Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1718/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndələri X3 və X5 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “istehsalat qəzası nəticəsində həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “istehsalat qəzası nəticəsində həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən orada karotçu işləmiş X4 istehsalat qəzası səbəbindən həlak olmasına görə əvvəli xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 18 yaşı tamam olanadək hər ay 800 (səkkiz yüz) manat miqdarında ödəncin tutulmasına və dəymiş mənəvi ziyana görə 50.000 (əlli min) manat miqdarında kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-də karotçu işləmiş əri X10 25 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanının fasad hissəsində kondisioner mühərriklərinin quraşdırılması işlərini icra edərkən elektrik naqillərinə toxunması nəticəsində yüksək gərginlikli elektrik cərəyanının onu vurması səbəbindən hadisə yerində ölmüşdür. Yasamal Rayon Məhkəməsinin 1(004)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh MMC-nin mühəndisi qismində texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 (bir) il müddətinə tikinti sahəsində təşkilat sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X11 təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Mərhum əri ilə birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü bir uşağı var və ailənin gəlir mənbəyi yalnız ərinin qazancı idi. Cavabdeh MMC-nin texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ailənin başçısını itirmişdir. Bundan sonra ömürünün sonunadək o ərsiz, uşağı isə atasız yaşamalı olacaqdır. Bu səbəbdən də cavabdeh işəgötürən tərəfindən ailəyə dəyən maddi və mənəvi zərərin əvəzi aylıq və birdəfəlik ödənişlər yolu ilə ödənilməlidir. Cavabdeh MMC tərəfindən verilmiş 154/21 nömrəli, xx.xx.2021-ci il tarixli arayışda mərhum ərinin son 1 il ərzində əməkhaqqı göstərilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh MMC-yə ərizə ilə müraciət edərək baş verənlərlə bağlı kompensasiya şəklində birdəfəlik maddi yardım göstərilməsini xahiş etmiş, lakin cavabdehdən indiyədək ərizəyə cavab almamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Cavabdeh MMC tərəfindən əməyin mühafizəsi qaydaları pozulması nəticəsində C.M.Paşayev dünyasını dəyişmişdir. İddiaçı maddi zərərə dair tələbinin hüquqi əsası olaraq Əmək Məcəlləsinin 239-cu maddəsinin 2 və 3-cü bəndlərinə və Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara; mənəvi zərərə dair tələbinin hüquqi əsası olaraq isə Mülki Məcəllənin 1097-ci maddəsinə istina edir. Belə ki, Əmək Məcəlləsinin 239.5-ci maddəsinə əsasən iddiaçının istinad etdiyi maddi hüquq normaları icbari sığorta olunan işçilərə şamil olunmur. Hazırkı halda isə mərhum C.M.Paşayev işəgötürən Cavabdeh MMC ilə "xxxx" Sığorta Şirkəti ASC arasında bağlanmış AH********** nömrəli, 11 fevral 2021-ci il tarixli müqavilə ilə 57173,53 AZN həcmində icbari sığorta olunmuş, hətta həmin müqavilə üzrə mərhumun ailəsinə 28.556 AZN həcmində sığorta ödənişi həyata keçirilmişdir. İşin mühabisəsiz hallarına görə Cavabdeh MMC-nin əməkdaşı olmuş X4 xx.xx.2021-ci il tarixdə iş yerində bəxbəxt hadisə nəticəsində dünyasını dəyişməsi ilə əlaqədar Cavabdeh MMC tərəfindən onun ailəsinə maddi və mənəvi dəstək göstərilərək ümumilikdə 17650 AZN həcmində vəsait sərf edilmişdir. Eyni zamanda şirkətin rəhbər heyəti və əmək kollektivi tərəfindən mərhumun ailəsinə mənəvi dəstək, ehtiram göstərilərək dəfn və məclis mərasimləri (həm qardaşının, həm də həyat yoldaşının evində) təşkil edilərək orada iştirak edilmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən mənəvi dəstək olaraq mərhumun ailəsinin istəyinə uyğun olaraq ümumilikdə 3500 AZN olmaqla, "xxxx" ASC-yə olan 1400 AZN borcu və "xxxx" ASC-yə olan 2100 AZN borcu tam ödənilmişdir. Bu fakt qüvvəyə minmiş hökmdə əksini tapmış İddiaçı ifadəsi ilə də öz təsdiqini tapır. Halbuki mərhumun həmin öhdəliklərinə xitam veriləcəkdi, belə ki, mərhumun adına heç bir vərəsəlik aktivi mövcud olmamışdır. Lakin məhrumun ailəsini mənəvi rahatlığı üçün, onlara qarşı biganəlik olmadığının təsdiqi üçün həmin borclar tərəfimizdən ödənilmişdir. Bundan başqa dövlət tərəfindən iddiaçıya dəfn xərclərinin ödənilməsinə baxmayaraq mənəvi borc olaraq X4 vəfatı ilə bağlı keçirilmiş 3, 7 və 40 mərasimləri, dəfn, dəfn üçün torpaq sahəsinin ayrılması, zərərçəkmişin ailəsinə gündəlik ərzaq məhsullarının alınması, zərərçəkmişin ailəsi tərəfindən seçilmiş qara mərmərdən olan başdaşının qoyulması üçün - ümumilikdə Cavabdeh MMC tərəfindən 10.900 AZN həcmində xərclər çəkilmişdir. İslam dininə əsasən dəfnlə bağlı 3, 7, 40 mərasimlərinin keçirilməsi və dəfnlə əlaqədar xeyli miqdarda xərclərin çəkilməsi tələb edilmir. Bu milli adətimizdən irəli gələn mənəvi borcun ödənilməsinə yönələn addımlar və adətlərdir ki, burada məqsəd mərhumun ailəsinə dəstəyi ifadə etməkdir. Bu baxımdan bu məqsədlə çəkilmiş xərclər mənəvi zərərin əvəzi kimi dəyərləndirilməlidir. Bundan başqa Cavabdeh MMC tərəfindən X1 ayının əmək haqqı və sonuncu haqq hesabı olaraq 550 AZN həcmində pul onun əmək haqqı kartına, vəfatı ilə əlaqədar mənəvi dəstək üçün kompensasiya olaraq 2700 AZN həcmində pul C.Paşayevin həyat yoldaşı İddiaçı bank hesabına ödənilmişdir. Bundan başqa dəfn üçün dövlət tərəfindən birdəfəlik müavinətin verilməsi və ailə başçısını itirməyə görə ailə üzvünə və uşağa onun 18 yaşına çatanadək yetkinlik yaşına çatanadək müavinətlərin verilməsi üçün sənədlərin toplanılmasına əməli köməklik göstərilmiş, müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeyd edilən müavinətlər təyin edilmişdir. Bütün bunlara baxmayaraq zərərçəkmişin ailəsi mənəvi zərərin əvəzi qismində əlavə olaraq 2 otaqlı təmirli mənzil və ya təmirli mənzil almağa kifəyət edəcək qədər pul tələb etmişlər ki, bu da mənəvi zərərin məqsədlərindən kənara çıxır. Belə ki, məhkəmə presedentlərinin formalaşdırdığı mövqeyə əsasən də mənəvi zərərin əvəzi pul və ya maddi nemət kimi ödənilə bilər bir şərtlə ki, bu zərərçəkmişin maddi vəziyyətinin zənginləşdirilməsi məqsədini daşımasın. Əmək Məcəlləsinin 239.5-ci maddəsinin 5-ci bəndinə əsasən həmin maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Əlavə olaraq məlumat üçün bildiririk ki, ƏƏSMN yanında DƏMX rəisinin xx.xx.2021- ci il tarixli əmri ilə yaradılmış Təhqiqat Komissiyasının xx.xx.2021-ci il tarixli aktına əsasən bədbaxt hadisənin İ.Şərifovun nəzarətsizliyi və C.Paşayevin ehtiyatsızlığı üzündən baş verdiyi müəyyən edilmişdir. Bundan başqa Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəisinin xx.xx.2021-ci il tarixli, xx/xx-3091/4 nömrəli məktubundan da göründüyü kimi, ittihamın əsasını təşkil edən və İ.Şərifovun məhkum edilməsinə əsas verən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4348 nömrəli ekspert rəyində istinad edilən 1984-cü il tarixdə təsdiq edilmiş «İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları və istehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları» adlı sənəd Azərbaycan Respublikasının qanunvericilik bazasının kitabxanasında mövcud deyil. Eyni zamanda ƏƏSMN-nin C.M.Paşayevin əmək müqaviləsi haqqında elektron xidmətlər portalından xx.xx.2021-ci il tarixli çıxarışından görünüydü kimi o, Cavabdeh MMC-də karotçu (fəhlə) vəzifəsində işəmuzad çalışmış və aylıq əmək haqqı 350 AZN təşkil etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İş materiallarına əlavə edilmiş 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X2 arasında xx.xx.2018-ci il tarixdə 715 nömrə ilə qeyd olunmuşdur. Nikahdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı 220122 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə elektrik cərəyanın təsiri ilə ölmüş, bu barədə ölüm haqqında akt kitabında 1574 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-46/2022 saylı hökmündən görünür ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 (bir) il müddətinə tikinti sahəsində təşkilat- sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X11 təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilərək, Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, X8 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması hökm edilmişdir. İş materiallaraına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin SOSİAL Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli əmri ilə aparılmış təhqiqat nəticəsində verilmiş rəydə Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1 -ci bəndinə əsasən "ArchiCO” Məhdud Məsuliyyətli Cəmiyyətinin karotçusu X4 ehtiyyatsızlığını və 4.2-ci bəndinə əsasən Cavabdeh tikinti üzrə mühəndisi X8 nəzarətsizliyini müəyyən etmişdir. Eyni zamanda X4 ölümü ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000- ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və Cavabdeh tərəfindən uçota alınmalıdır. İZ formalı aktın bir nüsxəsinin zərərçəkənin ailəsinə verilməsi Cavabdeh rəhbərliyi tərəfindən təmin edilməsi və Komissiya üzvləri zərərçəkənin ailə üzvləri ilə görüşmüş və onlara sosial hüquqlarını qanunvericiliyin tələblərinə uyğun izah etmələri qeyd olunmuşdur. İş materiallarına əlvə edilmiş xx.xx.2021-ci il tarixli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirlməsi hallarından icbari sığorta müqaviləsinə edilmiş AH**********/0 nömrəli əlavədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X10 57173,53 manat məbləğində icbari sığorta - İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, BD12 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı "xxxx" ASC-də olan ******************** nömrəli kart hesabına 2736 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 16/1158 nömrəli arayışdan görünür ki, X7 "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli BRED3452136A299 saylı Bir kart müqaviləsi üzrə 60 ay müddətinə 2700 manat məbləğində limiti olan kredit xətti rəsmiləşdirilmişdir. X4 BRED3452136A299 saylı kredit müqaviləsi üzrə heç bir öhdəliyi qalmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC-də karotçu işləmiş əri X10 25 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanının fasad hissəsində kondisioner mühərriklərinin quraşdırılması işlərini icra edərkən elektrik naqillərinə toxunması nəticəsində yüksək gərginlikli elektrik cərəyanının onu vurması səbəbindən hadisə yerində ölmüşdür. Yasamal Rayon Məhkəməsinin 1(004)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh MMC-nin mühəndisi qismində texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 (bir) il müddətinə tikinti sahəsində təşkilat sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X11 təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Hazırda iddiaçı tərəfindən Cavabdeh MMC-dən orada karotçu işləmiş X4 istehsalat qəzası səbəbindən həlak olmasına görə əvvəli xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü PaşayevYusif Ceyhun oğlunun 18 yaşı tamam olanadək hər ay 800 (səkkiz yüz) manat miqdarında ödəncin tutulmasına və dəymiş mənəvi ziyana görə 50.000 (əlli min) manat miqdarında kompensasiya ödənilməsi barədə iddia qaldırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş mərhum X4 qardaşı X12 ifadəsində bildirmişdir ki, mərhum X10 vəfat etdikdən sonra Cavabdeh tərəfindən mərhumun ailəsinə müəyyən miqdarda maddi yardımlar göstərilmişdir. Məhkəmə ilk növbədə məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən qeyd edir ki, Cavabdeh texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması səbəbindən təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi, ümumilikdə iddiaçıya Cavabdeh tərəfindən 46500 manat məbləğində maddi ziyan ödənilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçının tələbi Cavabdeh MMC-dən orada karotçu işləmiş X4 istehsalat qəzası səbəbindən həlak olmasına görə əvvəli xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 18 yaşı tamam olanadək hər ay 800 (səkkiz yüz) manat miqdarında ödəncin tutulmasına və dəymiş mənəvi ziyana görə 50.000 (əlli min) manat miqdarında kompensasiya ödənilməsindən ibarətdir. Göründüyü kimi iddia tələbi predmet olaraq “X4 istehsalat qəzası səbəbindən həlak olmasına görə əvvəli xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 18 yaşı tamam olanadək hər ay 800 (səkkiz yüz) manat miqdarında ödəncin tutulması” və “dəymiş mənəvi ziyana görə 50.000 (əlli min) manat miqdarında kompensasiya ödənilməsi” hissələrinə bölünmüşdür. Məhkəmə tələbin birinici predmetinə münasibətdə qeyd edir ki, müvafiq icra hakimiyyəti tərəfindən qanunvericliklə nəzərdə tutulmuş qaydada xx.xx.2019-cu il təvəllüdlü X6 18 yaşı tamam olanadək aylıq müavinətlər təyin edilmişdir. Belə olan halda hazırda iddiaçı tərəfindən qeyd olunan ödəncin cavabdehdən tutulması tələbi əsasızdır. Məhkəmə iddia tələbinin ikinci predmetinə münasibətdə qeyd edir ki, tələb üzrə göstərilən hallar hüquqi dəyərləndirilməsi zamanı həm mənəvi zərərin dəyəri ilə birlikdə eyni zamanda zərərin vurulmasına səbəb olan hallarda araşdırılmalıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1- ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 191-ci maddəsinin 2-ci hissəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 195-ci maddəsinin c bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 225-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Həmin Məcəllənin 239-cu maddəsinin: 1-ci bəndinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2-ci bəndinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3-cü bəndinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4-cü bəndinə əsasən, istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5-ci bəndinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.13-cü maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. Həmin Qanunun 10.1.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə əsasında sığorta hadisəsi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin sözügedən qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2003-cü il, 3 №-li qərarının 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin Qərarın 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Həmin Qərarın 1.3-cü bəndinə görə, aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hazırda tələbin ikinci predmetinin hüquqi əsasının mövcudluğunu təsdiq edir. Cavabdehin təqsiri səbəbindən, istehsalatda baş vermiş bədbəxt hadisənin nəticəsində iddiaçı ailə üzvünü itirmişdir. Bu hal iddiaçıya və digər ailə üzvlərinə ağır psixoloji sarsıntılar keçirməsinə səbəb olaraq, mənəvi ziyan vurmuşdur. Cavabdeh tərəfindən iddiaçıya baş vermiş hadisə nəticəsində maddi yardımlar edilmiş, iddiaçının digər şəxlər qarşısında olan öhdəlikləri aradan qaldırılmış, baş vermiş hadisədən sonra iddiaçı və onun ailə üzvlərinə uzun müddətli müavinətlərin ödənilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət edilməsində yardım edilmişdir. Lakin məhkəmə iclaslarında verilən izahatlardan, şahid ifadəsindən təsdiq olunur ki, işin mübahisəsiz halı olaraq cavabdeh tərəfindən iddiaçıya ümumilkdə 46500 manat ödənilmişdir. Bütün bunları nəzərə alan məhkəmə cavabdehin təqsiri nəticəsində iddiaçıya və onun ailə üzvlərinə vurulmuş mənəvi ziyana görə cavabdeh tərəfində iddiaçıya 5000 manat ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunana maddi hüquq normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh MMC-dən 5000 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 5000 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1718/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1718/2022
15.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver