Məhkəmə qərarları › İş №e-2(005)-1733/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1733/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1733/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Zamin müştərək qaydada onun xeyrinə ECK5679919 saylı müqavilə üzrə 414 manat əsas borc, 124 manat faiz borcu, 30 manat məbləğində tərəfimdən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 568 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə X2 arasında xx.xx.2019-cu il tarixində "Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, ECK5679919 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 582 manat olan 1 ədəd “LG Q6” markalı telefon almış, ilkin ödəniş olaraq 30 manat ödəniş etmiş, nəticədə 552 manat borc yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 46 manat ödəniş edilmişdir. Bu günədək cavabdehə etdiyimiz yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və ECK5679919 saylı müqavilə üzrə alqı-satqı qiyməti 582 manat olan 1 ədəd “LG Q6” markalı telefon üçün ümumilikdə 414 manat ödənilməmiş hissə, 124 manat faiz borcu yaranmışdır. Eyni zamanda ECK5679919 saylı müqavilənin təminatı qismində xx.xx.2019-cu il tarixində Zamin ilə də zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh Zamin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, qeyd olunan müqavilə üzrə ona qarşı zamin olaraq iddia müddəti keçmiş və iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2019-cu il tarixli, ECK5679919 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” ümumi dəyəri 582 manat 1 ədəd LG Q6+ M700A 64 GB GOLD satmağı, “Alıcı” isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu 12 ay müddətinə hissə-hissə “Satıclı”ya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, ******* nömrəli zaminlik müqaviləsindən görünür ki, “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış ******* nömrəli hissə-hissə ödənişlə alqı-satqı Müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri “Alıcı” icra etmədikdə “Zamin” Zamin qız “Alıcı”-nın “Satıcı” qarşısındakı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən irəli gələn bütün öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.5-ci maddəsinə görə borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ECK5679919 hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmişdir. Beləliklə cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər etmədiyindən müvafiq müqavilə üzrə əsas borcu 414 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Zamin ilə zaminlik müqaviləsi üzrə borc məbləğinin tələb edilməsi hissəsində iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, ECK5679919 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə 414 manat əsas borc və 124 manat faiz borcu olmaqla, cəmi 538 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, ECK5679919 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə 414 manat əsas borc və 124 manat faiz borcu olmaqla, cəmi 538 manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar