Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1899/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı Şəhəri 18 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı Şəhəri 18 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, həm iddia ərizəsindən, həm də “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 rəsmi qeydə alındığı ünvan Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurbani küçəsi, ev 25T, Cavabdeh2 rəsmi qeydə alındığı ünvan Lənkəran rayonu, Vilvan kəndidir. İddia ərizəsindən göründüyü kimi Cavabdeh3 rəsmi qeydə alındığı ünvan ünvan 3aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehlərin rəsmi qeydə alındığı ünvan Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Hazırki mülki işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əşyanın olduğu yer üzrə məhkəmə tərəfindən baxılıb-baxılmaması məsələsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüquqlarından məhrumetmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qeyri-qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyət halının mövcudluğu zamanı, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətlərindən asılı olmayaraq yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həmin maddədə göstərilən halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərar). Hazırki iş üzrə iddiaçının tələbi qeyd edilən maddənin təsir dairəsinə düşmür. Belə ki, 39.1-ci maddə daşınmaz əşyalarla bağlı bütün mübahisələrə deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddialara şamil olunur. İddiaçının tələbi isə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırması (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) deyil, müqavilənin etibarsızlığıdır. Buna görə də müvafiq işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq deyil, ümumi aidiyyət qaydalarına uyğun, yəni cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı Şəhəri 18 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 99,6 (doxsan doqquz manat, altmış qəpik) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1899/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1899/2024
15.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver