Məhkəmə qərarları › İş №e-2(005)-236/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-236/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-236/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Süleymanova Aysel Qurban qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı şəhəri Nizami rayon İcra şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 106 saylı evin, 129 nömrəli mənzilinin satılmasına dair keçirilmiş hərracın nəticələrinə dair protokolun və həmin protokol əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" ASC və Nizami rayon İcra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC cavabdehlər X3 və İddiaçı İnqilab qızına qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(007)-110/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X2 "xxxx" ASC-nin xeyrinə 15 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10121,15 manat əsas, 4220,8 manat faiz, 250 manat cərimə və illik 5 faizlə hesablanmış 999,95 manat olmaqla, ümumilikdə 15591,9 manat borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin 80000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyan İddiaçı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdeh mənzili tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. Daha sonra isə həmin qətnamədən iddiaçı X5 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4275/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(007)-110/2022 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(007)- 110/2022 saylı qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin 3113,39 manat, ümumi borcun məbləğinin isə 14484,49 manat müəyyən edilməsi qət olunmuşdur. Göstərilən qətnamə üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4275/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi verilmiş və iş icraya yönəldilmişdir. İş üzrə cavabdeh "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. Lakin keçirilən hərrac qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil etdiyindən onun nəticələri etibarsız hesab olunmalıdır. Həmçinin, hərrac predmeti olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 106 saylı evin, 129 nömrəli mənzili təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan məbləğdə yəni, 51.000 manat qiymətinə ipoteka saxlayana təklif olunmuşdur. Hazırki işdə hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlər olsa da, hərracın keçirilməsinə dair bildiriş təqdim olunmamışdır. Halbuki hərracın keçirilməsi barədə məlumat hərracın keçirilməsinə 30 gün qalmış verilməlidir. Bununla qanunverciliyin tələbləri ciddi pozularaq, hərrac bildirişi iddiaçıya vaxtında çatdırılmadığına görə, iddiaçı bu barədə məlumatlı olmamışdır. Hərracda İddiaçı İnqilab qızının iştirak etmək imkanı təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi iddiaçının hərracdan məlumatlı olmadığını, iddiaçının oğlunun bu faktı ondan gizlətdiyini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən digər üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-110/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 "xxxx" ASC-nin xeyrinə 15 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10121,15 manat əsas, 4220,8 manat faiz, 250 manat cərimə və illik 5 faizlə hesablanmış 999,95 manat borc olmaqla, ümumilikdə 15591,9 manat borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin 80000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyan İddiaçı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdeh mənzili tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, qalan hissədə iddia ərizəsinin təmin olunmaması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4275/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X3 və İddiaçı qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(007)-110/2022 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(007)- 110/2022 saylı qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin 3113,39 manat, ümumi borcun məbləğinin isə 14484,49 manat müəyyən edilməsi qət olunmuşdur; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4275/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, tutma ipoteka predmeti olan mənzilə yönəldilməli, ipoteka predmeti likvid dəyəri 80000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, əldə edilən vəsait hesabına cavabdehin banka olan borcu ödənilməli, satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməli, mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyan İddiaçı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməli, cavabdeh mənzili tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda mənzildən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılmalıdır; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 106 saylı evin, 129 saylı mənzilinə dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 80000 manat müəyyən edilmişdir; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 106 saylı evin, 129 saylı mənzilinə dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 80000-15%=68000 manat müəyyən edilmişdir; -Bildirişlərin çatdırılmasına dair qəbzlərdən görünür ki, bildirişlər xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Asif Abdullayev tərəfindən imza edilməklə qəbul edilmişdir; - “Birja Yenilikləri” qəzetinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tirajlarının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 106 saylı evin, 129 saylı mənzilinə dair açıq hərracın keçirilməsi, xx.xx.2023-cü il tarixli tirajında isə hərracın baş tutmaması elan edilmişdir; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə, İddiaçı İnqilab qızına ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 51000 manata ipoteka saxlayana təklif olunmuşdur; - Hərracın yekunları barədə 17/02 nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4275/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin və Nizami Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubunun icrasına əsasən, "xxxx" MMC-nin təşkilatçılığı ilə hərraclar keçirilmiş və başa çatdırılmışdır, ipoteka saxlayan ipoteka predmetini 51000 manat qiymətlə əldə etmək hüququnu bildirmişdir; - “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı İnqilab qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 106 saylı evin, 129 saylı mənzil 51000 manata tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir; - AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 106 saylı evin, 129 saylı mənzili xx.xx.2023-cü il tarixdə "xxxx" ASCnin adına rəsmiləşdirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə 14484,49 manat məbləğində tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Nizami rayon İcra şöbəsinin sifarişi əsasında "xxxx" MMCnin təşkilatçılığı ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hərracın yekunları barədə 17/02 nömrəli, xx.xx.2023-cü il tarixli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 106 saylı evin, 129 saylı mənzili 51000 manata tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. Hazırda iddiaçı qeyd edilən əmlakın dəyərindən aşağı satıldığına və hərrac təşkil edilərkən bildirişlərin göndərilməməsinə istinad edərək hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin hərrac təşkil edilərkən hərrac təşkilatının əsas vəzifələrindən biri kimi hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə başlanğıc qiyməti haqqında məlumatları əks etdirən bildirişlərin tərəflərə göndərilməsi müəyyən edilmişdir. İddiaçının əsas dəlillərindən biri hərraca çıxarılan daşınmaz əşyanın aşağı qiymətə satılması ilə bağlıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4275/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə daşınmaz əşyanın dəyəri müəyyən edilmiş və açıq hərracdan satılması qət edilmişdir. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mənzilin satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı əmlakın dəyərinin az olmasını, bu dəyəri müəyyən edən digər məhkəmə prosesi çərçivəsində mübahisələndirə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmçinin qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, icra sənədinin verilməsi ilə hərracın keçirilməsi arasında uzun müddət keçməmiş, bu isə kəskin qiymət artımının yaranmadığının göstəricisidir. Hərracın keçirilməsi qaydalarının pozulması ilə bağlı məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin yeni redaksiyasına əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Hazırki iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 106 saylı evin 129 nömrəli mənzili xx.xx.2023-cü il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2023-cü ildə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmişdir. İddiaçının ünvanına göndərilmiş məktub iddiaçının oğlu Asif Abdullayev tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja Yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə hərrac baş tutmamışdır. xx.xx.2023-cü il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2023-cü il tarixli bildiriş tərtib olunmuşdur. İddiaçının ünvanına göndərilmiş məktub iddiaçının oğlu Asif Abdullayev tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja Yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixlərinə olan buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamış, bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli buraxılışında elan verilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlaklar satılmadığına görə ipoteka saxlayan "xxxx" ASC-yə, ipoteka qoyana və İddiaçı təklif məktubu göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 51000 manata almağı banka təklif etmişdir. Göründüyü kimi, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi ilə bağlı dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş və həmin bildirişlər onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imza edilərək qəbul edilmişdir. “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən isə sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Beləliklə, hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir. Hərracın keçirilməsi ilə bağlı formal pozuntular isə hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlakı qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Cavabdehin borcun müəyyən hissəsinə dair ödənişləri etməsi, lakin bankın həmin ödənişləri qəbul etməməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, əmlak artıq bankın mülkiyyətində olduğundan, bu hal yalnız tərəflərin qarşılıqlı razılığı əsasında həll edilə bilər. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraclara dair bildirişlərin çatdırılmaması və əmlakın aşağı qiymətə satılması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və Nizami rayon İcra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və Nizami rayon İcra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar