Məhkəmə qərarları › İş №e-2(005)-2061/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2061/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2061/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Əli Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Cavabdeh1 qarşı şəxsin razılığı olmadan sosial kirayə müqaviləsinin bağlanması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 razılığı olmadan istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, məhəllə 1987-də yerləşən, 19 nömrəli, 3 otaqlı mənzilin faktiki yaşadığı 2 otaqdan ibarət 46,73 kv.m olan yaşayış sahəsinə dair cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən onunla ayrıca sosial kirayə müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, məhəllə 1987-də yerləşən, 19 nömrəli 3 otaqlı mənzilin faktiki yaşadığı 2 otaqdan ibarət 30,33 kv.m olan sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən onunla (ailə üzvləri ilə birlikdə) ayrıca sosial kirayə müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 10 saylı Sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən 3 otaqlı 46,73 kv.m sahəsi olan mənzil ona və 4 nəfər ailə üzvünə verilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-741/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddia tələbləri təmin edilmişdir. Adıçəkilən mənzilin Cavabdeh1 (övladı ilə birlikdə) faktiki yaşadığı bir otaqdan ibarət 16,43 kv.m olan sahəsinə dair iddiaçı Cavabdeh1 ilə sosial kirayə müqaviləsinin bağlanması Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə həvalə edilmişdir. Sonradan Cavabdeh1 özünə aid mənzilin faktiki yaşadığı bir otaqdan ibarət 16,43 kv.m olan sahəsini özəlləşdirmişdir. Hazırda o, ailə üzvləri ilə birlikdə mənzili 2 otağı ilə istifadə edir və bütün kommunal xərcləri ödəyir. O, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə yaşayış sahəsinin faktiki ayrılması və onunla ayrıca sosial kirayə müqaviləsinin bağlanması barədə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən işin həllinə dair müsbət cavab verilməmişdir. 2009-cu ilədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 84-cü maddəsinə əsasən ailə üzvlərinin tələbi ilə yaşayış sahəsinin kirayə müqaviləsinin dəyişdirilməsi üçün 2 şərt müəyyən edilmişdir: kirayədarın ailə üzvünün payına düşən mənzilin təcrid edilməsinin texniki cəhətdən mümkünlüyü və həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı. Həmin şərtlərdən hər hansı biri yerinə yetirilmədiyi halda yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, Cavabdeh1 məhkəmə qərarı əsasında iddiaçının razılığı alınmadan mənzilin öz istifadəsidə olan hissəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamenti ilə sosial kirayə müqaviləsi bağlamışdır. Cavabdeh1 iddiaçının departament ilə sosial kirayə müqaviləsi bağlamasına onun mülkiyyət hüquqlarına toxunulmasından ehtiyat etdiyi üçün razılıq vermir, lakin əvvəlki iclaslarda belə bir hal olmayacağı təqdirdə etirazı olmadığını bildirmişdir. Buna görə də Cavabdeh1 razılığı olmadan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal- Təsərrüfatı Departamenti tərəfindən iddiaçı ilə ayrıca sosial kirayə müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 10 saylı sərəncamından görünür ki, Montin yaşayış sahəsi, 1987-ci məhəllə, A.Nemətulla küçəsindəki evin 2-ci giriş 1-ci mərtəbəsindəki, sahəsi 46,73 kv.m olan 3 otaqlı, 19 saylı mənzilin 4 nəfər ailə tərkibi ilə İddiaçı verilməsi qərara alınmışdır. - Nərimanov Rayon Məhkəməsinin 2(005)-741/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər X4, X5, İddiaçı, X7 (Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi təmin edilmiş, cavabdehlər X2, X3, İddiaçı və X6 razılığı olmadan Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, məhəllə 1987-də yerləşən, 19 nömrəli 3 otaqlı mənzilinin Cavabdeh1 (övladları ilə birlikdə) faktiki yaşadığı 1 otaqdan ibarət 16,43 kv.metr olan sahəsinə dair iddiaçı Cavabdeh1 ilə sosial kirayə müqaviləsinin bağlanması Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilmişdir; - xx.xx.2022-ci il tarixli, 270 saylı arayışın surətindən görünür ki, İddiaçı, X8, X10, X1 Nemətulla küçəsi 19/87 saylı evin 19 nömrəli mənzilində pasport qeydiyyatındadırlar və yaşayırlar; - xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məktubundan görünür ki, Nərimanov rayonu A.Neymətulla 1987-ci məhəllə ünvanında yerləşən 19 saylı mənzil 3 otaqdan ibarətdir və sahəsi 46,43 kv.m-dir. Həmin mənzil xx.xx.2020-ci il tarixli, 2(005)-741/2020 saylı Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən bölünmüşdür, yaşayış sahəsi 16,87 kv.m və 13,33 k.m olan otaqlar İddiaçı ( ailə tərkibi 4 nəfər), sahəsi 16,43 kv.m olan digər bir otaq Cavabdeh1 ( ailə tərkibi 3 nəfər) aiddir. Mənzilin Cavabdeh1 aid olan hissəsi onun adına özəlləşdirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 10 saylı Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 3 otaqlı 46,73 kv.m sahəsi olan mənzil İddiaçı və 4 nəfər ailə üzvünə verilmişdir. Həmin mənzil Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(005)-741/2020 saylı qətnaməsinə əsasən bölünərək yaşayış sahəsi 16,87 kv.m və 13,33 k.m olan otaqlar İddiaçı ( ailə tərkibi 4 nəfər), sahəsi 16,43 kv.m olan digər bir otaq isə Cavabdeh1 ( ailə tərkibi 3 nəfər) verilmişdir. Həmçinin məhkəmə qətnaməsi ilə X2, X3, İddiaçı və X6 razılığı olmadan həmin mənzilin Cavabdeh1 (övladları ilə birlikdə) faktiki yaşadığı 1 otaqdan ibarət 16,43 kv.m olan sahəsinə dair Cavabdeh1 ilə sosial kirayə müqaviləsinin bağlanmasının Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi qət olunmuşdur. Hazırda iddiaçı Cavabdeh1 onlarla sosial kirayə müqaviləsi bağlanmasına razılıq vermədiyini bildirərək, onun razılığı olmadan sosial kirayə müqaviləsinin bağlanmasının mümkün hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 43.1 və 43.2-ci maddələrinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzili Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 68-ci maddəsinə görə, yaşayış sahəsinin dəyişdirilməsi yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənziltikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə dəyişdirmək ixtiyarına malikdir. Eyni Məcəllənin 85-ci maddəsinə əsasən, icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. xx.xx.2009-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinin mənasına görə dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi məqsədilə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən, bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Eyni Məcəllənin 62.1-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Məcəllənin 68.4-cü maddəsinə görə vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisi və onunla birlikdə yaşayan ailə üzvləri arasında yaşayış sahəsinin dəyişdirilməsinə dair razılıq əldə edilməyibsə, onlardan hər birinin yaşadıqları yaşayış sahəsinin məcburi dəyişdirilməsinin məhkəmə qaydasında həyata keçirilməsini tələb etmək ixtiyarı vardır. Belə olan halda, dəyişdirilən yaşayış sahəsində yaşayan şəxslərin qanuni mənafeləri və diqqətəlayiq dəlilləri nəzərə alınır. İşin hallarından göründüyü kimi, ünvan 1 ünvanda yerləşən 3 otaqlı, 46,73 kv.m sahəli mənzilin cəmi sahəsi 30,2 kv.m olan iki otağı İddiaçı və onun 4 ailə üzvünün istifadəsindədir. İddiaçının həmin əsaslarla yaşayış sahəsinin ona ayrılmış hissəsindən istifadə etməsi mənzil qanunvericiliyi və Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasına tam uyğundur. Bununla belə Cavabdeh1 yaşayış otaqlarına dair ayrıca kirayə müqaviləsinin bağlanmasına etiraz etməsi nəticəsində müqavilənin bağlanması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanda yerləşən 3 otaqlı 46,73 kv.m sahəsi olan mənzilin iki otağından ibarət, həcmi 30,2 kv.m olan sahəsinə nisbətdə Cavabdeh1 İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti ayrıca kirayə müqaviləsinin bağlanmasına razılıq verməməsi iddiaçının yuxarıda sadalanan normalarla müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Belə ki, cavabdeh iddiaçının keçmiş gəlini olmaqla bir evdə yaşasalar da sonradan cavabdehin iddiası əsasında mübahisələndirilən mənzilin 16,43 kv.metr hissəsi onun sahibliyinə və istifadəsinə verilmişdir. Bununla da cavabdeh mənzilin qalan hissəsinə, yəni iddiaçıların istifadəsində olan hissəsinə hüquqlarını itirmişdir. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 razılığı olmadan ünvan 3 ünvanında yerləşən, 19 saylı, 3 otaqlı mənzilin 2 otaqdan ibarət 30 kv.m olan sahəsinə dair İddiaçı ilə (ailə üzvləri ilə birlikdə) sosial kirayə müqaviləsinin bağlanması mümkün hesab edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən, 19 saylı, 3 otaqlı mənzilin 2 otaqdan ibarət 30 kv.m olan sahəsinə dair İddiaçı ilə (ailə üzvləri ilə birlikdə) Cavabdeh1 razılığı olmadan sosial kirayə müqaviləsinin bağlanması mümkün hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar