Məhkəmə qərarları › İş №e-2(005)-2126/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2126/2023

09.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2126/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri 9 saylı X12, 21 saylı Dövlət Notariat Ofisi, 27 saylı Dövlət Notariat Ofisi və AR Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Öublik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil alqı-satqı müqavilələrinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı X12, 21 saylı Dövlət Notariat Ofisi, 27 saylı Dövlət Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Öublik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil alqı-satqı müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 24 saylı DNK-da cavabdehlər Cavabdeh2 ilə X9 arasında bağlanaraq təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələrinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, X5 ilə xx.xx.2005-ci ildə rəsmi nikah bağlayıb ailə qurmuşdur. Bu barədə Ağdam rayonu, Gülablı kənd Ərazi Nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 20 №-li qeyd edilmişdir. Həmin nikahdan 2 övladları - xx.xx.2007-ci il təvəllüdlü Hüseyn Nəbizadə və xx.xx.2013-cü il təvəllüdülü İbrahim Nəbizadə vardır. Onlar evliliyin ilk vaxtlarında 8-ci kilometr qəsəbəsində, sonra isə “Çermet” deyilən ərazidə kirayənişin yaşamış, 2006-cı ilin ortalarından etibarən həyat yoldaşı Gündüz Nəbiyevin aldığı Bakı şəhəri, Təbriz küçəsi, 116 saylı evin 1-ci blokundakı 8 saylı 2 otaqlı mənzilə köçərək yaşamış, daha sonra, yəni 2007-ci ilin ortalarında isə həyat yoldaşının həmin binanın 5-ci blokunda aldığı yeni 3 otaqlı mənzilə köçmüşlər. İddiaçı bildirir ki, 2022-ci ilin noyabr ayının sonunda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən evlərinə gələn məktubdan ona məlum olmuşdur ki, yaşadıqları 3 otaqlı mənzilə görə onları (iddiaçı və onun həyat yoldaşını) məhkəməyə veriblər. Bundan sonra isə iddiaçının qaynı Sahiblə (yəni qardaşı ilə) telefon danışıqlarından başa düşmüşdür ki, həyat yoldaşı sələmə götürdüyü pulu sələmlə birlikdə “sələmçi”yə qaytarsa da, həmin adamın oğlu (yəni iddiası üzrə 1-ci cavabdeh) atasının ölümündən sui-istifadə edərək onları məhkəməyə vermişdir. İddiaçı bildirir ki, həyat yoldaşı 16 dekabr 2022-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyindən vəfat etmişdir. İddiaçı bildirir ki, qaynı Şahid5 ona dediklərindən ona məlum olmuşdur ki, yaşadıqları Bakı şəhəri, Təbriz küçəsi, 116 saylı evin 5-ci blokundakı 3 otaqlı mənzil birləşdirilmiş 2 mənzildən, yəni 44 və 45 saylı mənzillərdən ibarətdir ki, həyat yoldaşı həmin mənzilləri 2007-ci ildə Pərviz adlı əvvəlki sahibindən də belə vəziyyətdə almış, “məcburi köçkün” olduğundan isə həmin mənzilləri baldızı Cavabdeh2 (yəni bacısının) adına rəsmiləşdirmişdir. Bundan 2 il sonra, yəni 2009-cu ildə isə özünün ticarət işləri ilə əlaqədar pul lazım olduğundan həmin mənzilləri iddiası üzrə 1-ci cavabdehin atası X9 ilə formal alqı-satqı edərək ondan faizə pul götürmüşdür. Həyat yoldaşı 2017-ci ilədək həmin şəxsə “əsas borc”la birlikdə külli miqdar pul versə də, Loğman Orucov yalnız bir mənzili, yəni 2 otaqlı 44 saylı mənzil geriyə qaytarmış, həmin mənzil isə iddiaçının xəbəri olmadan, yəni həyat yoldaşının ondan baldızı Cavabdeh2 oğlu Şahid6 adına alınmış etibarnamə əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. Bundan sonra Loğman Orucov digər, yəni 1 otaqlı 45 sayl mənzilə görə həyat yoldaşından “sələm” almaqda davam etmişdir. Odur ki, həyat yoldaşı bundan sonra da, yəni 2020-ci ilin oktyabr ayının sonunadək həmin mənzilə görə də “əsas borc”la birlikdə külli miqdar sələm ödəməyə məcbur olmuş, yalnız bundan sonra onlar mənzilin geriyə qaytarılması ilə bağlı məsələni həll etmək üçün bazar günü görüşərək söhbət etmişlər. Həmin söhbət zamanı Loğman Orucov 1-ci gün (2020-ci ilin noyabr ayının 2-si nəzərdə tutulur) ağır gün olduğunu bildirərək notariusa 2-ci gün, yəni 3 noyabr 2020-ci il tarixdə getməyi vəd etmiş, lakin həmin tarixdə onun ölüm xəbəri yayılmışdır. Bu səbəbdən də 2-ci mənzili geriyə rəsmiləşdirmək mümkün olmamışdır. Loğman Orucovun ölümündən bir müddət sonra isə onun 2 oğlundan biri, yəni hazırki iddia üzrə 1-ci Cavabdeh1 atasının vəfatından sui-istifadə edərək iddiaçının həyat yoldaşından faiz tələb etməyə başlamış, lakin həyat yoldaşı öz növbəsində borcu artıqlaması ilə bağladığını bildirərək mənzilin geri qaytarılmasını tələb etmiş, Cavabdeh1 isə bundan imtina edərək iddiaçının həyat yoldaşının başına oyun gətirəcəyi ilə dəfələrlə hədələmiş, sonra isə hadisələr yuxarıda göstərildiyi kimi cərəyan etmişdir. Bütün bu baş verənlərə görə iddiaçı, vəkil tutmaq və məsələni qanuni yolla həll etmək məsləhət görüldüyündən hüquqi yardım üçün 4 saylı Vəkil Bürosu ilə müqavilə bağlamışdır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli məlumatında göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 116 saylı evin 44 və 45 saylı mənzilləri 9 saylı DNK-da eyni gündə, yəni xx.xx.2007-ci il tarixdə bağlanaraq müvafiq olaraq 4Ə-1/72 və 4Ə-1/71 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən Şahid3 adından Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Sonra isə həmin mənzillər 24 saylı DNK-da eyni, yəni xx.xx.2009-cu il tarixli 4Ə2-232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən X4 adına qeydiyyatdan keçmişdir. Bundan sonra isə Bakı şəhəri 21 saylı DNK-da xx.xx.2017-ci il tarixli 4Ə-336 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən yuxarıda göstərilən mənzillərdən biri, yəni 44 saylı mənzil X4 adından iddiaçının adına keçmişdir. Digər, yəni 45 saylı mənzil isə Bakı şəhəri 27 saylı DNK-nın xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İddiaçı bildirir ki, sözügedən mənzillər birləşdirilmiş 3 otaqlı vəziyyətdə (yəni hazırki vəziyyətdə) Şahid3 alqı-satqı edildikdən sonra müqavilə tərəfləri özlərinin “vermə” və “ödəmə” öhdəliklərinə əməl etmiş, yəni onlar ailəlikcə həmin mənzilə köçmüş və həmin birləşdirilmiş mənzildə 16 ildir ki, fasiləsiz olaraq yaşayırlar. İddiaçı bildirir ki, həmin mənzildə onlardan başqa heç kim, yəni nə X9, nə də ki, Cavabdeh1 bir gün də olsun yaşamamışlar. O qeyd edir ki, 24 saylı DNK-da Cavabdeh2 ilə X9 arasında bağlanaraq təsdiq edilmiş xx.xx.2009cu il tarixli 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələrinin yalan əqd olduğuna dəlalət edir. Yəni alıcı X9 həmin mənzilləri adına salmaqla göstərilən alqı-satqı müqavilələrinin həqiqi nəticəsini yox, iddiaçının həyat yoldaşına sələmə verdiyi pulun faizlərlə birlikdə qaytarılması məqsədini güdmüşdür. Ona görə də, iddiaçı hesab edir ki, 24 saylı DNK-da Cavabdeh2 ilə X9 arasında bağlanaraq təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələri bağlandığı andan əhəmiyyətsizdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 24 saylı DNK-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116-da yerləşən 44 saylı ikiotaqlı və 45 saylı birotaqlı mənzillərə dair cavabdehlər Cavabdeh2 ilə X9 arasında bağlanaraq təsdiq edilmiş 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X6 verilmiş mülkiyyət hüququna dair çıxarışların və həmin çıxarışların hüquqi nəticələrinin etibarsız hesab edilməsi, göstərilən mənzillərə dair X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və onların hüquqi nəticələrinin ləğv edilməsi; Bakı şəhəri 27 saylı notariat ofisində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116-da yerləşən 45 saylı bir otaqlı mənzil barəsində rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin və eyni tarixli “Miras payın bölüşdürülməsi Müqaviləsi”nin göstərilən mənzilin Cavabdeh1 adına qeydə alınması barədə vərəsələrin razılığı hissəsində və göstərilən hüquqverici sənədlər əsasında göstərilən mənzil barəsində Cavabdeh1 DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində hüquq barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın isə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, güya onun heç bir şeydən xəbəri olmadığını bildirmiş, yalnız məhkəmə prosesi başlayanda ona məlum olmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı iddia tələbində göstərdiklərinin hamısı cəfəngiyyatdır. İddiaçı hər bir şeydən xəbəri olmuş, sadəcə olaraq müddət məsələsini pərdələmək məqsədi ilə belə bir mülahizə irəli sürmüşdür. Hamıya məlumdur ki, 2009-cu ildən 14 il keçmişdir, onlar bir ailə olaraq bütün hərəkətləri məsləhətləşərək etmişlər və İddiaçı hər bir şeydən xəbəri olmuşdur. İddiaçı iddia müddəti tətbiq olunmalı və iddia tələbi rədd edilməlidir. Sözügedən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116-da yerləşən 45 saylı birotaqlı mənzil Bakı şəhəri 24 saylı DNK-da xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında alınmış, lakin iddiaçı isə 2023-cü ildə iddia qaldıraraq ümumilikdə kəsici müddəti ötürmüşdür. Alqısatqı müqaviləsi etibarsız olsa belə, iddiaçının məhkəmədə 14 il müddət ərzində iddia qaldırmaq hüququ mövcud deyildir. O, müqavilənin etibarsızlığının nəticələri barədə xx.xx.2009-cu il tarixdən 1 il ərzində iddia qaldıra bilərdi. Alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələblərinə uyğun şəkildə bağlanmışdır, iddiaçı öz iddia tələbinin əsası kimi sübutları məhkəməyə təqdim etmədiyini bildirmiş və iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər nümayəndələrinin prosesdə iştiraklarını təmin etməmişlər. Belə olan təqdirdə, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Cavabdeh1 qardaşıdır. Ataları vəfat etdikdən sonra atalarından qalan miras əmlakları iki qardaş aralarında bölmüşlər. Mübahisəli mənzildə iddiaçının həyat yoldaşı Gündüz Nəbiyevin kirayədə qaldığını bildirmişdir. Şahid5lə aralarında başqa iş – biznes münasibətləri olub, lakin Loğman Orucov heç vaxt sələmə pul verməyib. Mərhum atasının özü sahibkarlıq fəaliyyəti ilə məşğul olub və Şahid5 şahidin vasitəsi ilə tanıyıb. Nəbiyev Gündüz onun atasının evində kirayəçi kimi yaşayıb. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2007-ci ildə alqı-satqı yolu ilə alıcı Cavabdeh2 makler Adilin vasitəsi ilə 2 mənzil: 2 otaqlı və 1 otaqlı mənzil satmışdır. Mənzillərin çıxarışı ayrı-ayrı olsa da, mənzillər faktiki birləşdirilmişdi. Mənzil 17 saylı Polis Bölməsinin yerləşdiyi, “Şinçilik” zavodunun binası idi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, mübahisəli mənzilin olduğu binaya yaxın ərazidə mer-meyvə satışı ilə məşğul olur. Gündüz Nəbiyevi 2007-2008-ci illərdən tanıyır. Eyni binanın 2-ci blokunda o, 5-ci blokunda isə Gündüz Nəbiyev ailəsi ilə birgə yaşamışdır. Həmin mənzilə meyvə aparan zaman mənzildə Gündüz Nəbiyevin yaşadığını görmüşdür. Onların evləri 2007-ci ildə satılmışdır. 2009-cu ildə ev alqı-satqısında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun bacısı, İddiaçı onun mərhum qardaşı Gündüz Nəbiyevin arvadıdır. Cavabdeh1ı pandemiyadan əvvəl 1-2 dəfə mərhum atası Nəbiyev Loğman ilə birlikdə görüb. Şahid bildirir ki, onların ailəsinə təcili pul lazım olmuş, 2008-ci ildə Lətafət xanımın vasitəsilə soyadını xatırlamadığı Adil adlı şəxsi və Ceyhun Orucovu tanımışdır. “Oksigen” klinikasının arxasındakı binadakı 2 otaqlı evi girov qoyub 60.000 manat məbləğində pul, sonra isə o biri evi girov qoyub 40.000 manat məbləğində kredit pul götürmüşlər. Bütün bu məsələlər Ceyhun Orucovla həll edilib, cavabdehin əlaqəsi olmayıb. Əvvəl pulun Ceyhunun atası – yəni Loğman Nəbiyevə məxsus olması barədə məlumatı olmayıb. Bu fakt onlara sonradan agah olub. Loğman Nəbiyeva aybaay kredit ödəməyə başlamışlar. Sonradan xəbəri olmuşdur ki, borcun böyük bir hissəsini ödəyən Gündüz Nəbiyev 2 otaqlı evi geri əldə edib. Sonra Gündüz ona dedi ki, Loğman Nəbiyevə cüzi borcu qalıb. Aralarında razılaşıblarki o borcu da Loğman Nəbiyevin nəvəsinə ödənilsin, yaxın günlərdə notariat ofisinə gedib alqı-satqı edəcəklər. Nəbiyev Loğman bildirib ki bazar ertəsi “ağır” gündür, ona görə çərşənbə axşamı gedək. Sonra xəbər gəldi ki L.Nəbiyev qəfildən rəhmətə gedib. İddiaçı bu hadisələrdən heç bir məlumatı olmayıb. L.Nəbiyev rəhmətə gedəndən sonra iddiaçının evlərinə zənglər gəlməyə başlamış, cavabdeh G.Nəbiyevdən evi tərk etməyi tələb etmişdir. Məsələ ilə bağlı Ceyhun Orucova müraciət edilsə də, o şahidə bildirib ki, daha vərəsəlik məsələsi həll edilib, həmin mənzil Cavabdeh1 mülkiyyətinə verilib. Amma qardaşı ilə danışıb həll etməyə çalışacaq. X15 şahidin zənglərinə cavab verməməyə başladı. Adil rəhmətə gedib. Lətafət xanımla əlaqəsi yoxdur. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - Ağdam rayonu Gülablı kənd Ərazi Nümayəndəliyi tərəfindən 01 may 2005-ci il tarixdə verilən AZ-İ 155058 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X8 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar və nikah həmin tarixdə akt qeydləri kitabına 20 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Ərə Nəbiyev, arvada Nəbiyeva soyadları verilmişdir. - ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” Şahid3 ünvan 1 ünvanda yerləşən mənzili “Alıcı” Cavabdeh2 26130 manata satmışdır. - ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” Cavabdeh2 ünvan 2 ünvanda yerləşən mənzili “Alıcı” X6 40000 manata satmışdır. - AR ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X4 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2010-cu il tarixdə ********** saylı qeydiyyat aparılmışdır. - 134 saylı MKİS tərəfindən verilən arayışın surətindən məlum olur ki, X9 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 116 saylı evin 45 nömrəli mənzilin sahibidir və həmin mənzildə xx.xx.2010-cu il tarixdən qeydiyyatda heç kim yoxdur. - AR ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 50.22 kv.m olan mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2017ci il tarixdə ********** saylı qeydiyyat aparılmışdır. - AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı ünvan 3 ünvanlanan məktubundan görünür ki, ünvan 2 Bakı şəhəri 21 saylı DNK-nın xx.xx.2017ci il tarixli 4Ə-336 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 Bakı şəhəri 27 saylı DNK-nın xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 16 mart 2021-ci il tarixdə verilən AZ-İİ 177642 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində “ürəyin aterosklerotik xəstəliyi” səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1277 nömrəli qeyd aparılmışdır. - 16 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri – arvadı X3, övladları X7, Cavabdeh1 və onların hər biri miras əmlakdan 1/3 hissələrlə irs almalıdırlar. Miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34.02 kv.m, yaşayış sahəsi 17.92 kv.m, yardımçı sahəsi 16.1 kv.m, 1 otaqlı mənzildən ibarətdir. - 16 may 2021-ci il tarixli miras payın bölüşdürülməsi müqaviləsinin surətindən məlum olur ki, tərəflər - X3, X7, Cavabdeh1 mülkiyyət hüququnun ünvan 4 ünvanında yerləşən mənzili və ünvan 5nında yerləşən mənzili X1 adına, ünvan 6 ünvanında yerləşən mənzilin və Bakı şəh., Nərimanov ray.,Təbriz küç., ev 116, mənzil 45 Cavabdeh1 adına qeydə alınması razılığına gəlmişlər. - AR ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 34.02 kv.m olan mənzil Cavabdeh1 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2021-ci il tarixdə ********** saylı qeydiyyat aparılmışdır. - AR DİN tərəfindən xx.xx.2022-ci il tarixdə verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışın surətindən görünür ki, Cavabdeh1 09 iyun 2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 26 dekabr 2022-ci il tarixdə veriləm AZ-İİ 323137 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində “ürəyin kəskin işemik xəstəliyinin digər formaları” səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 1046 nömrəli qeyd aparılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şahid3 02 fevral 2007-ci il tarixdə 4Ə- 1/72 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, 44 ünvanında yerləşən mənzili (bundan sonra 44 saylı mənzil) 43550 manat məbləğə Cavabdeh2 satmışdır. Eyni tarixli, 4Ə-1/71 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Şahid3 mülkiyyətində olan, ünvan 9 ünvanında yerləşən mənzili 26130 manat məbləğə Cavabdeh2 satmışdır. Daha sonra Cavabdeh2 ilə X9 arasında bağlanmış 07 iyun 2009-cu il tarixli, 4Ə-2-232 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, 44 saylı mənzili 40000 manat məbləğ pul müqabilində X4 adına qeydiyyatdan keçirilmişdir. Eyni tərəflər arasında, eyni tarixli, 4Ə-2-231 reyestr nömrəli müqavilə əsasında 45 saylı mənzilin 25000 manat müqabilində X4 adına qeydiyyatdan keçirilmişdir. 44 saylı mənzil 31 avqust 2017-ci il tarixli, 4Ə-336 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı adına qeydiyyatdan keçmişdir. Cavabdeh1 atası mərhum X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində “ürəyin aterosklerotik xəstəliyi” səbəbindən ölmüşdür.16 may 2021-ci il tarixli 2V-175 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhdətnaməsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Cavabdeh1 22 noyabr 2022-ci il tarixdə məhkəməyə iddia ərizsəi ilə müraiət edərək, cavabdehlər X5 və İddiaçı 45 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalarını, mülkiyyət hüququnun bərpa edilməsini, otaqlar arasında sökülmüş divarın, giriş qapısının cavabdehlərin hesabına bərpa edilməsi sözügedən mənzilin əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 16 dekabr 2022-ci il tarixdə Gündüz Nəbiyev “ürəyin kəskin işemik xəstəliyi” səbəbindən vəfat etmişdir. Bundan sonra iddiçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyun 2009-cu il tarixli 4Ə-2- 232 və 4Ə-2-231 reyestr nömrəli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X6 verilmiş mülkiyyət hüququna dair çıxarışların və həmin çıxarışların hüquqi nəticələrinin etibarsız hesab edilməsi, göstərilən mənzillərə dair X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və onların hüquqi nəticələrinin ləğv edilməsi; Bakı şəhəri 27 saylı notariat ofisində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116-da yerləşən 45 saylı bir otaqlı mənzil barəsində rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin və eyni tarixli “Miras payın bölüşdürülməsi Müqaviləsi”nin göstərilən mənzilin Cavabdeh1 adına qeydə alınması barədə vərəsələrin razılığı hissəsində və göstərilən hüquqverici sənədlər əsasında göstərilən mənzil barəsində Cavabdeh1 DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində hüquq barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın isə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Mülki iş üzrə cavabdeh qismində cəlb edilən Cavabdeh2 (İddiaçı mərhum həyat yoldaşı X2 bacısı) iddia tələbini etiraf etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM): 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 152.5.-ci maddəsində əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair 18 mart 2022-ci il Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarda göstərilmiş hüquqi mövqeyinə əsasən, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. İddia ərizəsində alqı-satqı müqavilələrinin etibarsızlığı aşağıdakı əsaslarla mübahisələndirilir: Əslində müqavilə tərəflərinin niyyəti daşınmaz əmlakı mülkiyyətə keçirmək olmamışdır. Belə ki, mərhum X9 və onun oğlu X1 mərhum X5 və onun qardaşı Şahid5 “sələm”ə pul verməsinin qarşılığına mənzillər “girov” qoyulmuş, mərhum G.Nəbiyev borcun böyük hissəsini qaytardığında 44 saylı mənzili mülkiyyətinə qayıtmış, lakin 45 saylı mənzil qayıtmamışdır. G.Nəbiyev mərhum L.Orucovla mənzili mülkiyyətinə qaytarmaq istiqamətində razılıq əldə etsə də, sonuncu vəfat etdiyində bu baş tutmamışdır. İddiaçılar fasiləsiz şəkildə həmin mənzildə yaşayırlar. Keçmiş mülkiyyətçinin vaxtından 44 və 45 saylı mənzillər bitişik olub. Lakin nə hazırki mülki iş üzrə cavabdeh, nə də ki onun mərhum atası mənzildə bir gün də olsa yaşamamışdırlar. Məhkəmə ilk növbədə iddiaçının mərhum həyat yoldaşı G.Nəbiyevlə cavabdehin mərhum atası L.Orucov arasında borc münasibətlərinin olduğu ilə bağlı əsasa münasibət bildirməyi zəruri hesab edir. İddiaçı tərəfindən həmin tərəflərin arasında belə münasibətlərin olması ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçının mərhum həyat yoldaşı Gündüz Nəbiyevin hansı tarixlərdə, hansı məqsədlərlə Loğman Nəbiyevdən borc alması, bu borcun hansı hissəsinin qaytarılması ilə bağlı hər hansı iltizam, yazılı sənəd, müqavilə təqdim edilməmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən işin mübahisəsiz halı ondan ibarətdir ki, Güzndüz Nəbiyev və onun qardaşı Şahid5 tərəfindən L.Orucov və ya onun oğlu Ceyhun Orucova qarşı pul tələbi ilə bağlı hər hansı iddia qaldırılmamış, tərəfdən əsassız şəkildə faizə pul tələb edilməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edilməmişdir. Beləliklə, iddiaçı öz dediklərini şahid ifadəsi, iddiaçının izahatı və Cavabdeh2 etirafı ilə əsaslandırır. Məhkəmə şahidlərin ifadələerinə də qiymət verərək hesab edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gediшi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. İddia tərəfinin vəsatəti əsasında ifadə vermiş şahidlərdən biri - Şahid3 mənzilin əvvəlki mülkiyyətçisi olmaqla, hazırki mülki iş üzrə tərəflərin, eyni zamanda mərhum X11 Nəbiyevin arasındakı münasibətlər barədə hər hansı məlumat verməmişdir. Mübahisəli mənzilin iddiaçı və onun ailəsinin istifadəsində olması isə işin mübahisəsiz halıdır. Digər şahid – Şahid2 ümumiyyətlə mülkiyyətlə bağlı tərəflərin arasında mövcud olmuş və olan münasibətlər barədə heç bir məlumata sahib olmamaqla, yenə də mənzilin iddiaçının və onun ailəsinin istifadəsində olması faktını təsdiq etmişdir. Tərəflərin arasında pul-borc münasibətlərinin olması ilə bağlı ifadə verən yeganə Şahid5 isə İddiaçı mərhum ərinin qardaşıdır. Özü də ifadəsində bildirmişdir ki, onların ailəsinə təcili pul lazım olmuşdur, buna görə Loğman Nəbiyevdən faizə borc pul götürmək məcburiyyətində qalmışdırlar. Eyni zamanda Nərimanov Rayon Məhkəməsində başqa hakimin icraatında olan 2(005)-587/2023 saylı mülki iş üzrə 08 dekabr 2023-cü il tarixli hazırlıq iclasının protokolundan və audio-video yazısından (müvafiq məhkəmə iclas protokoluna və audio-video yazını özündə əks etdirən elektron daşıyıcıya məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş və mülki işin materiallarına əlavə edilmişdir) müəyyən edilir ki, İddiaçı mərhum əri Nəbiyev Gündüz izahatında bildirmişdir ki, mənzilin girov qoyulmasından onun xəbəri olmamış və mənzil qardaşı Şahid5 tərəfindən girov qoyulmuşdur. Belə olan halda, məhkəmə Şahid5 ifadəsini ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, şahidin ifadəsi mülki işin digər materilalları ilə öz təsdiqini tapmır. Məhkəmə Cavabdeh2 iddia tələbini etiraf etməsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh2 da İddiaçı mərhum həyat yoldaşı G. Nəbiyevin bacısıdır. Onun iddia tələbini etiraf etməsi mülki işin digər materialları ilə öz təsdiqini tapmır. Eyni zamanda cavabdehin hüquqlarını əsassız pozur. Buna görə də məhkəmə həmin etirafı mülki prosessual qanunvericiliyin tələblərinə əsasən inandırıcı hesab etmir və qəbul etmir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə eyni zamanda iddia ərizəsində göstərilən, müqavilənin bağlanmasından 14 il müddət ötməsinə baxmayaraq, İddiaçı daşınmaz əmlakın kimin mülkiyyətində olması, 2007-ci və 2009-cu il tarixlərdə müqavilələrin bağlanması, 2017-ci ildə 44 saylı mənzilin yenidən Cavabdeh2 adına keçirilməsi, lakin 45 saylı mənzilin L.Orucovun mülkiyyəti olaraq qalması faktının ona məlum olmaması barədə dəlilini də əsassız hesab edir. Belə ki mülki işin materilları ilə təsdiq olunur ki, İddiaçı ilə G.Nəbiyev birgə təsərrüfat idarə etmiş, bir evdə yaşamış, birgə nikahdan iki övlad böyütmüşdürlər. Belə olan təqdirdə məhkəmə iddiaçının öz həyat yoldaçının borcunun olması, bu borcun müqabilində evi girova qoyması və s. kimi faktları bilməməsini ağlabatan hesab etmir. Digər tərəfdən L.Nəbiyev vəfat etdikdən sonra G.Nəbiyevin yaşadığı evə zənglərin gəlməsini, Cavabdeh1 G.Nəbiyevi narahat etdiyini, mənzili tərk etməsini tələb etdiyi barədə Şahid5 şahid ifadəsində ildirmişdir. Mülki işin materiallarında olan “mənzildən çıxarılma” tələbi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin digər hakimin icraatında olan mülki işi üzrə iddiaçının nümayəndəsi və vəkilinin hazırlıq iclasının təxirə salınması barədə 10 yanvar 2023-cü il tarixli vəsatətində isə “G.Nəbiyevin ölümündən az əvvəl mənə dediklərindən mənə məlum olmuşdur ki, iddia ərizəsində yazılanlar tamamilə əsassızdır...Faizə götürdüyü pulu isə tam ödəyib qurtardığından notariusa gedib mənzili geri qaytarmağı vədələşmişlər, lakin ondan bir gün əvvəl Loğman Orucov vəfat etmiş, özü isə davamlı xəstə, sonra isə İ qrup əlil olduğundan mənzili geri rəsmiləşdirə bilməmişlər.” ifadələri işlədilmişdir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, G.Nəbiyevlə L.Orucovun arasında həqiqətən borc pul münasibətlərinin olması, külli miqdarda pul ödənilməsinə baxmayaraq, mənzillərdən yalnız birinin Cavabdeh2 adına keçirilməsi, lakin yenə də G.Nəbiyevin L.Orucova qarşı hər hansı bir iddia tələbinin olmaması, L.Orucov vəfat etdikdən sonra da mənzili “geri qaytarmaq” üçün hər hansı addım atmaması, iddiaçının bütün bu məsələlərdən məlumatlı olmaması ağlabatan deyil. L.Nəbiyevin xəstəliyi olsa belə, o yaxın qohumu olan qardaşı və bacısına, və ya hər hansı başqa yaxın qohumuna etibarnamə verərək uzun müddət istifadə və sahibliyində olan mənzili mülkiyyətinə keçirməklə bağlı hüquqi addımlar ata biləcəyi halda, bunu etməmişdir. Hazırki iddia tələbi ilə isə İddiaçı yalnız Cavabdeh1 məhkəməyə müraciət edərək onun və ailəsinin mənzildən çıxarılmasını tələb etdikdən sonra məhkəməyə müraciət etmişlər. Digər tərəfdən Cavabdeh2 birbaşa müqavilənin tərəfi olaraq, xüsusi mülkiyyətin hüquqi statusu barədə əvvəldə məlumatlı olmuşdur. Buna baxmayaraq, o da müqavilələrin etibarlılığını mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər məhkəmə müdafiəsi üsullarından istifadə etmək hüququna malik olsalar da bu hüquqdan istifadə edərkən suiistifadə hallarına yol verilməməlidir. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquqmühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan sui-istifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan suiistifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləmə elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi şəklində öz ifadəsini tapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan sui-istifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan suiistifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti (buraya əxlaqi və hüquqi prinsipləri də aid etmək olar) subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır. Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması qanun pozuntusunun hüquqi əlaməti kimi açıq ifadə olunmur. Ona görə də hüquqdan sui-istifadə qanun pozuntusu kimi qiymətləndirilmir. Bununla yanaşı, hüquqdan sui-istifadə hüquqi davranış kimi də qiymətləndirilə bilməz, çünki sonuncu sosial baxımdan faydalıdır. Son nəticədə hüquqdan sui-istifadə ya hüquqi davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun hərfidir), ya da qeyri-qanuni davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun ruhudur). Hüquqdan suiistifadə zamanı davranışın hüquqa zidd olması təkcə qanuna zidd olmasında deyil, qanunu pozan şəxsin hüquq və maraqlarına zidd olmasındadır. Hüquqdan sui-istifadə qeyri-qanuni xarakter kəsb edən, qanun pozuntusuna çevrilə bilən, amma qanun pozuntusu sayılmayan hüquqi davranış tipinə aid edilməlidir. Hüquqdan suiistifadə faktının aşkar olunması halında o, müdafiə olunmur və qorunmur. Hüquqdan suiistifadənin hüquqi nəticələri ənənəvi deyil, burada hüquq pozuntusu üçün səciyyəvi olan hüquqi məsuliyyət yaranmır. Konkret işin hallarından asılı olaraq hüquqdan sui-istifadənin aşağıdakı nəticələri meydana gəlir: bu hərəkət həqiqətə uyğun olmayan hesab olunur; bu hərəkət qadağan olunur; subyektiv hüquqdan məhrum etmədən ondan istifadəyə xitam verilir və s. Mülki hüquqdan sui-istifadənin qadağan edilməsi pozuntuya görə sanksiya müəyyən edir, amma bu sanksiyanın tətbiq edilməsi məhkəmənin mülahizəsinə buraxılır. Məhkəmə hesab edir ki, subyektiv mülki hüquqdan sui-istifadənin müəyyən olunduğu təqdirdə, sui-istifadəyə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasına yardım edəcək sanksiyalar sui-istifadənin ümumi hüquqi nəticəsi olmalı, bu hərəkət həqiqətə uyğun olmayan hesab olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Həmçinin, məhkəmə kəsici müddətin tətbiqi məsələsinə toxunaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Mülki işin materiallarından məlum olur ki hazırda mübahisələndirilən müqavilələr 07 iyun 2009-cu il tarixdə bağlansa da, müqavilənin etibarsızlığı barədə iddia ərizəsi ilə yalnız 2023-cü ildə müraciət edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi həm əsassız olduğundan, həm də kəsici müddətin tətbiqi ilə rədd edilməlidir. Məhkəmə tərəfindən kəsici müddət ilə bağlı münasibət bildirildiyindən və hazırki mübahisə üzrə kəsici müddət tətbiq edildiyindən, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməyi zəruri hesab etmir. Məhkəmə eyni zamanda iddia tələblərinin qalan hissədə: vərəsəlik şəhadətnaməsinin, çıxarışın ləğv edilməsi və s. hissələrdə əlavə araşdırma aparılmadan rədd edilməsini prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki həmin tələblər müqavilənin etibarsızlığı barədə tələbdən irəli gəlir və ilkin tələb təmin edilmədiyindən, ondan doğan tələblərin də əlavə araşdırılmasına zərurət qalmır. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, “Vərəsəlik haqqında şəhadətnamə”, “Miras əmlakın bölünməsinə dair Müqavilə” və müvafiq mənzilə dair Çıxarış qanunvericiliyə uyğun şəkildə tərtib edilmiş, rəsmiləşdirilmişdir, hər hansı üçüncü şəxsin hüquqlarına toxunmur. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Dövlət Notariat Ofisi, 21 saylı Dövlət Notariat Ofisi, 27 saylı Dövlət Notariat Ofisi və AR Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehlər Cavabdeh2 ilə X9 arasında bağlanaraq təsdiq edilmiş 4Ə-2-232 və 4Ə- 2-231 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqavilələrinin, “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar