Məhkəmə qərarları › İş №e-2(005)-224/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-224/2025

24.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-224/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş (açar sözlər: müqavilənin etibarsızlığı, uydurma əqd) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı Nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti İddiaçılar İddiaçı1 və Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə aralarında bağlanmış 08 sentyabr 2022-ci il tarixli, AN-T №1074656 saylı “daşınmaz əmlakın alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 40 nömrəli mənzil Cavabdeh1 ilə iddiaçıların, hər birinin payı 1/3 hissədə olmaqla ümumi paylı mülkiyyətində olmuşdur. Sözügedən mənzilə dair tərəflərin ümumi paylı mülkiyyət hüquqları “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” PHŞ tərəfindən xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinə” daxil edilmiş və bu barədə iddiaçılara “hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçılar 16 yaşlarında olduqları zaman, yəni 2022-ci ilin ortalarında anaları olan, hazırkı iş üzrə Cavabdeh1 onlara bildirmişdir ki, iş adamı olan bir Türkiyə Respublikasının vətəndaşı ilə biznes qurmaq məqsədi ilə əməkdaşlıq edir və bu məqsədlə ona pul vəsaiti lazımdır. Odur ki, anaları Cavabdeh1 bildirmişdir ki, onunla paylar məlum olan ümumi mülkiyyətlərindəki yuxarıda sözügedən mənzili banklardan hər hansısa birinə ipoteka təminatı kimi qoyub pul vəsaiti götürmək niyyətindədir. Daha sonra iddiaçılara notariata gedib bununla bağlı sənədləri imzalamalı olduqlarını bildirmiş və onlar da analarının tapşırığı ilə birlikdə notariata gedib analarının da imzaladığı sənədi imzalamışdırlar. İddiaçılar mənzilin satılması barədə sənədə imza atdıqlarını deyil, mənzili müvəqqəti olaraq girov (yəni ipoteka ilə yükləmə) qoyduqlarına dair sənədə imza atdıqlarını zənn etmişdirlər. 18 yaşları bu ilin aprel ayının 07-si tarixində tamam olduqdan sonra öyrənmişdirlər ki, əslində mənzilə dair alğı-satqı müqaviləsini imzalamışdırlar. Anaları, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 onlara bildirmişdir ki, hansısa biznes işləri ilə əlaqədar mənzili müəyyən zaman daxilində olmaqla hazırkı iş üzrə olan digər Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə onun adına keçirib və bu barədə onunla aralarında yazılı razılaşma da vardır. Anaları onlara bildirmişdir ki, mənzili Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə Tacettinin adına keçirsə də, bu mənzilin geri qaytarılmasını təmin etmək üçün də nümayəndə ilə aralarında yazılı razılaşma bağlanmışdır. Onları inandırmaq üçün belə bir sənəd göstərmişdir. Lakin keçən müddət ərzində anaları mənzili geri qaytarmamış, bunun səbəbini də Cavabdeh3 birbaşa tapa bilməməsi və onun Azərbaycanda olan etibarnamə üzrə nümayəndəsinə verilmiş etibarnamənin qüvvədə olma müddətinin başa çatması ilə əsaslandırmışdır. Anaları onlara bildirmişdir ki, Cavabdeh3 adına mənzili keçirsələr də, Cavabdeh3 bu mənzilin onun adına keçirilməsinə əsas olan öhdəliyini ümumiyyətlə, icra etməmiş, bu səbəbdən də hal-hazırda onun Cavabdeh3 hər hansı borcu belə yaranmamışdır. Hal hazırda mənzil Cavabdeh3 adına formal olaraq rəsmiləşdirilmiş qalır. Lakin anaları, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 yuxarıda göstərilənləri onlara bildirsə də, mənzilin geri qaytarılması üçün zəruri işləri bu günədək icra etməmişdir. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehin məsuliyyətsiz hərəkəti nəticəsində iddiaçılara mərhum atalarından qalmış miras əmlak əllərindən çıxmışdır. Bağlanmış alğı-satğı müqaviləsi əhəmiyyətsiz və etibarsızdır. Alğı-satğı müqaviləsinin bağlanmasından 2 gün öncə tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən həmin əmlak türk vətəndaşına girov kimi təqdim edilmiş və o, 70000 manat məbləği nümayəndəsi Cavabdeh2 vasitəsilə cavabdehə göndərməliymiş. Lakin Cavabdeh3 bu məbləği ödəməmişdir. Mənzillə bağlı bağlanmış alğı-satğı müqaviləsi də əhəmiyyətsiz əqddir. Əmlak Cavabdeh3 adına keçib. Alğı-satqı isə onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 ilə edilmişdir. Cavabdeh3 Türkiyədə yaşayır. Müqavilə bağlanılarkən iddiaçılar 16 yaşında olublar. Cavabdeh1 onlara evi girov qoyacağını bildirmiş və türk vətəndaşı ilə görüntü olaraq müqavilə bağlamışdır, lakin reallıqda pul da almayıb. Cavabdeh Vəfa xanım Toğrul bəy vasitəsilə biznes işi ilə əlaqədar olaraq Cavabdeh3lə tanışmışdır. Cavabdeh3 Vəfa xanıma söz verib ki, onun biznesinə yatırım edəcək, lakin qarşılığında təminat qoysun. Cavabdeh3 Toğrul bəyə etibarnamə vermiş, Vəfa xanım qızları və özünün paylı mülkiyyətində olan mənzili təminat kimi girov qoymuşdur. Vəfa xanım yetkinlik yaşına çatmamış qızlarına da imza atdırmış, nəticədə müqavilə bağlanmışdır. Cavabdehin bağladığı müqavilə formal xarakter daşıyır. Mənzil hazırda da iddiaçılar və Vəfa xanımın sahibliyindədir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, Cavabdeh3 Cavabdeh2 vasitəsilə tanımışdır. Bakıda olarkən bir dəfə onunla görüşmüşdür. Birlikdə biznes qurmaq qərarına gəlmişlər. Salon açmaq üçün ona 70000 manata yaxın maliyyə vəsaiti ayıracaqdı. O isə bunun müqabilində evinin formal olaraq onun adına keçirilməsini istəmişdir. Səhərisi gün Cavabdeh3 Cavabdeh2 etibarnamə vermişdir və bundan sonra bir daha Bakıya ümumiyyətlə gəlməmişdir. Türkiyədə yaşayır. Alğı-satqı Toğrul bəylə həyata keçirilmişdir. Notariusda formal alaraq alğı-satqı etmiş, pulu qoyub götürmüşlər. O dövrdə mənzilin qiyməti 170000-180000 manat idi, lakin formal olduğundan müqavilədə 70000 manat göstərilmişdir. Bundan sonra Cavabdeh3lə əlaqə saxlaya bilməmiş, heç bir pul vəsaiti ona göndərməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, o Vəfa xanımı uşaqlıqdan tanıyır, Cavabdeh3 isə dostlarının tanışı olub. Cavabdeh3 ona pul verməyib, sadəcə evi adına keçirməyini və pul göndərəcəyini bildirmişdir. Vəfa xanıma pul lazım idi, Cavabdeh3 də Bakıda iş qurmaq istəyirdi, bu səbəbdən onları tanış etmişdi. Cavabdeh3 İstanbulda yaşayırdı, onunla əlaqə saxlamaq olmur. Alğı-satqı zamanı o, burada deyildi, ona etibarnamə vermişdi. Alğı-satqının olduğu barədə də məlumatı yoxdur. Mənzilin dəyərini banka ödəməmişdir. Formal olaraq pul qoyulub götürülmüşdür. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 adına 1/3 hissədə, İddiaçı1 adına 1/3 hissədə və Nümayəndə adına 1/3 hissədə olmaqla xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. - Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh3 tərəfindən Cavabdeh1 (təsisçisi olduğu "xxxx" MMC-nin fəaliyyətini təmin etmək üçün) 70.000 (yetmiş min) manat məbləğində borcun verilməsindən, həmin borcun təminatı kimi borc alanın və digərlərinin mülkiyyətində olan mənzilin müvəqqəti alqı-satqısının rəsmiləşdirilməsindən, borcun verilməsi və alınmış borcun geri qaytarılmasından və bununla da alğı-satqının ləğv edilməsindən (qüvvədən düşmüş hesab edilməsindən) irəli gələn münasibətlərin hüquqi tənzimlənməsi barədə razılığa gəlmişlər. - Satıcılar Cavabdeh1, İddiaçı1, Nümayəndə və alıcı Cavabdeh3 adından etibarnamə üzrə nümayəndəsi X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcılar” ünvan 1 ünvanında yerləşən 40 nömrəli ümumi sahəsi 58.48 kv/m olan mənzili “Alıcı”ya satmağı, “Alıcı” isə mənzilin dəyəri kimi 70500 manat məbləği bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcılar”ın hər birinə 23500 manat ödəməyi öhdəsinə götürmüşdür. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətula küçəsi, ev 47 ünvanında yerləşən 40 nömrəli mənzil Cavabdeh3 adına xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. - Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli, 3-38-33/2-3751/25 saylı cavab məktubundan görünür ki, Türkiyə vətəndaşı xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh3 sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2022-ci il tarixdə çıxmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 40 nömrəli mənzil iddiaçılar İddiaçı1, Nümayəndə və Cavabdeh1 hər birinə 1/3 pay olmaqla ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olmuş, bu hüquqlar xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıların anaları Cavabdeh1 sahibkarlıq fəaliyyətini həyata keçirmək, salon açmaq üçün Türkiyə vətəndaşı Kalleli Tacettin ilə razılığa gəlmiş, sonuncu isə bu məqsədlə ona pul verməyi vəd etmiş, lakin bunun təminatı olaraq evini onun adına keçirməsini tələb etmişdir. Cavabdeh3 bunun üçün onların ümumi tanışı Cavabdeh2 etibarnamə vermiş və ölkədən getmişdir. Bundan sonra Cavabdeh2 (Cavabdeh3 adından), iddiaçılar və Cavabdeh1 arasında mənzilə dair alğı-satqı müqaviləsi bağlansa da, tərəflər müqavilənin formal bağlandığına, Cavabdeh3 tərəfindən hər hansı pul məbləği göndərilmədiyinə istinad edərək müqavilənin etibarsız hesab edilməsini xahiş edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eyni məzmunlu izahat verərək iddianı etiraf etmişlər. İlk növbədə qeyd olunmalıdır ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021- ci il tarixli Qərarlar). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hər hansı əqdin (o cümlədən müqaviləsinin) etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Mülki Məcəllənin 337.1, 337.3 və 340.1-ci maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə hesab edir ki, iddiaçılar onlar arasında müqavilənin formal bağlandığına istinad etdiyindən həmin əqdin əhəmiyyətsiz (uydurma) əqd olub-olmaması araşdırılmalıdır. Qeyd olunmalıdır ki, əqdin uydurma əqd hesab edilməsi üçün aşağıdakı şərtlərin hamısının eyni vaxtda mövcud olması zəruridir: birincisi, əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olmalıdırlar. Başqa sözlə əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdırlar. İkincisi, uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olmalıdır. Uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq bir qayda olaraq hüquqazidd xarakter daşıyan tam başqa məqsəd güdürlər. Məhkəmə tərəflərin izahatlarını, işin hallarını, xüsusilə müqaviləni Cavabdeh3 adından imzalamış etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 etirafını, mənzilin hazırki vaxtadək iddiaçıların sahibliyində olmasını, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış müqaviləni nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə alğı-satqı müqaviləsi formal olaraq bağlanmaqla, alıcı qismində Cavabdeh3 nə özü, nə də onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən satıcıya müqavilədə göstərilən 70.000 manat məbləğində ödəniş verilməmişdir. Halbuki alğı-satqı müqaviləsinin mahiyyəti əmlakın verilməsi və ona uyğun ekvivalent pul ödənilməsindən ibarətdir. Həmçinin nəzərə alınmalıdır ki, alğı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq mənzil iddiaçıların istifadəsində olmuş və cavabdehin mənzillə bağlı hər hansı tələbi olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Dövlət Sərhəd Xidmətindən təqdim edilmiş məlumatlara əsasən Cavabdeh3 alğı-satqı müqaviləsinin bağlanmasından əvvəl Azərbaycan Respublikasını tərk etmiş və müqavilənin icrası zamanı, ondan sonra ölkədə olmamışdır. Bu fakt isə alıcı tərəfindən mənzilin əldə olunması ilə bağlı real niyyətin mövcud olmadığını bir daha göstərir. Müqavilə üzrə öhdəliklərin qəbul edilməsi üçün Cavabdeh3 heç bir faktiki iştirakı olmamış, müqavilə bilavasitə formal olaraq nümayəndəsi tərəfindən bağlanmışdır. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi olmuş Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatı ilə onun müqavilənin bağlanmasından və şərtlərindən xəbərsiz olduğunu, müqavilə bağlandıqdan sonra belə alıcı tərəfindən heç bir ödəniş edilmədiyini, cavabdehə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün hər hansı pul məbləği göndərmədiyini, müqavilə öhdəliklərini yerinə yetirmədiyini, ümumiyyətlə onunla əlaqə saxlamağın mümkün olmadığını təsdiqləmişdir. Beləliklə, müqavilənin bağlanması ilə bağlı bütün davranışların yalnız sənəd üzərində aparılması, əməliyyatın iqtisadi məqsəd daşımaması, ödənişin edilməməsi və tərəflərin heç birinin müqavilə üzrə öhdəliklərin faktiki icrasına yönəlmiş addım atmaması Mülki Məcəllənin 340.1-ci maddəsinin mahiyyətinə uyğun olaraq uydurma əqd əlamətlərini formalaşdırır. Uydurma əqdin əsas xüsusiyyəti olan tərəflərin hüquqi nəticə yaratmaq niyyətinin olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. V. Nəticə: Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh3 ilə Cavabdeh1, İddiaçı1 və Nümayəndə arasında Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 08 sentyabr 2022-ci il tarixli, AN-İ saylı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3 ilə Cavabdeh1, İddiaçı1 və Nümayəndə arasında Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 08 sentyabr 2022-ci il tarixli, AN-İ saylı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar