Məhkəmə qərarları › İş №e-2(005)-1625/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1625/2022

17.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1625/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinə və X9rşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinə və X9rşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisinin 20 noyabr 2021-ci il tarixli, 1741 №-li məktubu ilə onun vərəsə kimi ərizəsinin qəbul edilməsindən imtinasının qanunsuz hesab edilməsi, cavabdehin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini yoxlamamasının qanunsuz hesab edilməsi, cavabdeh X12 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və qanunvericiliyin tələbinə əsasən ona mirasda məcburi pay hüququ üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum X17 doğma övladıdır. Özü xarici ölkədə yaşayır. X2 xəbəri olmadan vəfat etmiş və onun ölümü 06 yanvar 2021ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində qeydə alınmışdır. Bu barədə onun rəsmi müraciəti əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X4 Reyestr Xidməti tərəfindən 22 iyul 2021-ci il tarixli məktubla ona yazılı məlumat verilmişdir. Bundan sonra o, Bakı şəhəri 21 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisi 20 noyabr 2021-ci il tarixli, 1741 №-li məktubu ilə ərizəni qəbul etməkdən imtina etmiş, məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi elektron notariat informasiya sistemi X4 Reyestr Xidmətindən 28 dekabr 2020-ci il tarixdə ölmüş X17 övladı olan İddiaçı barədə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən, X17 vəsiyyətnamə üzrə vərəsəsi X14 X17 bütün əmlakına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan dərhal sonra, o, cavabdehə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməyə müraciət etmişdir. İnzibati məhkəməyə müraciət etməsinin əsası “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 8-ci bəndində MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunan müddəalar olmuşdur. Həmin müddəalara əsasən notariusun hərəkətlərinə dair tələblərə xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılması tövsiyə olunsa da, 09 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-in 305.1.7-ci, 305.1.8-ci və 339-341-ci maddələri ləğv edilmişdir. Lakin buna baxmayaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4795/2022 №-li, 09 fevral 2022-ci il tarixli qərardadı ilə işin inzibati mühakimə icraatında baxılması, habelə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin mümkün olmadığı nəzərə alınaraq iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardad elektron məhkəmə informasiya sisteminə 06 mart 2022-ci il tarixdə yerləşdirilmişdir. İddianın əsaslarına gəlincə, ilk növbədə qeyd edir ki, ona rəsmi olaraq verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, o, mərhumun doğma övladıdır. Həmçinin, o, atası haqqında rəsmi məlumat almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X4 Reyestr Xidmətinə müraciət edərkən, həmin Reyestr Xidməti onu X17 övladı kimi qəbul edib ona atasının ölümü barədə rəsmi məlumat vermişdir. Aydındır ki, X17 övladı kimi onun barəsində Reyestr Xidmətində heç bir məlumat olmasa idi, həmin Xidmət tərəfindən ona rəsmi məlumat verilməzdi. Bu fakt, cavabdeh tərəfindən mərhum X17 övladı olan onun barəsində heç bir məlumat aşkar edilməməsi barədə bildirdiklərinin həqiqətə uyğun olmadığını aşkar təsdiq edir. Belə vəziyyətdə cavabdehin “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozması aşkardır. Belə ki, həmin maddədə göstərilmişdir ki, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Beləliklə, cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisi üçüncü şəxsə vəziyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən qanunun tələblərinə əməl etməmiş və onun mərhumun övladı və vərəsəsi kimi hüquqlarını da pozmuşdur. Bununla da hesab edir ki, cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisinin 20 noyabr 2021-ci il tarixli, 1741 №-li məktubu ilə onun vərəsə kimi ərizəsinin qəbul edilməsindən imtinası qanunsuz hesab edilməli, cavabdehin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini yoxlamaması qanunsuz hesab edilməli, habelə digər cavabdehin adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Boldina İnnesa Sergeyevna tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edir ki, miras qoyan X3r. Yəni, iddiaçı miras qoyanın birinci növbə vərəsəsi olduğunu qeyd edir. Bununla bağlı bildirir ki, miras qoyan X19 X13 ilə nikahda olmuş və nikahları 22 fevral 1986-cı il tarixdə pozulmuşdur. X13 28 dekabr 1990-cı il tarixdə təkbaşına İddiaçı Yuriyeviçi övladlığa götürmüşdür. X13 28 dekabr 1990-cı il tarixli sərəncamla İddiaçı Yuriyeviçi övladlığa götürmüşdür. Həmin sərəncamdan görünür ki, Boldina Alevtina X1 nikahları pozulmuşdur və həmin sərəncamda 394293 nömrəli, 22 fevral 1986-cı il tarixli nikahın pozulması barədə şəhadətnaməyə istinad olunmuşdur. Göründüyü kimi, X13 28 dekabr 1990-cı il tarixdə təkbaşına İddiaçı Yuriyeviçi övladlığa götürmüş, onun soyadı, adı və atasının adı doğum haqqında qeydiyyat kitabında A.Boldinanın göstərişi ilə yazılmışdır. İddiaçı miras qoyanın nə bioloji, nə də övladlığa götürülən uşağı deyildir. Ona görə də iddiaçı mirasdan məcburi pay almaq hüququna malik deyildir. Məhkəmə iclasında cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil2 iddianı etiraf etmədi, etirazla eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, məktəbdə iddiaçının müəllimi olub. İddiaçıya 1-ci sinifdən dərs deyib, həm də həmin sinfin sinif rəhbəri olub. Onun valideynləri valideyn komitəsinin işlərində çox aktiv olublar. Şahid suallara cavab olaraq bildirmişdir ki, iddiaçı ilə mərhum arasındakı münasibətlkər valideyn övlad münasibəti kimi çox yaxşı olub, ailələri də yaxşı ailə idi. Valideynləri iclaslara tez-tez gəlirdilər, yarışlar zamanı valideyn kimi həmişə fəallıq göstəriblər. Uşaq bizim məktəbdə 90-cı illərdə oxuyanda görmüşəm. Məktəb vaxtı valideynləri daim məktəbə gəlib gedirdilər. Üçüncü sinifdən xaricə çıxıb getdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 21 saylı Notariat ofisinin 20 noyabr 2021-ci il tarixli, 1741 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi elektron notariat informasiya sistemi X4 Reyestr Xidmətindən 28 dekabr 2020-ci il tarixdə ölmüş X17 övladı olan İddiaçı barədə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən, X17 vəsiyyətnamə üzrə vərəsəsi X14 X17 bütün miras əmlakına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan XV-ЖГ seriyalı, 467625 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X19, anası X7. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş İ-ЖГ seriyalı, 394293 №-li boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X18 X15 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 22 fevral 1986-cı il tarixdə 108 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra ərə Boldin, arvada Boldina soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ-ЖГ seriyalı, 326697 №-li boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X18 X15 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 mart 1997-ci il tarixdə 68 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra ərə Boldin, arvada Boldina soyadı verilmişdir. İş materiallarında olan Nəsimi rayon X20 İcraiyyə Komitəsinin 28 dekabr 1990-cı il tarixli, 173/5 №-li qərarının surətindən görünür ki, İ.Qasımov küçəsi ev 4 mənzil 26 ünvanında yaşayan X15 (əsas: Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 22 fevral 1986-cı il tarixdə verilmiş İ-ЖГ seriyalı, 394293 №-li boşanma haqqında şəhadətnamənin surəti) uşaq evindən 10 dekabr 1989-cu il təvəllüdlü İmanov Kamranın övladlığa götürülməsi barədə ərizə ilə müraciət etmiş və X10 uşaq evindən 10 dekabr 1989-cu il təvəllüdlü İmanov Kamranı soyad Boldin, ad Vladislav, ata adı Yuryeviç verilməklə övladlığa götürməsinə icazə verilməsi, ana qrafasında X15, doğum tarixi xx xxxxxx 1990-cı il, doğulduğu yer Bakı şəhəri göstərilməsi qərara alınmışdır. İddiaçı iddia edir ki, X11 doğma atasıdır. Atası 28 dekabr 2020-ci il tarixdə ölmüş, cavabdeh X14 X17 bütün əmlakına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisi tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. O da vərəsə kimi miras əmlakdan məcburi pay hüququna malikdir. Məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının X17 vərəsəsi olub-olmaması müəyyən edilməlidir. Yalnız bundan sonra onun qanun üzrə birinci növbə vərəsə kimi tanınıb, vəsiyyətnamə ilə başqasına vəsiyyət olunan miras əmlaka məcburi pay hüququnun olmasından söhbət gedə bilər. Ona görə də, həmin sualın istinad olunacaq qanuni əsaslarla cavabının tapılması mübahisənin qanuni va ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1193-cü maddəsinə əsasən mirasda məcburi pay anlayışı belə göstərilir: vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 125.1-ci maddəsinə əsasən övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Hüquqi təbiətinə görə vəsiyyət birtərəfli əqd olmaqla şəxsin (vəsiyyət edənin) iradəsini ifadə edir. Belə ki, vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi, məcburi pay almaq hüququndan məhrum etməsi onun öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Beləliklə, vəsiyyətnamə - yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 22 fevral 1986-cı il tarixdə verilmiş İ-ЖГ seriyalı, 394293 №-li boşanma haqqında şəhadətnaməyə əsasən X18 X15 arasında olan nikah ləğv edilmiş, 14 mart 1996-cı il tarixdə onlar yenidən rəsmi nikaha daxil olmuşlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 1997-ci il tarixli qətnaməsinə əsasən həmin nikah pozulmuş və Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 27 mart 1997-ci il tarixdə İİ-ЖГ seriyalı, 326697 №-li boşanma haqqında şəhadətnamə verilmişdir. X15 X18 nikahları pozulduqdan sonra İmanov Kamranın (hazırkı iş üzrə İddiaçı) övladlığa götürülməsi barədə ərizə ilə Nəsimi rayon X20 İcraiyyə Komitəsinə müraciət etmiş, komitənin 28 dekabr 1990-cı il tarixli, 173/5 №-li qərarı ilə ərizəsi təmin edilərək uşaq evindən 10 dekabr 1989-cu il təvəllüdlü İmanov Kamran X10 övladlığa verilmiş, sonuncunun göstərişi ilə uşağın adı Vladislav, soyadı Boldin, ata adı Yuryeviç, ana qrafasında X15, doğum tarixi xx xxxxxx 1990-cı il, doğulduğu yer Bakı şəhəri yazılmışdır. X19 28 dekabr 2020-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, X15 iddiaçını 28 dekabr 1990-cı il tarixdə, yəni X18 nikahda olmadığı vaxt övladlığa götürmüş, X15 övladlığa götürmə barədə yalnız özü müraciət etmiş və qanunvericiliyin tələbinə əsasən iddiaçının atası haqqında məlumat X8 göstərişi ilə yazılmışdır. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə şahidin ifadəsi mübahisəli halın təsdiqlənməsi və ya təkzib edilməsi üçün hər hansı əhəmiyyət kəsb etmir. Şahidin ifadəsi iddiaçının miras əmlakdakı pay hüququnun tanınması və s. kimi hallar müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan halın müəyyən edilməsi şahid ifadəsi ilə təsdiq oluna bilməz. Beləliklə, iddiaçının X19 tərəfindən övladlığa götürülməsi, yəni X17 övladı-vərəsəsi olması müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının miras qoyan X17 vərəsəsi kimi qəbul edilməsindən imtina qanunsuz hesab edilə bilməz. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. İddiaçı, X17 vərəsəsi hesab edilmədiyindən, onun mirasda məcburi pay hüququndan da söhbət gedə bilməz və iddia tələbi cavabdeh X14 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsinin yoxlanmamasının qanunsuz hesab edilməsi, cavabdeh X12 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və qanunvericiliyin tələbinə əsasən iddiaçıya mirasda məcburi pay hüququ üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi hissələrində də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbяr tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinə və X9rşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar