mülki qanunvericilik, həm də tərəflərin təsdiq etdiyi lizinq müqaviləsi lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur. İşə baxan məhkəmənin mövqeyi Qeyd olunan qanunvericilik normalarının və iş materiallarına əlavə edilmiş müqavilənin məzmunundan göründüyü kimi, lizinq verən lizinq obyektini müqavilə ilə müəyyənləşdirilmiş şərtlərə uyğun şəkildə təqdim etməlidir. Lizinq alan isə lizinq obyektinin dəyərini müəyyən edilmiş şəkildə ödəməlidir. Əgər lizinq alan müqavilə şərtlərinə əməl etməzsə, lizinq verən ona lizinqə verilmiş avtomobili geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və avtomobilə dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki mülki iş üzrə cavabdeh müqavilədə nəzərdə tutulmuş lizinq obyektlərini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, lizinq verən tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh qismində çıxış edən lizinq alan tərəfindən isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə icra etməli olduğu lizinq ödənişləri vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozlumuşdur. Bununla da, cavabdehin iddiaçı qarşısında lizinq müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsinə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə iddia tələbinin 26 may 2023-cü il tarixli lizinq müqaviləsinin ləğvi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış həmin müqavilənin şərtlərinə əsasən: 9.1 Lizinq verən lizinq alanı 15 ay əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən aşağıdakı hallarda bu Müqaviləəyə birtərəfli qaydada xitam verə bilər .... 9.1.2. lizin alan lizinq obyektindən müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə; 9.1.3. Lizinq alan lizinq verənin yazılı icazısi olmadan lizinq obyektini sublizinqə və ya kirayəyə vedikdə; 9.1.4. Lizinq alan lizinq ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 (on beş) təqvim gündən artıq müddətə 3 (üç) dəfədən artıq ödənişi gecikdirdikdə. 9.2. Bu müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə, lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh Ə.Şadlıq lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməmiş, lizinqmüqaviləsi üzrə öhdəliklərini icra etməmiş, lizinq obyekti digər şəxslərin istifadəsi və sahibliyinə keçmişdir; bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Ə. Şadlıq onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Göstərilənlərə əsasən, lizinq alan tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halını nəzərə alıb hesab edir ki, Mülki Məcəllənin 412-424-cü maddəllərinə əsasən iddia tələbi nömrəli lizinq müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməlidir Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli 048 №-li xəbərdarlıq məktubu göndərilməklə lizinq ödənişi borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmə qaydasında lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Məhkəmə yuxarıda adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olmamış və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə ümumi borc deyil, xx.xx.2024-cü il tarixədək yaranmış 1467.04 manat gecikmə məbləğinin ödənilməsi tələb edilmişdir. Odur ki, məhkəmə həmin pretenziya məktubunu bankın müqavilənin ləğvi barədə iradə ifadəsi kimi qiymətləndirməyərək hesab edir ki, qeyd edilən formada iradə ifadəsi olaraq kreditorun sözügedən kredit müqaviləsi üzrə yaranmış ümumi borcu tələb etdiyi iddia ərizəsi nəzərə alınmalıdır. Məhkəmə lizinq müqaviləsi üzrə yaranmış əsas və mükafat borcunun məbləğinə münasibət bildirərək qeyd edir ki, iddiaçı xx.xx.2023-ci il tarixli ALY-1939 nömrəli daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq obyektinin geri qaytarıldığı xx.xx.2024-cü il tarixə 1170.94 manat gecikdirilmiş əsas, 1561.07 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 362.16 manat dəbbə pulunun, lizinq obyekti olan avtomobilə 12204 manat dəymiş zərərin tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin “lizinq obyektinə dəyən zərərin ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lizinq alan ümumi məbləği 23750 manat olan və spesifikasiyada göstərilən X6 Cobalt LTZ markalı Minik maşını ilkin 18%-nə hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 488.82 manat, ümumilikdə isə 33829 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil təslim aktı əsasında “Chevrolet Cobalt” minik markalı, **-AT-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. Göründüyü kimi lizinq verən öz öhdəliyini yerinə yetirərək, lizinq obyektini lizinq alana təhvil vermişdir, lakin lizinq alan isə müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, ALY-1939 nömrəli xx.xx.2023-ci il tarixli daxili lizinq müqaviləsinin 5.3-cü bəndinə əsasən lizinq alan tərəfində lizinq obyekti kasko sığorta etdirilmədikdə, "xxxx" müqaviləsi imzalandıqdan sonra bir il ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70 faizindən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə lizinq verən tərəfindən lizinq verənə ödənilməklə lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. Cavabdehin özü etirazında lizinq obyektinin digər şəxslər tərəfindən ələ keçirildiyini və məhv edildiyini bildirir. Eyni zamanda Sabunçu Qayon Məhkəməsinin Qərarından görünür ki, cavabdeh avtomobilin X3 tərəfindən onun iradəsinə ziddolaraq əmlakını ələ keçirmiş və sonra X4 və qeyriləri ilə birlikdə onu hissələrə bölərək satmışdır. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili öz izahatında tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə istinad edərək bildirmişdir ki, lizinq obyektinə dəymiş ziyana görə məsuliyyətin lizinq verənin üzərinə düşdüyünü qeyd edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, lizinq obyekti kasko sığorta edilməyib (5.3-cü bəndin birinci cümləsi); lizin obyekti "xxxx" müqaviləsi imzalandıqdan sonra 1 il ərzində zədələnib (5.3-cü bəndin birinci cümləsi), avtomobilə dəyən zərər avtomobilin dəyərinin 70%dən çox deyil (bu hal ekspert rəyi ilə təsdiq olunur). Lakin müqavilənin 5.3-cü bəndiin öz qüvvəsini itirdiyi hallar da qeyd edilmişdir. Bu hallardan biri – lizinq obyektinin heç bir hüququ olmayan şəxs tərəfindən idarə edilməsi (c bəndi) və lizinq alan tərəfindən avtomobilin bərpa edilməsi üçün ödənilməli olan 800 manat yol-nəqliyyat hadisəsindən sonra 1 ay ərzində ödənilməməsidir ki, hazırki mülki işdə də həmin halların hər ikisi mövcuddur. Məhkəmə eyni zamanda qeyd edir ki, Sabunçu RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar ləğv edilsə də, hər hansı şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə barədə yekun məkəmə qərarı mövcud deyil. Digər trəfdən müqavilənin 5.4-cü bəndinə lizinq obyektinin məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan aşağıdakı hərəkətlərdən birini dərhal həyata keçirilməlidir: 5.4.1 bu müqaviləyə əsasən ödəniş cədvəlinə uyğun olaraq lizinq ödənişlərini öhdəlik tam icra edilənə qədər ödəmək; 5.4.2. lizinq müqaviləsi üzrə ödənilməmi. əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olanadək hesablanmaqla ödəmək; 5.4.3. öz hesabına bu müqaviləyə əsasən istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin müılkiyyətinə rəsmiləşdirmək. Göründüyü kimi, lizinq obyekti cavabdehin iddia etdiyi kimi, oğurlanmış olsa belə lizinq alanın üzərinə müəyyən məsuliyyət düşür ki, işin materialları ilə cavabdehin öhdəlikləri və məsuliyyətinə uyğun hərəkət etdiyi müəyyən edilməmişdir. Məhkəmə tərəfindən iş üzrə əmtəəşünaslıq ekspertizas təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024- cü il tarixli 9/4744 nömrəli ekspert rəyindən görünür ki, dəyişməli hissələrin qiyməti – 10438,0 manat, Təmir-bərpa işlərin qiyməti – 1610,0 manat təşkil edilir. “Chevrolet Cobalt” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11630,00 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti – 10020,0 manat, Təmir-bərpa işlərin qiyməti – 1610,0 manat təşkil edilir. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyləri hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə dəyişməli hissələrin qiyməti – 10020,0 manat, Təmir-bərpa işlərin qiyməti – 1610,0 manat müəyyən edildiyini nəzərə alaraq məhkəmə dəymiş zərərin əvəzi olaraq ekspert rəyində göstərilən məbləğin – 11630 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini ədalətli hesab edir. Məhkəmə əsas və mükafat borcunun ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə lizinq müqaviləsi üzrə borcun lizinq obyektinin lizinq verənə təhvil verilməsinə qədər hsablanmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə eyni zamanda onu da nəzərə alır ki, cavabdeh tərəfindən əsasə və mükafat borcu ilə bağlı məbləğ mübahisələndirilməmiş, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əsas və mükafat vrcu üzrə məbləğlər iddiaçı tərəfindən təqdimedilmiş maliyyə arayışı və hesabdan çıxarışa uyğun şəkildə müəyyənləşdirilməli, iddia tələbi bu hissədə təmin edilərək, cavabdehdən ALY-1939 nömrəli xx.xx.2023-ci il tarixli lizinq müqaviləsi üzrə 1170,94 (min yüz yetmiş manat doxsan dörd qəpik) gecikdirilmiş əsas, 1561,07 (min beş yüz altmış bir manat yeddi qəpik) gecikdirilmiş mükafat borcu tutlmalıdır. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, ALY-1939 nömrəli xx.xx.2023-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 1170,90 manat əsas borca münasibətdə 100 manat dəbbə pulu daha ağlabatan və ədalətlidir. Mülki prosessual qanunvericiliyə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli, ALY-1939 nömrəli müqavilə üzrə 1170,94 (min yüz yetmiş manat doxsan dörd qəpik) gecikdirilmiş əsas, 1561,07 (min beş yüz altmış bir manat yeddi qəpik) gecikdirilmiş mükafat, 100 (yüz) manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 11630 manat dəyərində dəymiş zərər, ümumilikdə 14462,01 (on dörd min dörd yüz altmış iki manat bir qəpik) manat borc və iddia tələbinin təmin edilən hissəsinə mütənasüb olaraq 138 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun 47 manatı Cavabdeh, 3 manatı isə İddiaçı MMC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 may 2023-ci il tarixli, ALY-1939 saylı "xxxx" müqaviləsi ləğv edilsin. Cavabdeh ALY-1939 nömrəli xx.xx.2023-ci il tarixli lizinq müqaviləsi üzrə cərimə borcuna görə 1170,94 (min yüz yetmiş manat doxsan dörd qəpik) gecikdirilmiş əsas, 1561,07 (min beş yüz altmış bir manat yeddi qəpik) gecikdirilmiş mükafat, 100 (yüz) manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 11630 manat dəyərində dəymiş zərər, ümumilikdə 14462,01 (on dörd min dörd yüz altmış iki manat bir qəpik) manat borc və iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 138 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun 47 manatı Cavabdeh, 3 manatı isə İddiaçı MMC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1410/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1410/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver