Məhkəmə qərarları › İş №e-2(005)-1582/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1582/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1582/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40004808 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 2753.55 AZN borcun, 0 AZN cərimə borcunun, 47.6 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 1582/2023 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40004808 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2856.56 manat dəyərində nisyə aldığı mala görə 103.01 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 2753.55 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 24 aymüddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 2753.55 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqısatqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3% miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki,cavabdehin bugünə 2753.55 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, əsas məbləğlə razıdır, lakin qalıq borcla razı deyildir, sonuncu dəfə 303 manat məbləğində ödəniş etmişdir. Qeyd olunan 2.800 manat borcu qəbul edir və həmin məbləğin də yarısını ödəmişdir. Həmin şirkətdən televizor götürməmişdir. Ödənişləri təsdiq edən sənədləri saxlamamışdır, ödəniş edəndən sonra qəbz verilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40004808 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi, müqaviləyə 1 saylı əlavə və hesabdan çıxarışdan müəyyən edilir ki, “alıcı” 2856,56 AZN dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 24 ay müddətində aylıq ödəniş 108,55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Samsung mobil telefon, Dell inspiron, Samsung televizor "xxxx" MMC-nin nümayəndəsi tərəfindən Cavabdeh təhvil verilmişdir. - “Ferrum Kapital" QSC ilə "xxxx" MMC arasında imzalanan xx.xx.2019-cu il tarixli, R-16/19 №-li Faktorinq müqaviləsinə və həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli, R-xx/xx-0209 №-li Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı QSC-yə keçmişdir. -İddiaçı QSC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş xəbərdarlıq bildirişindən görünür ki, borcludan 40004808 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün yaranmış borcunu xx.xx.2023-cü il tarixədə ödəməyi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2023-cü il tarixə olan maliyyə arayışından görünür ki, 40004808 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh həmin tarixə İddiaçı QSC-yə 2753 (iki min yeddi yüz əlli üç manat əlli beş qəpik) manat əsas borc, 0 (sıfır manat) cərimə olmaqla cəmi 2753 (iki min yeddi yüz əlli üç manat əlli beş qəpik) manat məbləğində borcu var. - xx.xx.2023-cü il tarixə olan hesabdan çıxarışdan görünür ki, əsas borcdan qalıq 2753,55 manat, cərimə borcu 0, cəmi borc qalığı 2753,55 manatdır. - xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 47,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh doğulduğu yer Ağdam rayonudur, onun qaçqınlıq statusu vardır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermişdir, lakin alıcı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməklə - müqavilənin şərtlərini pozmuşdur. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış Faktorinq müqaviləsinə əsasən, onun tələb hüququ sonuncuya keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. İş materiallarından göründüyü kimi, "xxxx" MMC ilə cavabdeh arasında əşyanın nisyə alınıb-satılması barədə müqavilə bağlanmışdır, lakin cavabdeh yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun götürülmüş öhdəliklərini yerinə yetirməmiş, aylıq ödənişləri yerinə yetirməməklə, müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd olunan işin halları və onlara tətbiq olunmuş maddi hüquq normalarının tələblərindən görünür kimi müqavilə üzrə cavabdeh tərəfindən qeyd olunan öhdəliklər tam yerinə yetirilməmişdir. Bu səbəbdən də məhkəmə hazırda iddiaçı tərəfindən qaldırılmış iddia tələbini əsaslı hesab edir. Məhkəmə cavabdehin iddia tələbi üzrə göstərilən borcdan ödənişlər etməsi barədə izahatına münasibətdə qeyd edir ki, çəkişmə prinisipinə əsasən tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, cavabdeh tərəfindən iddia tələbi üzrə göstərilən borcdan ödənişlər edilməsini təsdiq edən sübutlar (qəbzlər) məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı sübut aşkar edilməmişdir. Halbuki, cavabdehin bildirdiyi hallar bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və cavabdeh bu hallara dair sübutetmə vəzifəsi daşıyır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddia etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda yaranmış mübahisədə iddiaçının tələbinin əsaslı olması, habelə hazırda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsaəsn, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı həmçinin 47.6 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh Ağdam rayonunda doğulmaqla, hazırda qaçqınlıq statusuna malik olduğundan o dövlət rüsumu ödəməkdən azaddır və belə olan halda cavabdehdən dövlət rüsumu alınmamalıdır. Beləliklə,məhkəmə yuxarıda göstərilən hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2753,55 (iki min yeddi yüz əlli üç manat əlli beş qəpik) manat pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2753,55 (iki min yeddi yüz əlli üç manat əlli beş qəpik) manat pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar