Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-217/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə, “kirayə haqqına görə yaranmış borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kirayə haqqına görə yaranmış borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh 1490 manat pul vəsaitinin, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 150 manat məbləğində pul vəsaitinin və 35 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Mənzil-Kirayəsi Müqaviləsi”nə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ev 26, 513 nömrəli mənzil 12 ay müddətinə, hər ay 650 manat aylıq kirayə haqqı ödənilməklə cavabdehə kirayəyə verilmişdir. Cavabdeh həmin mənzildə altı ay müddətində, yəni 2019-cu ilin iyul, avqust, sentyabr, oktyabr noyabr və dekabr ayları ərzində yaşamış və 4 aylıq kirayə haqqını ödəmiş, noyabr və dekabr ayları üzrə kirayə haqqını ödəmədən mənzildən çıxmışdır. Bununla da Cavabdeh iki aylıq kirayə haqqı üzrə 1300 manat, 6 ay müddətində intemetden istifadəyə 90 manat və kommunal xərclərə görə 100 manat olmaqla, cəmi 1490 manat məbləğində borcu qalmışdır. Buna baxmayaraq Cavabdeh müqavilə öhdəliyini pozaraq bu günədək 1490 manat məbləğində borcunun ödənilməsi təmin etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmçinin cavabdehin icraata cəlb edilməsi ilə bağlı AR Ədliyyə Nazirliyi vasitəsilə Türkiyə Respublikasına məhkəmə sorğusu vermiş, lakin nəticə əldə edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq dilmiş: - Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin AR-da olduğu yer üzrə Qeydiyyata alınması barədə bildirişdən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ev 26, m 513-də qeydiyyata alınmışdır. Qeydiyyatın son tarixi xx.xx.2019-cu il, qəbul edən tərəf İddiaçıdır. -xx.xx.2019-cu il tarixli “Mənzil-kirayə” müqaviləsindən görünür ki, mənzil sahibi İddiaçı ilə Cavabdeh arasında ünvan 1 mənzilin 1 il müddətinə kirayəyə verilməsinə dair müqavilə izalanmışdır. Aylıq kirayə haqqı 650 manat müəyyən edilmişdir. - Bakı şəhəri 24 saylı Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış 04 avqust 2022-ci il tarixli müqavilədən və ödəni qəbzindən görünür ki, hüquqi yardıma görə iddiaçı tərəfindən 150 manat məbləğində pul ödənilmişdir. - AR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2201 saylı mürqaciətindən görünür ki, Türkiyə Respublikası vətəndaşı, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2019-cu il tarixdə müraciət etmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 679-cu maddəsinə əsasən, kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Mülki Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Mülki Məcəllənin 684.2-ci maddəsinə əsasən, kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mulki Məcəllənin 445.3-cü maddəsinə əsasin əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki iş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında əmlak kirayəsi müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən kirayə haqqı 650 manat müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək 2 ay üçün kirayə haqqının, internet və kommunal ödənişlərinin və hüquqi yardım üçün çəkdiyi xərcin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Mülki işin materialları ilə cavabdehin məhz iddiaçının mülkiyyətində olan və müqavilədə göstərilən mənzildə müvəqqəti qeydiyyata alındığı təsdiq edilir. Belə olan halda ağlabatan mühakimə əsasında məhkəmə hesab edir ki, cavabdeh həqiqətən müqavilədə göstərilən mənzildən istifadə etmiş, orada yaşamış, lakin ödənişləri tam və vaxtında həyata keçirməmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd flaş-kartda əks edilən səs yazısı mötəbər sübut hesab etmir. Belə ki cavabdehin xəbəri və razılığı olmadan yazılmış səs yazılarından ibarətdir. Buna baxmayaraq, iddiaçının iddia tələbinin dəlili kimi nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi kirayə haqlarının ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbini “kommunal xərclərin və internet ödənişlərinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iddiaçı tələbin bu hissəsi ilə bağlı mötəbər sübut təqdim etmədiyindən, təmin edilməməlidir. Məhkəmə “hüquqi yardıma görə 150 manat pulun tutulması” hissəsində də iddia tələbini əsaslı hesab edir. Belə ki, mülki işin materiallarından həmin ödənişin edildiyi öz təsdiqini tapır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 1300 manat məbləğində kirayə haqqının əvəzi, 150 manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul və 35 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-217/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-217/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver