Məhkəmə qərarları › İş №e-2(005)-1593/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1593/2023

02.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1593/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35160 manat məcburi işburaxma dövrü üçün -(41 ay x 600 manat = 24600) aylıq əmək haqqı (41 ay x 200 manat = 8200 manat) - motivasiya haqqı (4 il x 590 manat = 2360 manat), məzuniyyət pulu və 25.000 manat məbləğində mənəvi zərər olmaqla cəmi 60160 (altmış min bir yüz altmış) manat pulun cavabdeh BOKT "xxxx" QSC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş 17 oktyabr 2019-cu il tarixdə 148 nömrəli köhnə tarixə yazılmış intizam tədbirinin tədbiqi haqqında əmrin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə olan 17 oktyabr 2019-cu il tarixli, 43 nömrəli əmrin ləğv edilib, həmin əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, öz ərizəsi ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsi ilə işdən azad edilməsi barədə əmrin verilməsi öhdəliyi, habelə həmin əmrə müvafiq qeydin əmək kitabçasında edilməsi öhdəliyinin "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(005)-468/2020 saylı qətnaməsi ilə) iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinin «əmək müqaviləsinə xitam verilməsi haqqında» 43 nömrəli 17 oktyabr 2019- cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyi "xxxx" Bank Olmayan Kredit TəşkilatıQapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2186/21 saylı, 27 aprel 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)-6489/20201 saylı qətnaməsi ilə apelyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-621/22 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6489/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. O, xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il 33 nömrəli əmr ilə Bokt İnternational QSC-nin Gəncə filialının qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə 43 nömrəli əmr ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsinə aldıqdan sonra 2022ci ilin noyabrında onun əmək kitabçasına düzəliş edilərək ƏM-nin 68 A maddəsinə əsasən işdən çıxması qeyd edilmişdir. İşdən çıxarıldıqdan sonra onlarla yerə işə qəbul olunmaq üçün sənəd versə və imtahanlardan və müsabiqələrdən müvəffəqiyyətlə keçsə də portalda əmək müqaviləsinə xitam verilmə səbəbi ƏM-nin 70-ci maddəsinin Ç bəndi qeyd olunduğundan işəgötürənlər onu işə götürməkdən imtina etmişlər. Göründüyü kimi hazırki tarixədək cavabdeh təşkilatın qanunsuz əmrinə görə işsiz qalmış, mənəvi sarsıntılar keçirmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh BOKT "xxxx" ASC məhkəməyə iddia tələbindən etiraz təqdim edərək, İddiaçı əmək haqqı və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı tələbinin əsassız olduğunu bildirmişdir. Belə ki, tərəflər arasında əvvəlki məhkəmə mübahisəsinin predmeti-əmək müqaviləsinə xitam verilməsi haqqında 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının AR ƏMnin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyinin QSC-nin üzərinə qoyulması olmuşdur. Yəni, tərəflər arasında olan mübahisə yalnız işdən çıxma əsasının dəyişdirilməsi ilə bağlı olduğundan, həmin mübahisə zamanı iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə hər hansı bir tələb olmadığından hazırkı halda işəgötürənlə işçi arasında məcburi iş buraxma müddəti yaranmamışdır. Məcburi iş buraxma müddəti yaranmadığı üçün iddiaçının ödəniş tələb etməsi qanunsuz və əsassız sayılmalıdır. Belə ki, AR Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qanunvericiliyin də tələbindən göründüyü kimi, məcburi iş buraxmaya görə ödəniş yalnız qanunsuz olaraq işdən çıxarılmış işçi əvvəlki işinə bərpa olunduğu halda işçiyə ödənilə bilər. Yəni, məhkəmə qərarına əsasən işçinin işdən azad edilməsi qanunsuz hesab edilərsə, o zaman, işçi öz iş yerinə bərpa edilməli və müəssisə işçiyə məhkəmə müddətində yaranan bütün məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilə bilər. Hazırki halda da məcburi işburaxma dövrü olmadığı üçün isə ona hər hansı ödənişin edilməsi tələbi əsassızdır. Hazırki iş üzrə İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə bağlı iddia müddəti tətbiq edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən “pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmamağla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər”. İddiaçı hüquqlarının pozulduğunu bildiyi gün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi gün sayılır. Buna görə də iddia müddətinin axımının başlanğıcı- İddiaçı hüquqlarının pozulması üçün birinci instansiya məhkəməsinə müraciət etdiyi tarix, yəni 2019-cu il hesab edilməlidir. Həmin tarixdən bu günədək isə ƏM-də nəzərdə tutulmuş 1 illik iddia müddəti artıq ötürülmüşdür. İddia tələbinin son hissəsinə, yəni vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə isə ölkə qanunvericiliyində bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx.xx.2008-ci il tarixli Qərar qəbul etmişdir. X6 3-cü maddəsinə əsasən “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Hazırki tarixədək cavabdehin qanunsuz əmrinə görə işsiz qalması nəticəsində İddiaçı iztirab keçirməsi və onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi məhkəmə qarşısında sübut olunmamışdır. Ötən məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ötən məhkəmə iclasında cavabdeh BOKT "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və məhkəmədə verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinin nəzərə alınmasını, iddia tələbinə iddia müddəti tətbiq etməklə rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2725/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən BOKT "xxxx" QSC-nin sədri X5 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103-2524/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları ilə birlikdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-468/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsinə əsasən BOKT "xxxx" QSC-nin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmri ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyi BOKT "xxxx" QSC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4696/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsinə əsasən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2186/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4696/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-621/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6489/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, 43 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsində olan “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsin” sözü “Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinin “a” yarımbəndinə əsasən işdən azad edilsin” olaraq dəyişdirilmişdir; xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. İddiaçının iddia ərizəsinin məzmunundan və məhkəmədə verdiyi izahatlardan görünür ki, o, 2019-cu il tarixdən əmək münasibətlərinə xitam verildiyi vaxta qədər əmək haqqının verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. İddiaçının iddia tələbində işə bərpa olunması tələbi mövcud deyil, cavabdehdən ödənilməmiş əmək haqqı tələb edir. Buna görə də məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin hərəkətlərinin qanuni olubolması məhkəmə araşdırılmasının predmeti deyil. Məhkəmə hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Bugünədək iddiaçının əmək haqqı tələbi olmamış, hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, iddiaçının iddia tələbinin təmin edilməsi onun iddia müddətini ötürməsi səbəbindən də qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materiallarından görünür ki, iddiaçı hüquqlarının pozulmasını Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi vaxtdan, yəni 2019-cu il tarixdən bilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1. bəndinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296-cı maddəsinin 2. bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda iddia etdiyi hüquqlarının pozulduğunu Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri baxımından bilmiş, iddiaçının əmək haqqının ödənilməsi ilə bağlı tələbi bugünədək olmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əmək haqqı tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin «25.000 manat məbləğində mənəvi zərərin tutulması» hissəsinə münasibətdə qeyd edir ki, əmək haqqı tələbi rədd olunduğundan və mənəvi zərər tələbi ondan törəmə tələb olduğundan həmin hissədə də iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar