Məhkəmə qərarları › İş №e-2(005)-193/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-193/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-193/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 3 nömrəli mənzilinə dair Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin hərracın nəticələrinə dair yekun protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, onunla "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BAKU0-304-9617 saylı kredit müqaviləsinə xitam verilməsi, 135359,88 ABŞ dolları əsas, 43014,36 ABŞ dolları faiz və 800 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 179174,24 ABŞ dolları borcun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun ondan və X1 müştərək qaydada tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi, tutmanın X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 212000 manat qiymətləndirilməklə açıq hərracda satılması, həmin satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC-yə olan borcun ödənilməsi, mənzil satıldıqdan ən geci 1 ay ərzində bizim mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin qətnaməsi iddianın əsas və faiz borcu, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ondan və X1 müştərək qaydada 128071,88 ABŞ dolları, 7585,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 135657,42 ABŞ dolları borcun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) tutulması, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 3 nömrəli mənzilinin ilkin satış qiymətinin 318492 manat müəyyən edilməsi, Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildiriş yaşayış ünvanına göndərilmişdir. İcra sənədinin icrası məqsədilə icra məmuru xx/xx-61898/18 saylı, xx.xx.2021-ci il tarixi sifariş məktubu ilə "xxxx" MMC-yə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tutuma yönəldilən ipoteka qoyulan Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 123, 3 nömrəli mənzilin hərracda satılması xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən birinci dəfə hərrac xx.xx.2021-ci ildə, ikinci dəfə xx.xx.2021-ci ildə keçirilmişdir. Hərraclar baş tutmadığından xx.xx.2021-ci il də əmlakın ilkin satış qiymətindən 25% aşağı 203038,65 manata alınması təklif edilmişdir. İpoteka saxlayan tərəfindən əmlak alınmış və hərrac baş tutmuş, hərracın nəticələrinə dair yekun protokol tərtib edilmişdir. Lakin cavabdehin keçirilən hərraclardan məlumatı olmamış, bildiriş göndərilməmişdir. Həmçinin əmlakın bu qiymətə satılmasından da narazıdır, əmlakın qeyd olunan qiymətə satılması bu günkü bazar qiymətlərinə uyğun deyildir. Göründüyü kimi, hərrac 3 dəfə keçirilmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, birinci hərrac xx.xx.2021-ci ildə, ikinci hərrac xx.xx.2021-ci ildə, üçüncü hərrac xx.xx.2021-ci ildə keçirilmişdir. İcra icraatı zamanı hərracların keçirilməsi ilə bağlı bir sıra məsələlər, o cümlədən hərracların sayı, hərrac baş tutmadıqda təkrar hərracın keçirilməsi, hərrac predmetinin ilkin satış qiymətinin nə qədər azaldılmasının mümkünlüyü icra haqqında qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Qanunvericilikdə yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, 3-cü hərracın keçirilməsi qanunazidd olduğundan hərracın nəticələri etibarsız hesab olunmalıdır. Cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizəsi ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi X6 iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1251/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 128071,88 ABŞ dolları əsas, 7585,54 ABŞ dolları faiz və 800 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 136457,42 ABŞ dolları borc (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməli, tutma X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 3 nömrəli mənzilinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 318492 manat qiymətləndirilməklə açıq hərracda satılmalı, həmin satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC-yə olan borc ödənilməli, mənzil satıldıqdan ən geci 1 ay ərzində cavabdehlər mənzildən çıxarılmalıdır; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 125, 3 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2021-ci il tarixə saat 11:00-17:00-dək (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 318492 manat müəyyən edilmişdir; "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 125, 3 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2021-ci il tarixə saat 11:00-17:00dək (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakın təkrar satış qiyməti 270718,2 manat müəyyən edilmişdir; "xxxx" MMC tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2021-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 203038,65 manata ipoteka saxlayana təklif olunmuşdur; "xxxx" MMC-nin İddiaçı ünvanladığı bildirişlərin surətindən görünür ki, bildirişi “Həşimov” imza edərək qəbul etmişdir; “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli tirajlarının surətindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 125, 3 saylı mənzilə dair açıq hərracın keçirilməsi, xx.xx.2021-ci il tarixli tirajında isə hərracın baş tutmaması elan edilmişdir; Hərracın yekunları barədə 69/03 nömrəli, xx.xx.2021-ci il tarixli protokolunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1251/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin və Yasamal Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən, "xxxx" MMC-nin təşkilatçılığı ilə hərraclar keçirilmiş və başa çatdırılmışdır, ipoteka saxlayan ipoteka predmetini 203038,65 manat qiymətlə əldə etmək hüququnu bildirmişdir; “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 125, 3 saylı mənzil 203038,65 manata tələbkar "xxxx" BOKT MMC tərəfindən əldə edilmişdir; AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 125, 3 saylı mənzil xx.xx.2021-ci il tarixdə "xxxx" BOKT MMC-nin adına rəsmiləşdirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda xx.xx.2021-ci il və xx.xx.2021 tarixlərində iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hərracın yekunları barədə 69/03 nömrəli, xx.xx.2021-ci il tarixli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 125, 3 saylı mənzil 203038,65 manata "xxxx" BOKT MMC tərəfindən əldə edilmişdir. Hazırda iddiaçı qeyd edilən əmlakların dəyərindən aşağı satıldığına və hərrac təşkil edilərkən (hərracın yeri və barədə bildirişin göndərilməməsi, üçüncü hərracın keçirilməsi) qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin hərrac təşkil edilərkən hərrac təşkilatının əsas vəzifələrindən biri kimi hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə başlanğıc qiyməti haqqında məlumatları əks etdirən bildirişlərin tərəflərə göndərilməsi müəyyən edilmişdir. İddiaçının əsas dəlillərindən biri hərraca çıxarılan daşınmaz əşyanın aşağı qiymətə satılması ilə bağlıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1251/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə daşınmaz əşyanın dəyəri müəyyən edilmiş və açıq hərracdan satılması qət edilmişdir. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mənzilin satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı əmlakın dəyərinin az olmasını belə dəyəri müəyyən edən digər məhkəmə prosesi çərçivəsində mübahisələndirə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Hərracın keçirilməsi qaydalarının pozulması ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 3 nömrəli mənzili xx.xx.2021-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2021-ci ildə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmişdir. İddiaçının ünvanına göndərilmiş və məktub imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2021-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də xx.xx.2021-ci il tarixli bildiriş tərtib olunmuş və tərəflərin ünvanına göndərilmişdir. İddiaçının ünvanına göndərilmiş və məktub “Həşimov” adlı şəxs tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamış, bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında elan verilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlaklar satılmadığına görə ipoteka saxlayan "xxxx" BOKT MMC-yə, ipoteka qoyana və İddiaçı təklif məktubu göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 203038,65 manata almağı təklif etmişdir. Göründüyü kimi, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi, eləcə də üç hərracın keçirilməsi ilə bağlı dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş və həmin bildirişlər qəbul edilmiş, o cümlədən hərracla bağlı qəzetlərdə elanlar verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Üçüncü hərracın keçirilməsi dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, keçirilmiş iki hərrac baş tutmadığına görə tərəflərə göndərilmiş təklifin üçüncü hərrac kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraclara dair bildirişlərin çatdırılmaması, üç hərracın keçirilməsi və əmlakın aşağı qiymətə saılması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar