Məhkəmə qərarları › İş №e-2(005)-17/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-17/2025

18.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-17/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, Qarşılıqlı iddiaçı Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlk İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” barədə tələbinə dair ilk; Qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 156,6 kv.metr olan 3 otaqdan ibarət 33 saylı mənzilə dair 2021-ci ildə bağlanmış müqavilənin etibarsiz hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 156,6 kv.metr olan 3 otaqdan ibarət 33 saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-na həvalə edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Gürcüstan Respublikasının vətəndaşıdır və Azərbaycan Respublikasında yaşamır. Yaxın qohumları Azərbaycanda yaşadıqlarından buraya tez-tez gəlir. Bu səbəbdən də iddiaçı Azərbaycanda mənzil almaq qərarına gəlmişdir. İddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2018-ci il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 156,6 kv.metr olan 3 otaqdan ibarət 33 saylı mənzil iddiaçının mülkiyyətinə verilməlidir. Həmin mənzilin dəyəri xx.xx.2018-ci il tarixdə tam şəkildə ödənilmiş və iddiaçıya mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən mənzilin müqavilə ilə nəzərdə tutulan dəyəri tam ödənildiyi tarixdə mənzil payçıya tam şəkildə və heç bir qeydşərt olmadan təhvil verilir. Həmin andan payçı mənzilində təmir işləri apara və yaşaya bilər. Lakin bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 156,6 kv.metr olan 3 otaqdan ibarət 33 saylı mənzillə bağlı cavabdehlər arasında 2021-ci ildə müqavilə bağlanmış və Cavabdeh2 maliyyə arayışı verilmişdir. Halbuki, mənzil 2018-ci ildə artıq iddiaçıya satıldığından və iddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənildiyindən Cavabdeh1 MTK-nin 2021-ci ildə həmin mənzili başqa şəxsə satmaq səlahiyyəti və hüququ olmamışdır. Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK və İddiaçı arasında olan xx.xx.2018-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona və “Şans" MTK-ya qarşı məhkəmədə iddia qaldıraraq onun müqaviləsinin etibarsızlığını və mənzilin ona təhvil verilməsini tələb etmişdir. Həmin iddianın rədd edilməsini xahiş edərək ona qarşı qarşılıqlı iddia irəli sürür. Belə ki, ilk öncə məhkəmə iddianın MPM-nin 4.1-cı maddəsinə (4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər) əsasən iddia qaldırmaq hüququnu araşdırmalıdır. İddiaçı ünvan 2 ünvanındakı binanın 8-ci mərtəbəsində 33 saylı mənzillə bağlı iddia qaldırmaq üçün həmin mənzilə dair mülkiyyət (sahiblik, istifadə və ya sərəncam vermə) hüququ yaranmalıdır. Yalnız bu halda onun "xxxx" MTK ilə bağladığı müqavilə İddiaçı hüquqlarına toxuna bilər. Bununla bağlı qeyd edir ki, Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə uyğun olaraq yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qebul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Qanunun mənasından görünür ki, mənzildən ən minimal hüquq olan sahiblik hüququnun əldə etmək üçün şəxs MTK-ya üzv qəbul edilməli və pay haqqını tam ödəməlidir. Məhkəməyə İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə nə MTK üzvlüyünə qəbul, nə də pay haqqının ödənilməsi görünmür. İddiaçı bağladığı müqavilədə mənzilin dəyəri (pay haqqı) müəyyən edilməyib və burdan da görünür ki, bu yalan əqddir və etibarsız hesab olunmalıdır. Qeyd edir ki, həmin müqavilə haqqında ona heç bir məlumat verilməyib və heç vaxt ona bildirilməyib ki, ondan əvvəl bu mənzilin alıcısı var. Deməli müqavilə yalan əqddir. Əlavə olaraq qeyd edir ki, İddiaçı müqavilədəki və pasportundakı imzaları fərqlidir, eyni şəxs tərəfindən imzalanması istisna olunur. Qarşılıqlı iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddianın dəlilləri ilə eyniməzmunlu izahat verərək, məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh1 MTK-ya və məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə qarşılıqlı iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi əsassız olduğundan, təmin edilməməli, qarşılıqlı iddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 8-ci mərtəbəsində yerləşən sahəsi 156,6 kv.metr olan 33 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahənin haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə mənzilin dəyəri 140.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK-nın xx.xx.2021-ci tarixli Cavabdeh1 MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə protokoldan görünür ki, Cavabdeh2 MTK-ya üzvlüyü qəbul edilmiş və Cavabdeh2 razılıq yolu ilə Cavabdeh1 MTK-ya məxsus ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 8-ci mərtəbəsində yerləşən sahəsi 156,6 kv.metr olan 33 nömrəli mənzilə düşməsi təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 30 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 MTK-ya məxsus ünvan 3 ünvanda tikilməkdə olan yüksəkmərtəbəli, yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, sahəsi 156,6 m² olan 33 nömrəli mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. İş materiallarında olan Cavabdeh1 MTK ilə Zöhrə Əhmədova arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 8-ci mərtəbəsində yerləşən sahəsi 156,6 kv.metr olan 33 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahənin haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə mənzilin dəyəri müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 33 nömrəli maliyyə arayışının surətindən görünür ki, Zöhrə Əhmədova Cavabdeh1 MTK-ya məxsus ünvan 3 ünvanda tikilməkdə olan yüksəkmərtəbəli, yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, sahəsi 156,6 m² olan 33 nömrəli mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli hökmündən görünür ki X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilinmişdir. Həmin hökmün 26-cı bəndində qeyd edilmişdir ki, bundan başqa, o, qeyd edilən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 156,6 m2 olan 3(üç) otaqlı 33 nömrəli mənzil sahəsinin guya 156.000 (bir yüz əlli altı min) manat müqabilində Gürcüstan Respublikası vətəndaşı İddiaçı adlı şəxsə xx.xx.2018-ci il tarixdə sonuncu ilə cinayətdən xəbərsiz kooperativin sədri Rəşad Əliyev arasında bağlanmış xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə əsasında özünün göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin guya İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə tam ödənilməsinə dair həmin sənədləri MTK-nın möhürü ilə təsdiq edib təqdim etməklə vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 156,6 m2 olan 3 (üç) otaqlı 33 nömrəli mənzil sahəsinin 140.000 manat müqabilində Cavabdeh2 xx.xx.2021-ci il tarixdə sonuncu ilə kooperativin sədri Rəşad Əliyev arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə əsasında özünün göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin Cavabdeh2 tərəfindən tam ödənilməsinə baxmayaraq, sonradan həmin mənzilin Cavabdeh2 qanuni sahibliyinə və istifadəsinə verilməsini təmin etməyərək ona məxsus mənzildən manesiz istifadə etmək, ona sahiblik etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmin hökmün 63-cü bəndində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs M.H.Məhərrəmov ifadəsinə davam edərək göstərdi ki, ŞANS” MTK-da 8-ci mərtəbə, sahəsi 156,6 m2 olan 3 otaqlı 33 nömrəli mənzil sahəsi 2021-ci ilin dəqiq xatırlamadığı tarixdə Cavabdeh2 140000 (bir yüz qırx min) manat qarşılığında tərəfindən satılmış və həmin mənzil sahəsinin hüquqi və faktiki mülkiyyətçisi sonuncu olmuşdur. xx.xx.2018-ci il tarixli 33 nömrəli maliyyə arayışı, xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə, xx.xx.2018-ci il tarixli 33 nömrəli protokol, xx.xx.2021-ci il tarixli 30 nömrəli maliyyə arayışı, xx.xx.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə, xx.xx.2021-ci il tarixli 33 nömrəli protokol göstərişi əsasında Sevinc Xudabaxışova tərəfindən əlyazma şəklində hazırlanmış, müqavilə və protokoldan çıxarışda “sədr” qrafasında olan imza tərəfindən icra olunmuşdur. 33 nömrəli mənzil Cavabdeh2 məxsusdur. Zohkra Akhmedovi adlı qadın vergi orqanlarında işləyən İlham Əliyevin qaynanasıdır. İlham Əliyevlə aralarında olan razılığa görə həmin evlə bağlı onun qayınanasının adına formal müqavilə yazmışdır. İlham isə bunun əvəzində ona vergi işləri ilə bağlı köməklik etməli olmuşdur. X10 sonradan işdən azad olunduğundan üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmişdir. Ümumiyyətlə nə İlham Əliyev, nə də hər hansı şəxs İlhamın qayınanasının adına yazılmış mənzillə bağlı nə ona, nə də digər hər hansı şəxsə hər hansı ödəniş etməmişdir. Zohkra Akhmedovi adlı qadını isə ümumiyyətlə tanımır, həmin qadını görməmiş və ona verilmiş 33 nömrəli mənzillə bağlı sənədlər yararsızdır. O, məhkəməyədək icraat zamanı elan edilmiş ifadəsində göstərilmiş "xxxx" MTK-da 8-ci mərtəbə, sahəsi 156,6 m2 olan 3 otaqlı 33 nömrəli mənzil sahəsi İddiaçı adlı şəxsə 156.000 manat qarşılığında dəqiq xatırlamadığı tarixdə satılmışdır. Lakin sonradan İddiaçı həmin mənzil sahəsini istəmədiyi üçün dəqiq xatırlamadığı tarixdə MTK-nın ofisində İddiaçı adlı şəxsə təklikdə olduqda 156.000 manat pul vəsaitini geri qaytarmışdır. Lakin İddiaçı adlı şəxsdən mənzil sahəsinin sənədləşdirilməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2018-ci il tarixli 33 nömrəli maliyyə arayışı, xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə, xx.xx.2018-ci il tarixli 33 nömrəli protokolu geri almağı unutmuş və barəsində istintaq getdiyi üçün həmin prosesi sonlandırmağı başa çatdıra bilməmişdir...” kimi cümlələr deməmişdir. Həmin ifadələr onun adından müstəntiq tərəfindən yazılmış, özü isə həmin ifadələrə fikir verməmişdir. Bir daha bildirir ki, o, ümumiyyətlə İddiaçı adlı şəxsi heç vaxt görməmiş, həmin qadınla aralarında mənzil alqı-satqısı ilə bağlı hər hansı danışıq, razılıq və sair olmamışdır. O, yalnız İddiaçı adlı qadının kürəkəni İlham adlı şəxsi tanımışdır. Sonuncu ilə aralarında olan razılığa görə ona vergi işləri ilə bağlı köməklik etməli olmuş, bunun müqabilində isə o qeyd edilən mənzilin ona verilməsinə razılıq verməsi ilə bağlı müqavilə tərtib edərək İlhama vermişdir. İlham buna görə ona hər hansı məbləğdə pul verməmiş, ödəniş etməmişdir. Bu səbəbdən də həmin müqavilədə ümumiyyətlə İddiaçı imzası da yoxdur. Sonradan İlham işdən çıxarıldığından və onun vergi ilə bağlı çoxsaylı problemləri yarandığından İlham həmin evdən imtina etmişdir. Lakin o, barəsində olan hazırkı cinayət işi üzrə həbs olunduğundan İlhamdan müqavilənin nüsxəsini təhvil ala bilməmişdir. Bir daha bildirir ki, nə İddiaçı, nə də onun kürəkəni ŞANS” MTK-da 8-ci mərtəbə, sahəsi 156,6 m2 olan 3 otaqlı 33 nömrəli mənzil sahəsi ilə bağlı nə ona, nə MTK-ya, nə də onunla bağlı olan hər hansı şəxsə hər hansı məbləğdə ödəniş etməmişdir. İlham vasitəsi ilə İddiaçı adlı qadının adına tərtib edilmiş müqavilə isə aralarındakı razılıqla bağlı formal xarakter daşımışdır. Ona görə də, həmin mənzil Cavabdeh2 məxsusdur. İddiaçı ümumiyyətlə istintaq orqanına müraciət etməməsinə, hər hansı ifadə verməməsinə baxmayaraq, istintaq orqanı qərəzli olaraq onu zərərçəkmiş şəxs qismində tanımışdır. Hazırda qeyd edilən mənzilin Cavabdeh2 fiziki olaraq təhvil verilməklə ziyanın ödənilməsinə çalışacaqdır. Qeyd edilən mənzil sahəsi Cavabdeh2 təhvil verildikdən sonra məhkəmədən həmin halın və həmin hissədə ziyanın ödənilməsinin nəzərə alınmasını xahiş edir. Həmin hökmün 111-ci bəndində qeyd edilmişdir ki, davam edən məhkəmə iclasları zamanı zərərçəkmiş şəxs Cavabdeh2 məhkəməyə müraciət edərək Cavabdeh1 MTK, 8-ci mərtəbə, 3 otaqlı, 33 nömrəli mənzilin ona təhvil verildiyini, Zohra Akhmedovi adlı şəxsin həmin evlə bağlı hər hansı əlaqəsi və bağlılığı olmadığından M.H.Məhərrərmovun özünün də təsdiq etdiyi kimi həmin mənzilin ondan başqa hər hansı şəxsə satılmadığını, Zohra Akhmedovi adlı şəxslə bağlanılmış müqavilənin yalan əqd olmaqla sonuncunun mənzili əldə etmək üçün hər hansı məbləğdə pul ödəmədiyini, ümumiyyətlə müqavilə bağlanılmasında iştirak etmədiyini və imzalamadığını, habelə M.H.Məhərrəmovun da ibtidai istintaqdan fərqli olaraq həmin mənzilin məhz ona məxsus olmasını təsdiqlədiyini, qeyd edilən mənzilin ona təhvil verilməsi ilə əlaqədar təqsirləndirilən şəxsdən hər hansı şikayət və ya tələbinin olmadığını, təqsirləndirilən şəxslər barışıq əldə edildiyini bildirərək məhkəmədən həmin mənzilin təhvil verilməsinin nəzərə alınmasını, Zohra Akhmedovi adlı şəxsin zərərçəkmiş şəxs qismində statusuna xitam verilməsini, mənzillə bağlı sənədləşdirilmə işlərinin aparılmasına köməklik göstərilməsini və binanın tikintisinin tam yekunlaşdırılması üçün təqsirləndirilən şəxsə hər hansı cəza təyin edilməməsini xahiş etdi. Həmin hökmün 253-cü bəndində qeyd edilmişdir ki, Cavabdeh1 MTK-dan daxil olmuş 18 yanvar 2022-ci il tarixli 02 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, X4 xx.xx.2017-ci il tarixli 01 nömrəli əmr əsasında xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış Cavabdeh1 MTK-nın sədri təyin edilmişdir. Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş siyahıda 33 saylı mənzilin qarşısında Cavabdeh2 adı qeyd edilmiş, Zöhrə Əhmədovanın və ya İddiaçı adı isə ümumiyyətlə göstərilməmişdir. Həmin hökmün 411-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ünvanlanmış 21 dekabr 2023-cü il tarixli ərizəsində göstərmişdir ki, İddiaçı təqsirləndirilən şəxs M.H.Məhərrəmova qarşı heç bir şikayəti yoxdur. İddiaçı ümumiyyətlə M.H.Məhərrəmova qarşı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, onun müraciəti və razılığı olmadan istintaq orqanı onu zərərçəkmiş şəxs kimi işə cəlb etmişdir. Məhkəmədən cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş edir. Həmin hökmün 470-ci bəndində qeyd edilmişdir ki, halbuki, həmin epizod üzrə İddiaçı ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla ümumiyyətlə öz təsdiqini tapmaması və törədilmiş əməlin düzgün tövsif edilməməsi müəyyən edilmişdir. Həmin hökmün 47-ci bəndində qeyd edilmişdir ki, belə ki, həmin epizod üzrə təqsirləndirilən şəxs M.H.Məhərrəmov ibtidai istintaq zamanı göstərmişdir ki,...Cavabdeh1 MTK-da 8-ci mərtəbə, sahəsi 156,6 kvadrat metr olan üç otaqlı 33 nömrəli mənzil sahəsi İddiaçı adlı şəxsə 156000 manat qarşılığında satılmışdır. Lakin sonradan İddiaçı həmin mənzil sahəsini istəmədiyi üçün MTK-nın ofisində sonuncu şəxslə təklikdə olduqda ona 156000 manat pul vəsaitini geri qaytarmışdır. Lakin İddiaçı adlı şəxsdən mənzil sahəsinin sənədləşdirilməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2018-ci il tarixli 33 nömrəli maliyyə arayışı, xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə, xx.xx.2018-ci il tarixli 33 nömrəli protokolu geri almağı unutmuş və barəsində istintaq getdiyi üçün həmin prosesi sonlandırmağı başa çatdıra bilməmişdir. Sonradan həmin mənzil sahəsi 2021-ci ilin dəqiq xatırlamadığı tarixdə Cavabdeh2 dəqiq xatırlamadığı məbləğ qarşılığında tərəfindən satılmış və həmin mənzil sahəsinin hüquqi və faktiki mülkiyyətçisi Cavabdeh2dir...(Cild 17, i.v.60-83;). Cavabdeh2 məhkəmə iclaslarında məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq edərək (bax hökmün 110-111-ci bəndlərinə) əsasən eyni məzmunlu ifadələr verərək göstərdi ki,... "xxxx" ticarət və əyləncə mərkəzinin yaxınlığında yerləşən MTK-nın ofisinə gedərək M.Məhərrəmovun təklif etdiyi və satışda olan 8-ci mərtəbə, sahəsi 156,6 kvadrat metr olan üç otaqlı 33 nömrəli mənzilin 140000 (bir yüz qırx min) manat qarşılığında alqı-satqısı və ödənişin hissə-hissə olunması barədə sonuncu ilə razılığa gəlmiş, həmin mənzilə dair tələb olunan sənədlər rəsmiləşdirilmiş və dəyəri tam ödənilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X6 və məhkəmədə ifadə vermiş X3 ifadələrində (bax hökmün 163 və 189-cu bəndlərinə) Cavabdeh2 göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş siyahıda 33 saylı mənzilin qarşısında Cavabdeh2 adı qeyd edilmiş, Zöhrə Əhmədovanın və ya İddiaçı adı isə ümumiyyətlə göstərilməmişdir (bax cild 5, i.v.312). Həmçinin hökmün 360-cı bəndində göstərilmiş sənədlərdən görünür ki, “Əhmədova Zöhrə”nin “Mənzil tikintisi haqqında” xx.xx.2018-ci il tarixli müqaviləsində nə mənzilin dəyəri, nə də Zöhrə Əhmədovanın imzası vardır. Eyni zamanda iş materiallarında Zöhrə Əhmədovaya (İddiaçı) aid hər hansı ödəniş qəbzi də mövcud deyildir. Ümumiyyətlə məhkəməyədək icraat zamanı Zöhrə Əhmədovanın (İddiaçı) izahatı alınmamış, dindirilməmiş, hər hansı formada ibtidai istintaqda iştirak etməmiş və hər hansı sənədə imza etməmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs M.H.Məhərrəmov qeyd edilən epizodla bağlı dəfələrlə ifadə verərkən Cavabdeh1 MTK-da 8-ci mərtəbə, sahəsi 156,6 kvadrat metr olan üç otaqlı 33 nömrəli mənzilin yeganə qanuni sahibinin Cavabdeh2 olduğunu, Zöhrə Əhmədovaya (İddiaçı) aid sənədlərin isə formal olaraq, yəni hər hansı məbləğ yazılmadan, sonuncu və ya hər hansı şəxs tərəfindən ödəniş olmadan və imzası olmadan Zöhrə Əhmədovanın (İddiaçı) qohumu İlham adlı şəxsə hansısa müəyyən işlərin görülməsi nəzərdə tutulmuş xidmətlərin əvəzinə verilmiş, həmin xidmətlər göstərildikdən sonra mənzilin dəyəri aralarında olan razılıqla müəyyənləşdirilərək qeyd edilməsi nəzərdə tutulmuşdur. Lakin İlham tərəfindən vəd edilmiş xidmətlər yerinə yetirilmədiyindən sonuncu həmin sənədləri geri qaytarmalı olmuşdur. Zöhrə Əhmədova (İddiaçı) və ya hər hansı digər şəxs həmin müqaviləyə görə ona (M.H.Məhərrəmov) ödəniş etməmiş, sadəcə İlham adlı şəxsə həmin imzasız və məbləğsiz müqavilə sonuncunun göstərəcəyi xidmətlərin yerinə yetirilməsi şərti ilə verilmiş, tələb olunan xidmət göstərildikdən sonra isə həmin mənzil üzrə sənədlərin tam rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Lakin İlham vəd etdiyi xidməti yerinə yetirə bilməmiş və bu səbəbdən də həmin mənzil üzrə sənədlər yarımçıq qalmışdır. M.H.Məhərrəmov ibtidai istintaq zamanı da, məhkəmədə verdiyi ifadəni verdiyini, lakin ona məlum olmayan səbəbdən ifadəsinin düzgün qeyd edilmədiyini göstərdi (bax hökmün 63cü bəndinə). Beləliklə, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs M.H.X5 (İddiaçı) ilə bağlı sonuncunu zərərçəkmiş şəxs qismində tanımaqla verdiyi ittiham üzrə yeganə sübut kimi istinad edilmiş təqsirləndirilən şəxsin həmin ifadəsi məhkəmə istintaqı zamanı həm özünün, həm də təkzibedilməz digər sübutlarla tam inkar edilir. Halbuki məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkzibedilməz sübutlarla qeyd edilən mənzilə münasibətdə sahiblik və istifadə hüquqlarını Cavabdeh2 tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əldə etməsi müəyyən edilmişdir (bax hökmün 350; 369 və 440-cı bəndlərinə). Həmçinin İddiaçı, eləcə də onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə çoxsaylı müraciətlər ünvanlayaraq Cavabdeh1 MTK-da 8-ci mərtəbə, sahəsi 156,6 kvadrat metr olan üç otaqlı 33 nömrəli mənzil sahəsi ilə bağlı hər hansı iddia və tələblərinin olmadığını, həmin mənzildən imtina edildiyini və hazırkı cinayət işi üzrə ümumiyyətlə ibtidai istintaq orqanına müraciət etmədiklərini, zərərçəkmiş şəxs qismində tanınmaq istəmədiklərini bildirmişlər (bax hökmün 411; 421; 424; 429; 430; 437-ci bəndlərinə). Həmin hökmün 473-ci bəndində qeyd edilmişdir ki, qeyd edilən qanunun mənasından görünür ki, mənzildən sahiblik hüququnu əldə etmək üçün şəxs MTK-ya üzv qəbul edilməli və pay haqqını tam ödəməlidir. Lakin məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Zöhrə Əhmədova (İddiaçı) və ya hər hansı digər şəxs tərəfindən Zöhrə Əhmədovanın (İddiaçı) nə MTK üzvlüyünə qəbul edilməsi üçün sənədləşmə aparılması, nə də pay haqqının ödənilməsi müəyyən edilməmişdir. Zöhrə Əhmədovanın (İddiaçı) adından bağlanılmış müqavilədə isə mənzilin dəyəri(pay haqqı) müəyyən edilməmişdir. Həmin hallardan görünür ki, qeyd edilən əqd yalan əqd olmaqla etibarsızdır. Belə ki, Zöhrə Əhmədovanın (İddiaçı) MTK üzvlüyünə qəbulu barədə sənədin olmaması, müqavilədə mənzilin dəyəri(pay haqqının) müəyyən olunmaması və Zöhrə Əhmədovanın (İddiaçı) müqaviləsində ümumiyyətlə imzanın olmaması müqavilənin etibarsızlığına açıqaşkar göstərən dəlillərdir. Həmin hökmün 477-ci bəndində qeyd edilmişdir ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı hazırkı cinayət işi üzrə hər hansı ziyan (zərər) vurulması müəyyən edilmədiyindən onun hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində statusuna xitam verilməli, eləcə də, müvafiq olaraq onun etibarnamə üzrə nümayəndəsi qismində tanınmış Vəkil1 hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı nümayəndəsi statusuna xitam verilməli, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 156,6 m2 olan 3 (üç) otaqlı 33 nömrəli mənzil sahəsinin zərərçəkmiş şəxs Cavabdeh2 təhvil verilməsi, onun qanuni sahibliyində və istifadəsində olması (bax hökmün 440-cı bəndinə) nəzərə alınmalıdır. Göründüyü kimi, ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 156,6 kv.metr olan 3 otaqdan ibarət 33 saylı mənzilə dair iki müqavilə mövcuddur. Həmin müqavilələrdən biri ilk İddiaçı ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2018-ci ildə bağlanmış, digər isə qarşılıqlı iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2021-ci il tarixdə imzalanmışdır. Tərəflər hər biri digər tərəflə bağlanmış müqavilənin etibarsızlığını xahiş edir. Belə ki, qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 156,6 kv.metr olan 3 otaqdan ibarət 33 saylı mənzil Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı adlı şəxsə 156.000 manat qarşılığında satılmışdır. Lakin sonradan İddiaçı həmin mənzil sahəsini istəmədiyi üçün MTK-nın ofisində sonuncu şəxslə təklikdə olduqda ona 156.000 manat pul vəsaitini geri qaytarmışdır. Qeyd edilən mənzil xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh2 satılmışdır. İbtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı həmin cinayət işi üzrə hər hansı ziyan (zərər) vurulması müəyyən edilmədiyindən onun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində statusuna xitam verilməsi, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 156,6 m2 olan 3 (üç) otaqlı 33 nömrəli mənzil sahəsinin zərərçəkmiş şəxs Cavabdeh2 təhvil verilməsi, onun qanuni sahibliyində və istifadəsində olması qənaətinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. AR MPM-nin 82.4-cü maddəsinin müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cii il tarixli qərarında qeyd etmişdir ki, “hüququ müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. Maddə 6.1-ci maddəsinə əsasən, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri mülki qanunvericiliyin prinsipləri kimi göstərilmişdir. Maddə 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqlarını öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq vəvəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Beləliklə, məhkəmə işin qeyd edilən hallarına əsasən hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli hökmü hazırkı iş üzrə preyudisial qüvvəyə malikdir. Belə ki, qeyd edilən hökmdə müəyyən olunan hallar hazırkı mülki mübahisə üzrə preyudisial əhəmiyyət kəsb edir. Həmin hökmlə artıq müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 156,6 kv.metr olan 3 otaqdan ibarət 33 saylı mənzil ilk İddiaçı deyil, qarşılıqlı Cavabdeh2 satılmış və sonuncu tərəfindən pay dəyəri ödənildikdən sonra o, MTK-nın üzvlüyünə qəbul edilmiş, mübahisəli mənzil sonuncunun istifadə və sahibliyindədir. Bununla yanaşı, işin müəyyən olunan halları ondan ibarətdir ki, ilk İddiaçı ilə bağlanmış müqavilə onun bağlanması barədə tələblərə riayət edilmədən bağlanmış, müqavilə üzrə alqı-satqının predmetinin dəyəri göstərilməmiş, həmçinin müqavilə üzrə hər hansı ödənişin MTK-na ilk iddiaçı tərəfindən ödənilməsi də öz təsdiqini tapmamışdır. Bunun əskinə olaraq isə qarşılıqlı iddiaçı ilə bağlanmış müqavilə üzrə mənzilin dəyərinin qarşılıqlı iddiaçı tərəfindən ödənilməsi və MTK-nın üzvlüyünə qəbul edilməsi iş materialları öz təsdiqini tapmışdır. Həmçinin ilk iddiaçı özü də məhkəmə istintaqı gedişində məhkəməyə ərizələrlə müraciət edərək, bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən binanın 8-ci mərtəbəsindəki 3 otaqlı, sahəsi 156,5 kvadrat metr olan 33 saylı mənzilə dair nə şirkətə, nə də M.H.Məhərrəmova qarşı heç bir şikayəti və tələbi yoxdur, şirkətin xeyrinə imtina edir, heç bir maddi və mülki tələbi yoxdur. Nəticədə yuxarıda göstərilən hökmlə İddiaçı cinayət işi üzrə ona hər hansı ziyan (zərər) vurulması müəyyən edilmədiyindən onun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində statusuna xitam verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilərək, ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 156,6 kv.metr olan 3 otaqdan ibarət 33 saylı mənzilə dair Cavabdeh1 MTK ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” barədə tələbinə dair ilk iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 156,6 kv.metr olan 3 otaqdan ibarət 33 saylı mənzilə dair xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar