Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1736/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə RRK05440 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 1667,99 manat borcun, 36,7 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış RRK05440 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1907,99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 25 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1907,99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil-təslim aktında qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Cavabdehin bugünə 1667,99 manat əsas borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin 8-ci mkr filialına kondisioner almaq üçün müraciət etmiş, filialda 1907,99 manat məbləğində BOSCH markalı kondisioneri əldə etmək üçün RRK05440 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Lakin məhsul ona təhvil verilməmişdir. Dəfələrlə mağazayla əlaqə saxlamış, lakin bildirilmişdir ki, məhsul yoldadır, gömrükdədir və sair bəhanələrlə çatdırılmadan yayınmışlar. Buna baxmayaraq aprel, may və iyun ayları üzrə ödənişləri qrafikdəki tarixdən öncə etmiş, heç bir gecikməsi olmamışdır. İyun ayının 23-də mağazadan zəng gəldi və bildirildi ki, məhsul artıq gəlib, çatdırılma gecikdiyi üçün və məhsulun kodunun dəyişdiyi üçün mağazaya yaxınlaşıb müqaviləni yeniləmək tələb olunur. Mağazaya yaxınlaşmış və bildirmişlər ki, əvvəlki müqavilə (RRK05440 saylı müqavilə) ləğv olunub və 240 manat məbləğində ilkin ödəniş olaraq qeyd edilməklə yeni müqavilə (40015494 saylı müqavilə) tərtib olunub. Yeni müqaviləni imzalamış, həmin müqavilə üzrə ödənişi davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə bildiriş gəlmişdir ki, İddiaçı MMC-yə RRK05440 saylı müqavilə üzrə borcu var. Bildirişdə qeyd olunmuş mobil nömrə ilə əlaqə saxlamağa çalışmış, amma cavab verən olmamışdır. Yaranmış problemlə bağlı "xxxx" MMC-nin qaynar xətti ilə dəfələrlə əlaqə saxlamağa çalışmış, yenə cavab verən olmamış, baş ofisə yaxınlaşmış və bu borcun "xxxx" MMC-yə aid olduğunu bildirmişlər. Baş ofisdən xx.xx.2023-cü il tarixdə bu borcun “Optimal Elektronika’ MMC-nin öhdəliyi olduğu bildirildiyi, möhür və direktorun imzasıyla təsdiqlənmiş arayış təqdim olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1736/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi X1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış RRK05440 saylı, xx.xx.2022-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 1667,99 manat məbləğində BOSCH BZ1MA18505 markalı kondisoneri hissə-hissə ödəmək şərti ilə almışdır. Sonradan alıcı Cavabdeh qeyd olunan müqavilə üzrə aldığı məhsulu qanunla müəyyən edilmiş müddət ərzində geri qaytarmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Hazırda Cavabdeh RRK05440 saylı, xx.xx.2022-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcu yoxdur. Cavabdeh RRK05440 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı məhsulu geri qaytardığından həmin müqavilə üzrə cavabdehdən pul tələb edilə bilməz. Alıcı qeyd olunan müqavilə üzrə alıcıda olmayan məhsula görə pul tələb edilə bilməz. İddiaçı QSC iddia edirsə ki, onunla "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin hesabına alıcı Cavabdeh görə pul vəsaitinin ödənilməsini təsdiq edən sənədlərini, bank çıxarışlarını, (ödəniş tapşıqlarını) təqdim etməklə "xxxx" MMC-dən ödəmiş olduğu pul vəsaitini geri tələb edə bilər. Bu cür tələb etmək onun subyektiv hüquqdur. Lakin Cavabdeh qarşı hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. "xxxx" MMC tərəfindən qeyd olunan bütün hallarla bağlı İddiaçı QSC məlumatlandırılmışdır. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iddianın əsassız olduğunu qeyd edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RRK05440 saylı Nisyə alqı-satqı müqaviləsinə, ödəniş cədvəli və təhvil-təslim aktına əsasən, Cavabdeh aldığı “Kondisioner Bosch B1ZMA18505” görə 25 ay müddətinə cəmi 1907,99 manat ödəməyi öhdəsinə götürmüşdür; R-16/19 saylı, xx.xx.2019-cu il tarixli Faktorinq Müqaviləsinə əlavə olunan R-xx/xx- 0190 saylı, xx.xx.2022-ci il tarixli Saziş və əlavədən görünür ki, İddiaçı QSC Cavabdeh barəsində "xxxx" MMC-in Cavabdeh malların satılmasından irəli gələn pul tələbinin hesabına "xxxx" MMC-ə pul vəsaiti verir, "xxxx" MMC isə Cavabdeh qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt edir; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcu 1667,99 manat təşkil edir; İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borcunun olması və ödənilməsi barədə xəbərdar edilmişdir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 36,70 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir; "xxxx" MMC-nin xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli arayışlarında qeyd edilmişdir ki, Cavabdeh "xxxx" MMC-də xx.xx.2022-ci il tarixində RRK05440 saylı müqavilə üzrə kredit əldə etmiş, sonradan müştəri sifariş etdiyi məhsuldan imtina etmiş və müqavilə ləğv edilmişdir. Hazırda RRK05440 saylı müqavilə üzrə "xxxx" MMC-nin sistemində borc 0 manat təşkil edir. İddiaçı QSC RRK05440 saylı müqavilə üzrə borcalanın adında olan 1667,99 manat "xxxx" MMC-nin öhdəliyidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən müqavilənin predmeti olan və yuxarıda göstərilən əşya müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satılmışdır. Həmin müqavilədə və ona əlavə edilmiş ödəniş cədvəlində əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1907,99 manat borcu yaranmışdır. Faktorinq müqaviləsinə və ona əlavəyə əsasən "xxxx" MMC Cavabdeh qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. Daha sonra cavabdeh ona satılmış əşyanı 14 gün müddətində "xxxx" MMC-yə geri qaytarmış, faktiki olaraq aralarında öhdəliklərə xitam verilmiş və bu səbəbdən cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RRK05440 saylı Nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 655.1 və 655.2-ci maddələrinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Bu Məcəllənin 657.4-cü maddəsinin tələblərinə görə əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 1-ci yarımbəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinin: 1-ci yarımbəndinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 2-ci yarımbəndinə əsasən malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. [384] 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyanı qəbul etmiş, lakin alınmış əşya qanunvericilikdə müəyyən edilən müddətdə, yəni 14 gün ərzində satıcı "xxxx" MMC-yə qaytarılmışdır. "xxxx" MMC öz növbəsində üzərinə düşən öhdəliyi yerinə yetirərək malı geri qəbul etmiş və alıcı-cavabdeh ilə aralarında hüquq münasibəti qalmadığından, nisyə-alqı satqı müqaviləsini ləğv etmişdir. Göründüyü kimi nisyə alqısatqı müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış və xx.xx.2022-ci il tarixdə isə faktorinq müqaviləsi bağlanmışdır. "xxxx" MMC cavabdehdən tələb etmək hüququnu iddiaçı "xxxx" QSC-yə güzəşt etdikdən sonra cavabdeh aldığı malı geri qaytarmışdır. "xxxx" MMC malı geri qaytarmaqla, cavabdehlə aralarında olan nisyə alqı-satqı müqaviləsi ləğv etməkdə haqlı olmuşdur. Faktorinq müqaviləsi və ona əlavədən görünür ki, İddiaçı QSC-nin cavabdehdən pul tələb etmək hüququ "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış RRK05440 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsindən irəli gəlir. Həmin nisyə alqı-satqı müqaviləsi ləğv edildiyindən, hazırda İddiaçı QSC-nin cavabdehdən həmin müqavilə üzrə tələb etmək hüququ artıq mövcud deyildir. Bundan başqa qeyd edilməlidir ki, İddiaçı QSC RRK05440 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinin güzəştinə görə çəkdiyi xərcinin əvəzini "xxxx" MMC-dən tələb etmək hüququ istisna edilmir. "xxxx" MMC verdiyi arayışlarda da RRK05440 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin onlara aid olduğunu göstərmişdirlər. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə hesab edir ki, İddiaçı QSC iddianın təmin edilməsi üçün hər hansı sübut növünü məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı QSC-nin Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(005)-1736/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1736/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver