Məhkəmə qərarları › İş №e-2(005)-1805/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1805/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1805/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi; cərimənin azaldılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, “X3 15” markalı komputer üçün 3209.12 (üç min iki yüz doqquz manat, 12 qəpik) manat ödənilməmiş hissə, 1604.56 (min altı yüz dörd manat, 56 qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********53595 “İphone 14 Pro” markalı telefon üçün 1273.50 (min iki yüz yetmiş üç manat, 50 qəpik) manat ödənilməmiş hissə, 636.75 (altı yüz otuz altı manat, 75 qəpik) manat dəbbə ümumilikdə 6723.93 manat borc 87.24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən “X3 15” markalı komputer, İMEİ KODU **********53595 “İphone 14 Pro” markalı telefon almış və nəticədə 6723.93 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4005.02 manat (18 ay x 209.39 manat + 236 manat ilkin ödəniş) olan “X3 15” markalı komputer üçün ümumilikdə, 4813.68 manat olmaqla ondan, 3209.12 manat ödənilməmiş hissə, güzəşt olunaraq 1604.56 manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3652.92 manat (18 ay x 202.94 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********53595 “İphone 14 Pro” markalı telefon üçün ümumilikdə, 1190.25 manat olmaqla ondan, 1273.50 manat ödənilməmiş hissə, güzəşt olunaraq 636.75 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3175.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin tam təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, müqavilələr üzrə əsas borcları qəbul edir, lakin müqavilələr üzrə hesablanmış 1604.56 manat və 636.75 manat dəbbə borclarını qəbul etmir. Azaldılmasını xahiş edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, sonuncu İMEİ KODU **********53595 “İphone 14 Pro” markalı telefon almışdır. - xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ KODU **********53595 “İphone 14 Pro” markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. - Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, sonuncu “X3 15” komputeri almışdır. - xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, “X3 15” markalı komputer Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əlavələrdən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. - 03.02.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “X3 15” üçün, 3209.12 manat ödənilməmiş hissə, 1604.56 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “İphone 14 Pro” markalı telefon üçün 1273.50 manat ödənilməmiş hissə, 636.75 manat dəbbə ümumilikdə 6723,93 manat borcu vardır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı "xxxx" MMC tərəfindən alıcı Cavabdeh öhdəliklərin icrası ilə bağlı çağırışa 3 iş günü ərzində riayət olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında “X3 15” komputer və İMEİ KODU **********53595 “İphone 14 Pro” markalı telefonun müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satılmasına dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq yerinə yetirilmiş, cavabdeh məhsulları iddiaçıdan təhvil almışdır. Lakin cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər edilməmişdir. Müqavilə üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmiş, bununla da müqavilənin şərtləri pozulmuşdur. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə müqavilələr üzrə borc ödənilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1273,50 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3209,12 manat əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 636,75 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1604,56 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Göründüyü kimi qanunverici tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldılması imkanını nəzərdə tutmuşdur. Qanunvericinin qeyd olunan mövqeyini, tərəflərin maddi vəziyyətini nəzərə alan məhkəmə tələb edilən cərimənin miqdarı müqavilə üzrə yaranmış əsas borc məbləğinə mütənasib olmadığından tənasübsüz surətdə yüksək hesablanmış 636,75 manat cərimə məbləğinin 127 manat həddinədək, 1604,56 manat cərimə məbləğinin 321 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1273,50 (min iki yüz yetmiş üç manat əlli qəpik) manat ödənilməmiş hissə, 127 (yüz iyirmi yeddi) manat dəbbə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3209,12 (üç min iki yüz doqquz manat on iki qəpik) manat ödənilməmiş hissə, 321 (üç yüz iyirmi bir) manat dəbbə borcu olmaqla, cəmi 4930,62 (dörd min doqquz yüz otuz manat altmış iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 64 (altmış dörd) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216-220 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1273,50 (min iki yüz yetmiş üç manat əlli qəpik) manat ödənilməmiş hissə, 127 (yüz iyirmi yeddi) manat dəbbə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3209,12 (üç min iki yüz doqquz manat on iki qəpik) manat ödənilməmiş hissə, 321 (üç yüz iyirmi bir) manat dəbbə borcu olmaqla, cəmi 4930,62 (dörd min doqquz yüz otuz manat altmış iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 64 (altmış dörd) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar