Məhkəmə qərarları › İş №e-2(005)-2078/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2078/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2078/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0,40 manat xidmət haqqının, ümumilikdə 4565,40 manat vəsaitin tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21063” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci tarixədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2019-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində X10 məxsus “VAZ 21063” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə yolun hərəkət hissəsində piyada qismində hərəkətdə olmuş X13, X15 və X1 sağlamlığına zərər vurmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-195/2020 nömrəli hökmünə əsasən cinayət işi üzrə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh sözügedən yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmış, zərərçəkmiş şəxslərə hər hansı köməklik göstərməmişdir. Bu səbəbdən sonuncunun əməli Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə tövsif edilmiş və şəxs həmin əsasla cinayət məsuliyyətinə cəlb edilmişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar verilmiş xx.xx.2020-ci il tarixli, 131, 132 və 133 nömrəli ekspert rəylərinə əsasən X13, X15 və X12 az ağır dərəcəli bədən xəsarətləri almışlar. Sığorta hadisəsi ilə əlaqədar iş üzrə 9032, 9033 və 9035 nömrəli aktlar tərtib edilərək sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən zərərçəkənlərin hər birinin sağlamlığına dəymiş zərərə görə almış olduqları xəsarətin dərəcələrinə müvafiq olaraq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.1-ci maddəsinə əsasən 1500 manat olmaqla, ümumilikdə 4500 manat məbləğində sığorta ödənişi verilmişdir. Subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Şirkət tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehə pretenziya məktubu göndərilmiş, lakin məktub geri qaytarılmışdır. Məhkəmə mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı X16 arasında “VAZ 21063” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortalanmasına dair xx.xx.2019-cu il tarixdə 12 ay müddətinə müqavilə bağlanmışdır; Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 9032 saylı aktın surətindən görünür ki, X6 yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərəri 1500 manat məbləğində müəyyən etmişdir; Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 9033 saylı aktın surətindən görünür ki, X11 yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərəri 1500 manat məbləğində müəyyən etmişdir; Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 9035 saylı aktın surətindən görünür ki, X4 yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərəri 1500 manat məbləğində müəyyən etmişdir; xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 1500 manat məbləğində sığorta ödənişini X2 hesabına köçürmüşdür; xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 1500 manat məbləğində sığorta ödənişini X7 hesabına köçürmüşdür; xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 1500 manat məbləğində sığorta ödənişini X8 hesabına köçürmüşdür; AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X23 131 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, X3 aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın sağ yarısının tüklü hissəsinin əzilmiş yarası, çanağın qapalı travması, oturaq sümüyünün, qasıq sümüyünün sirkə kasasının dibinə keçən və büzdüm sümüyünün yerdəyişmə ilə qapalı sınıqları - küt əşyanın (əşyaların) təsirindən törənilmiş, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2019-cu il tarixdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir; AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X23 132 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, X9 aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin əzilməsi, üz, boyun, döş qəfəsinin çox saylı sıyrıqları və qançırları, döş qəfəsinin küt travması, ağ ciyərlərin əzilməsi - küt əşyanın (əşyaların) təsirindən törənilmiş, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2019-cu il tarixdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir; AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X23 133 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, X5 aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bud sümüyünün orta üçdə birinin qapalı yerdəyişən sınığı, döş qəfəsinin sağ yarısında 4 və 5 qabırğanın ön qoltuqaltı xətti üzrə qapalı sınıqları - küt əşyanın (əşyaların) təsirindən törənilmiş, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2019-cu il tarixdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir; Nərimanov Rayon Məhkəməsinin 1(005)-195/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh sığortalanmış “VAZ 21063” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, piyadaları vuraraq hadisə yerini tərk etmiş və nəticədə piyadalara zərər dəymişdir. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmişdir. Hazırda isə sığortaçı sığorta aktlarına əsasən cəmi ödədiyi 4500 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Mülki Məcəllənin 936-cı maddəsinin məzmununa uyğun olaraq subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, həmçinin subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərəvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yarana bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 13.1 və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi sığorta hadisəsi hesab edilən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri müəyyən edilmiş cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi xx.xx.2019cu il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” növü üzrə sığortalandığından və cavabdeh hadisə yerindən yayındığından, sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə (hadisəni törətmiş şəxsə) qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış şəxslərin bank hesabına AR Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ümumilikdə 4500 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 4500 manat, dövlət rüsumuna görə ödənilmiş 65 manat, dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0,40 manat xidmət haqqı olmaqla, cəmi 4565,40 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 4500 manat, dövlət rüsumuna görə ödənilmiş 65 manat, dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0,40 manat xidmət haqqı olmaqla, cəmi 4565,40 (dörd min beş yüz altmış beş manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar