Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-224/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********93601 Samsung Galaxy A52 markalı telefon üçün 616.97 manat ödənilməmiş hissə, 61.03 manat cərimə borcu olmaqla, ümumilikdə 678 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 829,97 manat (yəni 12 ay x 68.94 manat + 2.69 manat ilkin ödəniş), İMEİ kodu **********93601 olan Samsung Galaxy A52 markalı telefon üçün ümumilikdə 678 manat olmaqla, ondan 616,97 manat əsas borc, müştəriyə güzəşt olunaraq 61,03 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 213 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, xx.xx.2022-ci ildə “Kontakt Home” mağazasından Samsung Galaxy A5 markalı telefon almış, telefon 2022-ci ildə danışdığı vaxtda sönmüşdür. Yenidən yandırdıqda isə ekran qaraltı formasında yanmışdır. Şirkətin Xırdalan filialına yaxınlaşsa da, ona heç bir köməklik göstərə bilməyəcəklərini bildirmişlər. xx.xx.2022-ci il tarixində Sumqayıt şəhərində telefonu servisə vermişdir. Telefonu təhvil götürən əməkdaş telefonda sadəcə cızıqların olduğunu bildirsə də, sonradan servisin rəyində telefonda benzin ləkələrinin olduğu göstərilmişdir. O, həmin rəylə razılaşmamış, servisə yaxınlaşmışdır və orada ona telefonda əyriliklər olduğu, təmir məbləğinin 236 manat təşkil etdiyi bildirilmişdir. O, bu problemlərin heç biri ilə razı deyil. Telefon xx.xx.2022-ci il tarixindən Sumqayıt şəhərindəki servisdədir. İndiyə qədər həmin şirkətdən bir çox məişət avadanlıqları alsa da, heç bir problem yaşamamışdır. Hazırda isə maddi və mənəvi zərər görmüşdür. Bu səbəbdən 213 manat zərərinin şirkət tərəfindən qarşılanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, Cavabdeh xx.xx.2022-ci ildə Kontakt Home mağazasından Galaxy A52 markalı telefon almışdır. Telefon alarkən telefonda heç bir problem olmamışdır. Cavabdeh telefonu 3-4 ay işlətdikdən sonra mağazaya gələrək müraciət etmişdir ki, telefonda problem var və telefondakı problemə baxılması üçün telefonu mağazaya təhvil vermişdir. Telefona mütəxəssislər baxış keçirmişlər və məlum olmuşdur ki, telefonda yaranan problemlər zavod qüsuru deyil. Qüsur vətəndaşın özünün təqsirindən yaranmışdır. Telefon alınan zaman heç bir problem olmayıb. Telefonda olan əyrilik və cızıqlarla bağlı akta cavabdehin xanımı özü imza atıb. Bu məlumatlar cavabdehə da bildirilmişdir. Lakin cavabdeh israrla telefonda yaranmış problemin onun tərəfindən yaranmadığını bildirmişdir. Telefon yenidən Samsungun rəsmi distributoru olan servisə göndərilmişdir. Orada da rəy verilmişdir ki, telefonda əyrilik və cızıqlar var. Ondan sonra cavabdehə bildiriblər ki, “Siz bizim müştərimizsiz və müəyyən ödənişlər edin, telefonda olan problem aradan qaldırılsın”. Ancaq cavabdeh heç bir ödəniş etməyəcəyini bildirdi. Bu zaman telefonu gəlib aparmasını bildirdilər. O isə telefonu götürməyəcəyini söylədi. Onların hər hansı bir təqsiri olmadığından iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Kontakt Home mağazasından telefon aldılar. 3-4 ay işlətdikdən sonra telefon qəfil söndü və bir daha açılmadı. O da mağazaya gedib və problemi bildirib. Onlar da telefonu ondan götürdülər ki, “baxış keçirdib sizə məlumat verəcəyik”. Bir müddət sonra onu yığdılar ki, “telefona benzin tökülüb ona görə də işləmir”. O da elə bir şeyin mümkün olmadığını bildirdi. Sonra yenidən mağazaya getdi və telefonun nə səbəbdən işləmədiyini soruşdu. Bu zaman da bildirdilər ki, telefonu göndərmişlər servisə oradan rəy gələcək ki, problem nədir. Yenə bir müddət sonra əlaqə saxladılar və bildirdilər ki, telefonda əyrilik və cızıqlar var. Sonra dedilər ki, “gəlin siz ödəniş edin telefon yenidən bərpa olunsun”. O da bununla razı olmadı. O, Kontakt Home mağazasından bir çox əşya almışdır. Hər birinin də kreditini vaxtı-vaxtında ödəmişdir. Sadəcə bu telefonda olan problem onlarlıq deyil. Telefon öz-özünə sönüb və bir daha açılmayıb. O, telefonun düzəlməsi üçün əlavə heç bir ödəniş etməyəcək. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03941349 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 829,96 manat olan “Samsung Galaxy A52” adlı məhsulu 12 ay müddətinə, aylıq 68,94 manat ödəmə şərtilə almışdır; - “Əşyaların təhvil-təslim” aktının surətindən görünür ki, Cavabdeh 03941349 nömrəli müqavilə ilə ona satılan malı qüsursuz təhvil almışdır; - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh əsas borca görə 213 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə onun 616,97 manat əsas, 61,03 manat cərimə borcu olmaqla, cəmi borcu 678 manat təşkil edir; - Dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir; - Link Servisin xx.xx.2022-ci il tarixli aktından görünür ki, X5 tərəfindən telefon servisə təhvil verilərkən telefonun əmtəə görünüşündə sensorda bir neçə yerdə cızıqlar, sürtünmə, yeyilmə, zədələr, arxa qapaqda içəridən rəng getmələr, karkasda cızıqlar, kiçik zədələr aşkar olunmuşdur; - Samsung Service Plazanın xx.xx.2022-ci il tarixli aktından görünür ki, Samsung SM-A525F\DS markalı telefonun xarici görünüşündə arxa qapaqda sürtünmələr, kamerada cızıqlar, karkasda sürtünmələr cihazda əyrilik və ekranda cüzi cızıqlar, ekranda öz-özünə rənglər, xətlər yaranıb. Aşkar olunan qüsur istehsalçı tərəfindən deyil; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2930/2023 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Məhkəmə qərardadı bir neçə dəfə ekspertizaya keçirilməsi üçün göndərilsə də, ekspertiza baş tutmamış və müvafiq imtina məktubları məhkəməyə göndərilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alğı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 616,97 manat, cərimə borcuna görə 61,03 manat olmaqla, cəmi 678 manat borcu yaranmışdır. Hazırda iddiaçı qeyd edilən borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 581.1-ci maddəsinə görə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Eyni Məcəllənin 587.1-ci maddəsinə uyğun olaraq, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. "İstehlakçıların hüquqlarının müdafiəsi" haqqında Azərbaycan Respublikası Qanununun 7.1 və 7.2-ci maddələrinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Hazırki iş üzrə Cavabdeh nümayəndəsi telefonun danışdığı vaxt söndüyünü, xx.xx.2022-ci il tarixində servisə yaxınlaşdığını və telefonunda “istehsal” qüsurlarının mövcud olduğunu bildirmişdir. Lakin mülki iş materiallarında olan “Samsung Service” Plazanın xx.xx.2022-ci il tarixli qəbzi ilə müəyyən edilmişdir ki, Samsung SM-A525F\DS markalı telefonda aşkar olunan qüsur istehsalçı tərəfindən deyildir. Cavabdehin dəlillərinin yoxlanılması, eləcə də iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə iş materiallarına əlavə olunmuş mobil telefonda qüsurların olubolmaması, olduğu təqdirdə həmin qüsurların nədən əmələ gəlməsini müəyyənləşdirmək üçün xüsusi bilik tələb olunduğundan kompyuter-texniki ekspertizasının təyin edilmişdir. Lakin ekspertiza keçirilməsi baş tutmadığından iş materialları icrasız geri qaytarılmışdır. Qeyd edilmişdir ki, ekspert qarşısında qoyulmuş sualların cavablandırılması, yəni mobil smartfonda olan qüsurlar və onların yaranma səbəblərinin müəyyən edilməsi müvafiq istehsalçı şirkətin məhsullarına texniki xidmət həyata keçirən qeyd edilən sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bilər. Məhkəmə tərəfindən mütəxəssis cəlb edilməsi üçün dəfələrlə müraciət edilməsinə baxmayaraq, ekspert vəsatətinin təmin edilməsi mümkün olmamışdır. İş materiallarından görünür ki, telefon cavabdehə təhvil verilərkən xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktında cavabdeh telefonu qüsursuz şəkildə aldığını öz imzası ilə təsdiq etmişdir. Həmçinin cavabdeh xx.xx.2022-ci il tarixdə telefonu servisə təhvil verərkən kamera fanarda cızıqlar, usb konda yeyilmə, sürtünmə, etrafında zədələr, arxa qapaqda rəng getmələr, karkasda cızıqlar, sürtünmələr və s. mövcud olmuşdur və bunu cavabdehin nümayəndəsi öz imzası ilə təsdiq etmişdir. Eləcə də bu sahədə xüsusi biliyə malik mütəxəssisin rəyində (“Samsung” Servisin) istehsalçı qüsurunun mövcud olmadığı qeyd edilmişdir. Bununla belə cavabdeh, telefonda iddia etdiyi qüsurların istehsal qüsuru olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hazırki qənaətə gələrkən eyni zamanda cavabdeh tərəfindən bu günə qədər hazırki alğı-satqı müqaviləsinin məhkəmə qaydasında mübahisələndirilməməsini də nəzərə alır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur (Mülki Prosessual Məcəllənin 9.3, 77.1 və 88-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Beləliklə, iş materiallarında mövcud olan sübutlardan göründüyü kimi, iddiaçı müqavilədə nəzərdə tutulmuş yararlı malı cavabdehə təhvil verərək müqavilə üzrə olan öhdəliklərini yerinə yetirmişdir. Bu səbəbdən də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalan pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Xüsusilə qeyd edilməlidir ki, məhsulu təhvil aldığı vaxtdan 3-4 ay sonra istehsal qüsurunun olması təsdiq edilmədiyi halda cavabdehin, aldığı məhsulu servisə verməsi və sonra geri götürməkdən imtina etməsi mövcud hüquqi vəziyyəti dəyişdirmir. Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 5 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, mübahisələndirilən telefonda aşkar edilən qüsurların istehsal qüsurları olması iş materialları ilə təsdiq edilməməklə yanaşı, təhviltəslim və qüsur aktı kimi sənədlər iddia tələbinin əsaslı olmasına dəlalət edir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 616,97 manat, cərimə borcuna görə 5 manat olmaqla, cəmi 621,97 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 28 manatı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 616,97 manat, cərimə borcuna görə 5 manat olmaqla, cəmi 621,97 (altı yüz iyirmi bir manat, doxsan yeddi qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 28 (iyirmi səkkiz) manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-224/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-224/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver