Məhkəmə qərarları › İş №e-2(005)-1721/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1721/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1721/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 - xx.xx.2022-ci il tarixli, LC1110147/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1028 manat və 100 manat cərimə məbləği olmaqla, cəmi 1128 manat, xx.xx.2021-ci il tarixli, LC1110299/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 636 manat və 50 manat cərimə məbləği olmaqla, cəmi 686 manat, ümumi 1814 manat məbləğin, habelə dövlət rüsumu kimi ödənilmiş 38.54 manat məbləğin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı/İddiaçı MMC ilə alıcı/cavabdeh X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LC1110147/22 nömrəli nisyə satış müqaviləsinə əsasən 1468 manat dəyərində, 100 manat ilkin ödəniş olmaqla, Xiaomi Note 11 128GB və Note 10S 64GB məhsulları 12 ay müddətinə, hər ay 114 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2022-cİ il tarixli LC1110147/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1028 manat təşkil edir. Bundan başqa, satıcı/İddiaçı MMC ilə alıcı/cavabdeh X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli LC1110299/21 nömrəli nisyə satış müqaviləsinə əsasən 1690 manat dəyərində, 190 manat ilkin ödəniş olmaqla, müxtəlif növdə məhsulları 12 ay müddətinə, hər ay 125 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2021-ci il tarixli LC1110299/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 636 manat təşkil edir. Sözügedən müqavilənin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% cərimə ödəyəcəyini öz üzərinə götürmüsdür. Müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq iddiaçı MMC ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, cavabdeh Ə.Qədirovdan müqavilə üzrə ödənilməmiş borca (1028 manat) görə 100 manat və (636 manat) görə 50 manat cərimə məbləği tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 1690 manat olan Reyka Mil adlı məhsulu 12 ay müddətinə, aylıq 125 manat ödəmək şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 1468 manat olan X4 11 məhsulunu 12 ay müddətinə, aylıq 114 manat ödəmək şərtilə almışdır. İş materiallarında olan “Satılmış məhsulların təhvil-təslim” aktlarının surətlərindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr ilə ona satılan malları qüsursuz təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh ilkin ödəniş olaraq 100 manat ödəmişdir. Həmin müqavilə üzrə onun 1028 manat əsas, 100 manat cərimə borcu olmaqla, cəmi borcu 1128 manat təşkil edir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh ilkin ödəniş olaraq 190 manat ödəmişdir. Həmin müqavilə üzrə onun 636 manat əsas, 50 manat cərimə borcu olmaqla, cəmi borcu 686 manat təşkil edir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 38,14 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1028 manat əsas, 100 manat cərimə borcu olmaqla olmaqla, cəmi borcu 1128 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 636 manat əsas, 50 manat cərimə borcu olmaqla, cəmi borcu 686 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 50 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 1028 manat, cərimə borcuna görə 50 manat, xx.xx.2021ci il tarixli müqavilə üzrə əsas borca görə 636 manat, cərimə borcuna görə 30 manat olmaqla, ümumilikdə 1744 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 38,14 manat pulun 36,6 manatı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 1028 manat, cərimə borcuna görə 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 636 manat, cərimə borcuna görə 30 manat olmaqla, ümumilikdə 1744 (min yeddi yüz qırx dörd) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 38,14 manat pulun 36,6 (otuz altı manat, altmış qəpik) manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar