Məhkəmə qərarları › İş №e-2(005)-1890/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1890/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1890/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BNK13234 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi və BNK13234-z saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi üzrə 3190 AZN borcun, 0 AZN cərimə borcunun, 52 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış BNK13234 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 4390.10 manat dəyərində nisyə aldığı mala görə 400.10 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 3990 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq "xxxx" ilə Cavabdeh2 oğlu arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı olan 3990 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bugünə 374 manat əsas borcu 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış BNK13234 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 4390.10 manat dəyərində nisyə aldığı mala görə 400.10 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 3990 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq "xxxx" ilə Cavabdeh2 oğlu arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqısatqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X1 Ferrum Kapital QSC-yə 3190 (üç min yüz doxsan) manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, iddiaçı Ferrum Kapital QSC SRT007801 saylı BNK13234 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə cavabdehə öhdəliklərini 3 iş günü ərzində icra etməyi, əks təqdirdə borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli, № ********** saylı mədaxil qəbzinə əsasən iddiaçı Ferrum Kapital QSC məhkəmədə iddia qaldırmağ üçün 52 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 472.1-ci maddəsinə əsasən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BNK13234 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi və BNK13234-z saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, sazişin şərtlərini pozmuşlar. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, müştərək qaydada öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidirlər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2023-cü il tarixə cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi tələb edilən əsas, faiz və cərimə borcu məbləği hissəsində əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 "xxxx" QSC-nin xeyrinə 3190 AZN borcun, 0 AZN cərimə borcunun, 52 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 BNK13234 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi və BNK13234-z saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi üzrə 3190 (üç min bir yüz doxsan) manat əsas borc, 0 AZN cərimə borcu, 52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar