Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2312/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzil ilə əlaqədar keçrilmiş hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 22.08.2019-cu il tarixli 2(105)-35/2019 saylı Qətnaməsi (‘Qətnamə”) ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 14582/2019 saylı, 06.10.2016-cı il tarixli qətnaməsi kredit müqaviləsi üzrə əsas borcun tutulması (24,504.31 ABŞ dolları) və ipoteka predmetinin ilkin satış qiymətinin (45,000.00 manat) müəyyənləşdirilməsi hissəsində dəyişdirilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (‘İddiaçı”) Qətnamənin alınması ilə bağlı ərizə ilə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etmiş və Qətnaməni rəsmi olaraq 22.05.2020-ci il tarixdə alaraq, 21.07.2020-ci il tarixdə qətnamədən kassasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli, 2(105)-35/2019 saylı qərardadı ilə qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.11.2020-ci il tarixli, 2(102)-5453/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Qətnaməsi qüvvəyə minməmişdən əvvəl, 26.02.2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən olunmaqla hərracın təşkili barədə 2(105)-35/2020 saylı icra sənədini hazırlayıb Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi 02.03.2020-ci il tarixdə İcraata başlamaq haqqında qərar qəbul etmişdir. 26.10.2020-ci il tarixdə icra sənədi üzrə ipoteka predmetinin açıq hərracda satışının təşkil olunması məqsədi ilə Sumqayıt şəhəri üzrə İcra idarəsi Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh”) sifariş göndərmişdir. İddiaçı 11.12.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə müraciət edərək, məhkəmə qərarının qüvvəyə minməməsi səbəbindən hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq, 27.11.2020 və 14.12.2020-ci il tarixlərində Cavabdeh tərəfindən qanunsuz olaraq iki hərrac keçirilmişdir. Cavabdeh 16.12.2020-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair təklifi Sumqayıt şəhəri üzrə İcra idarəsinə və ‘Xalq Bank” ASC-nə göndərmişdir. İddiaçı 30.12.2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 26.02.2020-ci il tarixli hərracın təşkili barədə 2(105)-35/2020 saylı icra sənədinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə isə, öz növbəsində, 15.01.2021-ci il tarixdə bildirmişdir ki, “qətnamədən verilmiş apelyasiya və kassasiya şikayəti ilə bağlı icra hərəkətlərinin dayandırılması icra qurumuna aid edilmişdir”. Bununla da, Sumqayıt Apelyasiya Məhkəməsinin İddiaçının məktubunu belə bir formada əsaslandırması daha əvvəl qəbul etmiş olduğu qərar ilə ziddiyyət təşkil edir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli, 2(105)-35/2019 saylı qərardadı ilə qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilmiş və şikayət aidiyyəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçı 15.01.2021-ci il tarixdə təkrar olaraq Sumqayıt şəhəri üzrə İcra idarəsinə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 22.08.2019-cu il tarixli 2(105)-35/2019 saylı qətnaməsindən kassasiya şikayəti verdiyini və həmin qətnamənin qüvvəyə minməməsi səbəbindən hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi 599/41 saylı, 18.01.2021-ci il tarixli hərracın dayandırılması haqqında bildiriş ilə cavabdehə müraciət edərək, hərracın dayandırılmasını xahiş etmişdir. İddiaçı 12.01.2021-ci il tarixdə şikayət ərizəsi ilə Sumqayıt şəhəri Regional Ədliyyə idarəsinə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra idarəsinin qanunsuz icra hərəkətlərinin dayandırılması və barələrində tədbir görülməsini tələb etmişdir. Bu ərizəyə cavab olaraq Sumqayıt şəhəri Regional Ədliyyə İdarəsi 06/125 saylı, 26.02.2021-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən İddiaçının ərizəsi əsaslı hesab olunmuş və 18.01.2021-ci il tarixdə hərracın dayandırılması ilə bağlı cavabdehə məktub göndərilmişdir. İddiaçı 18.03.2021-ci il tarixdə cavabdehə sorğu vermiş və hərracın yekun protokolunun ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh Hərracın yekunları barədə 04/02 saylı protokolu İddiaçıya təqdim etmişdir. Həmin Protokolda tarix olaraq 14.01.2021-ci il qeyd edilmişdir. Maraqlısı odur ki, cavabdeh tərəfindən təqdim edilmiş protokol nə Sumqayıt şəhəri üzrə İcra idarəsi, nə cavabdeh, nə də ki "xxxx" ASC tərəfindən imzalanmamışdır. Qanunsuz olaraq təşkil edilmiş hərracın nəticəsində iddiaçı həmin hərracda iştirak edə hilməmişdir. Halbuki, iddiaçı hərracda iştirak edib həmin əmlakı özü də əldə edə bilərdi. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin İddiaçı ünvanlanmış 26.02.2021-ci il tarixli 06/125 nömrəli məktubun surətindən görünür ki, 26.10.2020-ci il tarixdə icra sənədi üzrə ipoteka predmeti üzrə Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin açıq hərracda satışının təşkil olunması məqsədi ilə "xxxx" MMC-yə sifariş göndərilmişdir. 15.01.2021-ci il tarixdə icra idarəsinə daxil olmuş ərizədə iş üzrə Ali Məhkəməyə kasassiya şikayəti verildiyindən hərracın keçrilməsinin dayandırılması xahiş olunmuşdur. Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən ərizə əsaslı hesab olunmuş və 18.01.2021-ci il tarixdə hərracın dayandırılması ilə bağlı "xxxx" MMC-yə məktub göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin "xxxx" MMC-yə və İddiaçı ünvanlanmış 18.01.2021-ci il tarixli 599/41 nömrəli məktubun surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı, 26.02.2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən olunmaqla hərracın təşkili barədə 26.10.2020-ci il tairxdə 46/41 saylı məktubla müraciət olunmuşdur. Hazırda iş üzrə kassasiya şikayəti verildiyi üçün Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin hərracının dayandırılması xahiş olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli 2(105)-35/2019 saylı qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(105)-35/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(105)-35/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.12.2020-ci il tarixli 2(102)-5453/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 26.10.2020-ci il tarixli 46/41 nömrəli "xxxx" MMCnə ünvanlanmış hərracın keçrilməsi haqqında sifairşin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı, 26.02.2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən olunmuşdur. 2(105)-35/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 14582/2016 saylı, 06 oktyabr 2016-cı il tarixli qətnaməsi kredit müqaviləsi üzrə əsas borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilərək cavabdeh İddiaçı 13.03.2015-ci il tarixli, **********99415 saylı kredit müqaviləsi üzrə 24504,31 ABŞ dolları məbləğində əsas borc (manat məzənnəsi ilə) tutularaq ASC “Xalq” Bankına verilməsi və ipoteka predmeti olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilin açıq hərracdakı ilkin satış qiyməti 45.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin 05.11.2020-ci il tarixli 01/2136 nömrəli hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin №46/41 saylı 26.10.2020-ci il tarixli sifariş məktubu və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı, 26.02.2020-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinə dair 27.11.2020-ci il tarixdə saat 11:00-dan 17:00dək hərracın keçrilməsi vaxtı müəyyən edilmiş və ilkin satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilmişdir. Bildirişlə bağlı “FM express” kuryer xidmətləri üçün 169161 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 11.11.2020-ci il tarixdə saat 18:55-də poçt qəbzini imzalayaraq qəbul etmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin 02.12.2020-ci il tarixli 01/2452 nömrəli hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin №46/41 saylı 26.10.2020-ci il tarixli sifariş məktubu və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı, 26.02.2020-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinə dair 14.12.2020-ci il tarixdə saat 11:00-dan 17:00dək hərracın keçrilməsi vaxtı müəyyən edilmiş və ilkin satış qiyməti 45.000-15%=38.250 (otuz səkkiz min iki yüz əlli) manat müəyyən edilmişdir. Bildirişlə bağlı “FM express” kuryer xidmətləri üçün 169971 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 08.12.2020-ci il tarixdə saat 18:52-də poçt qəbzini imzalayaraq qəbul etmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin 16.12.2020-ci il tarixli 01/2606 nömrəli "xxxx" ASC-nə və digərlərinə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin № 46/41 saylı 26.10.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 16.12.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 28.687,50 (iyirmi səkkiz min altı yüz səksən yeddi man 50 qəp) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. 01-07 dekabr 2020-ci il tarixli birja yenilikləri qəzetinin 225 nömrəli sayından və 16 dekabr 2020-ci il tarixli birja yenilikləri qəzetinin 227 sayından görünür ki, hərracın keçirilməsi barədə elan dərc edilmişdir. "xxxx" Sumqayıt filalının X2, İddiaçı, X3 və X4 ünvanlanmış 17.03.2021-ci il tarixli 33 nömrəli bildirişin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(105)-35/2019 saylı, 22.08.2019-cu il tarixli qətnaməsi ilə ASC “Xalq” Bankı (“Bank”) və İddiaçı arasında bağlanmış 13 mart 2015-ci il tarixli **********99415 saylı kredit müqaviləsi üzrə bankın tələblərinin təmin edilməsi üçün 13 mart 2015-ci il tarixli **********99415 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan mülkiyyət hüququ üzrə X1 məxsus Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 1-ci mərtəbəsində 41.1 kv.m ümumi, 23.1 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 21 nömrəli mənzilə tutma yönəldilməsi və həmin mənzilin dəyərindən bankın iddia tələbinin ödənilməsi qərara alınmışdır. Bank tərəfindən qeyd edilən mənzil qanunverciliyə uyğun olaraq 10.02.2021-ci il tarixdə əldə edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin əmlak üzərində bankın mülkiyyət hüququnu təsdiq edən elektron çıxarış alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(105)-35/2019 saylı, 22.08.2019-cu il tarixli qətnaməsi və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə istinad edərək yaşayış evini 30 (otuz) gün müddətindən gec olmayaraq tərk edilməsi tələb edilmişdir. 05.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində rüsum ödəmişdir. Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş 22.12.2012-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1977-ci ildə Ağdam şəhərində anadan olmuş və Sumqayış şəhəri, məh.5,ev.1/28,m.21 ünvanında qeydiyyatdadır. Poçt qəbzinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən daşınmaz əmlaka hərracın keçrilməsi tarixi barədə məlumatlı olmuşdur. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi iddiaçı 04/02 saylı protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun iddia tələbinə hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. Göründüyü kimi iddiaçı həmin bildirişləri imzalayaraq almış və hərracla bağlı bildirişlərin ünvan 5 ünvanına göndərilməsində hərrac təşkilatı haqlı olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, həmin ünvan üzrə bildirişlərin qəbul edilməsi iddiaçının yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. O da qeyd edilməlidir ki, iddiaçı keçirilmiş hərracın etibarsız hesab edilməsini mübahisələndirsə də, "xxxx" Külək MMC-nin direktoru Nərgiz Əliyeva tərəfindən tərəflərə ünvanlanmış məktubdan görünür ki, hərrac baş tutmamış və bu səbəbdən tərəflərə təklif olunmuşdur. Bundan başqa iddiaçının icranın dayandırılmalı olduğu halda keçirilməsinə münasibətdə qeyd edilməlidir ki, ipoteka haqqında qanunverilciyin və mülki qanunvericliyin tələbləri baxımından hərracın etibarıszlığı ilə bağlı sadalanan hallar sırasında hərracın dayandırılmadan keçirilməsi halı nəzərdə tutulmamışdır. Sadalanan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2312/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2312/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver