Məhkəmə qərarları › İş №e-2(005)-2042/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2042/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2042/2025 23.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 9597.60 manat məbləğində pul vəsaiti və iddia qaldırılması üçün ödənilmiş 115.98 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 13:50 radələrində Cavabdeh idarə etdiyi “BMW X5” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonunda hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC Servis Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş zərərin qiymətləndirmə aktına əsasən “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 13918.60 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə dəymiş zərərə görə 4321 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Qeyd edilən məbləğ “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün kifayət etmədiyindən əlavə olaraq 9597.60 manat məbləğində pul vəsaitinin ödənilməsi zərurəti yararnmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onlar ekspert rəyində göstərilən məbəğlə razı deyillər. Onların təqdim etdiyi qiymətləndirmə aktı əsas götürlməlidir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, hadisənin baş verməsini və maşına zərər vurulmasını mübahisələndirmirlər. Lakin məbləğ yüksək göstərilmişdir. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən İddiaçı MMC-nin mülkiyyətindədir; - İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və TP ******* saylı qərarın surətlərindən görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir; -"xxxx" MMC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli aktından görünür ki, “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 13918,60 manat dəyərində zərər vurulmuşdur; - "xxxx" ASC-nin nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatından görünür ki, “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 11782,60 manat dəyərində zərər vurulmuşdur; - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə, icbari qaydada sığortalanmış “BMW X5” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, sonuncu nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 11782,60 manat müəyyən edilmişdir; - xx.xx.2025-ci il tarixli, 18619 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 4321 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilmişdir; - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh dəymiş maddi ziyanın 7 gün ərzində ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Chevrolet Cobalt” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) 7800 manat müəyyən olunmuşdur. "Chevrolet Cobalt", **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsindən sonra ziyana uğramış və sökülmüş hissələrinin ayrı-ayrı bazar dəyərini dəqiq müəyyən etmək mümkün deyil. Hadisədən sonra həyata keçirilmiş təmir və hissə dəyişiklikləri barədə dolğun məlumatların olmaması, sökülmüş hissələrin istismar müddəti, texniki vəziyyəti və istifadə yararlılığı səbəbindən bu komponentlərə ayrılıqda sabit kommersiya qiyməti tətbiq edilmir. Buna görə də ziyanın ümumi məbləği mövcud qusur aktı, təqdim olunmuş sənədlər və bazar göstəriciləri əsasında ümumiləşdirilmiş şəkildə hesablanmışdır. Qiymətləndirmə xərci 350 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh idarə etdiyi “BMW X5” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı MMC-nin mülkiyyətində olan "Chevrolet Cobalt", **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə İddiaçı MMC-yə məxsus "Chevrolet Cobalt" markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İcbari qaydada sığortalanmış "Chevrolet Cobalt", **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən tərəfindən iddiaçıya 4321 manat sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı sığorta ödənişi çıxıldıqdan sonra yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş maddi zərərin qalan hissəsinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: törədilmiş əməlin hüquqa zidd olması; əməlin təqsirli olaraq törədilməsi; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Cavabdeh səbəb olduğu zərərə görə Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq məsuliyyət daşıyır. Belə ki, hazırki işdə onun məsuliyyətini istisna edən və Mülki Məcəllənin 1108.2-ci maddəsində sadalanan hallar aşkar edilməmişdir. Bu baxımdan İddiaçı MMC Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə tərəfindən keçirilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 7800 (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) manat olaraq müəyyən edilmişdir. Qeyd olunan məbləğə ƏDV əlavə edildikdə (18 %) ümumi zərər 9204 manat təşkil edir. İcbari sığorta ödənişi kimi isə 4321 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Odur ki, qeyd edilən məbləğ avtomobilə dəymiş zərərə görə ödənilməli olan 9204 manatdan çıxılmaqla (9204-4321) cəmi 4883 manat zərər cavabdehdən tutulmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, vurulmuş zərərə görə məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə rəyinə uyğun olaraq 4883 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş qiymətləndirmə rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan qiymətləndirmə rəyinin qeyrimötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 142,6 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 4883 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 142,6 manat pulun 72 manatı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qiymətləndirmə tədqiqatının dəyəri olan 350 manat pulun 172 manatı İddiaçı MMC-dən, 178 manat hissəsi isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 4883 (dörd min səkkiz yüz səksən üç) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 142,6 manat pulun 72 (yetmiş iki) manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 350 manat pulun 172 (yüz yetmiş iki) manatı İddiaçı MMC-dən, 178 (yüz yetmiş səkkiz) manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAA722) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar