Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2240/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, AZ/076088 nömrəli sığorta şəhadətnaməsi ilə 540 manat məbləğində pul vəsaitinin, xx.xx.2021-ci il tarixli RAZ********** nömrəli sığorta şəhadətnaməsi ilə 419,66 manat məbləğində pul vəsaitinin və 30,40 manat dövlət rüsumu ümumilikdə, 990,06 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən X1 mülkiyyətində olan və icarə müqaviləsi əsasında sığortalı Qasımov Rəşad Elmar oğlunun istifadəsində olan Bakı şəhər, Nərimanov rayonu, Xətai prospekti 41 ünvanında yarımzirzəmidə yerləşən daşınmaz əmlak (“Gilan Seramik”) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2021-ci il tarixli, AZ/076088 nömrəli və xx.xx.2021-ci il tarixli RAZ********** nömrəli sığorta müqavilələri (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə X1 mülkiyyətində olan və icarə müqaviləsi əsasında sığortalı Qasımov Rəşad Elmar oğlunun istifadəsində olan Bakı şəhər, Nərimanov rayonu, Xətai prospekti 41 ünvanında yarımzirzəmidə yerləşən daşınmaz əmlak (“Gilan Seramik”) çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh istifadəsində olan 4 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan 36 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, yarımzirzəmiyə, binanın birinci mərtəbəsi, yəni Cavabdeh istifadəsində olan 4 nömrəli mənzildən mətbəx hissəsində yerləşən paltaryuyan cihazının boru patlaması nəticəsində axan su kütlələri (subasma) nəticəsində zərər dəymişdir. 1441 nömrəli dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, X1 mülkiyyətində və Qasımov Rəşad Elmar oğlunun istifadəsində olan yarımzirzəmidə yerləşən daşınar əmlak (“Gilan Seramik”) subasma nəticəsində 1540 manat məbləğində zərər vurulmuşdur. 1440 nömrəli dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, yarımzirzəmidə yerləşən daşınmaz əmlak (“Gilan Seramik”) isə subasma nəticəsində 780 manat məbləğində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə bağlı xx.xx.2022-ci il tarixli, Fİ-0015/2022-AKT3498/22 nömrəli aktla 1000 manat azadolma və s. məbləğlər çıxılmaqla 540 manat, xx.xx.2022-ci il tarixli, CFİ-0070/2022- AKT3491/22 nömrəli aktla 360 manat azadolma və s. məbləğlər çıxılmaqla 419,66 manat, cəmi 959,66 manat məbləğində pul vəsaiti ASC tərəfindən sığortalı Qasımov Rəşad Elmar oğluna sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC 419,66 manat və 540 manat məbləğində sığorta ödənişini Qasımov Rəşad Elmar oğlunun hesabına köçürmüşdür; "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişləri bildirişin daxil olduğu tarixdən 5 gün ərzində subroqasiya hüququna əsasən "xxxx" ASC-ə ödənilməli, əks təqdirdə isə məhkməyə müraciət olunacağı bildirilmişdir; Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh sığortalanmış X1 mülkiyyətində olan və icarə müqaviləsi əsasında sığortalı Qasımov Rəşad Elmar oğlunun istifadəsində olan Bakı şəhər, Nərimanov rayonu, Xətai prospekti 41 ünvanında yarımzirzəmidə yerləşən daşınmaz əmlaka (“Gilan Seramik”) su sızması hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfərrüatı ilə araşdırılarkən müəyyən olunmuşdur ki, obyektə həmin binada yaşayan Cavabdeh məxsus mənzilindən su axıdıldığından obyekt yararsız hala salınmışdır. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərər ödənilərək sığorta ödənişləri həyata keçirilmişdir. Hazırda isə sığortaçı sığorta aktlarına əsasən cəmi ödədiyi pulun subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Mülki Məcəllənin 936-cı maddəsinin məzmununa uyğun olaraq subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, həmçinin subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərəvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yarana bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq xx.xx.2021-ci il tarixli, AZ/076088 nömrəli sığorta şəhadətnaməsi ilə 540 manat məbləğində pul, xx.xx.2021-ci il tarixli RAZ********** nömrəli sığorta şəhadətnaməsi ilə 419,66 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30,4 manat olmaqla, cəmi 990,06 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq xx.xx.2021-ci il tarixli, AZ/076088 nömrəli sığorta şəhadətnaməsi ilə 540 manat məbləğində pul, xx.xx.2021-ci il tarixli RAZ********** nömrəli sığorta şəhadətnaməsi ilə 419,66 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30,4 manat olmaqla, cəmi 990,06 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2240/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2240/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver