Məhkəmə qərarları › İş №e-2(005)-2446/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2446/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2446/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş (açar sözlər: borcun ödənilməsi, maddi zərər) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-346-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 4842 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1452 manat dəbbə pulu, “Changan UNİ-K” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 662,69 manat və nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə hesablanmış 9204 manat pul vəsaiti olmaqla, ümumilikdə 16160,69 manat pul vəsaitinin, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 290 manat pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 139,35 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B346- AAE-23 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan UNİ-K” markalı, 77-AG558 dövlət qeydiyyat nişanlı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024cü il tarixli məktub göndərilmişdir. Avtomobil xx.xx.2024-cü il tarixində cavabdehdən təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Lakin cavabdeh qeyd olunan tarixdə keçirilmiş baxışda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktı xx.xx.2024-cü il tarixli məktubla ünvanına göndərilmiş və razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. “Changan UNİ- K” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılmasına çəkilmiş xərclərin ümumi dəyəri 662,69 manat təşkil etmiş, eyni zamanda vergi qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 9204 manat zərər hesablanmışdır. Eyni zamanda, B-346-AAE-23 nömrəli alğı-satqı müqaviləsinin bağlandığı vaxtdan - xx.xx.2023-cü il tarixindən müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 4842 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 1452 manat dəbbə pulu hesablanmışdır. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, müqaviləyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Aylıq ödəniş 1614 manat təşkil etmişdir, son 3 ayın pulu tələb olunur. Müqavilə ləğv edildiyi tarixə qədər 4842 manat əsas borc, 1452 manat dəbbə pulu yaranmışdır. 662,69 manat pul avtomobil geri qaytarıldıqdan sonra yenidən satışa hazırlanması ilə əlaqədar servis xərcləridir. Həmçinin maşın dəyərdən düşdüyünə görə Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən 9204 manat pul cavabdehdən tələb olunur. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Madə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə Bənd 1.2. Bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. Bənd 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər. Bənd 4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır. Bənd 4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi; - “Satıcı” Azərbaycan Avtomobil Evi” MMC ilə “alıcı” Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-346-AAE-23 nömrəli müqavilədən görünür ki, “satıcı” modeli “Changan UNİ-K”, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A4PA994806, rəng: Göy metallik) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda “alıcı”nın istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra “alıcı”nın mülkiyyətinə verməyi, “alıcı” isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun 103530 manat məbləğində qiymətini ödəməyi öhdəsinə götürmüşdür. 6690 manat məbləğində ilkin ödəniş edilməli, qalıq borc sayılacaq 96840 manat məbləği isə “alıcı” xx.xx.2023-cü il tarixindən etibarən 60 ay müddətində, ayda 1614 manat olmaqla ödəməyi “satıcı” qarşısında öz öhdəsinə götürmüşdür; - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Changan Uni-K” markalı avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmişdir; - Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, B-346-AAE-23 nömrəli alğısatqı müqaviləsi üzrə Cavabdeh 74244 manat əsas, 1452 manat cərimə borcu mövcuddur; - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş, əks halda xx.xx.2024-cü il tarixdən müqaviləyə birtərəfli xitam veriləcəyi bildirilmişdir; - xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Changan UNİ K” markalı, buraxılış ili 2023 olan avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən İddiaçı MMC-nin qanuni sahibliyinə geri qaytarılmış və o, texniki baxış keçirilən zaman iştirak üçün dəvət edilmişdir; - İcra edilmiş xidmətlərə dair aktdan görünür ki, “Changan UNİ-K” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə icra edilmiş əməliyyatların və quraşdırılmış ehtiyat hissələrinin qiyməti 662,69 manat təşkil edir; - xx.xx.2025-ci il tarixli, UNİ/D 69-960/2025 saylı “Uniprice" MMC-nin Ekspert Rəyindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli aktına əsasən “Changan UNİ-K” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 663 manat, xx.xx.2025-ci il tarixə bazar dəyəri (amortizasiyası nəzərə alınmaqla) 49500 manat müəyyənləşdirilmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir; - Ödəniz qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 139,35 manat dövlət rüsumu və 1 manat komissiya ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan nəqliyyat vasitəsini müəyyən edilmiş müddətlərdə və məbləğlərdə dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə avtomobilin qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdeh həmin avtomobili qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Müqaviləyə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, nəqliyyat vasitəsi geri alınmışdır. Hazırda iddiaçı mövcud borcun və digər xərclərin ödənilməsini məhkəmədən xahiş edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alğı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir. (Mülki Məcəllənin 394 və 650-ci maddələri). Bundan başqa məhkəmə qeyd edir ki, mövcud qanunvericilikdə nəqliyyat vasitələrinə dair alğı-satqı müqavilələrinin digər formada (dövlət yol polisi orqanında) bağlanması da nəzərdə tutulmuşdur. İşin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə notarial qaydada təsdiqlənməmişdir, nə də dövlət yol polisi orqanında bağlanmamışdır – bu isə həmin müqaviləni etibarlı alğı-satqı müqaviləsi kimi qiymətləndirmək imkanını istisna edir. Bununla yanaşı, hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, tərəflər “Changan UNİ-K” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli müqaviləni imzalamış və avtomobil müqavilə bağlandıqdan sonra cavabdehin istifadəsinə verilmişdir. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobilə dair müqavilədə qeyd olunan münasibətlər yaranmışdır və bu baxımdan məhkəmənin qənaətinə görə, tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alğı-satqı müqaviləsindən daha çox, lizinq müqaviləsinin elementlərini özündə əks etdirir. Belə ki, lizinq müqavilə münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır. Bu səbəbdən mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməlidir. İşin hallarından göründüyü kimi, məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri ödəmədiyi üçün iddiaçı avtomobili cavabdehdən geri alaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh, müqaviləyə xitam verilən (avtomobilin ondan geri alındığı) tarixədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsindən yayına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun MM-in 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş nəqliyyat vasitəsini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. xx.xx.2023-cü il tarixli, B-346-AAE-23 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən aylıq ödəniş 1614 manat nəzərdə tutulmuş, maliyyə arayışı ilə Cavabdeh 74244 manat əsas borcu mövcud olmuşdur. Hazırda iddiaçı son 3 ay üçün 4842 manat (1614 manat * 3 ay) əsas borcu tələb edir və Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu tələb həddində iddiaçıya ödəməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Lakin məhkəmə 1452 manat məbləğində cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 500 manat məbləğində müəyyən edilməsinin daha ədalətli və ağlabatan olması qənaətindədir. Qeyd edilməlidir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması üçün üç əsas ünsürün məcmu halda mövcud olması lazımdır – zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Bu o deməkdir ki, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə nəqliyyat vasitəsinə dəymiş zərərə görə 662,69 manat pulun tələbi hissəsində qeyd edir ki, “Changan UNİ K” markalı avtonəqliyyat vasitəsinə texniki baxış keçirilən zaman Cavabdeh dəvət edilmiş, lakin o, iştirak etməmişdir. Nəqliyyat vasitəsi cavabdehdən geri alındıqdan sonra növbəti satışa hazırlanması üçün servis xidmətləri göstərilmiş, İcra edilmiş xidmətlərə dair akta əsasən avtomobilə icra edilmiş əməliyyatların və quraşdırılmış ehtiyat hissələrinin qiyməti 662,69 manat təşkil etmişdir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 663 manat qiymətləndirilmişdir. Odur ki, nəqliyyat vasitəsinə vurulmuş zərərə görə 662,69 manat məbləğində pul cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. İddianın amortizasiya xərci ilə bağlı hissəsinə münasibətdə məhkəmə bildirir ki, Mülki Məcəllənin normalarına görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Göründüyü kimi lizinq müqaviləsinə xitam verilməsi ilə əlaqədar lizinq alan obyekti lizinq verənə geri qaytardıqda onun istifadədən dolayı normal köhnəlməsi nəzərə alınmalıdır, başqa sözlə lizinq verən normal köhnəlməyə məruz qalan obyektə görə lizinq alandan hər hansı zərər tələb etməkdə haqlı deyildir. Bu baxımdan hazırda iddiaçı avtomobilin istismarı ilə əlaqədar cavabdehdən amortizasiya xərci qismində 9204 manat məbləğ tələb etsə də, avtomobilin istifadədə olduğu müddət ərizində normadan çox köhnəlməyə məruz qaldığını əsaslandıracaq hər hansı tutarlı dəlil və ya sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də həmin hissədə iddia əsassız hesab edilməlidir. İddianın borcun ödənilməsinin gecikdirilməsinə görə 290 manat pulun ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə borclu-cavabdeh kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2024-cü il xəbərdarlıq məktubu ünvanlamışdır. Bu baxımdan məhkəmə həmin tarixi müqavilənin ləğv edildiyi tarix hesab edərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (131 gün üçün) illik beş faiz hesablanmalı olduğu qənaətinə gəlir. Beləliklə, 4842 manat məbləğində pul öhdəliyinin icrası gecikdirildiyindən 86,46 manat məbləğində pul (4842 x 5% / 360 gün x 131 gün = 86,46) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-346-AAE- 23 nömrəli müqavilə üzrə əsas borca görə 4842 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 faiz hesablanmaqla 86,46 manat, cərimə borcuna görə 500 manat, avtomobilə dəymiş zərərə görə 662,69 manat olmaqla, cəmi 6091,15 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 140,35 manat pulun 120 manatı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, B-346-AAE-23 nömrəli müqavilə üzrə əsas borca görə 4842 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 faiz hesablanmaqla 86,46 manat, cərimə borcuna görə 500 manat, avtomobilə dəymiş zərərə görə 662,69 manat olmaqla, cəmi 6091,15 (altı min doxsan bir manat, on beş qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 140,35 manat pulun 120 (yüz iyirmi) manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab o AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar