Məhkəmə qərarları › İş №e-2(005)-1516/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1516/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1516/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə RSK5761407 saylı müqavilə üzrə 1264 manat əsas borc, 379 manat dəbbə pulu və 37 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1680 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 03 noyabr 2019-cu il tarixdə Cavabdeh(bundan sonra “Alıcı” adlandırılacaq) ilə arasında RSK5761407 nömrəli hissə-hissə ödənişlə alğısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən 3197 manat dəyəri olan 1 ədəd “Beko” markalı qabyuyan, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Riffel” markalı şirəçəkən və 1 ədəd “Philips” markalı üzqırxan Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərimə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı 125 manat ilkin ödəniş olmaqla, qalan 3072 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 128 manat olmaqla, hər ayın 02-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 1264 manat əsas, 379 manat dəbbə pulu olmaqla, 1643 manat borcu yaranmışdır. Alıcı tərəfindən RSK5761407 nömrəli, 03 noyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023cü il tarixdə 20 manat ödəniş edilmişdir. Tərəfimizdən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1516/2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul təlbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi məhkəməyə müraciət edərək, bildirmişdir ki, o “Soliton" mağazasından 03 noyabr 2019-cu il tarixdə 3197 manat dəyəri olan 1 ədəd “Веkо” markalı qabyuyan, 1 ədəd “Samsung" markalı televizor, 1 ədəd “Riffer” markalı şirəcəkən və 1 ədəd “Pilips” markalı üzqırxan maşın almışdır. İlkin ödəniş 125 manat ödəmiş və borcu 3072 manat olmaqla hər ay 128 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bir müddət ödədikdən sonra işdən çıxmışdır. 2020-ci ildən isə yaşadığı ev ilə bağlı problemlər yaşamış və 2(005)-25/2020-015 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən mənzilə istifadə hüququnun itirilməsinə və mənzildən çıxarılması tələbinə dair qətnamə çıxarıldı. O və qızının qalacaq yeri olmadığı üçün, Naxçıvan MR-nın Şərur rayonunda bacısıgildə qalmaq məcburiyyətində qalmışdırlar. Bu müddət ərzində ən az 20 manat ödəniş edirdi. İddiaçıya olan borcu isə 920 manat təşkil edir. Hazırda iddiaçının onun üzrərinə ümumilikdə 1680 manat olması nəyə istinad edir. xx.xx.2024-cü il tarixdə 150 manat ödəniş etmişdir. Müqavilənin müddəti 3 il olduğu halda iddiaçı nəyə görə məhkəməyə müraciət etmirdi. Müqavilənin və iddia müddəti bitdiyi halda, iddiaçının faiz pulu, dəbbə pulu cərimə pulu ondan tələb etməsi nə dərəcə doğrudur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, sonuncu 24 ay ərzində hər ay 128 manat olmaqla hissə-hissə ödənilməsi şərtilə, ümumilikdə dəyəri 3197 manat təşkil edən 1 ədəd “Beko” markalı qabyuyan, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Riffel” markalı şirəçəkən və 1 ədəd “Philips” markalı üzqırxan almışdır; xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, RSK5761407 saylı nisyə alqı-satqı müqavilələri üzrə 1264 manat əsas, 379 manat dəbbə pulu olmaqla, cəmi borcu 1680 manat təşkil edir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyaların qiymətləri, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdehin ödənilməyən əsas borcu xx.xx.2019-cu il tarixli, RSK5761407 saylı nisyə alqı-satqı müqaviləsi üzrə müvafiq olaraq 1264 manat əsas, 379 manat dəbbə pulu olmaqla, cəmi borcu 1680 manat təşkil edir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Eyni Məcəllənin 462.1-ci maddəsinə uyğun olaraq dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, hazırki iş üzrə iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, lakin cavabdeh öhdəliyini yerinə yetirməyərək, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bununla da Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Bu səbəbdən o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq xx.xx.2019-cu il tarixli, RSK5761407 saylı nisyə alqı-satqı müqaviləsi üzrə müvafiq olaraq 126 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Həmçinin məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd edir ki, cavabdeh ödəniş etdiyini bildirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavbdeh etiraz ərizəsi ilə müraciət etdiyindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1516/2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul təlbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Buna baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və etiraz ərizəsinin dəlilləri ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. RSK5761407 saylı müqavilə xx.xx.2019-cu il tarixdə 24 ay müddətinə yəni xx.xx.2021-ci il tarixədək bağlanmışdır. Göründüyü kimi, iddiaçı müqavilə üzrə yaranmış borcun qaytarılması ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət etmiş, beləliklə, qanunvericiliklə müəyyən olunmuş 3 illik iddia müddətini ötürməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, RSK5761407 saylı müqavilə üzrə əsas borc 1264 manat, cərimə borcu 126 manat olmaqla, cəmi 1390 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, RSK5761407 saylı müqavilə üzrə əsas borc 1264 manat, cərimə borcu 126 (yüz iyirmi altı) manat olmaqla, cəmi 1390 (min üç yüz doxsan) manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydadaverildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar