Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2054/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X13 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyası göstərilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X10 onun atasıdır. 1951-ci il təvəllüdlüdür, 74 yaşı var. O, ünvan 1 ünvanında qeydiyyatdadır. A.Aslanov son illər epilepsiya (qıcolmalar) və yaddaş pozuntusu kimi xəstəliklərə düçar olmuş və bununla əlaqədar olaraq özünü müstəqil idarə edə bilmir. Epilepsiya ilə əlaqədar yaddaşında pozuntuların baş verməsi nəticəsində A.Aslanov özünə gündəlik tutub, hər gün hansı hərəkətləri etdiyini, haralara getdiyini, kimlərlə danışdığını qeyd edir. Bəzən öz yaxınlarını belə tanıya bilmir. Son dəfə A.Aslanov stasionar olaraq X5 müalicə almışdır. O, X6 Nevrologiya şöbəsinə “dəqiqləşməyən qıcolmalar” diaqnozu ilə qəbul olunmuş, 8 gün stasionar müalicədən sonra “Baş beyin xroniki işemiyası qıcolma tutmaları” diaqnozu ilə evə buraxılmışdır. X2 ondan başqa yaxın qohumları yoxdur. O, A.Aslanovun yeganə övladıdır. Birinci nikahdan olan arvadı Nina Qiyasovna ilə (onun anası) A.Aslanovun 1992-ci ildə nikahları pozulmuşdur. İkinci nikahdan olan arvadı X1 isə 2021-ci ildə vəfat etmişdir. İkinci nikahdan övladı olmamışdır. A.Aslanov bir neçə dəfə tək küçəyə çıxmış və huşunu itirərək yıxılmışdır. Bəzən isə getdiyi yerləri, imza etdiyi sənədləri, kimə nə qədər məbləğdə pul verdiyini xatırlamır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AA5767043 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1951-ci il tarixdə doğulmuşdur; Xİİİ-ЖГ seriyalı, 396069 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, ata qrafasında X10 qeyd edilmişdir; TƏBİB PBH X11 PBH-in xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X10 xx.xx.2024-cü il tarixdə Mərkəzin Nevrologiya şöbəsinə “Dəqiqləşməyən qıcolmalar” diaqnozu ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 1574 saylı rəyində qeyd edilmişdir ki, X3 “Damar mənşəli (beyin damarlarının aterosklerozu) orta dərəcədə ifadə olunmuş üzvi koqnitiv pozuntu, nəzərə çarpan yaddaş pozuntusu ilə” formasında psixi pozuntu müəyyən edilir; X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X3 onda müəyyən edilən Damar mənşəli (beyin damarlarının aterosklerozu) orta dərəcədə ifadə olunmuş üzvi koqnitiv pozuntu, nəzərə çarpan yaddaş pozuntusu ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 317.3, 318.2 və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixiatrik espertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1951-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2054/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2054/2025
30.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver