Məhkəmə qərarları › İş №e-2(005)-1712/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1712/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1712/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 520,00 (beş yüz iyirmi) manat məbləğində vəsaitin, 30,00 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ** DS *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** RA *** dövlət qeydiyyat nişanlı X6 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. ** RA *** dövlət qeydiyyat nişanlı X6 markalıavtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün ** RA *** dövlət qeydiyyat nişanlı X6 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2020-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 520,00 (beş yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 520,00 (beş yüz iyirmi) manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmişdirlər. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirib, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP № ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mercedes C180” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı, avtonəqliyyat vasitəsini idarə edərkən yol hərəkətləri qaydalarını pozan sürücüsünün hadisə yerindən yayınması qaydasını pozaraq Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat cərimə edilmişdir. İş materiallarında olan PPA********** №-l icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mercedes C180” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı, avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə 1 il müddətinə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarına əlavə edilmiş AD 513266 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, istehsal il olan 1997-ci il “Mercedes C180” minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı, avtonəqliyyat vasitəsinin sahibi X3r. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X1 Həsən Pənah oğluna 5 ay müddətinə “Mercedes C180” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı, avtonəqliyyat vasitəsini idarə etmə səlahiyyəti vermişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab eidlə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Bakı şəhəri DYPİ bildirir ki, xx.xx.2020-ci il tarixdə 18:45-də 4-cü mikrorayon dairəsində toqquşma baş vermişdir. Təqsirli olan şəxsin avtonəqliyyat vasitəsi “Mercedes C180” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı, avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X4, hadisə baş verdiyi anda sürücü Cavabdeh olmuşdur. Zərər vurulan avtomobil “Hyundai” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi Hüseynov İlham İmran oğludur. İş materiallarına əlavə edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hesabatdan görünür ki, **-RA-*** dövlət qeydiyyat nişanlı “X6” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin yekun məbləği cəmi 520 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, **- RA-*** dövlət qeydiyyat nişanlı “X6” markalı nəqliyyat vasitəsinə dəymiş 520 manat zərər sığorta şirkəti "xxxx" tərəfindən zərərçəkənin şəxsi hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, zərərçəkmiş **-RA-*** dövlət qeydiyyat nişanlı “avtonəqliyyat vasitəsi üzrə Hüseynov İlham İmran oğluna sığorta ödənişi kimi "xxxx" ASC tərəfindən 520 manat məbləğ ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Mercedes C180” markalı **- DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə 1 il müddətinə iddiaçı "xxxx" tərəfindən sığortalanmışdır, cavabdeh həmin avtomobili idarə edərkən Hüseynov İlham İmran oğluna məxsus **-RA-*** dövlət qeydiyyat nişanlı “X6” markalı nəqliyyat vasitəsi ilə toqquşmaqla ona maddi zərər vurmuşdur. Hadisə nəticəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş, barəsində protokol tərtib olunmaqla, inzibati tənbeh vermə haqqında qərar ilə 100 manat cərimə olunmuşdur. İddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə dəyən 520 manat məbləğində zərər qarşılanmışdır. Daha sonra çəkilmiş xərclər cavabdeh tərəfindən ödənilmişdir. Bu səbəbdən də iddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərə görə məsuliyyət daşıyan şəxs tərəfindən zərərin əvəzi ödənilmədiyindən və həmin zərər sığorta müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı vurulmuş ziyana görə zərərçəkmiş şəxsə ödədiyi məbləğə dair subroqasiya qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, **-RA-*** dövlət qeydiyyat nişanlı “X6” markalı nəqliyyat vasitəsinə dəymiş zərər üzrə 520 manat məbləğində pul cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 520 manat sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında dəymiş ziyana görə 520 (beş yüz iyirmi) manat sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar