Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1966/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 və vəkili Göyüșov Rüfət Akif oğlunun iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi və yenidən müddətsiz əmək müqaviləsinin bağlanılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi və yenidən müddətsiz əmək müqaviləsinin bağlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əmək müqaviləsində göstərilən iş vaxtından artıq dövrdə görülən işə görə 22896,72 manat məbləğdə əlavə haqqın tutularaq ona ödənilməsi, onunla yenidən müddətsiz əmək müqaviləsinin bağlanılması, 300 manat vəkilə ödənilən pul və 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə xxxxxxx000100 saylı əmək müqaviləsi bağlanmış və iddiaçı nəqliyyat departamentinə sürücü vəzifəsinə qəbul edilmişdir. İşə başladığı gündən 850 manat əmək haqqı ödənilmişdir. İş vaxtı gündə 7 saat olmaqla, həftə ərzində 40 saatdan çox olmayaraq müəyyən edilmiş, bazar ertəsindən cümə gününə qədər hər gün saat 09:00-dan 17:00-a qədər, şənbə günü isə 09:00-dan 15:00-a kimi iş vaxtı müəyyən edilmiş, nahar fasiləsi hər gün 13:00-dan 14:00-a kimi göstərilmişdir. O, iş vaxtından artıq vaxtda işlədiyi halda ona əlavə əmək haqqı verilməmişdir. Bununla bağlı Salyan rayon Prokurorluğuna şikayət etmiş, həmin müraciət AR ƏƏSMN yanında X4 Xidmətinin Şirvan Salyan Regional idarəsində araşdırılmış və bu fakt öz təsdiqini tapdığından cavabdeh inzibati qaydada cərimə edilmişdir. Mediasiya prosesində ona 5000 manat təklif olunmuş və həmin vəsait az olduğundan tərəfindən imtina edilmişdir. O, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək məzuniyyətdə olmuş. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstə olduğuna görə işə çıxmamışdır. Qalan bütün vaxtları iş vaxtından əlavə olaraq bazar günləri də daxil olmaqla işləmişdir. xx.xx.2024-cü ildə şikayət etdikdən sonra iş vaxtından əlavə işlədilməmişdir. 2023-cü ildə 297 gün, 2024-cü ildə isə 336 gün işləmiş və hər gün də iş vaxtından əlavə işləmişdir. 2023-cü ilin aprel, iyul, oktyabr, dekabr aylarında 5 gün, qalan 8 ayda 4 istirahət günü, cəmi 53 gün istirahət günü olmuşdur ki, xəstə olduğu iyun və iyul aylarına düşən 5 istirahət günün çıxmaqla 48 günün hamısında 08:00-dan 19:00-a kimi işləmişdir. 2024-cü ilin mart, iyun, sentyabr, dekabr aylarında 5 istirahət günü, qalan 8 ayda 4 istirahət günü olmuşdur, cəmi 51 istirahət günü olmuşdur ki, 2 gün iyun, iyul aylarında və 16 dekabrdan sonra istirahət günü, məzuniyyətdə olduğu müddətə düşən 2 gün istisna olmaqla, 49 gün istirahət günü 08:00-dan 19:00-dək işləmişdir. Şənbə günlərinə gəldikdə isə 57 gün 2023-cü ildə 15:00-dan 19:00-a kimi, 52 gün 2024-cü ildə şənbə günü 15:00-dan 19:00-a kimi işləmişdir. 21 ay işlədiyi müddətdə ayda cəmi 4 dəfə olmaqla, il ərzində 84 gün çalışmış, ümumilikdə 633 gün xx.xx.2023-cü ildən xx.xx.2024cü ilədək işdə olmuşdur. Bundan 97 gün bazar günü 11 saat olmaqla, 587 saat işləmişdir. Ayda 4 gün olmaqla hesablansa, 44 saat artıq işləmişdir. Bundan 109 gün şənbə günü və 5 saat hər dəfə artıq olmaqla, 545 saat artıq işləmişdir. Ayda 4 gün olmaqla hesablansa, 20 saat artıq, bundan 427 gün bazar ertəsindən cümə gününə qədər ümumilikdə 1281 saat artıq işləmişdir. Ayda 54 saat bazar ertəsindən cümə gününə qədər artıq çalışmışdır. Həftənin 5 günü yəni bazar ertəsindən cümə gününə qədər 3 saat, şənbə günü 5 saat, bazar günü isə 11 saat artıq işləmişdir. Bir ay üzrə 4 gün şənbə günü, 4 gün bazar günü, 18 gün bazar ertəsindən cümə gününə qədər olan aylıq 118 saat normadan artıq iş vaxtına uyğun olaraq əmək haqqına əlavə olaraq hesablanıb ona ödənilməlidir. 850 manat maaşından 92 manat tutulma olmuş və 758 manat maaş almışdır. Bu maaş aylıq iş saatı olan 164 saata bölünsə, 4,62 manat edir ki, bunun da 2 misli 9,24 edir. Ayda 118 saat normadan artıq işləməyi nəzərə alınıb 9,24-ə vurulsa, 1090,32 manat aylıq əlavə pul ona ödənilməlidir. 21 ay müddətinə hesablansa, bu məbləğ 22896,72 manat edir. Cavabdeh MMC məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən iş vaxtı rejimi həftənin 6 günü, istirahət günü bazar günü olmaqla, həftənin 5 günü İ-V günlər iş başlayır saat 09:00-da, bitir saat 17:00-da. Vİ gün iş başlayır saat 09:00-da, bitir saat 15:00-da. Nahar fasiləsi saat 13:00-14:00-dək olmaqla həftəlik 40 saatı aşmamaqla sürücü işinə qəbul edilmişdir. İşlədiyi dövrlərdə onun iş vaxtının uçotu Əmək Məcəlləsinin 102-ci maddəsinin (1.İşəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatların dəqiq, dürüst uçotunu aparmağa borcludur. 2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.) tələblərinə uyğun olaraq icra edilmiş və bu iş vaxtı uçotu tabellərində onun iş vaxtından artıq işlərə cəlb edildiyi müvafiq ayların iş vaxtı uçotu tabellərində iş vaxtından artıq işlədiyi saatların dəqiq, dürüst uçotu aparılır və bu iş vaxtlarına görə əmək haqqı Əmək Məcəlləsini 165-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə (əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla) əsasən hesablanmış və həmin ayın əmək haqqısı ilə birlikdə ödənilmişdir. İş vaxtı uçotu tabellərində iş vaxtının norması Əmək Məcəlləsinin və onunla bağlanmış Əmək müqaviləsinin şərtlərinə uyğun olaraq həftəlik 40 saat, bəzi aylarda isə ƏM-nin 100-cü maddəsinin (İş vaxtından artıq işlərin son həddi) 1-ci hissəsinin (hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz) tələbləri gözlənilməklə əmək funksiyalarını icra etmişdir. Əmək Məcəlləsinin 9-cu maddəsi əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir. Qeyd olunan maddənin e) bəndinə əsasən iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq və ya onun verilməsinin tələb etmək hüququ vardır. Buradan da belə nəticəyə gəlmək olur ki, İddiaçı işlədiyi iş vaxtı ərzində artıq işə cəlb olunduğu ayların müvafiq günlərində iş vaxtından artıq iş saatlarına cəlb olunmuş və iş vaxtı uçotu tabellərində müvafiq qeydlər aparılmışdır. Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən vaxtından artıq iş işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Belə ki, iş vaxtından artıq işin yerinə yetirilməsi zərurəti ilə əlaqədar olaraq müvafiq Əmr verilsə də işçinin razılığı alınmamışdır. Qeyd olunan iddia tələbi ilə bağlı İddiaçı Salyan rayonunun Prokulorluğuna müraciət etmiş və Salyan Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli İnzibati Xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən Cavabdeh MMC-nin direktoru vəzifəli şəxsi X.A.Göyüşov barəsində İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən İnzibati Xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati tənbeh vermə haqqında qərar qəbul olunması üçün DƏMXnin Şirvan-Salyan Regional şöbəsinə göndərilmişdir. Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN1613682 saylı qərarına əsasən, cəmiyyətın direktoru barəsində İXM-nin 198.1.5-ci maddəsi ilə 500 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 12 avqust 2024-cü il tarixli müvafiq fərmanına əsasən işçi və işəgötürən arasındakı bağlanmış yazılı əmək müqaviləsi elektron sənəd formasında bağlanmış əmək müqqaviləsi ilə əvəz edilmişdir. Bu əmək müqaviləsi və onun şərtləri işçi tərəfindən imzalandıqdan sonra işəgötürən tərəfindən təsdiq olunur. Həmin əmək müqaviləsi elektron informasiya sistemində qüvvəyə minmiş sayılır. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi elektron sənəd formasında bağlanmış əmək müqaviləsinə dəyişdirilmiş müqavilənin digər şərtləri olduğu kimi, həmçinin müqavilənin iş vaxtı rejimi bölməsində qeyd olunmuş həftənin 5 günü 7 saat, şənbə günü 5 saat, həftəlik iş vaxtı 40 saat olmaqla imzalanması üçün İddiaçı göndərilmişdir. İmzalanması üçün İddiaçı göndərilmiş əmək müqaviləsində işçi tərəfindən qeyd olunan şərtlərlə razı olmadığı təqdirdə ona bu əmək müqaviləsində “imtina etmək” səlahiyyəti verilmişdir. Lakin İddiaçı tərəfindən qeyd olunan şərtlərlə işləməyinə dair imtina verilməmiş və həmin şərtlərlə işləməsi ilə bağlı elektron qaydada imzası ilə təsdiq etmişdir. İddiaçı ilə bağlanmış (xx.xx.2023-xx.xx.2023 - 3 ay olmaqla) əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsini 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xx.xx.2025-ci il tarixli əmrlə xitam verilmiş və bu Məcəllənin 83.4 maddəsinə əsasən son haqq-hesabının ödənilməsi sonuncu iş günü təmin edilmişdir. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi əsassız, qanunsuz, qərəzli, şər və böhtan xarakterlidir. Qeyd etdiyi işlədiyi dövr ərzində ona iş vaxtından artıq işə cəlb edildiyi saatlara görə əmək haqqı (saatlıq vəzifə maaşı) hesablanmış və ödənilmişdir. Eyni zamanda cavabdeh etiraz edərək bildirmişdir ki, iddiada qeyd olunan fikirlərdə yanlışlıqlar var. Belə ki, hesablanan rəqəmlər qarışıq və qeyri-dəqiq olmaqla, iddiaçının niyyətinin artıq qazanc əldə etməsi olduğunu göstərir. Belə ki, işlədiyi 20 ay 10 gün müddətində o iki dəfə tam məzuniyyətdə olmuş və bir neçə dəfə bülleten açdırmışdır. Məzuniyyət və bülleten haqqı şirkət tərəfindən tam olaraq ödənilmiş, ümumilikdə isə iddiaçının özünün qeyd etdiyi kimi 96 gün bu və ya digər səbəbdən işdən kənar olmuşdur. İddiaçının tələbi hüquqi, riyazi və faktiki baxımdan əsassız və sübutsuzdur. Vaxtından artıq işin hüquqi əsasları mövcud deyil. Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən, vaxtından artıq iş yalnız fövqəladə hallarda və ya işçinin razılığı ilə mümkündür. İddiaçı isə təqdim etdiyi iddiada belə bir razılıq sənədi, əmrlər, tabel cədvəlləri və ya digər hüquqi sübut təqdim etməmişdir. Belə olan halda, bu iş saatlarının hüquqi əsaslarla tanınması mümkünsüzdür. Riyazi hesablamalarda ciddi uyğunsuzluqlar mövcuddur. İddiaçı 1 il ərzində 109 dəfə şənbə və bazar günləri işlədiyini bildirir. Halbuki 1 ildə maksimum 52 həftə olur və həmin dövrdə işçinin məzuniyyətdə və bülletendə olduğu günləri nəzərə alınsa, real istirahət günlərinin sayı maksimum 84 ola bilər. Buna baxmayaraq, iddiaçı 109 gün işlə təmin olunduğunu və hər şənbə 1 saat, hər bazar 7 saat artıq işlədiyini iddia edir və 62 günə tətbiq edilməklə 545 saatlıq əmək haqqı tələb edir. Bu rəqəmlər heç bir sənədlə əsaslandırılmamış və yalnız fərziyyədir. Bununla yanaşı, iddiaçı aylıq istirahət günlərini hesablayaraq belə qənaətə gəlmişdir ki, guya 53+51+49 gün cəmi 153 gün istirahət günləri olmuş və həmin günlər iddiaçı işləmişdir. Onun bu hesablama zamanı nəyə əsaslandığı bilinmir və tamamilə məntiqsizdir. Çünki bir sonrakı abzasda bazar günlərinin sayını 97 şənbə günlərinin sayını 109 göstərir. Əgər il ərzində şənbə və bazar günləri bir birini izləyirsə o halda onların sayı bərabərə yaxın olmalıdır. Sonra isə 97 bazar günü 11 saat olmaqla, 587 saat artıq işləməsi nəticəsinə gəlmişdir. Sonrakı abzaslarda isə bir ayın 4 bazar günü və 4 şənbə günündən ibarət olmasını qeyd edir və əvvəl yazdıqlarını təkzib edir. Əmək münasibətlərində real iş rejimi nəzərə alınmalıdır. Sürücü peşəsi üzrə çalışan şəxsin hər istirahət günündə müntəzəm işləməsi və bu barədə heç bir zaman rəsmi şikayət etməməsi praktiki baxımdan real deyil. Əgər bu hal davamlı idisə işçinin bu barədə əvvəlcədən hüquqlarının pozulması ilə bağlı müvafiq orqanlara müraciət etməsi gözlənilirdi. İddiaçının təqdim etdiyi tələb əsassız və sübutsuz olduğu üçün iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 və vəkili Göyüșov Rüfət Akif oğlu iddia tələbinin qanunsuz və əsassız olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, tərəflər arasındakı mübahisə mediasiyada öz həllini tapmamışdır; xx.xx.2023-cü il tarixli, xxxxxxx000100 saylı əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin Nəqliyyat Departamentinə sürücü kimi işə qəbul olunmuş, əmək müqaviləsinin müddəti 3 il müəyyən edilmişdir. İşçinin aylıq əmək haqqı 850 manat müəyyən edilmişdir. İşçi gündə 7 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir, iş saat 09:00-da başlanır, saat 17:00-da qurtarır, nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir, işçi həftənin şənbə günü 09:00-15:00 işləyir. Əsas məzuniyyətin müddəti 46 təqvim günüdür; İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, həftənin bazar günləri istirahət günüm olduğu və istirahət günləri öz razılığı ilə işə cəlb olunduğu halda bu günlərin növbəti iş günlərinin istirahət günləri ilə əvəz olunmasına etiraz etmədiyini bildirmişdir; Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli №71 nömrəli Əmrdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 47 təqvim günü (46 gün əsas məzuniyyət + 1 gün bayram) əsas əmək məzuniyyəti hesabına məzuniyyət verilmişdir; Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli №126 nömrəli Əmrdən görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2025-ci ilinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixə kimi 50 təqvim günü (46 gün əsas məzuniyyət + 4 gün qeyri-iş günü) əsas əmək məzuniyyəti hesabına məzuniyyət verilmişdir; X4 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN №1613682 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh MMC-nin sürücüsü İddiaçı iş vaxtından artıq vaxtda işlərə cəlb olunmaqla normal iş və istirahət vaxtı pozulduğuna görə MMC-nin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir; Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli №199 nömrəli Əmrdən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (b) bəndinə əsasən xitam verilmişdir. Şirvan MDM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli №0017794 saylı əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliklə əlaqədar işdən azad edilmişdir; Salyan RMX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli №0199115 nömrəli xx.xx.2024-cü il tarixli №0539322 saylı əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliklə əlaqədar işdən azad edilmişdir; Salyan RMX-nın ASM şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli №0539322 nömrəli xx.xx.2024-cü il tarixli №0539322 saylı əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliklə əlaqədar işdən azad edilmişdir; Cavabdeh MMC tərəfindən təqdim edilmiş işçilərin davamiyyət cədvəlindən çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən işçilərin davamiyyətilə bağlı müvafiq uçot aparılmışdır; Cavabdeh MMC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı 37 saat əlavə iş saatı hesablanmış və bununla əlaqədar ona 416 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 104-cü maddəsinə əsasən məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, 2022-ci ildən 2024-cü ilədək "xxxx" MMC-də işləmiş, iddiaçı ilə iş yoldaşı olmuş, saat 08:00-da işə gəlmişlər 19:00-da işdən çıxmışlar, bayramlarda da işləmişlər, ayda 4 gün istirahət günləri olmuş, hava şəraiti ilə əlaqədar evə göndərildikləri hallar da olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə bir yerdə işləmiş, saat 08:00-da işə gəlmiş, hazırlıq işləri gördükdən sonra 09:00-da işə başlamış, nahar fasiləsi 1 saat olmuş, əlavə iki dəfə 30-40 dəqiqəlik fasilə olmuş, soyuq havalarda iş dayanmış, iş olmayanda öz otaqlarında dincəlmiş, artıq işləyəndə pul ödənilmişdir. İş saatından əlavə qalmaq məcburi olmamışdır. Onlar günləri yazmış, tabeldə artıq saatlar qeyd edilmiş, bununla bağlı ərizə almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, mexanik vəzifəsində iddiaçı ilə bir yerdə işləmiş, texnika gün ərzində maksimum 6-7 saat işləmiş, 09:00-dan 17:00-dək iş vaxtı olmuş, gündə 1 saat vaxt texnikanın hazırlanmasına getmiş, hava şəraiti ilə əlaqədar işləmədikləri vaxtlar da olub, iş saatlarından sonra qalıb işləyənlər də olmuş, artıq iş saatlarına görə pul almışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3501 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilənləri nəzərə alaraq İddiaçı "xxxx" MMC-də işlədiyi müddətdə iş vaxtından artıq işə cəlb edildiyi müəyyən olunmuşdur. Həmçinin qeyd edilir ki, İddiaçı Cavabdeh MMC tərəfindən təqdim edilmiş iş materiallarına əsasən müvafiq aylar üzrə “Əmək Məcəlləsinin 165-ci maddəsinin tələblərinə uyğun olaraq ümumilikdə dövr ərzində iş vaxtından artıq işlədiyi iş saatlarının müddətinin 37 saat olması və həmin iş saatlarına görə 416 manat hesablanaraq ödənildiyi müəyyən olunmuşdur. Beləliklə, iş materiallarının məhkəmə tərəfindən hərtərəfli araşdırılması, tərəflərin izahatları, şahid ifadələri, əmək müqaviləsi, iş vaxtının uçotu və müvafiq normativ aktların tələbləri nəzərə alınmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iş vaxtından artıq işlərə cəlb olunması və buna görə ödəniş edilməməsi barədə tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 89-cu maddəsinə əsasən tam iş vaxtı müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. 101-ci maddəsinə görə iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda. İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur. 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. 107-ci maddəsinə əsasən bu Məcəllənin 101-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. 109-cu maddəsinə əsasən bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Yuxarıda göstərilən hüquqi və faktiki halların məcmusu əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iş vaxtından artıq işlərə cəlb olunması və həmin işlərə görə əməkhaqqı ödənilməməsi barədə iddiası öz sübutunu tapmamışdır. Belə ki, iddiaçı tələbində iş vaxtından artıq vaxt ərzində görülən işə görə ona 22896,72 manat məbləğində əlavə haqqın ödənilməsini tələb etsə də, iş vaxtından artıq nə qədər müddət işləməsini və bu məbləğin necə hesablanmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının öz tələbini əsaslandırdığı müfəttişliyin inzibati xəta haqqında qərarı isə yalnız normativ tələbin pozulmasını təsdiq edir, lakin iddiaçının mövcud tələbinin mahiyyəti üzrə əsaslı olmasını təsdiq etmir. Əksinə iş materiallarına əlavə olunmuş ekspert rəyi, əməkhaqqı sənədləri, tabel uçot cədvəlləri, iddiaçının özü tərəfindən verilmiş yazılı razılıq ərizəsi, habelə şahid ifadələri, işin spesifikası və hava şəraitindən asılı olaraq yaranan fasilələr nəzərə alındıqda, iddiaçının yalnız 37 saat iş vaxtından artıq iş gördüyü və bu saatlara görə 416 manat məbləğində əlavə əmək haqqının işəgötürən tərəfindən tam şəkildə ödənildiyi müəyyən edilmişdir. Bundan başqa, iş şəraitinin mövsümi olması, iddiaçının uzunmüddətli məzuniyyətdə və xəstəlik vərəqələri ilə işdən azad olunduğu dövrlərin mövcudluğu, işin dayandığı günlər və digər hallar əmək məcəlləsi baxımından iş vaxtından artıq işin sistemli və davamlı xarakter daşımasına dair iddiaların əsassız olduğunu göstərir. Məhkəmə iddianın “yenidən müddətsiz əmək müqaviləsinin bağlanılması” hissəsində qeyd edir ki, iddia həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, əmək qanunvericiliyində əmək müqavilələrinin sərbəst bağlanması, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməməsi təsbit edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işəgötürən tərəfindən əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (b) bəndinə əsasən xitam verilmişdir. Hazırda cavabdehin iddiaçı ilə sonuncunun iradəsinə zidd olaraq müddətsiz əmək müqaviləsinin bağlanmasına məcbur etmək qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi və yenidən müddətsiz əmək müqaviləsinin bağlanılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1966/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1966/2025
06.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver