Məhkəmə qərarları › İş №e-2(005)-1778/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1778/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1778/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Smimə Elşad qızının katibliyi, İddiaçı MMC-nin nümayənədəsi Gasan Guseinovun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 oktyabr 2023-cü il tarixli AZL-854 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 yanvar 2024-cü il tarixə 282.97 manat gecikdirilmiş əsas, 336.25 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 319.34 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Lacetti” minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 5797 manat məbləğində pulun, ümumilikdə 6735.46 manat borc və ödənilmiş 87.36 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 30 oktyabr 2023-cü il tarixli AZL-854 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2023-cü il buraxılışlı, “Chevrolet Lacetti” minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VPA587210 ban, ağ rəngli avtomobil 29500 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X5 illik 16% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 620.11 manat, ümumilikdə isə 41206 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. 06 dekabr 2023-cü il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında AZL-854 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 oktyabr 2023-cü il tarixli AZL-854 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Lacetti” minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 yanvar 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5797 manat dəyərində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 30 oktyabr 2023-cü il tarixli AZL-854 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 yanvar 2024-cü il tarixə 282.97 manat gecikdirilmiş əsas, 336.25 manat gecikdirilmiş mükafat, 319.34 manat dəbbə pulu, ümumilikdə 938.56 manat gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq iddiaçı hesab edirik ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesablanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. Öhdəliklərin ötürülməsi müqaviləsinin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayənədəsi Gasan Guseinov iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azərmaş Lizinq" MMC ilə X5 arasında bağlanmış 30 oktyabr 2023-cü il tarixli AZL-854 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 1 saylı Əlavədə göstərilən əmlak 29.500,00 manat məbləğinə “Azərmaş Lizinq" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan AZL-854 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. X2 29.500,00 manat məbləğində pulu, illik 16%-lə, 60 ay müddətinə aylıq 620,11 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən " Chevrolet Lacetti " markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İş materiallarında olan “Öhdəliklərin ötürülməsi müqaviləsi" –nə əsasən İddiaçı MMCnin "Öhdəlikləri ötürən" arasında bağlanmış xx.xx.2023 il tarixli, AZL-854 saylı “Daxili Lizinq” müqaviləsi (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə "Öhdəlikləri ötürən" İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri "Öhdəlikləri qəbul edən"-ə ötürür, “Öhdəlikləri qəbul edən" isə bu öhdəlikləri “öhdəlikləri ötürən"-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən X5 ilə Cavabdeh arasında " Chevrolet Lacetti " markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İş materiallarında olan AZL-854 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Borcalan Cavabdeh 29500 manat məbləğində pulu, illik 16%-lə, 60 ay müddətinə aylıq 620,11 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Chevrolet Azərmaş CP” servisin qüsur aktından görünür ki, "Chevrolet Lacetti" markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı ehtiyat hisələrinin dəyişdirilməsi üçün çəkiləcək xərc ümumilikdə 5797.00 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbul aktından görünür ki, " Chevrolet Lacetti " markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən təhvil təslim edilib. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 124 saylı Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə ödənişləri vaxtında və lazımi qaydada icra etməyindən İddiaçı MMC-yə borcu yaranmış və Lizinq alan ilə İddiaçı MMC arasında bağlanmış AZL-854 saylı Daxili Lizinq müqaviləsinin şərtləri pozulduğu üçün həmin müqavilənin 9-cu bəndi rəhbər tutularaq müqaviləni 15 (on beş) gün ərzində birtərəfli qaydada ləğv ediləcəyi və yaranmış borcun Cavabdeh məhkəmə qaydasında tutulacağı barədə sonuncu xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 30 oktyabr 2023-cü il tarixli AZL-854 saylı “Daxili lizinq” müqaviləsi üzrə 10 yanvar 2024-cü il tarixə 282.97 manat əsas borc, 336.25 manat mükafat borcu, 319.34 cərimə borcu, ümumilikdə 938.56 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli, № 9/2930-9/2967 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olab məlumatları, 06 dekabr 2023-cü il tarixli AZL-854 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı MMC-yə ödənilməli olan gecikdirilmiş borc məbləği birinci və ikinci suallar üzrə aşağıdaki kimi müəyyən edilir: xx.xx.2024-cü il tarixə - əsas borc üzrə 25.500,00 manat, mükafat borcu üzrə 793,33 manat; - xx.xx.2024-cü il tarixə - əsas borc üzrə 25.500,00 manat, mükafat borcu üzrə 1156,00 manat. - xx.xx.2024-cü il tarixə - əsas borc üzrə 25.500,00 manat, mükafat borcu üzrə 1371,33 manat. - xx.xx.2024-cü il tarixə - əsas borc üzrə 25.500,00 manat, mükafat borcu üzrə 1949,33 manat. Üçüncü sual üzrə nəzəri hesablama yolu ilə, iş materiallarında olan "Azərmaş CP” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2023-cü il buraxılışlı, "Chevrolet Lacetti” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5337,00 manat müəyyən edilir. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 4117,00 manat, - Təmir-bərpa işlərinin qiyməti – 1220,00 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 747.1-ci maddəsinə görə Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1-ci maddələrinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 748-1.5-ci maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 30 oktyabr 2023-cü il tarixli AZL-854 saylı “Daxili Lizinq” Müqaviləsi üzrə Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi lizinq müqaviləsi üzrə əsas və mükafat borcun tutulması hissəsində əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh 30 oktyabr 2023-cü il tarixli AZL-854 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə əsas borcu 282,97 manat, mükafat 336,25 manat olmaqla, cəmi borcu 619,22 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 30 oktyabr 2023-cü il tarixli AZL-854 saylı müqavilə üzrə 319,34 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 30 manata endirilməlidir. Məhkəmə iddia tələbinin avtomobilin təmir-bərpası üçün çəkilmiş xərcin əvəzinin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin Müqavilənin 4.4.2-ci bəndinə əsasən, lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Həmin Müqavilənin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. Məhkəmə iddia tələbini dəymiş zərərin tutulması hissəsində qismən əsaslı hesab edir və Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq ekspert rəyləri ilə müəyyən edilmiş 30 oktyabr 2023-cü il tarixli AZL-854 saylı Daxili Lizinq müqaviləsinə əsasən 5337 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 87,36 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, 100 (əlli) manat məbləğində pul Az.MEM, VÖEN**********, AZ34CTRE**********000208850, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına, keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh lizinq obyektini müvəqqəti sahiblik və istifadə etməsinə görə 282,97 manat əsas borc, 336,25 manat mükafat, 30,00 manat cərimə borcu və dəymiş zərərə görə 5337,00 manat olmaqla, cəmi 5986,22 (beş min doqquz yüz səksən altı manat iyirmi iki qəpik) manat borc və 87,36 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 100 manat məbləğində pul Az.MEM, VÖEN**********, AZ34CTRE**********000208850, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına, keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar