Məhkəmə qərarları › İş №e-2(005)-1540/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1540/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1540/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı (açar sözlər: lizinq, cərimənin azaldılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “295- GL/19” və xx.xx.2016-cı il tarixli “1301-GL/16” nömrəli müqavilələrin ləğv edilməsi və cavabdehdən xx.xx.2019-cu il tarixli “295-GL/19” nömrəli müqavilə üzrə 570 manat qalıq əsas borc, 625,86 manat cərimə borcu olmaqla, ümumilikdə 1195,86 manat, xx.xx.2016-cı il tarixli “1301-GL/16” nömrəli müqavilə üzrə 6150 manat qalıq əsas borc, 3910 manat gecikdirilmiş borc, 2222,73 manat cərimə borcu olmaqla, ümumilikdə 8372,73 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının (bundan sonra - texnika) lizinqə verilməsi barədə” "xxxx" ASC iləCavabdeh arasında bağlanmış 14 fevral 2019-cu il tarixli "295-GL/19"və 12 may 2016-cı il tarixli "1301-GL/16" nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024- cü il tarixə 14 fevral 2019-cu il tarixli"295-GL/19" nömrəlimüqavilə üzrə 570 (beş yüz yetmiş) manat gecikdirilmiş borc, 625,86 (altı yüziyirmi beş manat 86 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1 195,86 (bir min bir yüz doxsan beş manat 86 qəpik) manat və 12 may 2016-cı il tarixli "1301- GL/16" nömrəli müqavilə üzrə 6 150 (altı min bir yüz əlli) manat ümumi qalıq borc, 3 910 ( üç min doqquz yüz on ) manat gecikdirilmiş borc, 2 222,73 (iki min iki yüz iyirmi iki manat 73 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8 372,73 (səkkiz min üç yüz yetmiş iki manat 73 qəpik) manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan RespublikasıMülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1- ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8099/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul barədə iddia tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2019-cu il tarixli, "295-GL/19" nömrəli müqavilə üzrə 625,86 (altı yüz iyirmi beş manat 86 qəpik) manat cərimə borcu və 12 may 2016-cı il tarixli "1301- GL/16" nömrəli müqavilə üzrə 2 222,73 (iki min iki yüz iyirmi iki manat 73 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2 848,59 (iki min səkkiz yüz qırx səkkiz manat 59 qəpik) manat iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, əsas borcu ödəmişdir, lakin cərimə borcu çox hesablanıb, onun azaldılmasını xahiş edir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə yazılı ərizə ilə müraciət edərək, cərimə borcunun həddən artıq çox olduğunu, onun azaldılaraq 200 manat həddində müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə yazılı ərizə ilə müraciət edərək, maddi vəziyyəti ağır olduğu üçün 100 manat cəriməni qəbul etdiyini bildirmiş, məhkəmədən cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: -“Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış 12 may 2016-cı il tarixli "1301- GL/16" nömrəli müqaviləyə əsasən, Lizinq verən ümumi məbləği 14240 manat olan kənd təsərrüfatı texnikalarının (Kotan 4 gövdəli asma AG-MP 14-4; Traktor Belarus-892) 40% güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. - “Aqrolizinq" ASC-yə məxsus texnikanın təhvil-qəbulu barədə 194 №-li aktından görünür ki, qırmızı rəngli, 2015-ci il buraxılışlı kotan 4 gövdəli asma AG-MP 14-4, 2016-cı il buraxılışlı göy rəngli Traktor Belarus-892 Cavabdeh -onun nümayəndəsinə təhvil verilmişdir. - “Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2019-cu il tarixli "295- GL/19" nömrəli müqaviləyə əsasən, Lizinq verən ümumi məbləği 3135 manat olan kənd təsərrüfatı texnikasının güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. - “Aqrolizinq" ASC-yə məxsus texnikanın təhvil-qəbulu barədə 5/1001 №-li aktından görünür ki, AG-TS 24 markalı taxılsəpən gübrəsəpənlə Cavabdeh təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 may 2016-cı il tarixli "1301-GL/16" nömrəli müqavilə üzrə ümumi qalıq borcu 6150 manat, hesablanmış cərimə 2222,73 manatdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 fevral 2019-cu il tarixli "295-GL/19" müqavilə üzrə 570 manat əsas, 625,86 manat cərimə borcu yaranmışdır. -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış 06 sentyabr 2024-cü il tarixli pretenziya məktubundan aydın olur ki, 14 fevral 2019-cu il tarixli "295-GL/19"və 12 may 2016-cı il tarixli "1301-GL/16" nömrəli müqavilələr üzrə yaranmış borcun qısa zaman ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ümumi məbləği 14240 manat olan kənd təsərrüfatı texnikaları (qırmızı rəngli, 2015-ci il buraxılışlı kotan 4 gövdəli asma AG-MP 14-4, 2016-cı il buraxılışlı göy rəngli Traktor Belarus-892) və AG-TS 24 markalı taxılsəpən gübrəsəpənlə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə cavabdehə lizinqə verilmiş, bununla bağlı 12 may 2016-cı il tarixli və 14 fevral 2019-cu il tarixli müqavilələr imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh ödəniş qrafikinə (əlavə № 2) əsasən ödənişləri etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, lizinq obyektləri Cavabdeh sahibliyinə verilmişdir (təhvil-qəbul aktları). Bununla belə, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməmiş, aylıq ödənişləri etməmişdir. İddiaçı borcun ödənilməsi barədə pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, bununla belə borc tam ödənilməmişdir. Bu səbəbdən iddiaçı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 135.3-cü maddəsinə əsasən bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmiş, kənd təsərrüfatı texnikaları cavabdehə təhvil verilmişdir Lakin Cavabdeh tərəfindən müqavilə üzrə aylıq ödənişlər edilməməklə müqavilənin şərtləri pozulmuşdur. İddiaçı cavabdehdən xx.xx.2019-cu il tarixli “295-GL/19” nömrəli müqavilə üzrə 570 manat qalıq əsas borc, xx.xx.2016-cı il tarixli “1301-GL/16” nömrəli müqavilə üzrə 6150 manat qalıq əsas borc, 3910 manat gecikdirilmiş borc tutulmasını xahiş etmişdir. Bununla belə, iddiaçı məhkəməyə müraciət etdikdən sonra müqavilələr üzrə əsas borclar cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına xx.xx.2025-ci il tarixli dəqiqləşmədən görünür ki, Cavabdeh 12 may 2016-cı il tarixli "1301-GL/16" nömrəli müqavilə üzrə qalıq əsas borcu 0 manat, hesablanmış cərimə 2222,73 manat, 14 fevral 2019-cu il tarixli "295-GL/19" müqavilə üzrə qalıq əsas borcu 0 manat, cərimə borcu 625,86 manatdır. Hazırda iddiaçının tələbi yaınəz müqavilələr üzrə hesablanmış cərimə borclarının ödənilməsini məhkəmədən xahiş edir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hesab edir ki, dəbbə pulunun iddia tələbində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını, müqavilənin şərtlərini, müqavilələr üzrə əsas borcların məbləğini (xx.xx.2016-cı il tarixli “1301-GL/16” nömrəli müqavilə üzrə 6150 manat qalıq əsas borc, 3910 manat gecikdirilmiş borc; xx.xx.2019-cu il tarixli “295-GL/19” nömrəli müqavilə üzrə 570 manat qalıq əsas borc), onların cavabdeh tərəfindən tam ödənilməsini, habelə tərəflərin hər ikisinin mənafeyini nəzərə alaraq hesab edir ki, xx.xx.2016-cı il tarixli “1301-GL/16” nömrəli müqavilə üzrə tələb olunan 2222,73 manat cərimə, yaranmış əsas borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 390 manat məbləğinə endirilməli, xx.xx.2019-cu il tarixli “295-GL/19” nömrəli müqavilə üzrə tələb olunan 625,86 manat cərimə, yaranmış əsas borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 60 manat məbləğinə endirilməlidir. Məhkəmə tərəfindən cavabdehin gəlir məlumatlarına dair edilmiş elektron sorğu ilə, habelə 019548 saylı M/V seriyalı vəsiqənin surəti ilə müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almışdır, 80 manat pensiya alır. Məhkəmə hesab edir ki, Cavabdeh müharibə veteranı adı almış şəxs olduğundan - dövlət rüsumundan azad olan şəxslər kateqoriyasına aid olduğundan o dövlət rüsumu ödəməkdən azaddır, bu səbəbdən ondan hazırki iş üzrə dövlət rüsumu alınmamalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsaəsn, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli “1301- GL/16” nömrəli müqavilə üzrə 390 (üç yüz doxsan) manat cərimə borcu və xx.xx.2019-cu il tarixli “295-GL/19” nömrəli müqavilə üzrə 60 (altmış) manat cərimə borcu tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli “1301-GL/16” nömrəli müqavilə üzrə 390 (üç yüz doxsan) manat cərimə borcu və xx.xx.2019-cu il tarixli “295-GL/19” nömrəli müqavilə üzrə 60 (altmış) manat cərimə borcu tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar