Məhkəmə qərarları › İş №e-2(005)-2146/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2146/2024

26.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2146/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs qismində Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik” Daimi Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 11 oktyabr 1961-ci il tarixində Qazax rayonu, Aşağı Salahlı kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun anasıdır. O, 11 oktyabr 1961-ci il tarixində Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olub. Anası ünvan 1 ünvanında atası, həyat yoldaşı və xalası qızları (2 nəfər xalası qızı növbə ilə evlərinə gəlir, anasına baxmaqda köməklik göstərirlər) ilə birikdə yaşayırlar. Anasına ilk dəfə xx.xx.2020ci il tarixində HB Güvən klinikasında nevroloq həkim Ramil Əfəndiyev tərəfindən Alzheimer diaqnozu qoyulmuşdur. Bu diaqnoz qoyulan zamanlar anasının şüuru qismən yerində olsa da, illər keçdikcə unutqanlığı, nitqindəki qüsurlar artmış, əqli geriliyi yaranmış və inkişaf etmişdir. Anası, artıq 1 ilə yaxındır ki, ümumiyyətlə təkbaşına özünü idarə edə bilmir, demək olar ki, danışa bilmir, hərəkətlərinin mənasını başa düşmür, bəzən atası və onu belə tanımır, ən təməl ehtiyaclarını belə onların köməkliyi ilə qarşılayır. Diaqnoz qoyulduğu vaxtdan bu günə qədər anası müxtəlif dərman vasitələri ilə müalicə almışdır. Ancaq bu müalicələr xəstəliyini sağaltmaq üçün deyil, xəstəliyin irəliləməsini ləngitmək məqsədi daşıyır. Hazırda ev şəraitində müalicə alır, həkiminin nəzarəti altında “Memantin 10 mg”, “Roxizapin 5 mg”, “Donepezil 5 mg”, “Exelon Patch 10 9.5 mg”, “Madopar 125 mg” dərmanlarını qəbul edir. Bir neçə dəfə əlilliyinin təyin edilməsi prosesinə başlamaq üçün qeydiyyatda olduğu poliklinikaya aparmışlar, ancaq orada müayinələrdən imtina etmişdir, onlar da psixoloji vəziyyəti həssas olduğu üçün çox israr etməmişlər. Anasının şüuru yerində olmadığından onun adından müxtəlif hüquqi prosedurların həyata keçirilməsində maneələrlə qarşılaşırlar. Bu baxımdan onun məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsinə ehtiyac duyurlar. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləyə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 14856284 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 11 oktyabr 1961-ci il tarixində Qazax rayonu, Aşağı Salahlı kəndində dünyaya gəlmişdir; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə dünyaya gəlmişdir. X1, anası X4r; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 1634 saylı rəyindən görünür ki, X3 "Alsheymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi)” müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 317.3, 318.2 və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 11 oktyabr 1961-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 oktyabr 1961-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar