Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2156/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı beh müqaviləsinə əsasən pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı beh müqaviləsinə əsasən pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən behin iki mislinin, yəni 16000 manat pulun, həmçinin hazırkı iddianın məhkəmədə qaldırılması üçün tərəfindən hüquqi xidmətə görə çəkilmiş 300 manat xərcin və 151,8 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ötən ilin dekabr ayında o, bağ evi almaq qərarına gəlmişdir. Bazarda çoxsaylı təkliflərin olduğunu nəzərə alaraq, bu sahə üzrə ixtisaslaşmış mütəxəssis Cavabdeh2 MMC ilə əlaqə saxlamışdır. Şirkətin nümayəndəsi İlkin Quliyev 2023-cü ilin dekabr ayında ona “bina.az” saytında yerləşdirilmiş link göndərmiş və bağ evinin əlverişli şərtlərlə satıldığını bildirmişdir. O, bağ evinə baxış keçirmiş və almaq qərarına gəlmişdir. Evin sahibi olan Cavabdeh1 ilə aralarında xx.xx.2023-cü il tarixdə 14 saylı beh müqaviləsi imzalanmışdır. Beh müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi 4141C ünvanında yerləşən bağ evinə görə tərəfindən 8000 manat məbləğində vəsait ödənilmişdir. Müqavilənin 4-cü bəndinə əsasən beh cavabdehlər arasında bərabər şəkildə bölünmüş, proses foto və video qeydiyyata alınmışdır. Müqavilənin əsas şərti ondan ibarət idi ki, alqı-satqı proseduru 2 ay sonra baş tutmalı, qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmi qaydada notariat kontorunda alqı-satqı müqaviləsi bağlanılaraq bağ evi onun adına keçirilməli və daşınmaz əmlakın dövlət reyestrindən bununla bağlı ona müvafiq çıxarış verilməli idi. Lakin 2 ay sonra cavabdehlərə alqı-satqı üçün müraciət etdikdə ona məlum olmuşdur ki, bağ sahəsinin sənədləri ilə bağlı problemlər var. Bağ evinin yerləşdiyi torpaq sahəsinin bir qismi qanunsuz olaraq zəbt edilmiş, digər hissənin çıxarışı isə yalnız torpaq sahəsinə (3 sot) dair verilmişdir. Nəticədə bağ evinin daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınmış hər hansı çıxarışın mövcud olmadığı müəyyən edilmişdir. Lakin Cavabdeh1 internet platformalarında yerləşdirdiyi elanında qeyd edilmişdir ki, bağ evinin çıxarışı var və sahə ipoteka üçün yararlıdır. O, cavabdehlərdən beh məbləğinin qaytarılmasını tələb etmiş, lakin cavabdehlər razılaşmayaraq əlavə vəsait ödəməklə evin sənədlərinin qeyri-rəsmi yollar vasitəsilə düzəldilməsini təklif etmişlər. O, artıq bağ sahəsini almaq niyyətində deyildir. Daha sonra iddia tələbinin dəqiqləşməsinə dair ərizə verərək, Cavabdeh1 behin iki mislinin, yəni 16000 manat pulun, Cavabdeh2 MMC-dən isə 1000 manat məbləğində vasitəçilik haqqının, həmçinin hazırkı iddianın məhkəmədə qaldırılması üçün tərəfindən hüquqi xidmətə görə çəkilmiş 300 manat xərcin və 156 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçının bağ evi almaq niyyəti olmuş və o, Cavabdeh2 MMC ilə əlaqə saxlamışdır. Ona bildirmişlər ki, Cavabdeh1 məxsus ipotekaya yararlı və çıxarışlı bağ evi satılır. Lakin sonradan məlum olmuşdur ki, nə bağ evinin, nədə ki, torpağın sənədləri tam deyildir. Sənədləri qaydasına salınması üçün 2 ay möhlət vərilmiş, lakin müddətin sonunda sənədlər hazır olmamışdır. Buna görə də, iddiaçı bağ evinin almaqdan imtina etmişdir. Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirdilər ki, beh müqaviləsi adi qaydada bağlanmış və iddiaçı beh verdikdən sonra həmin evə köçmüş, 2 aya ödənişin ediləcəyini bildirmişdir. Lakin iddiaçı müddətin sonunda bağ evini almaqdan imtina etmişdir. Sonda iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli beh müqaviləsindən görünür ki, “satıcı” Cavabdeh1 xx.xx.2023cü il tarixdə 2 ay müddətinə mülkiyyətində olan və Novxanıda yerləşən bağ sahəsini Quliyev İlkin vasitəsilə 158000 manata “alıcı” Al-Bakuni X1 barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Müqavilənin şərtlərinə əsasən “satıcı” Cavabdeh1 satılan sahəni 158000 manata “alıcı” İddiaçı satmağı, “alıcı” İddiaçı isə həmin sahəni 158000 manata almağı öhdəsinə götürmüş, “alıcı” İddiaçı satış məbləğindən 8000 manatı beh şəklində nağd olaraq satıcıya ödəmiş, satış qiymətinin qalan məbləğini həmin bağ sahəsinin alqı-satqısına dair müqavilə bağlanarkən satıcıya ödəməyi öhdəsinə götürmüşdür; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı massivi, 4141C ünvanında yerləşən 0.0306 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır; “Bina.az” saytında bağ evinin satılması ilə bağlı elanın fotoşəkillərindən görünür ki, 6 sot torpaq sahəsində 180 kv.m, 4 otaqlı həyət evi/bağ evi 177000 manata satışa çıxarılmışdır. Kupça mövcuddur və ipotekaya yararlıdır; "xxxx" KB ASC-nin ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən vəkil müqaviləsi üzrə 300 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Quliyev İlkinin vasitəçiliyi ilə iddiaçı ilə Cavabdeh1 arasında sonuncuya məxsus Sumqayıt şəhəri, Novxanı massivi, 4141C ünvanında yerləşən bağ evinin alqı-satqısı barədə razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən tərəflər xx.xx.2023-cü il tarixdə beh müqaviləsi bağlamışlar. Beh müqaviləsinə əsasən Cavabdeh1 qeyd olunan bağ evini iddiaçıya satmağı, sonuncu isə bunun müqabilində ona 158000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən iddiaçı 8000 manat pul məbləğini beh şəklində ödəmişdir. Lakin tərəflər arasında alqı-satqı predmetinin sənədləşdirilməsinin aparılması ilə əlaqədar mübahisə olmuş və nəticədə alqı-satqı baş tutmamışdır. Alqı-satqının baş tutmamasına görə iddiaçı Cavabdeh2 MMC-dən vasitəçi haqqı kimi ödədiyi 1000 manat məbləğin, Cavabdeh1 isə beh məbləğinin iki qatının tutulmasını tələb edir. Lakin Cavabdeh1 iddiaçı tərəfindən bağ evininin alqı-satqısından imtinanın əsassız olduğunu və torpaq sahəsinin çıxarışının mövcud olduğunu qeyd edərək, öhdəliyin iddiaçı tərəfindən pozulduğunu və bunun nəticəsində behləşdiyi torpaq sahəsini ala bilmədiyi üçün beh olaraq verdiyi pulun batdığını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir; 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır; 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır; 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur; 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə qeyd edir ki, cavadeh Cavabdeh1 alqı-satqısı həyata keçiriləcək müqavilə predmetinin çıxarışının mövcudluğu ilə bağlı izahatları həqiqəti əks etdirmir. Belə ki, cavabdehlə iddiaçı arasında əldə olunan razılaşma 0.03 ha torpaq sahəsinin deyil, bağ evinin satılması ilə bağlı olmuş, 0.03 ha bağ sahəsinin dövlət reyestrindən çıxarışı olsa da, razılaşma predmeti olan bağ evinin sənədləşdirilməsi mövcud olmamış, cavabdeh müqavilə bağlanandan 2 ay müddətində dövlət reyestrindən çıxarış almaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən bu öhdəlik yerinə yetirilməmiş, qanunsuz şəkildə sahəyə sərəncam verməyə cəhd edilmişdir. Cavabdeh 0.03 ha torpaq sahəsinin alqısatqısını həyata keçirmək niyyətində olduğunu ifadə etsə də, sahənin satılması ilə bağlı elan, müqavilə və alqı-satqı predmetinin dəyəri bu niyyətin düzgünlüyünü təkzib edir. Çünki cavabdeh tərəfindən “bina.az” saytında yerləşdirilmiş elandan satışa çıxarılmış torpağın sahəsinin 0.06 ha və üzərində bağ evinin olması görünür və elanda qeyd edilmiş 177000 manat məbləğ iddiaçının iddiasını təşkil etdiyi cavabdehlə 0.03 ha torpaq sahəsinin satılmasına razılığa gəlinməsi hissəsində həmin 0.03 ha sahənin qiyməti ilə mütənasiblik təşkil etmir. Həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış beh müqaviləsinə əsasən satılan əmlakın Novxanı massivindəki üzərində tikili olan torpaq sahəsinin olması aydınlaşır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 0.06 ha torpaq sahəsinin və üzərində tikili olan bağ evinin deyil, 0.03 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılığa gəlinmə haqqında etirazı öz təsdiqini tapmamış və cavabdeh yerdə qalan 0.03 ha torpaq sahəsini əsassız, yəni sənədsiz satmağa təşəbbüs göstərmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış beh müqaviləsində qeyd edilən beh məbləği müqavilə öhdəliklərinin cavabdehin təqsirindən icra edilməməsinə görə iddaçı tərəfindən iki qat məbləğində tələb edilə bilməz. Belə ki, tərəflər bağ evinin alqı-satqısını icra etmək məqsədilə müqavilə bağlamağa səy göstərmiş və bununla bağlı olaraq, iddiaçı tərəfindən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 8000 manat pul məbləği ödəmək öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən 8000 manat pul məbləği mülkiyyətçiyə ödənilmiş lakin o, torpaq sahəsinin alqı-satqısı həmin sahənin yalnız 0.03 ha dair çıxarışın mövcudluğu, qalan sahənin qanunsuz zəbt edilməsi ilə əlaqədar sahəni almaq niyyətindən imtina etmişdir. İddiaçı ödədiyi 8000 manat məbləği beh kimi qiymətləndirərək, cavabdehdən öhdəliyin onun təqsiri ucbatından icra edilməməsinə görə iki qatını tələb etsə də, ödənilmiş məbləğ beh kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə əlaqəli olduqda, müqavilə notariat qaydasında təsdiq edilməlidir. Tərəflər arasında alqı-satqı predmeti daşınmaz əmlak olduğundan və müqavilənin həmin əmlaka sərəncam verilməsi ilə bağlı olduğundan iddiaçı tərəfindən behin geri ödənilməsi ilə bağlı tələbin təmini ancaq beh haqqında razılaşmanın notarial qaydada təsdiqlənməsi halında baş tuta bilərdi. Lakin beh haqqında razılaşmanın notarial təsdiqi olmadığından, iddiaçı tərəfindən ödənilmiş 8000 manat məbləğində pul beh deyildir və müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş avans kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, öhdəliyin cavadeh Cavabdeh1 tərəfindən yerinə yetirilməməsi ilə bağlı iddiaçının behin ikiqatı olan 16000 manat məbləğindəki tələbi təmin edilməməli, pul vəsatinin iddiaçıya qaytarılması ilkin ödəniş olan avansın, yəni 8000 manat məbləğin ödənilməsi şəklində icra edilməlidir. Məhkəmə qeyd edir ki, iddianın 1000 manat məbləğində vasitəçilik haqqının geri qaytarılması hissəsi də əsaslıdır. Belə ki, mülki məcəllənin tapşırıq müqaviləsinin tələblərinə müvafiq olaraq, iddiaçı üzərində tikili olan torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi ilə bağlı olaraq, Cavabdeh2 MMC-nin nümayəndəsi İlkin Quliyevə mülkiyyətçi Cavabdeh1 ilə əqd bağlanmasına dair vəkalət vermişdir. Vəkalət alan tapşırığı qəbul edərək, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısında vasitəçilik etmiş, lakin əmlakın çıxarışında problemlərin olması səbəbindən həmin əmlakın alınması ilə bağlı tapşırığın məzmunundakı hərəkətləri icra edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqının baş tutmaması səbəbindən iddiaçı tərəfindən vasitəçilik üçün ödənilmiş 1000 manat məbləğində haqq Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat pulun cavabdehdən tutulması hissələrində də iddia tələbi əsaslıdır. Məhkəmə vəkilə ödənilmiş 300 manat pulun ağlabatan məbləğ olduğunu və Cavabdeh1 öhdəliyin icra edilməməsi nəticəsində iddiaçının çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X5 8000 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 151,8 manat pulun 77,3 manatı tutularaq, Cavabdeh2 MMC-dən 1000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X5 8000 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində pul, dövlət rüsumu kimi ödənilmiş 151,8 manat pulun 77,3 manatı və Cavabdeh2 MMC-dən 1000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2156/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2156/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver