Məhkəmə qərarları › İş №e-2(005)-2440/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2440/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2440/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən kirayə müqavilə üzrə yaranmış 2700 (iki min yeddi yüz) manat məbləğində borcun, hüquq xidmətləri üçün vəkilə xidmət haqqı olaraq ödənilmiş 322 (üç yüz iyirmi iki) manat vəsaitin və məhkəməyə ödənilmiş 47 (qırx yeddi ) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3069 (üç min altmış doqquz) manat məbləğində pulun alınaraq ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASCilə aramızda bağlanmış xx.xx.2022-ci il tarixli Aİ 46/0622 nömrəli "yaşayış sahəsinə kirayə müqaviləsi"nə əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.8 kv.m təşkil edən 2 otaqlı mənzil "xxxx" ASC-yə kirayə verilmişdir. Həmin tarixdən xx.xx.2023-cü il tarixədək mənzil cavabdeh təşkilat tərəfindən istifadə edilmiş və ona aylıq 1100 (min yüz) manat kirayə haqqı ödənmişdir. Lakin ödəmələrin sonuncu ayları aparılmamış və cavabdeh təşkilatın ona 2700 (iki min yeddi yüz) manat borcu qalmışdır. Bununla bağlı müvafiq akt da tərtib edilmiş və nümayəndələri tərəfindən imzalanmışdır. Bu günə qədər dəfələrlə müraciət etməyinə baxmayaraq həmin borc məbləği ona qaytarılmamışdır. Bununla bağlı cavabdeh təşkilata pretenziya məktubu da tərəfimdən göndərməyinə baxmayaraq ona heç bir ödəniş edilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin məhkəməyə müraciət etmək üçün hüquqi xidmətlərin göstərilməsi məqsədi ilə vəkilə 322 manat xidmət haqqı ödənilmiş və məhkəməyə iddia qaldırmaq üçün 47 manat dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, bu xərclər də caavbdeh təşkilatdan tutulmalıdır, çünki onun təqsiri ucbatından o bu xərcləri çəkmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Lakin iddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, əvvəlki məhkəmə iclaslarında iştirak edən tərəflərin izahatlarını və iş materiallarını tədqiq edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış Aİ46-06 saylı, xx.xx.2022-ci il tarixli yaşayış sahəsinin kirayəsi müqaviləsinin surətindən görünür ki, “kirayə verən” İddiaçı ona məxsus əmlakı “kirayəçi” "xxxx" Açıq Səhmdar Cəmiyyətinə istifadəyə verməyi, “kirayəçi” "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada “kirayə verən” İddiaçı ödəməyi öhdəsinə götürmüşdür; Aİ46-06 saylı, xx.xx.2022-ci il tarixli yaşayış sahəsinin kirayəsi müqaviləsi üzrə təhviltəslim aktından görünür ki, Aİ46-06 saylı, xx.xx.2022-ci il tarixli yaşayış sahəsinin kirayəsi müqaviləsi üzrə icra predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.8 kv.m təşkil edən 2 otaqlı mənzil, eləcə də mənzildə olan təhvil alınmış əşyalar, texnikalar, avadanlıqlar və kirayəyə verənə məxsus olan digər və kirayəyə verən mənzili və ona aid olan bütün əmlakları təhvil almışdır. 02 avqust 2023-cü il tarixli üzləşmə aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru və mühasibi, digər tərəfdən İddiaçı öz imzaları ilə təsdiq edirlər ki, Aİ46-06 saylı, xx.xx.2022-ci il tarixli yaşayış sahəsinin kirayəsi müqaviləyə əsasən Korporasiyanın İddiaçı xx.xx.2023-cü il tarixinə qədər 2700 manat borcu vardır. Korporasiya 2700 manat vəsaiti İddiaçı 2023 avqust ayının sonuna kimi ödəməyi öhdəsinə götürür. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir; Hüquqi yardımın göstərilməsi haqqında 326 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil arasında müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına 322 manat ödəniş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında Aİ46-06 saylı, xx.xx.2022-ci il tarixli yaşayış sahəsinin kirayəsi müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti razılaşdırılmış icarə haqqını ödəməyi, İddiaçı isə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.8 kv.m təşkil edən 2 otaqlı mənzili ona icarəyə verməyi öhdəsinə götürmüşdür. 02 avqust 2023-cü il tarixli üzləşmə aktı ilə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru və mühasibi Korporasiyanın İddiaçı xx.xx.2023-cü il tarixinə qədər 2700 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin icarə müqaviləsi olmasını nəzərə alaraq hesab edir ki, tələbin qanuni əsası kimi icarə müqaviləsinə aid normalar nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 701.2.4 və 705-ci maddələrinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.4.1 və 3.4.2-ci maddələrinə uyğun olaraq, icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin əsas vəzifələrindəndir. Məhkəmə sadalanmış qanunvericilik normalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilə şərtlərini nəzərdən keçirərək hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən onun icarə haqqını ödəmək vəzifəsi, iddiaçının isə müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış Aİ46-06 saylı, xx.xx.2022-ci il tarixli yaşayış sahəsinin kirayəsi müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.8 kv.m təşkil edən 2 otaqlı mənzilin cavabdehə icarəyə verilməsi razılaşdırılmışdır. Cavabdeh həmin mənzili təhvil vermiş, lakin müqavilə üzrə nəzərdə tutulan icarə haqqını ödəməmişdir. Mülki işin materiallarında cavabdeh tərəfindən borcun qəbul edilməsi barədə 02 avqust 2023-cü il tarixli üzləşmə aktı olduğundan məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, müqavilə üzrə mənzilin istifadə üçün yararlı vəziyyətdə icarəçiyə təhvil verilməsi halının məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin həmin müqaviləyə əsasən icarə haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməsinin işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, məhkəmə iddianın hüquqi yardıma görə vəkilə ödənilmiş 322 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilə ödənilmiş 322 manat pulun ağlabatan məbləğ olduğunu nəzərə alaraq, iddianın həmin hissədə təmin edilməsi qənaətinə gəlir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alaraq, dövlət rüsumu kimi ödənilmiş məbləğin cavabdehdən tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən kirayə müqaviləsi üzrə yaranmış 2700 (iki min yeddi yüz) manat məbləğində borc, hüquq xidmətləri üçün vəkilə xidmət haqqı olaraq ödənilmiş 322 (üç yüz iyirmi iki) manat vəsait və məhkəməyə ödənilmiş 47 (qırx yeddi ) manat məbləğində dövlət rüsumu, ümumilikdə 3069 (üç min altmış doqquz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən kirayə müqaviləsi üzrə yaranmış 2700 (iki min yeddi yüz) manat məbləğində borc, hüquq xidmətləri üçün vəkilə xidmət haqqı olaraq ödənilmiş 322 (üç yüz iyirmi iki) manat vəsait və məhkəməyə ödənilmiş 47 (qırx yeddi ) manat məbləğində dövlət rüsumu, ümumilikdə 3069 (üç min altmış doqquz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar