Məhkəmə qərarları › İş №e-2(005)-233/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-233/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-233/2024 02.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyət hüququ ilə məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 4, 20 saylı fərdi yaşayış evinin 06 noyabr 2020-ci il tarixdə hərracda satılması ilə əlaqədar “ hərracın yekunları barədə 46/01-1 saylı Protokol ” və 06 noyabr 2020-ci il tarixli “ Hərracın yekunları üzrə əmlakın alqı-satqı Müqaviləsinin” etibarsız hesab edilməsi; “Bank VTB (Azərbaycan)” ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi "xxxx" X3 ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 4, 20 saylı evin açıq hərracdan satılması üçün hərrac keçirilməsinə dair sifariş vermişdir. “Külək ” X6 hərracı təşkil edərək, əəmlakın ilkin satış qiymətini 75000 (yetmiş beş min) manat müəyyən etmiş, təkrar hərracda qiyməti 15, 25% aşağısalaraq,əmlakıson satış qiyməti 47812,5 manata 06 noyabr 2020-ci il tarixdə “Bank VTB (Azərbaycan)” ASC-yə satmışdır. Hərracların (ilkin, təkrar) keçirilməsi barədə onlara nə “ Külək ” X2, nə də ki, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən hər hansı bir yazılı və şifahi məlumat verilməmişdir. Hərracın keçirilməsi və əmlakın satılmasından onlar, indi xəbər tutmuş və dərhal Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə və "xxxx" X3 müraciət etmişdir. Hərracı keçirən "xxxx" X6 tərəfindən onlara “Hərracın yekunları barədə 46/01-1 saylı 06 noyabr 2020-ci il tarixli Protokolun” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında 06 noyabr 2020-ci il tarixli Müqavilənin təsdiq olunmamış kompyuter surətləri 12 iyul 2023-cü il tarixdə təqdim edilmişdir. Bildirirəm ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1059/2019 saylı qətnaməsi ilə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri olaraq ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş xx.xx.2018-ci il tarixli № Y- 336 saylı hərracın nəticələri haqqında yekun protokol etibarsız hesab edilmiş; ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 12 sentyabr 2018-ci il tarixli Müqavilə etibarsız hesab edilmiş; “Bank VTB( Azərbaycan) ”ASC-nin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş ******* №li RX seriyalı Çıxarış ləğv edilmişdir. Bundan sonra ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 4, 20 saylı ev onun adına yenidən qeydiyyata alınmalı idi. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestrinə etdiyim müraciətlər cavabsız qaldı. Həmin əmlak onun adına yenidən sənədləşdirilmədən hərrac keçirilə bilməzdi. Lakin, əmlak “Bank VTB ( Azərbaycan )” ASC-nin adında olduğu halda hərrac keçirilmiş, bu barədə onlara hər hansı bir formada xəbər verilməmişdir və qanunsuz hərrac keçirilmişdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X7 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank “VTB (Azərbaycan)” ASC, Xəzr rayon İcra və Probasiya şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin iddiaçı iddia ərizəsində göstərmişdir ki, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B. Zakir küçəsi, döngə 4, 20 saylı evin yenidən qeydiyyata alınmalı və beləliklə hərrac qanunsuz keçirilmişdir. Hesab edirik ki, hazırki iddia tələbinin nə hüquqi, nə də ki, faktiki baxımından heç bir əsası yoxdur və bu səbəbdən hazırki iddia tələbi təmin oluna bilməz. Bununla əlaqədar, aşağıdakıları qeyd edirlər. Xəzər rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)-4327/2016 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2013-cü il tarixli 117895-1-9125/1 saylı müqavilə üzrə ümumilikdə isə 56880,39 ABŞ dolları məbləğində pulun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti 75000 manat müəyyən edilməklə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 küçəsi, döngə 4, ev 20 ünvanında yerləşən ümumi 138,90 kv.m mənzilə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 1782/2017 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)- 4327/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-531/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-1782/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Y-291 saylı hərracın nəticələri haqqında protokola əsasən hərracın qalibi (alıcı) Bank VTB (Azərbaycan) ASC olmuşdur. "xxxx" MMC ilə Bank arasında xx.xx.2020-ci il tarixində bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 küçəsi, döngə 4, ev 20 ünvanında fərdi yaşayış ev Banka satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş ********** saylı, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mənzil üzərində Bank VTB (Azərbaycan) ASC-nin mülkiyyət hüquqları tanınmışdırHərrac nəticələrin etibarsız hesab edilməsi barədə: “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirilən hərrac məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İpoteka haqqında qanunun 42-ci maddəsi: hərracın keçirilmə qaydası: Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Qüvvədə olan qanunvericilikdən göründüyü kimi, yalnız “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda (44-cü maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsində (416.1-ci maddə) müəyyən edilmiş qaydaların (42-ci maddə) pozulması ilə keçirilən hərracın etibarsız hesab edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B. Zakir küçəsi, döngə 4, 20 saylı evin yenidən qeydiyyata alınmamasına görə keçirilmiş hərracın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, hərrac təşkilatçısı olan “Külək" MMC ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmiş, həmin bildirişi ipoteka qoyan almış, hərracların keçirilməsinə dair kütləvi informasiya vasitələrində və hərrac təşkilatçısının rəsmi internet saytında məlumat yerləşdirilmişdir. Ümumiyyətlə, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına qanunla nəzərdə tutulmuş qaydada tam riayət edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə istinadən, məhkəmədən İddiaçı iddia tələbi təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank VTB (Azerbaycan)” ASC-nin nümayəndəsi X5 iddia ərizəsinin əsassız olduğunu qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçıların nümayəndə və vəkilinin , müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4327/2016 saylı, 15 avqust 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış 08 oktyabr 2013-cü il tarixli 117895-1- 9125 saylı “Baş Kredit razılşaması” və 08 oktyabr 2013-cü il tarixli 117895-1-9125/1 saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı və X1 birgə qaydada 50329,51 ABŞ dolları əsas, 610,88 ABŞ dolları faiz, cərimə borcu üzrə 400 ABŞ dolları, cəmi 56880,39 ABŞ dolları məbləğində borc icra vaxtı manata olan məzənnə ilə manatla “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan 20000 ABŞ dolları məbləğində tikinti materialları və qranitə yönəldilməsi, evin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməklə, açıq hərracda satılması, tikinti materialları, mərmər və qranit açıq hərracda satılması və onların satışından əldə olunmuş vəsait hesabına İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)- 4327/2016 saylı, 15 avqust 2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmış, eyni tarixdə İddiaçı tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1782/2017 saylı, 02 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4327/2016 saylı, 15 avqust 2016-cı il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi dəyişdirilmədən saxlanılmışdır. - Ali Məhkəmənin 2(102)-531/2018 saylı, 16 yanvar 2018-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1782/2017 saylı, 02 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" MMC-nin 12 sentyabr 2018-ci il tarixli, Y-336 nömrəli Hərracın nəticələri haqqında yekun protokolundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 47812 manata tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən əldə edilmişdir. - "xxxx" MMC-nin 12 sentyabr 2018-ci il tarixli hərracın yekunları barədə protokolundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 4, 20 saylı fərdi yaşayış evinin tam dəyəri 47813 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir və xx.xx.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə adına qeydiyyata alınmışdır. - Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B. Zakir küçəsi, döngə 4, 20 saylı ev İddiaçı adına 27 aprel 2002-ci il tarixində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil “Bank VTB (Azərbaycan)” ASC-nin mülkiyyətindədir və xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə adına qeydiyyata alınmışdır. - Səbail Rayon Məhkəməsinin 2(009)-1059/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, ipoteka ipoteka predmeti olan ünvan 1 ünvanına yerləşən fərdi yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş xx.xx.2018-ci il tarixli №Y-336 saylı hərracın nəticələri haqqında yekun Protokolun etibarsız hesab edilməsi, ünvan 1 ünvanına yerləşən fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” 12 sentyabr 2018-ci il tarixli Müqavilənin etibarsız hesab edilməsi, “Bank VTB (Azərbaycan)” ASC-nin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş ******* №-İi RX seriyalı Çıxarış ləğv edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4327/2016 saylı, xx.xx.2016cı il tarixli icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilməsi qət edilmişdir. - xx.xx.2020-ci il tarixli 01 nömrəli hərracın keçirilməsinə dair Bildirişdən görünür ki, ünvan 1 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitə dair hərracın 19 iyun 2020-ci il tarixə saat 12:30;12:40-a təyin edilmişdir. ünvan 1 saylı mənzilin ilkin satış qiyməti 75000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitin isə ilkin satış qiyməti 18478,82 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli 02 nömrəli hərracın keçirilməsinə dair Bildirişdən görünür ki, ünvan 1 saylı mənzilə dair hərracın 06 iyul 2020-ci il tarixə saat 12:30;12:40-a təyin edilmişdir. ünvan 1 saylı mənzilin ilkin satış qiyməti 75000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitin isə ilkin satış qiyməti 18478,82 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli 01 nömrəli hərracın keçirilməsinə dair Bildirişdən görünür ki, ünvan 1 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitə dair hərracın 18 sentyabr 2020-ci il tarixə saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmişdir. ünvan 1 saylı mənzilin ilkin satış qiyməti 75000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitin isə ilkin satış qiyməti 34000 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli 02 nömrəli hərracın keçirilməsinə dair Bildirişdən görünür ki, ünvan 1 saylı mənzilə dair hərracın 05 oktyabr 2020-ci il tarixə saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmişdir. ünvan 1 saylı mənzilin ilkin satış qiyməti 63750 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli təklifdən görünür ki, ünvan 1 saylı mənzil təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə yəni 47812,50 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. - “Birja yenilikləri” qəzetinin 10 oktyabr 2020-ci il tarixli nömrələrində ünvan 1 saylı mənzilə dair keçirilən hərracların yeri, vaxtı və nəticələri barədə məlumatlar əks olunmuşdur. - "xxxx" MMC-nin 06 noyabr 2020-ci il tarixli hərracın yekunları barədə protokolundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 4, 20 saylı fərdi yaşayış evinin tam dəyəri 47812,5 manat müəyyən edilmişdir. - 06 noyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 4, 20 saylı fərdi yaşayış evi 47812,5 manata “Bank VTB (Azərbaycan)” ASC əldə etmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil “Bank VTB (Azərbaycan)” ASC-nin mülkiyyətindədir və xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə adına qeydiyyata alınmışdır. - 144377 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, "xxxx" MMC tərəfindən bildiriş xx.xx.2020-ci il tarixində İddiaçı göndərilmiş, talon Babayev C. tərəfindən imzalanmışdır. - 149572 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, "xxxx" MMC tərəfindən bildiriş xx.xx.2020-ci il tarixində İddiaçı göndərilmiş, talon Babayev Cavidan tərəfindən imzalanmışdır. - 152271 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, "xxxx" MMC tərəfindən bildiriş xx.xx.2020-ci il tarixində İddiaçı göndərilmiş, talon Babayeva tərəfindən imzalanmışdır. - 06 noyabr 2020-cı il tarixli 46/01-2 nömrəli Hərracın Yekunları barədə protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 47812 manata tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən əldə edilmişdir. - Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4327/2016 saylı, 15 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış 08 oktyabr 2013-cü il tarixli 117895-1-9125 saylı “Baş Kredit razılşaması” və 08 oktyabr 2013cü il tarixli 117895-1-9125/1 saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı və X1 birgə qaydada 50329,51 ABŞ dolları əsas, 610,88 ABŞ dolları faiz, cərimə borcu üzrə 400 ABŞ dolları, cəmi 56880,39 ABŞ dolları məbləğində borc icra vaxtı manata olan məzənnə ilə manatla “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan 20000 ABŞ dolları məbləğində tikinti materialları və qranitə yönəldilməsi, evin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməklə, açıq hərracda satılması, tikinti materialları, mərmər və qranit açıq hərracda satılması və onların satışından əldə olunmuş vəsait hesabına İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Daha sonra cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1782/2017 saylı, 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4327/2016 saylı, 15 avqust 2016-cı il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş Ali Məhkəmənin 2(102)-531/2018 saylı, 16 yanvar 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1782/2017 saylı, 02 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icra edilməsi üçün icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4327/2016 saylı, 15 avqust 2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmış, eyni tarixdə İddiaçı tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin 12 sentyabr 2018-ci il tarixli, Y-336 nömrəli Hərracın nəticələri haqqında yekun protokol əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 47812 manata tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil “Bank VTB (Azərbaycan)” ASC-nin mülkiyyətindədir və xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə adına qeydiyyata alınmışdır. Səbail Rayon Məhkəməsinin 2(009)-1059/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ipoteka ipoteka predmeti olan ünvan 1 ünvanına yerləşən fərdi yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş xx.xx.2018-ci il tarixli №Y-336 saylı hərracın nəticələri haqqında yekun Protokolun etibarsız hesab edilməsi, ünvan 1 ünvanına yerləşən fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” 12 sentyabr 2018-ci il tarixli Müqavilənin etibarsız hesab edilməsi, “Bank VTB (Azərbaycan)” ASC-nin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş ******* №-İi RX seriyalı Çıxarış ləğv edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4327/2016 saylı, xx.xx.2016cı il tarixli icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli 01 nömrəli hərracın keçirilməsinə dair Bildirişdən görünür ki, ünvan 1 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitə dair hərracın 19 iyun 2020-ci il tarixə saat 12:30;12:40-a təyin edilmişdir. ünvan 1 saylı mənzilin ilkin satış qiyməti 75000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitin isə ilkin satış qiyməti 18478,82 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli 02 nömrəli hərracın keçirilməsinə dair Bildirişdən görünür ki, ünvan 1 saylı mənzilə dair hərracın 06 iyul 2020ci il tarixə saat 12:30;12:40-a təyin edilmişdir. ünvan 1 saylı mənzilin ilkin satış qiyməti 75000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitin isə ilkin satış qiyməti 18478,82 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli 01 nömrəli hərracın keçirilməsinə dair Bildirişdən görünür ki, ünvan 1 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitə dair hərracın 18 sentyabr 2020-ci il tarixə saat 11:00- 17:00-dək (növbəlik əsasında) təyin edilmişdir. ünvan 1 saylı mənzilin ilkin satış qiyməti 75000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitin isə ilkin satış qiyməti 34000 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli 02 nömrəli hərracın keçirilməsinə dair Bildirişdən görünür ki, ünvan 1 saylı mənzilə dair hərracın 05 oktyabr 2020-ci il tarixə saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmişdir. Daha sonra "xxxx" MMC-nin 06 noyabr 2020-ci il tarixli hərracın yekunları barədə protokolundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 4, 20 saylı fərdi yaşayış evinin tam dəyəri 47812,5 manat müəyyən edilmişdir. 06 noyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 4, 20 saylı fərdi yaşayış evi 47812,5 manata “Bank VTB (Azərbaycan)” ASC əldə etmişdir. ünvan 1 saylı mənzilin ilkin satış qiyməti 63750 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil “Bank VTB (Azərbaycan)” ASC-nin mülkiyyətindədir və xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə adına qeydiyyata alınmışdır. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi, məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.3-cü maddəsinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda mübahisəyə mahiyyəti üzrə baxılanadək bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır. Həmin Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadının nəticə hissəsində qeyd olunmuşdur: 1. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8- ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. 2. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir.

3. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. 4. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər.5. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Sadalanan qanunverilcik əsaslarından görünüyü kimi, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Çünki, ipoteka predmeti olan fərdi yaşayış evi ilə bağlı verilən icra sənədi əsasında hərrac təşkilatı tərəfindən müxtəlif vaxtlarda, ümumilikdə 4 dəfə hərrac keçirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd emişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Xəzər rayon İcra Şöbəsindən tələb edilmiş İcra işindəki sənədlərdən və iş materiallarından göründüyü kimi, birinci dəfə “"xxxx" MMC tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 2 dəfə hərrac keçirilmiş, lakin hərrac baş tutmadığı üçün hərrac təşkilatı tərəfindən banka, icra şöbəsinə və ipoteka qoyana bu barədə məlumat verilmiş, o cümlədən ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətə ala bildiyi üçün 30 gün ərzində bu təklifə münasibət bildirilməsi xahiş edilmişdir. Buna baxmayaraq, tələbkar bank tərəfindən ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə əldə edilməmişdir. Hərrac təşkilatı tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə və vaxtda 2 dəfə hərrac keçirilmiş və təkrar hərrac baş tutmadığı üçün ipoteka predmetinin əldə edilməsi banka təklif edilmiş və tələbkar bank tərəfindən 4-cü dəfə keçirilən hərracın baş tutması nəticəsində fərdi yaşayış evi əldə edilmişdir ki, bu da qanuna zidd sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadında da ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edildiyi göstərilmişdir. Bu hal bir daha təsdiq edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir, eyni zamanda Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Lakin hazırki iş üzrə cavabdeh olan bank isə iki dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra, ümumilikdə 4-cü hərracdan sonra ipoteka predmeti olan fərdi yaşayış evini qanunsuz əldə etmişdir ki, bu da hazırki iddianın təmin edilməsi üçün müstəqil əsas sayılır. Qeyd olunan qərardadın 32-34-cü paraqraflarında qeyd olunmuşdur ki,… həmçinin, ipotekaya xitam verilməsi tələbi hərracların müəyyənləşdirilmiş qaydaları pozulmaqla keçirilməsi əsası ilə təmin edilmədiyi təqdirdə, həmin əmlaklarla bağlı hərraclar keçrilməmiş hesab edildiyi üçün onların yenidən təşkili “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin (yalnız iki hərracın keçirilməsi) tələblərinə zidd olmayacaqdır. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti ilə bağlı isə qeyd edilməlidir ki, bu şərt özü-özlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi, hərrac təşkilatı tərəfindən keçirilmiş ilk iki hərrac etibarsız hesab edilmədiyi üçün üç və dördüncü dəfə hərracların keçirilməsinə də əsas olmamışdır. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi, birinci hərrac təşkilatı tərəfindən keçirilmiş ilk iki hərrac etibarsız hesab edilmədiyi üçün üç və dördüncü dəfə hərracların keçirilməsinə də əsas olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri pozularaq keçirilmiş hərrac və həmin hərracın yekunlarına əsasən “Bank VTB (Azərbaycan)” ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 6.10-cü bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “hərracın yekunları barədə 46/01-1 saylı Protokol” və 06 noyabr 2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqı Müqaviləsi” etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin ikinci - “Bank VTB (Azərbaycan)” ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışın ləğv edilməsi hissəsi münasibətdə məhkəmə qeyd edir ki, göründüyü kimi tələbin ikinci hissəsi bilavasitə iddia tələbinin birinci hissəsi üzrə məhkəmənin gəldiyi hüquqi nəticəyə bağlıdır. Hazırda tələbin ikinci hissəsində mübahisələndirilən mülkiyyət sənədləri məhkəmə tərəfindən etibarsız hesab edilmiş hərrac təşkilatının “Hərracın yekunları barədə 46/01-1 saylı Protokol” və 06 noyabr 2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqı Müqaviləsi” əsasında rəsmiləşdirildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı tərəfindən hər hansı bir tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı mülkiyyət hüququ ilə məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 4, 20 saylı fərdi yaşayış evinin 06 noyabr 2020-ci il tarixdə hərracda satılması ilə əlaqədar “hərracın yekunları barədə 46/01-1 saylı Protokol” və 06 noyabr 2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqı Müqaviləsi” etibarsız hesab edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 4, 20 saylı fərdi yaşayış evinə dair “Bank VTB (Azərbaycan)” ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar