Məhkəmə qərarları › İş №e-2(005)-2073/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2073/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2073/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG televizor üçün 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 350.00 (üç yüz əlli) manat cərimə pulu ümumilikdə, 1050.00 manat borc və 30.50 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsində cavabdeh kimi Cavabdeh göstərilmişdir, lakin “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışla müəyyən olunur ki, cavabdeh qismində göstərilmiş Cavabdeh (FİN: xxxxxxx) xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırki iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. -48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. -50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. - 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göründüyü kimi qanunvericiliyə əsasən, bütün fiziki şəxslər doğulduğu andan hüquqlarının müdafiəsi mümkünlüyünü ifadə edən mülki-prosessual hüquq qabiliyyətinə malik olurlar və onların ölümü ilə bu qabiliyyətlərinə xitam olunur. İddia tələbinin yönələ bildiyi şəxs yalnız cavabdeh ola bilər, lakin iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh kimi göstərilmiş Cavabdeh vəfat etmiş olduğundan və nəticədə ona qarşı tələb irəli sürmək mümkünlüyü aradan qalxdığından hazırkı iddia tələbinə də məhkəmə qaydasında baxıla bilməz və ona görə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. -153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. -284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə. -284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə (qəbz № **********) 30,51 (otuz manat əlli bir qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin baxılmaq üçün icraata qəbul edilməsindən imtina edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30,51 (otuz manat əlli bir qəpik) manat dövlət rüsumu da ona geri qaytarılmalıdır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, iddiaçı cavabdehin hüquq varisi müəyyən edildikdən sonra qanunvericiliyə uyğun olaraq ümumi qaydada məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 153, 261-264 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunsun. İddiaçı cavabdehin hüquq varisi müəyyən edildikdən sonra qanunvericiliyə uyğun olaraq ümumi qaydada məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə (qəbz № **********) ödənilmiş 30,51 (otuz manat əlli bir qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar