Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-237/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC, "xxxx" ASC və Cavabdeh3 ASC-yə qarşı müqavilənin ləğvi, ödənilmiş pulun, təmir xərcinin və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “X6 Korporasiyası” ASC arasında, Bakı şəhəri, Sabunçu rayonu, 2595 məhəllə, ünvan 1 ünvanında yerləşən 66.31 kvadrat metr sahəsi olan 1 otaqlı mənzilə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 13305 nömrəli “Alqı-satqı” müqaviləsinin ləğv edilməsi, həmin mənzilin dəyəri olaraq tərəfindən“X6 Korporasiyası” ASC-yə ödənilmiş 63 000 manat pulun, mənzilin təmirinə xərclənmiş 30.000 manatın və ödənilmiş dövlət rüsumunun, mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun “X6 Korporasiyası” ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “X3” MMC arasında, Bakı şəhəri, Sabunçu rayonu, 2595 məhəllə, ünvan 2 ünvanında yerləşən 66.31 kvadrat metr sahəsi olan 1 otaqlı mənzilə dair xx.xx.2011-ci il tarixli, 13305 nömrəli “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Onlar həmin mənzilin alqı-satqısı zamanı mənzilin hər kv.metri üçün 450 manat olmaqla, aybaay 511.64 manat ödənilməsinə dair razılıq əldə etmişlər. Bununla bağlı xx.xx.2011-ci il tarixində İddiaçı tərəfindən birinci ayın ödənişi olaraq 511.64 manat həmin şirkətə ödənilmiş, İddiaçı ilə cavabdeh arasında “Təhvil-təslim” aktı imzalanmış və bundan sonra mənzil tam təmirsiz olaraq İddiaçı istifadəsinə verilmişdir. Müxtəlif tarixli olsalar da, həm, “Alqı-satqı” müqaviləsi, həm də, “Təhvil-təslim” aktı xx.xx.2011-ci ii tarixində Cavabdeh3ın Nərimanov rayon ofisində Akkord şirkətinin nümayəndəsi tərəfindən həyata keçirildi və orada İddiaçı, məzmunu barədə heç bir məlumat verilmədən, çoxlu sayda sənədlərə imza etdirildi. Sonradan İddiaçı məlum oldu ki, həmin imza edilən sənədlərlə, həm də, Cavabdeh3 ASC-də kredit və ipoteka müqavilələri tərtib edilmiş və müqavilədə qeyd olunmuşdur ki, guya bank tərəfindən İddiaçı 46 419 manat məbləğində kredit vəsaiti verilmişdir. Halbuki, həmin məbləğ birbaşa, cavabdeh “X3” MMC-nin hesabına köçürülmüşdür. Mənzilin alqı-satqısı zamanı bir kvadratmetrə görə 450 manat ilə razılıq əldə olunaraq tərəflərin iradəsi ifadə olunsa da, sonradan İddiaçı heç bir məlumatı olmadan bir kvadratmetrinin dəyəri 1851.8 manat kimi qeyd olunmuşdur və bununla da mənzilin dəyəri ağlasızmaz həddə artırılmaqla, aldadılma yolu ilə rəsmiləşdirilmişdir. Cavabdehlər tərəfindən bilərəkdən və planlı şəkildə yaradılmış qanunsuzluqlar bununla da bitməmiş və Texnika Bankda yaranmış problemlərlə əlaqədar, İddiaçı ilə kağız üzərində olan “borcu”, bir növ transfer olunaraq "xxxx"na “köçürülmüşdür”. Lakin İddiaçı Cavabdeh3a 10 000 manatdan çox pul ödədiyinə baxmayaraq, ABB ilə İddiaçı arasında yenidən, 18 iyun 2012-ci il tarixli, “NAR-1-12/04” saylı kredit müqaviləsi bağlanılmış və 12% -lə hesablanmaqla, 222 ay müddətinə, 45479 manat məbləğində kredit xətti açılmışdır. Hesab edir ki, bütün bu olanlar cavabdehlərin birgə razılaşması ilə, vətəndaşlara daha çox ziyan vurmaqla və onları ağır maddi duruma salmaqla, özlərinin isə, daha çox varlanmasına və fayda götürməsinə xidmət edir. Hal-hazırda "xxxx"ı yazılı xəbərdarlıq edərək, İddiaçı müqavilə üzrə 36944.84 manat pul tələb edir. Halbuki, nə Texnika Bankdan, nə də, ABB-dən İddiaçı pul verilməyib. İddiaçı banklara borcu yalnız kağız üzərində olmuşdur. İddiaçı yalnız Akkord şirkəti ilə mənzilin hər kv.metri üçün 450 manat olmaqla, aybaay 511.64 manat ödənilməsinə dair razılıq əldə etmişdilər və hər ay 511. 64 manat olmaqla, 63 000 ödəniş etmişdir. Buna baxmayaraq, İddiaçı borcu hələ də bitmir. Belə olan halda İddiaçı həmin mənzildən imtina etməyə və çəkdiyi digər xərclərlə birgə, ödədiyi vəsaiti geri tələb etməyə məcburdur. Baxmayaraq ki, İddiaçı faktiki sahibi olduğu, uzun müddət ailəsi ilə yaşadığı mənzilindən məhrum olur. İddiaçı həmin mənzilə 30.000 manat civarında pul xərcləyib əsaslı təmir-tikinti işləri aparmaqla, həmin mənzildə ailəsi ilə birlikdə gələcəkdə də yaşamağa davam etmək arzusu olmasına, mənzilin dəyərini artıqlaması ilə ödəməyinə baxmayaraq, hal-hazırda cavabdehlərin qanunsuz əməllərinə görə 10 ildən çox ailəsi ilə birgə yaşadığı evindən məhrum olur. Bu isə, İddiaçı və ailəsinə çox ciddi maddi və mənəvi zərbə deməkdir. Odur ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki, “X3” MMC ilə aralarında bağlanmış müqavilə əsasında İddiaçı satılmış mənzilin dəyəri olaraq ödədiyi pulların və mənzilin təmirinə xərclədiyi vəsaitin geri alınması, ona və ailəsinə vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi yalnız məhkəmə qaydasında təmin oluna bilər. Belə ki, qeyd olunan mənzil üçün 63.000 manat ödəniş etmiş, təmiri üçün isə 30.000 manat civarında pul vəsaiti xərcləmişdir. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz olaraq bildirmişdir ki, iddiaçı ASC-dən xx.xx.2011-ci il tarixli,13305 nömrəli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi bina 4, blok 1, 104 nömrəli 66.31 kvatrat metr sahəsi olan 1 otaqlı mənzili satın almışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 240 ay müddətində ödəməklə 122792, 86 manat müəyyən edilmişdir. İddiaçı mənzili satın alarkən Akkorda cəmi 511 manat ödəniş etmiş, daha sonra "xxxx" ASC-dən xx.xx.2012-ci il tarixli, NAR-İ-12/04 saylı kredit müqaviləsi əsasında 45479 manat məbləğində kredit götürərək mənzilin həmin dövrə olan nağd dəyərini (qiymətini) ödəməklə Akkorda olan borcunu tam bağlamışdır. İddiaçı mənzilin qiymətini ödədikdən sonra Akkorda mənzillə bağlı pul ödəməmişdir. Beləliklə İddiaçı ilə Akkord arasında bağlanılmış xx.xx.2011-ci il tarixli,13305 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər arasında hər hansı öhdəlik qalmamışdır. İddiaçı ilə Akkord arasında bağlanılmış xx.xx.2011-ci il tarixli,13305 nömrəli alqı-satqı müqaviləsinin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, ödənilmiş məbləğin ilkin ödəniş və 18%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar çəkilən xərclərin və itkilərin əvəzi kimi Satıcıda qalır. Satıcı ödənilmiş məbləğin qalıq hissəsini yalnız mənzil başqa şəxsə satıldıqdan sonra Alıcıya qaytarır. İddiaçı 2011-ci ildən mənzili təmir edərək orada yaşayır. Bu müddət ərzində (12 il) onlar kirayədə yaşamış olsaydılar, hər ay kirayə haqqı kimi minimum 300 manat kirayə haqqı ödəməklə, 144 aya 43200 (144 ay x 300 man =43200 man) manat kirayə haqqı ödəmış olacaqdı. Göründüyü kimi İddiaçı ödədiyi və mənzilin təmirinə çəkdiyi xərci almaqla, 12 il həmin mənzildə yaşayıb, indi mənzili təhvil verməklə, 43200 manat qazanc əldə emiş, əsassız varlanmış olur, Akkorda isə maddi ziyan vurmuş olur. Hesab edir ki, müqavilə iddiaçının təşəbbüsü ilə ləğv edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən onun mənzilə görə ödədiyi pul ona geri qaytarılmamalı, ən yaxşı halda isə tərəflər arasında bağlanılmış xx.xx.2011-ci il tarixli, 13305 nömrəli alqı-satqı müqaviləsinin 5.8-ci bəndi əsas götürülməli, nəzərə alınmalıdır. İddiaçı mənzili təmir edərkən Akkordla hər hansı razılaşma bağlamayıb və o mənzilin təmirini öz riski ilə həyata keçirmişdir. Akkord iddiaçıya mənzilin təmirinə çəkilən xərci ödəməyə borclu deyildir. Ekspertiza təmirə çəkilmiş xərci müəyyən edərkən təmir-tikinti işlərini təmir edilən dövrdəki qiymətlərlə hesablamamış, bu günki qiymətlərlə hesablamış, köhnəlməni (aşılanmanı) tətbiq etməmişdir. Baxmayaraq ki, mənzil 2012-ci ildə təmir olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 01 iyun 1998-ci 21-46 saylı əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış (Qeydiyyat № 108, 17-iyun 1998-ci il) köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə Təlimatın 3-cü bəndinin tələblərində göstərilənlərə əsasən, köhnəlmə faizi il üzrə 5 faiz tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Yuxarıda qeyd olunanlara əsasən iddianı əsassız hesab edir və məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq iclaslarda nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasların cavabdehlərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində çağırılmış X2 ifadəsində bildirdi ki, 1986-cı il tarixdən tarixdən iddiaçının atası evinin qonşuluğunda yaşamışdır. 2011-ci ildə İddiaçı ev alındı və atası tez-tez o evin təmiri ilə əlaqədar həmin ünvana gedirdi. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində çağırılmış X4 ifadəsində bildirdi ki, İddiaçı uşaqlıqdan tanıyır. 2015-ci ilin sonlarına qədər yeni evlərində təmir getdi. Sonradan İddiaçı həmin ünvana köçmüşdür. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində çağırılmış X5 ifadəsində bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 5, 130 nömrəli mənzildə yaşayır. İddiaçı isə bina 4-də yaşayır. 2015-ci ildən İddiaçı tanıyır. İddiaçı həmin ünvana köçmüşdür. Satıcı “X10” ASC və alıcı İddiaçı arasında bağlanmış 13305 nömrəli, xx.xx.2011-ci il tarixli müqavilənin : 1.1-ci bəndinə əsasən satıcı “X10” ASC Bakı şəhəri Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi bina 4, blok 1, 104 nömrəli 66.31 kvatrat metr sahəsi olan 1 otaqlı mənzili alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 122792,86 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini 240 ay ərzində ödəməyi öhdəsinə götürür; 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, ödənilmiş məbləğin ilkin ödəniş və 18%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar çəkilən xərclərin və itkilərin əvəzi kimi Satıcıda qalır. Satıcı ödənilmiş məbləğin qalıq hissəsini yalnız mənzil başqa şəxsə satıldıqdan sonar alıcıya qaytarır. Kreditor Cavabdeh3 ASC və borcalan İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin: 1.1-ci bəndinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsdəli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödəmək və təminatlılıq əsasında 46419,87 manat məbləğində krediti 239 ay müddətinə verir. 1.3-cü bəndinə əsasən kredit Bakı şəhəri Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi bina 4, blok 1, 104 nömrəli 66.31 kvatrat metr sahəsi olan 1 otaqlı mənzili alınmasına verilir. 2.1-ci bəndinə əsasən kreditin istifadəsinə görə borcalan illik 12% ödəyir. Borcverən "xxxx" ASC və borcalan İddiaçı arasında bağlanmış 18 iyun 2012-ci il tarixli, NAR-İ-12/04 nömrəli kredit müqaviləsinin: 2.2-ci bəndinə əsasən borcverən borclana 45479 manat məbləğinə kredit xəttini açmağı öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən öhdəliklərin icrasının təminat üsulu ipotekadır.Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən Bakı şəhəri Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi bina 4, blok 1, 113 nömrəli 66.31 kvatrat metr sahəsi olan 1 otaqlı mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra rəsmiləşdirəcək. 5.3-cü bəndiə əsasən borcalana verilən kredit vəsaitindən istifadə müddəti 222 aydır. 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə hər gün illik 12%-lə hesablanır. Borcverən "xxxx" ASC və Zamin "xxxx" ASC arasında bağlanmış 18 iyun 2012-ci il tarixli, NAR-İ- 12/04 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış 18 iyun 2012-ci il tarixli NAR-İ-12/04 nömrəli kredit müqaviləsinə əsasən 45479 manat məbləğində 222 ay müddətinə borcluya verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı hesabına ödənilməsinə öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, 10/6246 nömrəli, 05 yanvar 2023-cü il tarixli ekspert rəyində qeyd olunur ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595, bina 4, blok 1, 104 (113) nömrəli mənzil üzrə aparılmış təmir işlərinə dair layihə-smeta sənədləri, 2011-2012-ci illər üçün mənzilin təmiri üçün istifadə olunan tikinti materiallarına dair qaimələr mülki iş materiallarında olmadığına və ekspert vəsatətinə əsasən təqdim olunmadığına görə 2011-2012-ci illər üçün aparılmış təmir işlərinin ümumi dəyərini müəyyən etmək mümkün olmadı. Həmçinin mənzil üzrə aparılmış təmir işlərinin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin 20061 manat olduğu müəyyən edildi. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər arasında bağlanmış 13305 nömrəli, xx.xx.2011-ci il tarixli mənzil alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı "xxxx" ASC-dən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595, bina 4, blok 1, 104 (113) nömrəli mənzili tərəflərin razılığına əsasən ümumi dəyəri 122792,86 manat qiymətləndirilmiş 240 ay ərzində hissələrlə ödəmək şərti ilə təmirsiz şəkildə almışdır. Mənzili aldıqdan sonra İddiaçı tərəfindən həmin mənzildə təmir işləri aparılmışdır. Lakin müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri ödəməkdə çətinlik çəkdiyindən hazırda "xxxx" ASC ilə mənzilə dair bağladığı alıq-satqı müqaviləsinin ləğvini, müqavilə üzrə və mənzilin təmirinə ödədəyi pulun geri qaytarılmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə “X10” ASC və İddiaçı arasında bağlanmış 13305 nömrəli, xx.xx.2011-ci il tarixli müqavilənin ləğvi hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Cavabdeh “X10” ASC tərəfindən iddiaya verilmiş etirazdan cavabdehin iddiaçı ilə bağladığı yuxarıda qeyd edilən müqavilənin ləğvinə razı olduğu müəyyən olunur. Bu səbəbdən də məhkəmə iddia tələbinin sözügedən müqavilənin ləğvi hissəsində təmin edilməsi qənaətinə gəlir. Məhkəmə mənzilin alqı-satqısına dair iddiaçı tərəfindən ödənilmiş 65000 manat pulun “X10” ASC-dən tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM): 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 424.3-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, tərəflər mülki hüququn müqavilələr azadlığı prinsipindən çıxış edərək, qanunvericiliyin normalarına zidd olmayan müqavilə bağlamışlar. Yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi bu müqavilə tərəflər arasında mülki hüquq münasibətlərinin yaranmasına səbəb olmuş hüquqi faktdır. Bu mülki hüquq münasibətlərinin məzmunu “X10” ASC-nin sözügedən mənzili inşa edərək İddiaçı istifadəsinə verməsindən ibarət vəzifəsindən və mənzilə dair müqavilədə nəzərdə tutulmuş qaydada ödənişlərin edilməsini tələb etmək hüququndan, İddiaçı isə qeyd edilən mənzilə dair müvafiq ödənişlər etmək vəzifəsindən ibarətdir. Müqavilə ilə tərəflərin müəyyən şəraitlərdə müəyyən hərəkətləri etmələrinə dair digər davranış qaydaları da öz əksini tapmışdır. Müqaviləyə xitam verilməsi tərəflər arasında həmin hüquq münasibətləri üzrə yaranmış hüquq və vəzifələrinin də xitamına səbəb olur və bu zaman müqavilənin etibarsızlığı ilə bağlı qaydalardan fərqli olaraq restitutsiya, yəni müqaviləyə qədərki vəziyyətə qayıdış tətbiq olunmur. Bu qayda hüquq norması halına salınaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsində qeyd olunmuşdur. Lakin həmin maddəyə əsasən bu qaydadan istisnalardan biri də tərəflər arasında olan müqavilədə ayrı qayda nəzərdə tutulmuş olmasıdır ki, müqavilənin 5.8-ci bəndi ilə belə bir fəqli qayda nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, ödənilmiş məbləğin ilkin ödəniş və 18%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar çəkilən xərclərin və itkilərin əvəzi kimi Satıcıda qalır. Satıcı ödənilmiş məbləğin qalıq hissəsini yalnız mənzil başqa şəxsə satıldıqdan sonar alıcıya qaytarır. Tərəflər arasında bağlanmış müqavilənin 5.8-ci bəndinin hazırki mübahisəyə tətbiqi zamanı aydın olur ki, iddiaçı tərəfin öz izahatında təsdiq etdiyi kimi o ailəsi ilə birlidə hal-hazırda qeyd edilən mənzildə yaşadığından iddiaçının bu hərəkəti nəticəsində cavabdehin mənzili satmaq kimi real imkanı olmamışdır. İddiaçının etdiyi ödənişlərin müqavilədə nəzərdə tutulmuş hissəsini tələb etmək hüququn yaranması üçün zəruri halın mövcud olmaması – mənzilin cavabdehdən asılı olmayan səbəblərdən satılmaması səbəbindən iddiaçının ödənişlərin həmin hissəsini tələb etmək hüququ yaranmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə mənzilin təmir xərcinə görə ödənilmiş 30000 manat pulun cavabdehdən tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi təmir xərcinin əvəzinin ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı təmir xərcinin əvəzi olaraq 30000 manat pulun ödənilməsini tələb etsə də, mülki iş üzrə əldə edilmiş ekspert rəyindən mənzildə aparılmış təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 20061 manat olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə ekspert rəyində əksini tapmış məbləğin təmir xərcinin əvəzi olaraq tutulmasını əsaslı hesab edir. Məhkəmə mənəvi zərərin tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəmə, heç şübhəsiz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Beləliklə, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərin dəydiyini iddia etsə də, mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini sübut edə bilməmişdir. Məhkəmənin mövqeyinə görə İddiaçı cavabdehin hərəkətinin qanunsuz olmasını, məhz bu hərəkətlə onun mənəvi iztirabının səbəbli-əlaqəli olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi mənəvi zərərin tutulması hissəsində təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “X10” ASC və İddiaçı arasında bağlanmış 13305 nömrəli, xx.xx.2011-ci il tarixli müqavilə ləğv edilməli, cavabdeh "xxxx" ASC-dən təmir xərcinin əvəzi olaraq 20061 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 100 manat pul cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 25 manatı Cavabdeh "xxxx" ASC-dən, 25 manat pul isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “X10” ASC və İddiaçı arasında bağlanmış 13305 nömrəli, xx.xx.2011-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh "xxxx" ASC-dən təmir xərcinin əvəzi olaraq 20061 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 25 manatı cavabdeh "xxxx" ASC-dən, 25 manat pul isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sorna qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-237/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-237/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver