Məhkəmə qərarları › İş №e-2(005)-1575/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1575/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1575/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pulun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1075 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 31,20 manat dövlət rüsumu, ümumilikdə 1106,20 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh Zakir qızının idarə etdiyi “Hyundai Tucson” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə hərəkət edərkən manevretmə qaydalarını pozmuş, nəticədə “Toyota Prius” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Binəqədi Rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Hyundai Tucson” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Zakir qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1075 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS222351 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 1075 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsində mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri sadalanır və sürücünün hansı sənədləri özündə saxlamalı olduğu göstərilir. Həmin Qanunun 37-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, sürücü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini) və.s. sənədləri özündə saxlamalıdır. Qanunun tələbindən aydın olur ki, əgər ər-arvad birgə nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət hesab olunmasına razıdırlarsa, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmamışdırsa, nikah dövründə əldə edilmiş əmlakın ümumi mülkiyyət olmasını təsdiq edən, notariat orqanı tərəfindən verilmiş nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməni təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi” adlanan 332-ci maddəsinin birinci bəndindən görünür ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Cəmiyyətimizdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Tucson” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus sənədlərin surətindən görünür ki, avtomobilin mülkiyyətçisi yəni, “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” X5r. Müvafiq iş üzrə Cavabdeh isə nəqliyyat vasitəsini idarə etmək üçün mülkiyyətçi tərəfindən heç bir etibarnamə verilməmişdir. Azərbaycan Respublikası İXM-in 332-ci maddəsinin qeyd hissəsində xüsusilə vurğulanır ki, bu Məcəllənin 96.1.1, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Cavabdeh hadisə zamanı “Hyundai Tucson” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə olmadan, yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitəsinin etibarnamə olmadan, yalnız nikah şəhadətnaməsi əsasında idarə edilməsinə qanunvericiliklə icazə verilib-verilməməsi məsələsinə rəsmi mövqe bildirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq, xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, AR Ailə Məcəlləsinin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o digərinin razılığı ilə hərəkət edir. Lakin nəqliyyat vasitəsinin rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak hesab olunması baxımından qeyd olunan maddənin tələbləri nəqliyyat vasitələrinə şamil olunmur və nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə olunması AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyəti yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, PME********** nömrəli icbari sığorta müqaviləsi bağlanmış və **-MV-*** qeydiyyat nişanlı, “Hyundai Tucson” markalı minik vasitəsi 12 ay müddətinə, 125 manat yekun sığorta haqqı müəyyən edilməklə icbari sığorta ilə təmin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokolun və TP5110903 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın surətlərindən görünür ki, “Hyundai Tucson” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qüsur aktı”nın surətindən görünür ki, “Toyota” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 1075 manat xərc nəzərdə tutulmuşdur. İş materiallarında olan İAS222351 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, manevretmə qaydasının pozulması nəticəsində sığortalanmış “Hyundai Tucson” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı 1075 manat sığorta ödənişi hesablanmış, "xxxx" ASC tərəfindən faydalanan şəxs X2 (X1 etibarnamə əsasında sığorta ödənişini alacaq şəxs kimi müəyyən edilməklə) cəmi 1075 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Cavabdeh Binəqədi Rayon Polis İdarəsində verdiyi xx.xx.2022-ci il tarixli, 172 nömrəli ştampla təsdiq edilmiş izahatının surətindən görünür ki, o, nəqliyyat vasitəsini nikah şəhadətnaməsi əsasında idarə etmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, o, avtomobili yol nəqliyyat hadisəsi zamanı idarəetmə hüququ olmadan (etibarnamə) idarə etmişdir və bu səbəbdən zərərçəkənə ödənilən sığorta ödənişinin ondan geri alınacağı ilə bağlı xəbərdar edilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30,80 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh tərəfindən idarə olunan və icbari qaydada X4 adına sığortalanmış “Hyundai Tucson” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi manevr etmə qaydasının pozulması nəticəsində “Toyuta Prius” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı maşınla toqquşmuşdur. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərər ödənilərək 1075 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş “Hyundai Tucson” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh əri X4 mülkiyyətindədir. Hazırda iddiaçı Cavabdeh nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyinə əsaslanaraq sığorta aktına əsasən ödədiyi 1075 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yarana bilər. “İcbari sığortalar haqqında” Qanunun 13.1 və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə uyğun olaraq, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR İXM-in 332-ci maddəsinin “Qeydi”nə əsasən, “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Hazırki iş materiallarından göründüyü kimi, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixindən onun əri X6 məxsusdur. Tərəflərin nikahı xx.xx.2000-ci ildə bağlanmışdır. Mülki Məcəllənin 225-ci maddəsinə əsasən isə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 33.2-ci maddəsinə görə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o digərinin razılığı ilə hərəkət edir. Eyni zamanda həmin məcəllənin 32.2-ci maddəsinə uyğun olaraq, ər-arvadın ümumi birgə mülkiyyətinə. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddələrin məzmunundan göründüyü kimi, ərlə arvadın nikah dövründə əldə edilmiş əmlakı onların ümumi birgə mülkiyyətidir. Bu isə o deməkdir ki, birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ər və ya arvaddan birinin adınadırsa, digər tərəfin də ona mülkiyyət hüququ olmaqla yanaşı, öz mülkiyyətini etibarnamə olmadan idarə etmək hüququ da vardır. Məhkəmə qeyd edir ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalandığından və sığorta hadisəsi hesab edilən yol-nəqliyyat hadisəsi baş verdiyindən iddiaçı icbari sığorta müqaviləsinə əsasən sığorta ödənişini həyata keçirməklə, yalnız öz müqavilə öhdəliyi yerinə yetirmişdir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs” hesab edilmədiyindən iddiaçının icbari sığorta növü üzrə subroqasiya qaydasında pulun ödənilməsini tələb etmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar